Mənşəcə Azərbaycan türklərindən olan tarixçi, dilçi alim, filosof, mütərcim, şair, katib, dövlət xadimi Fəxrəddin Hinduşah Naxçıvani 1245-ci ildə Giran şəhərində anadan olmuşdur. Hinduşah Naxçıvaninin ailəsi Azərbaycan elminə, mədəniyyətinə bir çox görkəmli şəxslər bəxş etmişdir ki, onlar “Naxçıvani” təxəllüsü ilə tanınmışlar. Hinduşah Naxçıvani təhsilini Bağdadda məşhur “Müstansiriyyə”də almışdır. Burada ilahiyyatı, riyaziyyatı, təbabəti, astronomiyanı və orta əsrlərdə mədrəsələrin dərs proqramlarına daxil olan digər elmləri öyrənmiş, fars və ərəb dillərinə dərindən bələd olmuşdur. O, dövrünün məşhur bilicilərindən sayılan Əl-Cüveynidən dərs almışdır.
Hülakülər zamanında Hinduşah Naxçıvani maliyyə idarəçiliyində çalışmış və bir çox vilayətlərin hakimi təyin olunmuşdur. Eyni zamanda o, tarix, dilçilik və poeziya ilə də ciddi surətdə maraqlanmışdır. Azərbaycan və bir sıra qonşu ölkələrin ictimai-siyasi həyatından bəhs edən “Təcarüb üs-sələf” (“Sələflərin təcrübələri”) əsərinin, 1307-1308-ci illərdə ərəb dilində qələmə aldığı “Məvarid ül-ərəb” (“Ərəb mənbələri”) antologiyasının, fars dilində bir sıra məşhur şeirlərin, habelə “Əs-Sihah əl-Əcəmiyyə” (“Qeyri-ərəblərin doğruları”) adlı leksikoqrafik əsərin müəllifidir. Naxçıvaninin zəmanəmizədək bir neçə əsəri gəlib çatmışdır. Onun ərəb dilində yazdığı “Məvarid ül-ərəb” antologiyası, ərəb xəlifələrinin həyatından, Əməvilər, Abbasilər və Səlcuqilərin tarixindən bəhs edən və 1324-cü ildə tamamlanan “Təcarüb üs-sələf” (“Sələflərin təcrübələri”) əsəri dəyərli mənbələr hesab olunur. Sonuncu əsər Böyük Luristan atabəyi Yusifin oğlu Əhmədə (1295-1330) ithaf edilmişdir. Belə ehtimal olunur ki, bu, əslində, ərəb tarixçisi Məhəmməd Əli Təxtəqinin “Məniyyətül-füzəlafi təvarixül-xüləfa vəl-vüzəra” (“Xəlifələr və vəzirlər dövründə fəzilət adamlarının taleyi”) əsərinin farscaya tərcüməsidir. Mütəxəssislər bu əsəri farscaya gözəl və ifadəli bir dillə tərcümə olunmuş ilk nəsr nümunələrindən biri hesab edirlər. Müəllif tərcümə etdiyi bu kitaba düzəlişlər vermiş, əlavələr etmiş və onun həcmini, az qala, üç dəfə artırmışdır. Bu mövzuda fars dilində yazılmış ən mükəmməl əsər hesab olunan “Təcarüb üs-sələf”də müəllifin nəsli, özü, Şəmsəddin Cüveyni və başqa görkəmli şəxsiyyətlərlə bərabər, Naxçıvan barədə də məlumatlara rast gəlinir. Müəllif Giranın Naxçıvan tüməninə, Vənənd kəndinin isə Girana aid olduğunu qeyd edir və Vənənddə Şəmsəddin Məhəmməd Cüveyni (1225-1283) tərəfindən layiqli xanəgah tikildiyini, ona əmlak vəqf olunduğunu göstərir. Hinduşah Naxçıvaninin Naxçıvana olan həsrəti onun bu diyardan olduğunu bir daha təsdiqləyir. Allahdan qüvvət, şəfa diləyən müəllif özünün yenidən Nəşəva (Naxçıvan) torpağına yetirilməsini təvəqqe edir.
Onun yaradıcılığında “Əs-Sihah əl-Əcəmiyyə” adlı farsca-azərbaycanca lüğət mühüm yer tutur. Elmə məlum olan bu ilk fars və Azərbaycan dillərinin lüğəti 21 bab, 393 fəsildən ibarətdir. Bu lüğət 3 hissədən – müqəddimə (ərəb dilində), lüğət və fars dilinin qrammatikasından (ərəb dilində) ibarətdir. Birinci və üçüncü hissələr ərəbcə, lüğət özü isə farsca və Azərbaycan dilində yazılmışdır. Bundan başqa, kitaba frazeoloji birləşmələr və ayrı-ayrı ifadələr də daxil edilmişdir. Uzun müddət bu lüğət həm alimlər, həm də fars və ərəb dillərini öyrənənlər üçün faydalı olmuşdur. Lüğətin ilk köçürülmüş nüsxəsi XVI əsrin əvvəllərinə, sonuncusu isə XIX əsrin sonlarına aiddir.
Müəllif girişdə göstərir ki, kitab fars olmayanların (Azərbaycan türklərinin) bu dili öyrənməsi üçün nəzərdə tutulub. Hinduşah Naxçıvaninin “Əs-Sihah əl-Əcəmiyyə” əsəri Azərbaycan leksikoqrafiyasının əvəzsiz abidəsi kimi yüksək qiymətləndirilməlidir. Bu əsər bütün Şərq dünyasında lüğətçilik elminin inkişafında da böyük rol oynamışdır. Akademik İsmayıl Hacıyev və Şükür Məmmədovun müəllifi olduqları “Naxçıvan və naxçıvanlılar” adlı kitabda bu haqda deyilir: “Bu əsərdə, əslində, fars dilinin türk və ərəb dillərində izah olunan ilk qrammatikası verilmişdir. “Əs-Sihah əl-Əcəmiyyə” lüğətinin Berlin, Kembric, Oksford, Tehran, Qahirə və başqa nüsxələri məlumdur. Fəxrəddin Hinduşah bu əsərində ilk dəfə olaraq türk və fars dillərinin morfoloji qanunlarını, leksikologiyasını hərtərəfli tədqiq etmiş, ümumiləşdirmiş və sistemə salmışdır”.
XIII əsr abidəsi olan, ən qədim lüğətlərdən biri kimi, “Əs-Sihah əl-Əcəmiyyə” haqqında ilk məlumata Nemətullah ibn Əhməd ibn Mübarək ər-Ruminin “Lüğəti-Nemətullah” əsərində təsadüf olunur. Qeyd etmək lazımdır ki, XIII əsrə aid yazılı qaynaqlarımız yox dərəcəsindədir və lüğət üzərində aparılan tədqiqatlar ilk orta əsr Azərbaycan yazılı ədəbi dilinin xüsusiyyətlərini öyrənmək baxımından son dərəcə əhəmiyyətlidir. Lüğətin Sankt-Peterburq, Bodlean, Kembric, Qahirə, Bratislav, Dehxoda, Məşhəd Qüdsi Rəzəvi, Qərbi Berlin nüsxələri mövcuddur. Hinduşah Naxçıvani “Təcarib əs-sələf” əsərində Naxçıvandan uzaqda yaşadığını xatırlayaraq kədərlənir: “Ya Rəbb! Ey məkan və zamanı yaradan, Peyğəmbəri göndərən, Quranı göydən endirən Allah! Mən dərvişə güc bəxş et, mən ürəyi yaralıya şəfa göndər. Bir də arzum var ki, məni Naxçıvan torpağına çatdırasan” , – deyir...
Naxçıvan torpağının yetirdiyi dahilərdən kimi qəhrəmanlığı, kimisi elmi və siyasəti, kimilərisə qələmi ilə tarix səhifələrinə adlarını yazdırmışlar. Azərbaycanın səfalı və dilbər guşələrindən olan Naxçıvan özünün zəngin və qədim tarixi, coğrafi mövqeyi, qiymətli abidələri ilə birlikdə görkəmli şəxsiyyətləri ilə də tarixin yaddaşına həkk olunmuşdur. Onlardan biri də dəyərli irsi elmi tədqiqini gözləyən Hinduşah Naxçıvanidir.
Nərgiz İSMAYILOVA
filologiya üzrə fəlsəfə doktoru