Azərbaycan Respublikasının Türkiyənin Qars şəhərindəki Baş Konsulluğunun təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Günü, Naxçıvan Muxtar Respublikasının 95-ci ildönümü, Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə Ərzurum şəhərində təntənəli mərasim keçirilib.
Ərzurumun mərkəzində təşkil olunan mərasimdə şəhərin rəhbər şəxsləri, burada fəaliyyət göstərən Atatürk Universitetinin kollektivi, yerli ictimaiyyətin tanınmış simaları, ətraf vilayətlərdən gələn qonaqlar, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın Qarsdakı Baş konsulu Nuru Quliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və süqutundan, diplomatik orqanlarımızın təsis edilməsi və keçdiyi yoldan, Naxçıvanın muxtariyyət statusunun qazanılmasının əhəmiyyətindən danışıb. Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından bəhs edən natiq diqqətə çatdırıb ki, Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində yeni bir eranın başlanğıcıdır.
Açılışdan sonra “Şərur” Xalq Yallı Ansamblının möhtəşəm ifası iştirakçıların bayram ovqatını daha da yüksəldib.
Sonra iki qardaş ölkəyə həsr edilmiş rəsm sərgisinə baxış olub.
“Nuhçıxan” İnformasiya Agentliyi