Türkiyənin “Skylife” turizm jurnalında Naxçıvan haqqında məqalə dərc edilib. Jurnal ildə 70 milyon insan tərəfindən oxunur. “Mədəniyyətlər beşiyi Naxçıvan” sərlövhəli məqalənin müəllifi Büşranur Kocaerdir. Jurnalda yerləşdirilən fotoşəkillər isə Məsudə Bülbülə məxsusdur.
Budəfəki səfərim Yer üzündə varlığı Nuh Peyğəmbər dövründən başlayan və Böyük İpək Yolunun üzərində yerləşən, Övliya Çələbinin “Səyahətnamə”sində “Nəqşi-cahan” adlandırdığı qədim Naxçıvan şəhərinədir.
Yanımda oturanların “Naxçıvana düşdük” sözləri ilə yuxudan ayıldım və bir az narahatlıq keçirdim. Təyyarənin təkərləri yerə toxunduğu an isə rahatlayaraq gülümsədim. Azərbaycan dili ilə ana dilim türkçə arasında bir çox oxşar və fərqli cəhətlər vardır. Məsələn, “düşmək” “enmək” mənasında işlədilir. Səfərimin başında məni gülümsədən, içimi fərəhlədən Naxçıvan şəhərində daha nələrlə qarşılaşacağımı düşünməyə başladım.
Kiçik Qafqaz dağlarının Zəngəzur və Dərələyəz silsilələri ilə əhatə olunmuş Naxçıvan Muxtar Respublikasının eyniadlı paytaxtı İranla sərhəd təşkil edən Araz çayına qədər uzanan yamyaşıl vadidə yerləşir.
Əşyalarımı şəhər mərkəzindəki otelə qoyduqdan sonra, burada verilən tövsiyə üzrə, ilk işim Bayraq Meydanına gedərək Naxçıvan şəhərini ən yüksək nöqtədən seyr etmək oldu. İnsanların istirahət üçün də üz tutduqları bu meydanda həm şəhəri izləyir, həm də Azərbaycan bayrağı haqqında məlumat alırdım. Naxçıvana gələrkən buranın Türkiyə ilə sərhəd olduğunu öyrənmişdim. Uzaqlarda görünən Ağrı dağının qarlı zirvəsi məni bu məlumatın doğruluğuna inandırdı. Beynimdə Həzrəti Nuhun gəmisinin Naxçıvanda iddia edildiyi kimi Haçadağınmı, yoxsa Ağrı dağınınmı zirvəsinə toxunduğu sualları ilə şəhər mərkəzinə yol aldım.
Marşrutumu 5 min əvvəl qurulmuş şəhərin tarixini öyrənmək üzrə seçdim. Qədim ticarət yollarının üzərində yerləşən və sanki mədəni mozaikanı xatırladan Naxçıvan şəhərinin 24 saat böyük diqqətlə təmizləndiyi abad küçələrindən keçərək Cümə məscidinə çatıram. XVIII əsrdə inşa edilmiş bu məscid Naxçıvan memarlığının xüsusiyyətlərini özündə yaşadır. Səlcuqlu memarlıq tərzini də xatırladan məscidin pəncərə vitrajlarından, fasadlardakı qırmızı kərpiclərdən gözlərimi ayıra bilmirdim. Məscidin həyətindəki ağacların kölgəsində oturub bu coğrafiyadan gəlib keçmiş bir-birindən dəyərli mədəniyyətlər barədə düşünür və xəyallara dalırdım.
Naxçıvan şəhərindəki növbəti ziyarət etdiyim yer məni daha qədimlərə apardı. Cümə məscidi ilə eyni küçədə yerləşən Möminə xatın türbəsi XII əsrdə memar Əcəmi Naxçıvani tərəfindən Azərbaycan Atabəylər dövlətinin hökmdarı Şəmsəddin Eldənizin xanımı Möminə xatının şərəfinə tikilib. Böyük ustalıqla işlənilmiş türbənin fasadındakı həndəsi kompozisiyalara, naxışlara, kufi xətti ilə yazılmış “Yasin” surəsinə heyranlıqla baxırdım. O dövrün şərtləri daxilində qadın adına belə gözəl bir abidənin ucaldılması məni qürurlandırdı.
Ətrafın gözəlliyini seyr edə-edə türbənin yaxınlığındakı Xan sarayına daxil oldum. XX əsrin əvvəllərinə qədər istifadə olunmuş Naxçıvan xanlarına aid bu tarixi saray hazırda muzey kimi fəaliyyət göstərir. Araz çayına mənzərəsi açılan ikimərtəbəli bina həm iqamətgah, həm də dövlət işləri üçün istifadə olunmuşdur. Muzeydə o dövr həyat tərzinə, məişətinə və mədəniyyətinə aid əşyalardan ibarət 300-dən artıq eksponat sərgilənir. Fasadındakı qırmızı kərpiclərin sadə görüntü yaratmasına baxmayaraq, bina daxildən çox möhtəşəmdir. Aynalı salonun pəncərələrindəki rəngarəng vitrajların işıq oyunları altında insan sarayın keçmişinə xəyalən səyahət edir. Bura Günəş batarkən təkrar gəlməyi qərara alıb yaxınlıqdakı “Milli Yeməklər”ə yollandım.
Naxçıvan mətbəxində ətdən hazırlanan yeməklərə daha çox üstünlük verilir. “Piti”, “bozpört”, “borş” kimi Naxçıvan mətbəx nümunələrinin təklif edildiyi məkan həm cibimə, həm də damaq dadıma uyğun idi.
Topladığım enerji ilə Naxçıvan şəhərindəki tarix turuma davam edirəm. Heydər Əliyev prospektindəki Xalça Muzeyinin geniş ekspozisiya salonunda sərgilənən nadir sənət əsərlərinin – müxtəlifölçülü, min bir çeşidli xalçaların, xalçaçılıq və toxuculuq ləvazimatlarının sehrinə düşdüm. Xalçalar üzərindəki dəvə fiqurlarının bərəkəti və bolluğu, Azərbaycan türklərinə xas butaların isə su damlalarını xarakterizə etdiyini öyrəndikdə naxçıvanlıların mədəniyyətə, sənətə verdikləri dəyərə bir daha heyran qaldım. Muzey binasındakı hədiyyəlik əşyalar mağazasında dostlarıma xatirə hədiyyələri aldıqdan sonra Naxçıvan şəhərindəki ilk günümü Naxçıvanqalada tamamlamaq qərarına gəldim.
Son illər yenidən bərpa olunmuş qalanın yaxınlığındakı Nuh Peyğəmbər türbəsinin gün batımı mənzərəsi daha füsunkardır. Adətən, gənclər toy, nişan şəkilləri çəkdirmək üçün bura gəlirlər. Gənclərin söylədiyinə görə, Naxçıvanqalada il ərzində müxtəlif festivallar keçirilir. Naxçıvanlılar bu festivallarda milli rəqslərini və musiqilərini təqdim edirlər. Bir anlıq milli geyimli gənclərin Azərbaycan xalqının tarixini, mədəniyyətini yaşadan rəqsləri ifa etməsi gözlərimiz önündə canlanır.
Növbəti gün şəhərin gündəlik həyatı ilə tanış olmaq üçün üz tuturuq Naxçıvan bazarına. Rəngarəng piştaxtalarda nələr yoxdur ki?! Həftənin hər günü açıq olan bazarda ədviyyatlardan tutmuş çərəzlərə, meyvə-tərəvəzlərdən yabanı bitkilərə qədər nə istəsən var. İnsanların qonaqpərvərliyi bazara da yansıyıb. Atasına kömək edən Orxanın piştaxtasında buraların məşhur alanasının dadına baxdım. Həyətində yetişdirdiyi göyərtiləri satan xaladan keşniş və şüyüdün Naxçıvan mətbəxinin əvəzolunmazı olduğunu öyrəndim. Özümü bir az daha buralı kimi hiss etdiyim üçün elə Naxçıvanda deyildiyi kimi, “Yorulmayasınız”, – deyərək bazardan ayrıldım.
Naxçıvanlılar müasir inkişafa mühüm əhəmiyyət verməklə yanaşı, həm də adət-ənənələrinə son dərəcə bağlıdırlar. Səfərim boyunca mənə bələdçilik edən Ruslan və Məmmədin müşayiətilə Əshabi-Kəhfə yollanıram. Rəvayətə görə, vaxtilə yeddi kimsənənin yatdığı bu mağaradakı damcıxanada niyyət edilir. Əgər üzərinizə su damcısı düşərsə, demək, niyyətiniz qəbul olunur. Şəhər mərkəzindən 10-12 manata gedə biləcəyiniz bu ziyarətgahda yaz ayları ətrafa yayılan iydə ətri, bir də təklif edilən ot çayları başqa aləmdir.
Yerləşdiyi coğrafi mövqe baxımından daim diqqət mərkəzində olan Naxçıvan müasir dövrdə sahib olduğu təbii sərvətləri ilə həm də şəfa mərkəzinə çevrilmişdir. Şəhər mərkəzindən 10-12 kilometr uzaqlıqda yerləşən Duzdağın 110 metr içərisindəki mağaralarda udduğum duzlu havanın təsiri bunu bir daha təsdiq edir. 1979-cu ildən fəaliyyət göstərən Duzdağ Fizioterapiya Mərkəzində hər il dünyanın fərqli ölkələrindən gələn minlərlə astma və bronxit xəstəliklərindən əziyyət çəkən insan şəfa tapır. Gülərüz heyəti ilə yaxınlıqda yerləşən “Duzdağ” oteli isə xəstələrin qalması üçün ideal məkandır.