22 Dekabr 2024, Bazar

Əsl sənətkar olmaq zamanı qabaqlamaq, özündən sonrakı nəsillər üçün bir məktəb, irs yaratmaqdır. Bu yol çox zəhmət, çalışmaq tələb etdiyi üçün insanların az qismi sənətin zirvəsinə ucala bilir. Bu fikirlərin ətrafında düşünərkən radiodan milli musiqi alətimiz olan tarın məftunedici səsini eşitdim. Biranlıq bütün fikirlərim dağıldı. Bu, orijinal, bənzərsiz bir ifa idi. İnsan ruhuna birbaşa təsir edən, vurduğu hər mizrabdan qəlbə qığılcım salan bu sənətkar kimdir görəsən? – deyə düşündüm. İfanı zövqlə dinləyə-dinləyə sonunu gözlədim. Məlum oldu ki, bu, hamımızın yaxşı tanıdığı, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Əkrəm Məmmədlinin ifasıdır. Əkrəm müəllimlə həmsöhbət olmaq və onun sənət yolu, musiqi mədəniyyətimizin bu günü haqqında məlumat almaq qərarına gəldim.

– Əkrəm müəllim, oxucularımız sizi ifalarınızdan yaxşı tanıyır. Ancaq mənim üçün də maraqlıdır, Əkrəm Məmmədli bu gün özünü necə təqdim edir?

– Desəm ki, tək tarzənəm, düzgün olmaz. Çünki həm də müəlliməm. Bununla yanaşı, orkestr üçün əsərlər işləmişəm, dirijorluq fəaliyyətim vardır və 30 ilə yaxın müddətdə Naxçıvan Dövlət Filarmoniyasında bədii rəhbər vəzifəsində çalışmışam. Ancaq bütün bunları ümumiləşdirsək, deyə bilərəm ki, mən, ilk növbədə, bütün varlığımla musiqiçiyəm. Sadaladığım bütün bu fəaliyyət sahələrində qazandıqlarım üçün tarzənliyimə borcluyam. Başqa sahələrdə, ola bilsin ki, bu gün məndən daha yüksək xidmətləri olanlar vardır. Ancaq mən tarla yaşayıram və buna görə də Əkrəm Məmmədli özünü ilk olaraq tarzən kimi təqdim edir.

 

– Sizdə musiqiyə, konkret olaraq, tar ifaçılığına maraq haradan yaranıb?

– Atam bu sənətin vurğunu olub. Bir gün bir tar alıb əmimə verib ki, tar ifa etməyi öyrənsin. Ancaq əmim bu sənətin arxasınca getməyib. Sonra balaca əmimdən bu sənəti öyrənməyini istəyib, ancaq bu da mümkün olmayıb. Atamın tara olan marağı, istəyi məndə öz təcəssümünü tapdı. O, məni musiqi dərnəyinə yazdırdı və beləcə, tarzənliyə ilk addımlarımı atdım.
Təcrübəli musiqiçi, ustad ifaçı Səfər Rəcəblinin rəhbərlik etdiyi tar dərnəyində ifaçılıq qabiliyyətim ilk vaxtlardan hamının diqqətini cəlb etdi. Bir müddət sonra müəllimlərin tövsiyəsi ilə Naxçıvan Şəhər Uşaq Musiqi Məktəbinə qəbul olundum. İllər keçdikcə mən ovaxtkı Pioner və Məktəblilər Evinin “Əlvan çiçəklər” mahnı və rəqs ansamblının rəhbəri kimi tanındım.

– Yaradıcılıq yolunuzu sonra necə davam etdirdiniz?

– Naxçıvanda orta məktəbi və ilk musiqi təhsilimi başa vurduqdan sonra 1962-ci ildə Bakıda imtahan verib Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinə qəbul olundum. Mənim oradakı fəaliyyətim haqqında bütün müəllimlərim – Kamil Əhmədov, Xalq artisti Əhməd Bakıxanov, musiqişünas, tarzən və bəstəkarlar Seyid Şuşinski, Hacı Xanməmmədov, Şəmsi Kərimov, Adil Gəray, Dadaş Dadaşov və başqaları çox müsbət fikirlər söyləyirdilər. Həmin dövrdə böyük sənətkarlardan dərs almaq mənə verilən lütf idi. Muğamatımızı korifeylərimizin ifasında dinləmək, dərslərində iştirak etmək mənim üçün izah edə bilməyəcəyim bir xoşbəxtlik idi.
Bakı şəhərində musiqi təhsili aldığım müddətdə böyük bəstəkar, görkəmli dirijor Cahangir Cahangirov məni rəhbərlik etdiyi Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblına solist-tarzən qəbul etdi. Həmin kollektivin tərkibində Azərbaycanın bütün regionlarında, keçmiş SSRİ-nin respublikalarında, habelə xarici ölkələrdə qastrol səfərlərində oldum, milli musiqi mədəniyyətimizin təbliğində iştirak etdim. Bir neçə il bu ansamblda çalışdıqdan sonra Naxçıvan Dövlət Filarmoniyasına dəvət aldım. Naxçıvan Dövlət Mahnı və Rəqs Ansamblında solist-tarzən, dirijor, bədii rəhbər və direktor kimi fəaliyyətimi davam etdirdim. Naxçıvanda çalışdığım vaxt Bakıda keçirilən respublika məktəblilərinin bədii özfəaliyyət olimpiadasında bizim uğurlu çıxışımız oldu. “Əlvan çiçəklər” ansamblının rəhbəri kimi hazırladığım konsert proqramı münsiflər heyətinin sədri, görkəmli bəstəkar və dirijor Əfrasiyab Bədəlbəyli tərəfindən bəyənildi və nəticədə, kollektivin ifa etdiyi bütün konsert nömrələri olimpiadanın yekun konsertinə salındı. Həmin dövrdə Naxçıvanda yaratdığımız ansambllar keçirilən müsabiqələrdə muxtar respublikamızı layiqincə təmsil edərək Naxçıvana əliboş qayıtmadılar.
Daha sonra, 1983-cü ildə tələbələrdən ibarət “Əcəmi naxışları” milli musiqi alətləri ansamblını yaratdım. Bu ansambl dəfələrlə muxtar respublikada, eləcə də Bakıda müsabiqələrdə çıxış etdi, konsertlər verdi. Ansamblın çıxışına baxan SSRİ Xalq artisti, görkəmli bəstəkar və dirijor, maestro Niyazi ansamblın ifasını yüksək qiymətləndirmişdi: “Mən “Əcəmi naxışları” ansamblının çıxışından böyük zövq və ləzzət aldım...”
2004-cü ildə Naxçıvan Dövlət Filarmoniyasının nəzdində simfonik orkestr alətləri ilə xalq çalğı alətlərinin sintezini yaratdım. Gördüyümüz bu iş Azərbaycanda bir ilk idi və çox maraqla qarşılandı.

– Naxçıvanda musiqi mədəniyyətinin inkişafını necə dəyərləndirirsiniz?

– Bu gün doğma Naxçıvanımızda musiqi mədəniyyəti öz çiçəklənmə dövrünü yaşayır. Hərtərəfli dövlət qayğısı hər il Naxçıvan musiqi mədəniyyəti və incəsənətinə yeni-yeni uğurlar gətirir. Ölkəmizdə keçirilən müxtəlif festivallar, muğam müsabiqələri, beynəlxalq musiqi yarışlarında naxçıvanlı musiqiçilərin çıxışları bunun sübutudur. Həmin tədbirlərdə naxçıvanlı musiqiçilərin, xanəndələrin iştirakının təmin olunması diqqət mərkəzində saxlanılır. Naxçıvanın bütün bölgələrində yeni musiqi məktəblərinin tikilməsinin nəticəsidir ki, bu gün muxtar respublikamızda gənc tarzənlər yetişir. Səsləri müxtəlif festivallar, muğam müsabiqələri, beynəlxalq musiqi yarışmalarından gələn gənclərimizi gördükcə köksüm sevinc və fərəh hissi ilə dolur. Bu gün istedadlı gənc tarzənlərimiz çoxdur. Təbiidir ki, onlar klassik ənənələri yaşadır, qoruyur, inkişaf etdirirsə, mən də ürəkdən sevinirəm.

– Musiqi mədəniyyətimizin tədrisi və təbliğinə töhfəsi olan kitablarınız da vardır.

– 1963-1967-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblında, 1968-2006-cı illərdə Naxçıvan Dövlət Filarmoniyasında və Naxçıvan Orta İxtisas Musiqi Məktəbində çalışmışam. Naxçıvanda yaşayıb-yaratmaq mənə ad-san və şöhrət gətirib. Fəaliyyətim dövründə daim yenilik axtarışında olmuşam. Bu günə qədər milli musiqimizin qorunması, yaşadılması, tanıdılması istiqamətində bir çox işlər görmüşəm. Dünyanın müxtəlif ölkələrində, xüsusən də muğamın daha geniş yayıldığı Şərq ölkələrində Azərbaycan muğamını tanıtmağa çalışmışam. İran İslam Respublikasının Təbriz, Urmiya şəhərlərindəki, Türkiyə Respublikasındakı fəaliyyətim dövründə Azərbaycan milli musiqisinin təbliğinə çalışmışam. Bundan əlavə, tar üçün “Etüdlər”, “Qamma və arpeciolar” kimi tədris vəsaitlərinin 2005-ci ildə Təbriz şəhərində nəfis şəkildə nəşr olunması mənim üçün çox əlamətdardır. Bu kitablar orta və ali musiqi məktəblərində təhsil alan tələbələr üçün dəyərli vəsait kimi əhəmiyyət kəsb edir. Bununla yanaşı, “Azərbaycan muğamları” kitabı 2010-cu ildə Bakıda “Azərnəşr” tərəfindən, 2012-ci ildə isə Təbriz şəhərində nəşr olunub. Oğlum Kənan Məmmədli ilə birgə əməyimizin nəticəsi olan “Naxçıvan – Şərur el yallıları” kitabı Azərbaycan xalq musiqi janrına aid olan yallıları, onların ifa xüsusiyyətlərini və not yazılarını əks etdirən bir nəşrdir. Bu kitabları hazırlamaqda əsas məqsədimiz Azərbaycan musiqi mədəniyyətinin qorunub yaşadılmasıdır.

– Əkrəm müəllim, digər sənətkarlarımız kimi sizin də fəaliyyətiniz dövlətimiz tərəfindən yüksək qiymətləndirilib...

– Bəli, dövlətimiz tərəfindən əməyimə daim yüksək qiymət verilib. “Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşəm. 2006-cı ildən Prezident təqaüdçüsüyəm. Gördüyüm bütün işlərdə, qazandığım bütün uğurlarda daim dövlət dəstəyini hiss etmişəm. Buna misal olaraq, kitablarımın təmənnasız şəkildə çap olunmasını, təhsil ocaqlarına paylanmasını göstərə bilərəm.

– Son olaraq professional sənətkar kimi yetişmək üçün gənclərə nələri tövsiyə edərdiniz?

– Əvvəla, hansı sənəti seçirsənsə, o sahəyə sevgin olmalıdır. Əgər sevgi olmazsa, gələcəkdə azacıq əziyyət çəkən kimi seçdiyin sahədən ayrılacaqsan. Ancaq sənətə eşqin olarsa, öz sənətində yüksəlmə yolunda heç nə səni dayandıra bilməz. Gözəl şairimiz Bəxtiyar Vahab­zadənin qeyd etdiyi kimi: “Eşq sözü sözlərin sultanıdır, tacıdır; Eşq – həyat ağacıdır!” Sənətə məhəbbət, eşq olmadan nəyəsə nail olmaq mümkün deyil. İkinci ən əsas məsələ odur ki, əgər incəsənəti seçirsənsə, gərək qabiliyyətin, istedadın olsun. Daha sonra daxili saflıq da önəmlidir ki, insanlara təqdim etdiyin məhsul, yəni ifa etdiyin musiqi qəlbə, ruha toxuna bilsin. Bütün bunlarla yanaşı, alın təri, zəhmət də bu sənətdə əvəzsiz qalmır. Çox çalışmaq lazımdır ki, uğur əldə edə biləsən.
­– Müsahibə üçün sağ olun

 Pərviz HACILI

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR