Azərbaycanın Qarsdakı Baş Konsulluğunun təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü münasibətilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı Türkiyədə qastrolda olub.
Qars Qafqaz Universitetinin konsert salonunda Cəlil Məmmədquluzadənin “Ölülər”, “Anamın kitabı”, “Dəli yığıncağı” və “Ər” pyesləri əsasında səhnələşdirilən “Ölülər və dəlilər” tamaşası oynanılıb.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycanın Qarsdakı Baş konsulu Nuru Quliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və süqutunun səbəblərindən, müasir dövlətimizin inkişaf istiqamətlərindən bəhs edib. Həmçinin qeyd olunub ki, Azərbaycan xalqı tarixin bütün dövrlərində dünya teatr mədəniyyətinə böyük töhfələr verib. Bu işdə Naxçıvan Dövlət Musiqili Dram Teatrının özünəməxsus yeri və rolu vardır.
Sonra Naxçıvan Dövlət Musiqil iDramTeatrının direktoru, Xalq artisti Rza Xudiyev çıxış edərək Cəlil Məmmədquluzadənin yaradıcılığı, eləcə də görkəmli ədibin yubileyinin qeyd olunması ilə bağlı görülən işlərdən danışıb. Diqqətə çatdırılıb ki, ədibin “Ölülər”, “Anamın kitabı”, “Dəli yığıncağı” müxtəlif illərdə Naxçıvan teatrında tamaşaya qoyulmuşdur. “Ər” pyesi isə akademik İsa Həbibbəyli tərəfindən 1987-ci ildə yazıçının arxivindən tapılaraq çap etdirilmişdir. Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidov Cəlil Məmmədquluzadənin “Ölülər”, “Anamın kitabı”, “Dəli yığıncağı” və “Ər” pyeslərini bir mövzu üzərində birləşdirərək tamaşanın uğurlu səhnə həllinə nail olmuşdur.
Qars vilayətinin valisi Türkər Öksüz, Türkiyə Silahlı Qüvvələrinin Qarsdakı ordu birləşməsinin komandanı, general-mayor Özgür Nuhut, Daxili İşlər Nazirliyinin Qars İdarəsinin rəisi Ümit Bitirik, Qarsdakı sərhəd qoşunları komandanı, polkovnik Osman Kılıç və digər rəsmi şəxslər, o cümlədən yerli ictimaiyyətin nümayəndələri tamaşaya maraqla baxıblar. Tamaşa alqışlarla qarşılanıb.
Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidməti