22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun zəngin elmi-fəlsəfi irsə malik olan görkəmli mütəfəkkir ­Nemətullah Naxçıvani yaradıcılığının öyrənilməsi və tədqiq edilməsi məqsədilə imzaladığı 2018-ci il 29 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən “Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah Naxçıvani” mövzusunda beynəlxalq konfrans keçirilib.

“Naxçıvan” Universitetində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxış edərək bildirib ki, orta əsrlərdə yaşamış Nemətullah Naxçıvani türk-islam dünyasının elmi və ictimai fikrinin inkişafına böyük töhfələr verib, təsəvvüf və təfsir alimi kimi şöhrət qazanıb.
Bildirilib ki, fəaliyyəti Təbriz, Ağşəhər və Konya ilə sıx bağlı olan görkəmli mütəfəkkir Nemətullah Naxçıvani yaradıcılığının öyrənilməsi və tədqiq edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2018-ci il 29 oktyabr tarixli Sərəncam imzalayıb. Sərəncamla təsdiq olunmuş Tədbirlər Planına əsasən Nemətullah Naxçıvani yaradıcılığının öyrədilməsi üçün AMEA Naxçıvan Bölməsində tədqiqat qrupu yaradılıb, Gənc Alim və Mütəxəssislər Şurasının “Naxçıvandan Konyaya bir körpü: Nemətullah Naxçıvani” layihəsi çərçivəsində 21-24 may tarixlərində Nemətullah Naxçıvaninin adını daşıyan dini məktəb və məscidin fəaliyyət göstərdiyi Ağşəhərə səfər təşkil edilib. Səfər çərçivəsində Türkiyənin Konya vilayətində Azərbaycan və Türkiyə alimlərinin iştirakı ilə beynəlxalq konfrans keçirilib. Layihə çərçivəsində Nemətullah Naxçıvaninin məzarının bərpası üçün Naxçıvandan gedən memarlar orada tədqiqatlar aparıb, bu məqsədlə layihə hazırlanıb.

Vurğulanıb ki, Nemətullah Naxçıvaninin Azərbaycan, ərəb, fars və türk dillərində yazdığı əsərləri hazırda Türkiyədə kitabxana və muzeylərdə saxlanılır. Türkiyənin Naxçıvandakı Baş Konsulluğunun köməyi ilə Nemətullah Naxçıvaninin Türkiyə kitabxanalarında saxlanılan 12 əlyazma nüsxəsinin elektron variantı AMEA Naxçıvan Bölməsinə təqdim edilib.
Qeyd olunub ki, bundan başqa, Tədbirlər Planına əsasən alimin “Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə” əsərinin I-II cildləri tərcümə olunaraq nəşrə hazırlanıb, ­görkəmli alim haqqında tədqiqatları özündə əks etdirən “Nemətullah Naxçıvani: taleyi və sənəti” kitabı nəşr edilib. Naxçvan televiziyasında “Təfsir alimi Nemətullah Naxçıvani” filmi hazırlanıb, müxtəlif tematik verilişlər və mətbuat materialları yayımlanıb, bu mövzuda keçirilən tədbirlər işıqlandırılıb. Hazırda Tədbirlər Planında nəzərdə tutulan vəzifələrin icrası davam etdirilir.
Görkəmli mütəfəkkirin Türk dünyasının ortaq dəyəri kimi geniş tədqiqə və təbliğə ehtiyacı olduğunu diqqətə çatdıran Surə Seyid keçirilən konfransın Naxçıvani irsinin tədqiqinə yeni cığırlar açacağına əminliyini bildirib, konfransın işinə uğurlar arzulayıb.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Nemətullah Naxçıvaninin elmi irsi və müasirlik” mövzusundakı çıxışında bildirib ki, dərin biliyə və yüksək mənəvi keyfiyyətlərə malik olan Nemətullah Naxçıvaninin digər təfsirlərə müraciət etmədən yazdığı, “Qurani-Kərim”in elmi-nəzəri şərhi olan “Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə” əsəri islamşünaslığa ən böyük töhfədir. Bütün əsərlərində və təfsirində insanı kamilliyə aparan yol, mənəvi paklıq və təmizlik, Uca Yaradanın qüdrət və qüvvəti, dinlər və peyğəmbərlər haqqında düşüncələri, dinlərin fəlsəfi və elmi izahından bəhs edən müəllif bəşəri ideyaların vahidliyinin, insanların və dinlərin həmrəyliyinin əhəmiyyətini təbliğ edir. Görkəmli alimin zəngin yaradıcılığı müasir dövrümüzdə də dinlərin, xüsusilə islamiyyətin elmi-fəlsəfi cəhətdən öyrənilməsi baxımından aktuallıq kəsb edir.
Türkiyənin Samsun 19 Mayıs Universitetinin professoru Yaşar Kurt “Tarixi və təsəvvüf bir şəxsiyyət kimi Nemətullah Naxçıvani” mövzusunda çıxış edib. Natiq qeyd edib ki, Şərqin böyük filosofu və din aliminin elmi yaradıcılığında qədim türk sivilizasiyası ilə İslam dini dünyagörüşü vəhdət təşkil edir. Görkəmli mütəfəkkir məşhur elmi-fəlsəfi traktat, şərh və risalələrin müəllifi kimi bütün dünyada tanınır və böyük ehtiramla anılır.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Nemətullah Naxçıvani və Naxçıvan” mövzusunda çıxış edərək deyib ki, qısa bir zamanda dövrünün tanınmış alimlərindən birinə çevrilən Nemətullah Naxçıvaninin yaradıcılığında fəaliyyətinin Naxçıvan dövrü mühüm mərhələ təşkil edib. Onun elmi dünyagörüşünün formalaşmasında və kamilləşməsində Naxçıvan ictimai-mədəni və elmi mühitinin mühüm təsiri olub, zahiri elmləri tamamladıqdan sonra təsəvvüfə bağlanıb, fəaliyyəti qiymətləndirilərək “Baba” titulu verilib.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu çıxışında Nemətullah Naxçıvaninin “Gülşəni-raz” əsərini klassik şərhçiliyin qiymətli nümunəsi kimi dəyərləndirib.
Konfransda çıxış edənlər Nemətullah Naxçıvani irsinə göstərilən yüksək diqqətə və bu barədə verilən Sərəncama görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq ediblər.
Naxçıvan Televiziyasının hazırladığı “Təfsir alimi Nemətullah Naxçıvani” sənədli filminin nümayişi ilə konfransın plenar iclası öz işini yekunlaşdırıb. Beynəlxalq konfrans bölmə iclasları ilə davam etdirilib.

 Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR