Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda fəal gənc, memar, fotoqraf Anar Sadiqovun Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi ilə əlaqədar fotolar və memarlıq işlərindən ibarət “Bura Naxçıvandır” adlı fərdi sərgisi təşkil olunub.
Tədbirdə bildirilib ki, bu gün müxtəlif sahələrdə fərqlənən istedadlı gənclər dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar. Gənclərə göstərilən bu qayğı onların özləri üzərində daha səylə çalışmalarına stimul verir. Belə istedadlı gənclərdən biri də memar və fotoqraf Anar Sadiqovdur.
Çıxış edənlər Anar Sadiqovun yaradıcılıq qabiliyyəti, onun fəalliyyəti haqqında danışıb, istedadlı gəncə uğurlar arzulayıblar.
Sərgidə muxtar respublikada həyata keçirilən quruculuq işlərini, turizm məkanlarını, tarixi abidələri və digər mövzuları özündə əks etdirən 95 foto və memarlıq işi sərgilənib.
Sonda gənclərlə bağlı keçirilən tədbirlərdə fəal iştirakına görə Anar Sadiqova Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin fəxri fərmanı təqdim olunub.
Sərgi Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Rəssamlar Birliyinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Ceyhun MƏMMƏDOV