Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən may ayında əlamətdar və tarixi günlərlə bağlı mədəni-kütləvi tədbirlər davam etdirilmiş, konsertlərin təşkili, kino və teatr tamaşalarının nümayişi diqqətdə saxlanılmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş konsert proqramları təşkil olunmuş, distant dərs və tədbirlər keçirilmişdir.
May ayında mədəniyyət müəssisələrində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi, Respublika Günü, Xalçaçı Günü, Beynəlxalq Muzeylər Günü, Cəlil Məmmədquluzadənin 150 illiyi, Ərtoğrol Cavidin 100 illiyi, Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illiyi ilə bağlı tədbirlər keçirilmiş, sərgilər açılmışdır. Bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası ilə bağlı işlər davam etdirilmiş, tələbələr üçün açıq və ustad dərslər keçilmiş, ekskursiyalar təşkil olunmuş, mədəniyyət müəssisələrində təcrübə keçmələrinə şərait yaradılmışdır.
Milli dəyərlərimizin yaşadılması, qorunması və təbliği istiqamətində də işlər davamlı olaraq həyata keçirilmişdir. “Şərur” Xalq Yallı Ansamblı Ukrayna Respublikasının paytaxtı Kiyevdə rəsmi tədbirdə çıxış etmişdir. Ötən ay “Keçmişdən bu günə Naxçıvan yallıları” adlı müsabiqənin seçim turuna start verilmişdir. Şərur yallılarının reyestrə alınması, nota köçürülməsi işləri də davam etdirilmiş, Sədərək rayonunda “Yallı xalqımızın milli birlik rəmzidir” mövzusunda dəyirmi masa keçirilmişdir. Mayın 15-də məşhur norveçli xor şefi və müəllimi Per Oddvar Hildre və Azərbaycanın incəsənət xadimlərinin bir qrupu Naxçıvanda olmuş, muxtar respublikanın xor kollektivlərinin ifalarına baxmış və ustad dərsi keçmişlər. Keçilən ustad dərsdə hamiliyə verilmiş müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr də iştirak etmişlər.
Ötən ay “Muzey günləri” çərçivəsində ekskursiyalar davam etdirilmiş, muzeyləri 18 min 701 əcnəbi vətəndaş olmaqla, ümumilikdə, 60 min 380 tamaşaçı ziyarət etmişdir. Muzey fondlarının zənginləşdirilməsində muxtar respublika sakinləri ilə bərabər, məktəblilər də fəal iştirak etmiş, muzeylərə 510 yeni eksponat daxil olmuşdur. Muzeylərdə 2 distant, 43 açıq dərs keçilmiş, 7 sərgi açılmışdır.
Kitabxanaların fəaliyyəti də diqqətdə saxlanılmış, kitabxana fondlarına 395 adda 806 nüsxə çap məhsulu daxil olmuşdur. Kitabxanalarda yeni oxucu sayı 306, oxucu gəlişi 9 min 815, kitab verilişi 52 min 305 nüsxə olmuşdur. Həmçinin elektron kataloqa 476, şəbəkəyə isə 50 kitab işlənmişdir.
Ötən dövrdə muxtar respublikanın klub müəssisələrində də bir sıra mədəni-kütləvi tədbirlər təşkil olunmuş, Babək rayonunun Şıxmahmud kəndində “Xalq yaradıcılığı günü” keçirilmişdir.
Muxtar respublikanın rayon mərkəzlərində əhalinin asudə vaxtının səmərəli təşkili məqsədilə konsertlər davam etdirilmiş, tamaşa və filmlər nümayiş olunmuşdur. Ay ərzində rayon mədəniyyət saraylarında 7 konsert və 7 tamaşa təşkil edilmişdir. May ayının 20-də start verilən xalq teatrlarının muxtar respublika festivalında Ordubad Rayon Xalq Teatrı “Vəzifə hərisi”, Şahbuz Rayon Xalq Teatrı “Məşədi Qulam qiraət öyrənir” tamaşalarını təqdim etmişlər.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti