22 Dekabr 2024, Bazar

Nəsimi, ey qüdrət sahibi, sən yaqut qədər dəyərli, lakin zamanında layiqli qiymətini almayan,  daxilən pakizə, təmiz bir zatın daşıyıcısı, neçələrinin zərrəsinə həsrət olduğu daim parlayacaq Günəşsən…Təvazökar, heç vaxt qürrələnməyən, özünü dərviş və fəqirdən ayrı tutmayan, varlığını hərflərdə tapan, ulu, müqəddəs, qəlbin tərcümanı, yer-göy, hər şey hesab etdiyin, ali saydığın Sözə də sığmayan bir insan, bir şairsən... Zərrə boyda Günəş, Günəş boyda zərrə, zərrədə Günəş, Günəşdə zərrə olmağı bacaransan…

Azərbaycanın qədim elm ocaqlarından biri olan Şamaxıda dünyaya gəldin. Bu dünyanın heç bir bucağına sığmayan sən anamız Azərbaycanın bətninə sığa bildin. O qüdrətin, böyüklüyün əlamətiydi ki zaman-zaman səni bizdən qoparmaq, doğulduğun yeri öz adlarına çıxmaq istəyənlər oldu. Lakin tək doğma qardaşının (Şahxəndan) elə Şamaxıda, onun şərəfinə adlandırılan “Şahxəndan”da torpağa tapşırılması sənin kimliyinlə bağlı fərziyyələri alt-üst etdi. Hətta sən el dilində “Şaxəndan”a çevrilən bu müqəddəs qəbiristanlıqda dəfn olunmanı vəsiyyət etdin:

Mən öləndə “Şaxəndan”da basdırın,
Çünki onun şahid-i xəndanı var.

Səni Seyid Nəsimi, Seyid İmadəddin, Mir İmadəddin kimi də tanıdılar. Gənclik illərindən ömrünün sonuna qədər əsl keyfiyyətin sığmazlıq idi. Şamaxıda mükəmməl təhsil aldın. Lakin bununla kifayətlənməyərək biliklərini daha da genişləndirmək istədin – daha geniş məkana, hürufiliyə yönləndin. Kainatı əbədi, Allahı hər bir zərrəcikdə mövcud olan, insanda yaradılmışların ən yaxşısının bəyanı, insanı isə ilahinin surəti və həqiqətin açarı hesab edən təriqətin ardınca getdin. Bu zaman sabit din təfəkkürü ilə uyuşmayan məqamları şeirlərinə gətirdin. Bu, şair olan doğmaca qardaşını narahat etməyə başladı. “Julidəmu” təxəllüsü ilə yazan Şahxəndan sənə məktub yazıb qəlbindəki sirləri şeirə gətirməməyə, məxfiliyə riayət etməyə səslədi. Cisminə, təninə sığmayan səni isə heç bir qorxu məqsədindən yayındıra, tutduğun yoldan ayıra bilmədi.

Əvvəlcə İslam dinində mövcud təriqətlərdən biri olan bəktaşiliyə yönəldin. Anadilli divanının əlyazma nüsxəsində Bəktaşi təriqətinin nümayəndələri arasında hörmət sahibi olduğun, “Hüseyni” təxəllüsü ilə yazdığın şeirlərinin həmin mühitdə sevilərək oxunduğu, özünə geniş oxucu kütləsi toplaya bildiyi qeyd edilib. Həllac Mənsura sevgisinə görə “Hüseyni” olan Nəsimi, hətta qəlbinə belə sığmayan bir sevgi ilə qarşılaşdı. Tezliklə aralandı bəktaşilərdən. Tale onu gedilmə­miş başqa yollara yönəltdi. Gözləmədiyi məqamda hürufiliyin cazibəsinə qapıldı. Hələ 16-17 yaşlarında tanış olduğu hürufilərin başçısı Şeyx Fəzlullah Nəiminin – ustadının bəlağətli və təsirli nitqi gənc Nəsimini heyran etdi. Əsl adı Əli idi, ona “Seyyid” adını əziz müəllimi Nəimi verdi, o da heyranı olduğu ustadının təxəllüsünə uyğun olaraq özünə “Nəsimi” təxəllüsünü götürdü.
Bəs ən nəhəng hürufi şeyxi kimi tanınan Fəzlullah Nəimi kim idi? Təbrizdə doğuldu. Zəmanəsinin əsas elm sahələrini yeniyetməlik illərində mükəmməl şəkildə qavradı. Əsl peşəsi papaqçılıq idi. Lakin tale onu daha ali, mötəbər bir məqama – yüzlərlə, minlərlə beyinə yeni ideyalar, fikirlər bağışlamaq, təzə bir fəlsəfi təlim yaratmaq vəzifəsinə yüksəltdi. Bu məqamın mərkəzində İnsan dayanırdı. İnsan bütün varlıqların əşrəfi hesab edilirdi. Ona görə də bu ideyanın davamçıları qüsursuz olmağa, forma və məzmun vəhdətindən qopmamağa çalışırdılar.
Nəiminin Tanrının insanla vəhdəti ideyası hürufiliyin ana kitabı, baş dərsliyi olan “Cavidan­namə”ni ortaya çıxardı. Bu əsər təriqət tərəfdarları arasında geniş yayıldı, əl-əl gəzdi, Nəsiminin də zəkasına işıq saldı. Gənc Nəsiminin təsəvvürlərində İnsan ucaldı. İnsan sifətində açıq-aşkar ALLAH sözü yazıldığına şübhə qalmadı.
Hürufiliyə qəlbi ilə bağlanan Nəsimi şeirləri ilə “Şah-i kişvər” – ölkə padşahı (məcazi mənada) səviyyəsinə yüksələ bildi. Sıraları sıxlaşan, əhatə dairəsi daha da genişlənib mütəşəkkil bir görkəm alan hürufilik hakimiyyət üçün təhlükə mənbəyi idi. Sifarişlə fəaliyyət göstərən ilahiyyatçılar “Özünü dərk edən, əslində, Rəbbini dərk edər” ideyasını yayan hürufiləri xalq arasında nüfuzdan salmaq üçün bütün mümkün bəhanələrdən yararlandılar.
Onların çoxdankı arzusu yerinə yetdi. Teymurləngin əmri ilə oğlu Miranşah hürufi mütəfəkkiri Fəzlullahı dustaq götürərək qədim Naxçıvana gətirdi. Nəimi ona edilən amansız işgəncələr qarşısında sonacan mətanətini qorudu, təslim olmadı, məsləkdaşlarını satmadı. Amma amansız hökmdar öz qərarını çoxdan vermişdi. İnsanları dərin fəlsəfəsi və bəlağətli nitqi ilə ovsunlayan bu adam məhv edilməli idi. Yalnız bundan sonra “gələcək təhlükələrin” xilası mümkün idi. Belə də oldu. Nəimi bütün müridlərinə dərs olsun deyə, ən amansız ölümə layiq bilindi – Əlincə qalası qarşısında at quyruğuna bağlatdırılaraq daşlara çırpıla-çırpıla tikə-parça edildi. Amma yenə ümid var idi. Axı onun davamçıları hələ sağ idi. Xüsusən də ən çox sevdiyi, peyğəmbərlərə bərabər tutduğu şagirdi Nəsimi…
Qeyd: Nəimi Əlincədə qətlə yetirildikdən sonra onun cənazəsi Culfa rayonunun Xanəgah kəndində dəfn edilib. Sonralar qəbrin üzərində ucaldılan, dövlət qayğısı ilə bərpa olunan “Xanə­gah” adlı abidə bu gün ziyarətgaha çevrilib.
Nəimi müdrik insan idi. O, ardıcıllarını gələcək təhlükələrdən qorumaq istəyirdi. Qətlindən öncə “Vəsiyyətnamə”sini yazdı və ölməzdən əvvəl azadlıqdakı silahdaşlarına ötürə bildi. Bu məktubda Nəimi bütün müridlərinə qəsd barədə xəbərdarlıq edir. Bu qayğıkeş müəllim, alicənab insan onu da vəsiyyət edir ki, harada olsanız elə edin ki, mənim müridim olmağınızı bir kimsə bilməsin. Sonda uzaq, dağlıq yerlərə çəkilib adlarını dəyişməyi, dərvişlik mərasimlərindən əl çəkib hər dəm namaz qılıb bir peşəyə bağlanmalarını məsləhət görür, təhlükənin nə qədər qaçılmaz olduğunu anladırdı.
Nəiminin sevimli şagirdi Nəsimi “Vəsiyyətnamə”yə axıra qədər əməl etmir. Anadoluya gedib burada xəlvətə çəkilmək əvəzinə yenə öz ideyalarını yayır, yeni fikirlərini kağıza köçürür, ətrafına yeni tərəfdarlar toplayır, özünə dost da qazanır, düşmən də.
Canına, qanına hopmuş sığmazlıq elə bir “sağalabilən xəstəlik”, “keçici ağrı” olmadığı kimi, Nəiminin tələb etdiyi dəyişiklik, başqalaşmaq da ona xas olan xüsusiyyət deyildi. Məkana və zamana sığmayan bir filosof, bir şair “Vəsiyyətnamə”nin tələblərinə necə sığa idi?
Elə yazdığı “Sığmazam” adlı məşhur şeiri də Nəsiminin mükəmməl avtoportreti idi. Nəsiminin mübariz ideya və çağırışlarının, dövrə-zamana sığmayan qüdrətinin ifadə olunduğu şeirlə Nəsimi etiraf edir ki, məsləki, fikri, qayəsi­-ayəti onun özündən də gülcü və uludur.

Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,
Gövhəri la məkan mənəm, kövnü məkanə sığmazam.
Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, ­qureyşiyəm,
Bundan uludur ayətim, ayətü-şanə sığmazam.

Anadoluda da dərin köklər atan hürufilik və bəktaşiliyin nüvəsində siyasi niyyətlər olması hakimiyyəti bu yolun yolçularıyla sərt davranmağa vadar etdi. Sultan Murad zamanında bəktaşiləri, sadəcə, asmır, başlarını üzməklə kifayətlənmir, onların neçəsinə od vurub diri-diri yandırırdılar. Vəziyyətin get-gedə mürəkkəbləşdiyini görən Nəsimi buranı tərk edir, üz tutur İraqa, Suriyaya...
Üç dildə – türk, fars və ərəbcə şeirlər yazan və “Divan”lar bağlayan Nəsimi üçün məfkurəsini yaymaq o qədər də çətin deyildi, çünki onun dil, nəzm məhdudiyyəti yox idi. Qafqazda, Anadoluda olduğu kimi, ərəb aləmində də onu ehtiramla qarşılayırlar. Lakin yenə də, tərəfdarları, ardınca gedənləri çox olduğu kimi, onu sevməyən, kin bəsləyənlər də az deyildi.
Nəsimi taleyin hökmünə qalib gələ bilmədi. Şair və hökmdar Hüseyn Bayqaranın vəziri Əmir Kəmaləddin Hüseyn “Məcalis ül-üşşaq” (“Aşiqlərin yığnaqları”) adlı əsərində “Haqq aşiqi” Nəsimini qətlə aparıb çatdıran səbəbləri açıqlayır və yazırdı: “… Batindən zahirə çıxan nəfəs tufan kimi onun könül dənizini cuş-ü xüruşa gətirdi. O, dəryanın dalğalanmasından şairin hərfləri və kəlmələri cəvahiri-əsrar kimi kənara töküldü. Ayıq zahirpərəstlərin nəzəri həqiqət şahlarına layiq olan o cəvahirlərə düşdükdə, şairin sözünü anlamadılar. Onu cəzalandırmaq istədilər. Hələbdə zahiri üləmadan bir münkir ondan soruşdu: “Bu cavanın üzündə nə görürsən ki, bu qədər həyəcan və məstlik göstərirsən?” Cavab verdi ki, onun üzünün aynasında Haqqın surətini müşahidə edirəm. Münkir dedi: “Biz də o cavanı görürük, bəs nə üçün o surət bizim gözümüzə görünmür?” Şair dedi: “Bu dövlət quşu sizin qabiliyyətinizi özünə yuva etmədi və bu səadət quşu sizin himmətinizin başına kölgə salmadı”. Bu fəsil Nəsiminin bir qəzəli misal gətirilərək yazılıb.
Nəsiminin necə və kimlə ailə qurması ilə bağlı suala dürüst və dəqiq cavab verən mənbə yoxdur. Amma ehtimal olunur ki, Suriyada məskunlaşdığı vaxtlarda ev-eşik sahibi olub. Oğluna da yenə müəlliminin pak adını yaşatmaq üçün Fəzl adı verib. Onun nəvə-nəticələri, nəsimilər nəsli bu gün də Suriyada ömür sürməkdədirlər…

Haqqı görən gözlər gərəkdir ki, mənim üzümü görsün,
Xudbin olan gözlər Allahın üzünü necə görə bilər?!
Ey Çöhrəsi Nəsiminin gözlərinə işıq verən,
Məqsədi Səni görmək olan Səndən savayı kimi görər?!

Rəvayət edilir ki, Hələbdə özünü Nəsimi elan edən bir cavan bu qəzəli oxuyurmuş. Onu tutub çəkirlər dar ağacının ayağına. Bu zaman Nəsimi həmin meydana yetişir, həqiqəti açır, şagirdinin onu xilas etmək naminə bu şeirə sahib çıxdığını bildirir və günahsız gənci azadlığa buraxdıraraq özü divana təslim olur. Nəsimi üçün çoxdan qurulan tələlər, münasib fürsəti gözləyənlər bununla da öz arzularına çatırlar.
Şairin edamı haqqında bir çox mənbələrdə, eləcə də onbeşinci yüz ilin ərəb tarixçisi Müvəffəqəddin Əhməd ibn İbrahim əl-Hələbinin “Künuz üz-zəhəb və tarix-i Hələb” (“Qızıl xəzinələri və Hələb tarixi”) kitabında şairi mühakimə edən 5 nəfərin adı çəkilir. Həmin mənbəyə əsasən məhkəmə üzvlərindən biri ağır hökmü verməzdən əvvəl onu sübut etməyin gərək olduğunu söyləyir, başqa biri Nəsimini kafir elan edərək tövbəsinin qəbul edilməməsinə və öldürülməsinə fitva verir, digəri bir parça kağızda məhkumun öldürülməsini yazır. Lakin hətta bundan sonra da digər məhkəmə üzvləri qərarla barışmaq istəmir, ölüm hökmü çıxarmaqdan imtina edirlər. Məhkəmə qərar qəbul etmədən dayandırılır, Nəsimi yenidən zindana aparılır. Əlbəttə ki, hər misrasının, hər beytinin ardında “Qurani-Kərim”in hikmətləri dayanan Nəsimiyə kafir damğasını vurmaq elə də asan deyildi. Lakin bu hikmətləri dinə əks-müddəalar kimi yozaraq elə müqəddəs “Quran”ın özündən, şəriətin əsaslarından, risalələrdən əks-müddəalar gətirmək də çətin deyildi.
Sultan Müəyyədinin əmri ilə Nəsiminin dərisi soyularaq cəsədi Hələbdə 7 gün əhaliyə nümayiş etdirilir. Edam zamanı Nəsimiyə ətrafdakılardan birinin kinayə ilə “Əgər Allahsansa, bəs rəngin niyə saralır?” sualına rəvayətlərdə şairin verdiyi məğrur cavab qalır: “Mən əbədiyyət üfüqlərində doğmuş eşq günəşiyəm. Günəş qürub edən zaman saralar”. Lakin hamı bilir ki, illər, əsrlər onun qəlblərdəki əbədiyyət heykəlini saralda, dərin poetik-fəlsəfi irsini susdura bilmədi. Və onun ölüm ayağında, həyatının ən son məqamında söylədiyi “Zahidin bir barmağın kəssən dönüb haqdan qaçar, Gör bu gerçək aşiqi sərpa soyarlar, ağrımaz” misraları Nəsiminin həyatı, sənəti, əqidəsi yolunda şəhidlik zirvəsinə yüksəlməyin ibrətamiz nümunəsidir.
“Ənəlhəq” ideyasını ədəbi təlim səviyyəsinə çatdıran İmadəddin Nəsimi keşməkeşli həyatı, nəsihətçilikdən uzaq, mübarizə ruhlu şeirləri ilə bu gün də onun adını daşıyan ədəbi məktəbin davamçılarına ruh verir.
Prezident cənab İlham Əliyevin “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında”, eləcə də şairin 650 illik yubileyinin qeyd edilməsi haqqında tarixi sərəncamları ölməz sənətkarın həmişəyaşar ideallarının xalqımıza daha geniş miqyasda çatdırılmasına geniş meydan açır.
Hazırda Nəsiminin qərib məzarı Suriyanın hər an müharibə təhlükəsi ilə üzləşdiyi Hələb şəhərindədir. Məncə, doğulub böyüdüyü, təhsil aldığı, doğma Vətəninə – Azərbaycana “qayıtmaq” şairin özünün də ən böyük arzusu olardı. Onun ruhu yalnız öz müstəqil Vətənində rahatlıq tapa bilər…

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR