Türkiyə klassik musiqisinin inkişafında xüsusi yeri olan sənətkarlardan biri də Murad ağadır. Bir çox mənbədə göstərilir ki, o, 1610-cu ildə anadan olub, əslən naxçıvanlıdır. Sultan IV Muradın Rəvan səfərindən sonra İstanbula gətirdiyi on iki sənətkar arasında yer alan Murad ağa sazəndə qrupunun iki xanəndəsindən biri olub. Əsəd Əfəndi bu barədə yazır: “On iki şəxs Bağdaddan İstanbula gələndə çox gənc idilər”.
“İslam Ensiklopediyası”nda bu barədə məlumat verilir. Övliya Çələbi onun carta (çartar), Hüseyn Behcətin şestak, Əsəd Əfəndinin şeştar çaldığından bəhs edir. Onun şeştar ustası olması musiqişünaslar arasında Şeştari Murad ağa kimi tanınmasına gətirib çıxarıb.
Qeyd edək ki, şeştar (şeştay) türklər və digər müsəlman xalqları tərəfindən istifadə edilən və yerini tambura vermiş olan simli çalğı alətidir. Mənbələrdə qeyd olunur ki, təbrizli Əli xanın icad etdiyi bu musiqi aləti çartara bənzəyir. Lakin adından da bilindiyi kimi, onun altı simi var. Şeştardan bu gün İran, Azərbaycan və Qafqazda da istifadə olunur. İbn Qəbinin tərifinə əsasən onun müxtəlifölçülü uda bənzəyən üç növünün olması ilə bağlı məlumat var.
Bu barədə mənbələrdə qeyd olunur ki, şeştar unudulmuş simli, mizrablı musiqi alətidir, “Dastani Əhməd Hərami”də, Əbdülqadir Marağayinin əsərlərində, Həbibinin şeirlərində bu musiqi alətinin adına rast gəlirik. Belə bir fakt diqqəti cəlb edir: Həbibinin şeirlərinin birində udun adı digər simli alətlər – şeştar, çəng və bərbətlə yanaşı çəkilir.
Ə.Marağayi 3 cür şeştay haqda məlumat verir. I-II növ şeştaylar qolunun ölçüsünə görə fərqləniblər. III növ şeştayın isə gövdəsi üzərində 15 cüt sim olub və əsasən Anadoluda istifadə edilib. Şeştayların bütün növlərinin udabənzər çanağı, 6 simi olub. Bu simlər cüt köklənərdi. Alətin kəlləsində 6 aşıx yerləşdirilər, çanağın üzərinə ağacdan nazik üzlük vurulardı. Fikrimizcə, III növ şeştay daha maraqlı alət olub, 15 cüt aşıx isə sitar alətində olduğu kimi, qolda yerləşdirilib, yəni qol boyu aşıxlar düzülüb.
Şeştar sözündə şeş-altı, tar isə bir neçə hissə, ümumilikdə, altıhissəli alət mənasını verir.
Türkiyənin musiqi tarixinə dair yazılmış bir sıra mənbələrdə də Murad ağa Şeştari ilə bağlı çox maraqlı faktlar yer alıb. Murad ağanın şöhrətinin ən parlaq dövrü IV Murad ilə (1623-1640) IV Məmməd (1648-1687) dövrləri arasında olub. İstanbula gəldikdən sonra Beşiktaş tərəfdə yaşayıb, burada da vəfat edib.
Hüseyn Behcətin ona yazdığı şeirdən aydın olur ki, Murad ağa İstanbulda 36 il yaşayıb. Behcətin “Tarix” mənzuməsində Murad ağanın şairliyindən də bəhs edilib, o, məlahətli səsə malik olub.
Murad ağa Şeştari bəstələdiyi əsərlərlə dövrün tanınmış musiqişünasları arasında yer almağı bacarıb. Mənbələrdə qeyd olunur ki, o, musiqiyə aid ilk dərsləri elə doğulduğu torpaqda, Naxçıvanda alıb. Sonralar musiqi təhsilini İstanbulda davam etdirib, öyrəndikləri ilə ustad səviyyəsinə çatıb.
Bəzi akademik məqalələrdə bəstəkarın “Busəlik müxəmməs karçəsi” adlanan əsəri haqqında məlumatlar yer alıb. Bir çox mənbələrdə əsərin sözlərinin Sultan Hüseyin Bayqara, Kəmaləddin Murad Haciyi Kirmani və sair müəlliflərə aid olduğu barədə faktlara rast gəlinsə də, bunun dəqiqliklə kimə məxsus olması hələlik elmi təsdiqini tapmayıb.
Murad ağanın tərcümeyi-halından qısaca bəhs edən Əsəd Əfəndinin yazdığına görə Murad Şeştari 30-a yaxın əsər bəstələyib. Bu əsərlər isə, təbii ki, özündən sonra gələn musiqi sənətində öz sözünü deməklə yanaşı, müəyyən istiqamətdə onlara təsir də edib. Maraqlı isə odur ki, hələ Osmanlı dövründə yaranan və geniş təbliğ edilən bu musiqilərin müəllifi naxçıvanlıdır.
Belə sənətkarlarımız isə, yəqin ki, yetəri sayda çoxdur. Onları araşdırıb ortaya çıxarmaq və tanıtmaq hər bir elm adamının müqəddəs borcu olmaqla yanaşı, həm də qürurvericidir. Bu tarixi simalar tədqiq və təbliğ olunduqca Naxçıvanımızla daha da fəxr edirik.
Nərgiz İsmayılova
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru