Qarabağlar Türbə Kompleksinə Naxçıvan şəhər sakini Ziya Əliyev, Şahtaxtı kənd sakini Fatma Musayeva, Qarabağlar kənd sakinləri Aysel Şəfiyeva və Rahilə Şirəliyeva tərəfindən qədim tariximiz və mədəniyyətimizi əks etdirən 70-dən çox yeni eksponat hədiyyə olunub.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, muxtar respublikada muzey fondlarının zənginləşdirilməsi, onların yeni eksponatlarla təmin olunması daim diqqət mərkəzində saxlanılır. Bu prosesdə muzeylərin əməkdaşları və muxtar respublika vətəndaşları da yaxından iştirak edirlər. Belə ki, son illər muzey əməkdaşları ilə yanaşı, sakinlər də muzey fonduna eksponat təqdim olunmasında maraqlıdırlar. Ötən il muxtar respublika muzeylərinə 1564, bu ilin 6 ayı ərzində isə 1267 yeni eksponat daxil olub. 2019-cu ilin iyun ayınadək, ümumilikdə, 8 eksponat təqdimatı keçirilib. Sevindirici haldır ki, bu aksiyaya artıq yetişməkdə olan gənc nəsil – məktəblilər də qoşulub.
Diqqətə çatdırılıb ki, xalqımızın milli-mənəvi irsi olan qədim tarixi abidələrimiz dövlət qayğısı sayəsində əsaslı şəkildə bərpa olunaraq xalqımıza qaytarılıb. Onlardan biri də Qarabağlar Türbə Kompleksidir. Əcəmi Naxçıvani memarlıq məktəbinin davamçısı, görkəmli memar Əhməd Naxçıvani yaradıcılığının nümunəsi olan Qarabağlar Türbə Kompleksində keçirilən bugünkü tədbir də muzey fondlarının zənginləşdirilməsi istiqamətində reallaşdırılan məqsədyönlü tədbirlərin məntiqi nəticəsidir. Natəvan Qədimova maddi mədəniyyət nümunələrini Qarabağlar Türbə Kompleksinə təqdim edənlərə təşəkkürünü bildirib.
Vurğulanıb ki, sakinlər tərəfindən bu gün türbə kompleksinə təqdim olunan yeni eksponatlar buradakı fond və ekspozisiyanı daha da zənginləşdirməklə yanaşı, Kəngərli rayonunda muzey işinin səmərəli təşkilinə də töhfə verəcəkdir.
Nazir çıxışının sonunda mədəniyyətimizə, tariximizə göstərdiyi böyük diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq edib.
Sonra eksponatları kompleksə təqdim edənlərdən Ziya Əliyev, Fatma Musayeva, Aysel Şəfiyeva və Rahilə Şirəliyeva çıxış edərək deyiblər ki, bu gün muxtar respublikada maddi-mədəni irsimizin qorunub yaşadılması və gələcək nəsillərə çatdırılması sahəsində davamlı tədbirlər həyata keçirilir. Hər birimiz bu işə öz töhfəmizi verməyə çalışmalıyıq.
Vurğulanıb ki, sakinlər tərəfindən eksponatların muzeylərimizə verilməsi zəngin mədəni irsimizin qorunub yaşadılmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edir. Muxtar respublikada maddi mədəniyyət nümunələrinin toplanmasında bundan sonra da fəal iştirak edəcəyik.
Sonda Qarabağlar Türbə Kompleksinin ekspozisiyasına baxış olub.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti