Tədbir iştirakçıları əvvəlcə 1996-cı ildə ulu öndər Heydər Əliyevin himayəsi ilə Hüseyn Cavidin məzarı üzərində əzəmətlə ucaldılan məqbərəsi önünə gələrək gül dəstələri qoyub, Hüseyn Cavidin ev-muzeyini ziyarət ediblər.
AMEA Naxçıvan Bölməsində böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin həyat və yaradıcılığından bəhs edən, ideya müəllifi AMEA-nın prezidenti, akademik Akif Əlizadə, elmi məsləhətçisi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, tərtibçisi AMEA Hüseyn Cavidin Ev-Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı, layihə rəhbəri AMEA Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli olan “Cavidşünaslıq” 10 cildlik kitabın təqdimatı olub.
Təqdimat mərasimini AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq bildirib ki, görkəmli şair-dramaturq Hüseyn Cavid Şərqin zəngin fəlsəfi-poetik irsi zəminində yüksələrək və dünya romantizm ənənələrindən uğurla bəhrələnərək ədəbi-bədii fikir salnaməmizə parlaq səhifələr yazmışdır.
Vurğulanıb ki, ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə vaxtilə repressiya qurbanı olan Hüseyn Cavidin cənazəsi 1982-ci ildə Uzaq Sibirdən Bakıya, noyabrın 2-də isə Naxçıvana gətirilib. 1992-ci il oktyabrın 23-də Naxçıvanda Hüseyn Cavidin 110 illik yubileyi təntənəli şəkildə qeyd edilib, Naxçıvanda Ali Məclisin Sədri vəzifəsində işləyən ümummilli lider yubiley tədbirində Hüseyn Cavid haqqında dərin məzmunlu çıxış edib. Bakıda Hüseyn Cavidin abidəsi ucaldılıb, ədibin 125, 130 və 135 illik yubileyləri qədim diyarımızda da yüksək səviyyədə təşkil olunub.
Bölmə sədri qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 aprel tarixli Sərəncamı ilə Azərbaycan mədəniyyətinin dəyərli simalarından biri, Hüseyn Cavid irsinin davamçısı Ərtoğrol Cavidin 100 illik yubileyinin qeyd olunması, belə bir əlamətdar ildə Hüseyn Cavidin həyat və yaradıcılığından bəhs edən dəyərli toplunun təqdimatının ilk olaraq onun doğma yurdunda keçirilməsi böyük tarixi hadisədir.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək bildirib ki, 1937-ci ildə “burjua-millətçi” baxışlarına, turançılıq görüşlərinə malik olan, sovet cəmiyyətinə laqeyd münasibət bəsləyən sənət adamı kimi həbs olunan görkəmli dramaturq-şair 1956-cı ildə siyasi bəraət alıb. Lakin Hüseyn Cavidin həyatı və çoxcəhətli yaradıcılığı ulu öndər Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründən başlayaraq son yarıməsrlik müddətdə geniş və sistemli şəkildə tədqiq edilib. Bir sıra alimlər görkəmli ədibin poeziya və dramaturgiyası, ədəbi-nəzəri görüşlərinə dair sanballı elmi-tədqiqat əsərləri yazaraq nəşr etdiriblər.
Akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan cavidşünaslığın keçdiyi birəsrlik böyük və keşməkeşli yol çoxcildlik külliyyatı yaratmağa imkan verir. Ümumilikdə, 30 cildlik nəzərdə tutulan toplunun bu gün təqdimatı keçirilən ilk 10 cildliyi gələcək tədqiqatçılar üçün etibarlı, əsaslı məxəzdir.
AMEA Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli çıxışında qeyd edib ki, gərgin zəhmətin məhsulu sayılan yeni nəşr böyük romantik şair və filosof haqqında möhtəşəm bir dövrün tarixini geniş şəkildə əks etdirir.
AMEA Hüseyn Cavidin Ev-Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı çıxışında bildirib ki, “Cavidşünaslıq” 10 cildlik kitabda böyük şair Hüseyn Cavidin zəngin irsi haqqında çoxsaylı məqalə və resenziyalarla yanaşı, bütün məlumatlar öz əksini tapıb. Toplunun növbəti cildləri üzərində də işlərin davam etdirildiyini vurğulayan Gülbəniz Babaxanlı qeyd edib ki, özündə əks etdirdiyi zəngin elmi informasiya baxımdan çoxcildli nəşr cavidşünaslığın inkişafında tədqiqatçılar üçün dəyərli bir mənbədir.
Digər çıxışlardan sonra AMEA Naxçıvan Bölməsinə və muxtar respublikada fəaliyyət göstərən ali təhsil ocaqlarına “Cavidşünaslıq” 10 cildlik, Ərtoğrol Cavidin seçilmiş əsərlərindən ibarət 13 cildlik, Azərbaycan ədəbiyyat tarixi kitabları, eləcə də Ərtoğrol Cavidin musiqi əsərlərindən ibarət disklər hədiyyə olunub.
Nail ƏSGƏROV