Xəbər verdiyimiz kimi, Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı iyun ayının 23-dən 25-dək Bakı şəhərində keçirilən III Respublika Xalq Teatrları Festivalının final mərhələsinə vəsiqə qazanmışdı. Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında təşkil edilən festivalın final mərhələsində bu teatrın kollektivi də iştirak edib. Belə ki, xalq teatrının təqdimatında böyük rus şairi Aleksandr Sergeyeviç Puşkinin “Motsart və Salyeri” faciəsi əsasında hazırlanmış tamaşa göstərilib. Tamaşanın quruluşçu rejissoru Nəsimi Məmmədzadə həm də səhnə əsərinə bədii və musiqi tərtibatı verərək maraqlı tamaşa yaratmağa müvəffəq olub. Nəsimi Məmmədzadə, eyni zamanda tamaşada Salyeri kimi mürəkkəb və ziddiyyətli bir obrazı canlandırıb. Azərbaycan Respublikasının Əməkdar artisti Neymət Sultanov isə böyük bəstəkar Motsartın obrazını tamaşaçılara ustalıqla təqdim edib. Festivalda iştirak edən on üç kollektiv arasında Şərur Rayon Xalq Teatrının “Motsart və Salyeri” tamaşası II yerə layiq görülüb. Nəsimi Məmmədzadə “Ən yaxşı rejissor”, Neymət Sultanov isə “Ən yaxşı aktyor” nominasiyaları üzrə mükafatlandırılıblar.
Bu haqda təəssüratlarını bizimlə paylaşan Neymət Sultanov bildirdi ki, Şərur Rayon Xalq Teatrı yarandığı dövrdən yeni-yeni nailiyyətlərlə müşayiət olunan zəngin bir yol keçib. Xalq teatrının səhnəsində “Motsart və Salyeri” kimi psixoloji faciənin tamaşaya qoyulması isə kollektivimizin növbəti uğurudur. O vurğulayıb ki, kollektivin nailiyyətlər qazanmasında muxtar respublikada xalq teatrlarının fəaliyyətləri üçün yaradılan şərait, xalq teatrlarının ənənəvi festivallarının təşkili əhəmiyyətli rol oynayır.
Qeyd edək ki, III Respublika Xalq Teatrları Festivalı “Azərbaycan Xalq Yaradıcılığının 2019-2023-cü illər üzrə inkişafına dair Strateji Fəaliyyət Planı”na müvafiq olaraq keçirilir. 47 xalq teatrının qatıldığı festivalın final mərhələsində 13 kollektiv iştirak edib.
Gülcamal TAHİROVA