Milli mətbuatımızın tarixində parlaq səhifə
XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycan ziyalıları ana dilində qəzet və ya jurnallar çıxarmaq üçün dəfələrlə hökumət dairələrinə müraciət etdilər. Lakin çar hökuməti Azərbaycanda maariflənmə kimi mətbuatın da inkişafına mane olur, buna imkan vermirdi. Ona görə də Azərbaycan əhalisi Yaxın Şərq ölkələrində çıxan mətbuat orqanlarını mütaliə edirdi. Lakin çar hökuməti müsəlman vətəndaşların yad təsirlərə düşməsinə də göz yuma bilməzdi, buna görə də bu sahədə bəzi güzəştlərə getmək məcburiyyətində qaldı.
Belə bir dözülməz şəraitdə çarizmin irəli sürdüyü maneələri aşmaq cəhdi XX əsrin ilk illərində fədakar maarifçi Məhəmməd ağa Şahtaxtlıya nəsib oldu. O, 1902-ci il aprelin 2-də Rusiyanın Mətbuat işləri üzrə baş idarəsinə xahişnamə ilə müraciət etdi. Çətinliklərlə də olsa, qəzetin Tiflisdə nəşrinə icazə ala bildi. Böyük maarif fədaisi burada “Məhəmməd ağa Şahtaxtinski mətbəəsi” adlı bir mətbəə yaratdı. Beləcə, əsrin əvvəllərində xalqın milli-mənəvi inkişafı uğrunda hərəkat daha da genişlənmiş oldu. Böyük ədib yazırdı: “Güman edirəm ki, bütün müsəlman ziyalıları, həmçinin, ümumiyyətlə, zəhmətkeş, tərəqqiyə can atan kiçik xalqımızın inkişafının insanpərvər dostları məni müdafiə edəcək və bu işin mədəni əhəmiyyətini layiqincə anlaya biləcəklər”.
1903-cü il martın 30-da xalqımızın mədəniyyəti tarixində, mətbuatımızın tarixində əlamətdar bir hadisə baş verdi: həmin gün ziyalılarımızın çoxdan bəri həsrətlə gözlədikləri əsrin ilk milli mətbuat nümunəsi meydana çıxdı. “Şərqi-Rus” qəzetinin ilk nömrəsinin işıq üzü görməsi xəbəri geniş əks-səda verdi.
Böyük satirik şairimiz Sabirin “Dindirir əsr bizi dinməyiriz, atılan toplara diksinməyiriz” dediyi bir dövrdə – çarizmin istismarı, cəhalət və xurafatın tüğyan etdiyi şəraitdə “Şərqi-Rus” qəzeti dövrün mütərəqqi ziyalılarını öz ətrafına toplayaraq zülm altında əzilən xalqın xoşbəxt həyat arzularının tərcümanına çevrildi. Bu orqan XX əsr anadilli mətbuatın, milli-mədəni birliyin ilk qaranquşu oldu. “Şərqi-Rus” 1905-ci il yanvarın 15-dək nəşr edilib. Məhəmməd ağa Şahtaxtlı Peterburqa getməsi ilə əlaqədar 1904-cü ilin 23 noyabrından Cəlil Məmmədquluzadəni öz yerinə müvəqqəti redaktor təyin edib, görkəmli ədibimiz qəzet bağlanana qədər bu vəzifədə çalışıb.
Cəlil Məmmədquluzadənin bir jurnalist kimi yetişməsində “Şərqi-Rus” ilk yaradıcılıq məktəbi rolunu oynayıb. “Xatiratım”da o, bu hadisəyə belə qiymət verib: “Möhtərəm ədibimiz Məhəmməd ağa Şahtaxtlı öz qəzetinin idarəsinə cəlb etməklə məni qəzet dünyasına daxil etdi”.
“Şərqi-Rus” qəzetinin iki ildən az bir müddət çap olunmasına baxmayaraq, bu, Azərbaycan ictimai fikir və milli mətbuatımızın tarixində mühüm bir hadisə idi. Böyük naşir “Şərqi-Rus”un fəaliyyəti ilə XX əsr Azərbaycan milli mətbuatına yol açdı.
O zaman Azərbaycanda mətbuat işində çalışan olmadığı üçün Məhəmməd ağa Şahtaxtlı əvvəl həftədə üç, sonra həftədə beş gün nəşr olunan qəzet üçün ədəbi işçi, mürəttib tapa bilmirdi. Bu iş üçün o daha çox varlığı ilə bağlı olduğu doğma Naxçıvandakı həmyerlilərinin gücündən istifadə etməyə çalışırdı. Qəzet öz səhifələrində Naxçıvan hadisələrinə geniş yer verdiyi kimi, ədəbi mühitə də qayğı göstərir, nəzm və nəsr yazanları həvəsləndirirdi. Təsadüfi deyildir ki, yuxarıda da qeyd etdiyimiz kimi, satira ustası Cəlil Məmmədquluzadəni mətbuat dünyasına gətirən yol “Şərqi-Rus”dan başlayırdı. O, Mirzə Cəlillə yanaşı, Naxçıvan ziyalıları ilə də əlaqə saxlayır, məktublaşır, onları qəzetin redaksiyasına cəlb etmək istəyirdi. Görkəmli ədib, xüsusilə o dövrün tanınmış Naxçıvan ziyalılarından Məhəmməd Tağı Sidqini, Qurbanəli Şərifzadəni qəzetdə işləməyə, onunla əməkdaşlıq etməyə dəvət edirdi.
M.T.Sidqi əziz dostunun Tiflisə qəzet redaksiyasında işləməyə dəvətini ailə vəziyyəti ilə əlaqədar qəbul etməsə də, Naxçıvanda qəzetin abunə işlərinə köməklik göstərib, qəzet üçün sanballı məqalələr yazıb.
Pedaqoji fəaliyyətlə yanaşı, jurnalistika fəaliyyəti ilə də məşğul olan M.T.Sidqi dövrün bir sıra mətbuat orqanlarında çıxış etmiş, əsl mənada, qəzetçi kimi tanınmışdı. Ona görə də ana dilində “Şərqi-Rus” qəzetinin nəşri xəbəri böyük maarif xadimini ürəkdən sevindirmişdi. M.T.Sidqi həmin qəzetin dərcinin milli tərəqqi yolunda mühüm bir hadisə olacağını “Şərqi-Rus”un redaktoruna yazdığı məktubda önəmlə vurğulayırdı: “Az müddətdən sonra “Şərqi-Rus” qəzeti millətin gənclərinin qaranlıq ürəklərində nur saçacaq və bilik və mərifət çırağı cəhalət çölündən səadət-xoşbəxtlik sarayına aparacaqdır. Sizin adınız da tarixdə əbədi olaraq həkk olunacaqdır”.
Görkəmli publisist qeyd edirdi ki, həqiqətən, bu xoş xəbər bütün elm və mədəniyyət xadimlərinə, xüsusilə bu diyara yeni bir ruh və sevinc bəxş edib. O, bundan sonra Azərbaycan dilində milli qəzetin nəşrinin millətin alim və ədibləri ilə avam və cahilləri arasında vasitə olub, “nəşri-maarifə” davam edəcəyinə ümidvar olduğunu bildirib.
Maarifçi ədibin qəzetdə nəşr etdirdiyi bir neçə məqalə, xüsusilə “Qazetə, yaxud qəzet nədir” məqaləsi diqqəti cəlb edir. Xalqın maariflənməsi işində mətbuatın mühüm əhəmiyyət daşıdığını yaxşı başa düşən müəllif həmin məqqaləsində yazırdı ki, bütün dünya qəzetin əhəmiyyətini və mahiyyətini dərk etdiyi halda, Qafqaz müsəlmanlarının əksəriyyəti hələ də onu şeytan əməli sayır.
Böyük pedaqoq və publisist Məhəmməd Tağı Sidqinin 49 yaşında qəflətən vəfat etməsi bütün ziyalıları yasa boğduğu kimi, “Şərqi-Rus”un əməkdaşlarını da dərindən kədərləndirmişdi. Təsadüfi deyildir ki, qəzetdə Sidqinin ölümü ilə əlaqədar bir sıra yazılar, vida məqalələri çap olunmuşdu. Bunlar arasında Sidqinin “qardaşım” deyə müraciət etdiyi böyük satira ustası Cəlil Məmmədquluzadənin qəzetin 30 yanvar 1904-cü il tarixli nömrəsində çap olunmuş məqaləsi xüsusilə diqqəti cəlb edir. Müəllif “Getdi cahandan həzrəti Sidqi” adlandırdığı bu məqalədə böyük maarif fədaisinin Ordubadda, eləcə də Naxçıvan şəhərində təhsilin, yeni tədris üsulunun, “üsuli-cədid” məktəblərinin yayılması, xalq arasında qəbul edilməsi üçün göstərdiyi fədakarlıqları ürək yanğısı ilə təsvir edir: “Naxçıvan şəhərində haman məktəbi həzrəti Sidqi təsis edən zaman belə qaydalı müsəlman mədrəsəsi nəinki İrəvanda, bəlkə, Qafqazın böyük müsəlman şəhərlərinin çoxunda yox idi. Həzrəti Sidqinin getməyinə etdiyimiz ah-naləmizin əsl səbəbi budur”. Böyük satira ustası Sidqinin Ordubaddakı fəaliyyəti üzərində geniş şəkildə dayanır, onun Naxçıvan ziyalılarının israrlı dəvətini qəbul etməsindən bəhs edərək yazırdı: “Allah şahiddir ki, Sidqinin vətənimizə varid olmaqlığı şəhərimizin mədəniyyət və maarif tarixi üçün bir mühüm fəqərə oldu”. Cəlil Məmmədquluzadə yazır ki, mərhum nəşri-maarif və insaniyyət aləminə məhəbbət yolunda çalışırdı. Maarifin inkişafı baxımından M.T.Sidqinin dövrü ilə on il əvvəl arasında yer ilə göy qədər fərq var idi.
Qeyd etmək lazımdır ki, o zaman Ordubadda yaşamış tarixi romanlar ustası Məmməd Səid Ordubadi də qiymətli dostunun, əqidə yoldaşının vəfatından çox kədərlənmişdi. “Şərqi-Rus”da nəşr etdirdiyi bir şeirdə qüdrətli ədib Sidqi ilə dostluğunu dilə gətirirdi. Sidqinin yaxın dostlarından Əsəd ağa Kəngərlinin də bu barədə qəzetdə məqaləsi çap olunmuşdu. “Sidqi mərhumun tərcümeyi-halı” başlığı ilə çap olunan həmin məqalədə müxbir dəfn mərasiminin ümumxalq matəminə çevrildiyini yazırdı.
“Şərqi-Rus”un ədəbiyyat aləminə təqdim etdiyi istedadlı gənclərdən biri də görkəmli yazıçı M.S.Ordubadi olmuşdur. Şair Hacağa Fəqir Ordubadinin ailəsində böyümüş Məmməd Səid uşaqlıqdan poeziya həvəskarı idi. M.T.Sidqinin yetirməsi olan Məmməd Səidin təbrik mövzusunda ilk mətbu şeiri də “Şərqi-Rus”da işıq üzü görmüşdü. Qeyd etmək lazımdır ki, ədibin “Şərqi-Rus” qəzeti ilə əməkdaşlığı onun yaradıcılığına müsbət təsir göstərmişdi. Həmin illərdə o, mütaliəyə böyük həvəs göstərir, özünün yazdığı kimi, şeirə və yazıçılığa marağı gündən-günə artırdı. 1904-cü ildə “Qəflət” əsərini yazıb başa çatdıran Məmməd Səid onu qəzetdə çap etdirir. Sonra həmin şeiri genişləndirib poemaya çevirir. Bu əsər 1906-cı ildə “Qəflət” adı ilə Məhəmməd ağa Şahtaxtlının Cəlil Məmmədquluzadəyə satdığı “Qeyrət” nəşriyyatında işıq üzü görür.
Naxçıvanın tanınmış ziyalılarından Əyyub ağa Kəngərlinski də “Şərqi-Rus” qəzeti ilə əməkdaşlıq edirdi. “Səbur” təxəllüsü ilə şeirlər yazan Ə.Kəngərlinski qəzetə şeiri ilə yanaşı göndərdiyi təbriknaməsində bildirirdi: “Müddətlərcə intizarını çəkdiyimiz “Şərqi-Rus” qəzetəsi, şükr olsun ki, mətbuat aləminə qədəm qoydu və bu səadətli gündə bizim ana dilimizdə və milli lisanımızda nəşr olunan ruznaməyə həsrət olan gözlərimiz onun mütaliəsi ilə işıqlandı... Ümidvarəm ki, inşəallahi-təala bu qəzetə illərcə davam edib bizim əfkarımızın vüsətinə və türk qövmünün maarif və mədəniyyətinə və bəlkə ümum müsəlmanların tərəqqi və tərbiyətinə xeyir vasitəsi və mənfəət rəhnüması olacaqdır”.
Naxçıvan ədəbi mühitinin görkəmli nümayəndələrindən biri kimi şair-dramaturq Hüseyn Cavid də XX əsrin ilk qəzetinin nəşrini alqışlayanlardan biri olmuşdur. Qəzetin nəşr olunduğu illərdə o, Tiflisdən uzaqlarda yaşamasına baxmayaraq, onun ən fəal oxucularından biri olub və bu mətbuat orqanında üç publisistik məqalə ilə çıxış edib. Qəzetin 23 yanvar 1904-cü il tarixli nömrəsində şairin “Ürmiyədən məktub” adlı bir yazısı çap olunub. M.T.Sidqinin vəfatı ilə əlaqədar qələmə alınmış bu yazıda şair ustadı, ona əlifbanı öyrədən, elm yolunu göstərən, “Gülçin” təxəllüsünü verən əziz müəlliminin vəfatından dərindən kədərləndiyini qəzet vasitəsilə oxuculara çatdırmağa çalışır.
Cavid əfəndinin “Naxçıvandan təbsirə” başlığı altında başqa bir publisistik məqaləsi qəzetin 27 avqust 1904-cü il tarixli nömrəsində dərc olunub. Müəllif əvvəlki məqaləsindəki fikirləri burada davam etdirir, İslam tarixinə nəzər salır, gənclərə dil öyrənməyin vacibliyini tövsiyə edir.
Görkəmli satirik şair və jurnalist Əliqulu Qəmküsarın da ilk mətbu əsərləri hələ 1903-cü ildə “Şərqi-Rus”da işıq üzü görüb. Naxçıvanda yaşadığı dövrdə o, “Şərqi-Rus” qəzeti ilə sıx əlaqə saxlayırdı. Yaşadığı bölgədə rast gəldiyi hadisələri, təsadüf etdiyi problemləri qəzetdə işıqlandırırdı. Onun “Culfadan” sərlövhəli publisist yazılarında qəflət yuxusu, cəhalət, mövhumat, fanatizm qətiyyətlə tənqid olunurdu. “Şərqi-Rus”un təsirilə qəflət əleyhinə mübarizə kütləvi və kəskin xarakter almış, qələm əhlinin mənəvi borcuna çevrilmişdi. Ə.Qəmküsarın “Culfadan” adlı silsilə publisistik məqalələrinin birində epiqraf kimi verilmiş “Dinəndə yandı dilim, dinməyəndə dil yandı; nə dərdi gizlədə bildim, nə aşikar elədim” beyti təkcə bir müəllifin deyil, bütövlükdə, qəzetin, ziyalıların ədəbi mövqeyini ifadə edirdi. Ə.Qəmküsar qəzetdə nəşr olunmuş yazılarında cəhalət və mövhumatı tənqid edir, mədəni tərəqqinin yayılması üçün qələmi ilə xalqa xidmət göstərirdi.
“Şərqi-Rus” və onun böyük maarif fədaisi Məhəmməd ağa Şahtaxtlının ədəbi-elmi yaradıcılığı, publisistik irsi sovet dövrü ədəbiyyatşünaslığında, demək olar ki, öz layiqli qiymətini almamışdır. Bu irsə ən böyük qiyməti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov verib. Belə ki, Ali Məclis Sədrinin 2006-cı il 27 fevral tarixli Sərəncamı ilə böyük maarif fədaisinin anadan olmasının 160 illiyi qeyd edilib, Naxçıvan şəhərindəki Kitab evinə və küçələrdən birinə onun adı verilib. Eyni zamanda anadan olduğu Kəngərli rayonunun Şahtaxtı kəndində Şahtaxtinskilərin ev-muzeyi yaradılıb. Bu sərəncamın işığında görkəmli ədibin seçilmiş əsərləri ilk dəfə nəşr olunub, elmi irsi milli müstəqilliyimizin verdiyi imkanlar səviyyəsində tədqiq edilib.
Aparılan tədqiqatlar bir daha təsdiq edir ki, XX əsrin ilk anadilli mətbuat orqanı – “Şərqi-Rus” qəzeti Azərbaycan milli mədəniyyəti, milli mətbuatı tarixində parlaq bir səhifədir.
Əbülfəz QULİYEV
AMEA-nın müxbir üzvü