22 Dekabr 2024, Bazar

Naxçıvan ədəbi mühitinin Azərbaycan ədəbiyyatına bəxş etdiyi görkəmli sənətkarlar içərisində Xalq yazıçısı Hüseyn İbrahimovun özünəməxsus yeri var. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Hüseyn İbrahimovun 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2019-cu il 18 may tarixli Sərəncamında görkəmli yazıçının yaradıcılığı, ədəbi mühitin formalaşmasındakı xidmətləri yüksək dəyərləndirilib: “Hüseyn İbrahimov yarım əsrdən artıq bir dövrü əhatə edən səmərəli ədəbi fəaliyyəti ilə müasir Azərbaycan ədəbiyyatının inkişafına töhfələr vermiş özünəməxsus yaradıcılıq üslubuna malik simalardandır. Ədibin uğurlu axtarışlarının nəticəsi kimi müxtəlif janrlarda meydana gətirdiyi əsərlərdə müasirlərimizin zəngin mənəvi aləmi dolğun əks etdirilmiş, mədəniyyət tariximizin yetirdiyi bir çox görkəmli simaların işıqlı obrazları parlaq bədii boyalarla təcəssümünü tapmışdır. Uzun illər Naxçıvanın ictimai-siyasi həyatının fəal iştirakçısı olmaqla Hüseyn İbrahimov regionda mədəni mühitin tarixi ənənələrinin qorunub saxlanılması və eləcə də müstəqillik ideallarına sadiq yaradıcı ədəbi qüvvələrin öz potensiallarını lazımınca gerçəkləşdirə bilmələri üçün böyük əmək sərf etmişdir”.

Naxçıvan Muxtar Respublikası Ali ­Məclisi Sədrinin “Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında” 2019-cu il 13 may tarixli Sərəncamında deyilir: “Zəngin yaradıcılıq fəaliyyətinə malik Hüseyn İbrahimov ədəbi fəaliyyətə ötən əsrin 40-cı illərindən başlamışdır. Xalq yazıçısının tarixi keçmişimizdən bəhs edən əsərləri oxucular tərəfindən həmişə rəğbətlə qarşılanmış, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətli rol oynamışdır”.

Azərbaycan nəsrinin inkişafında böyük xidmətləri olan Xalq yazıçısı Hüseyn İbrahimov 1919-cu il may ayının 23-də o zamanlar Şərur rayonunun inzibati ərazisinə aid edilən Şahtaxtı kəndində anadan olub. Qeyd edək ki, Azərbaycanın ictimai-siyasi və mədəni həyatında çox mühüm rol oynayan Şahtaxtı kəndinin onlarla yetirməsi ilə xalqımız həmişə fəxr edir, öyünür.
1944-cü ildə Hüseyn İbrahimov “Ədəbiyyat qəzeti”ndə “O, düşməndə qoymadı anasının qanını” adlı ilk şeirini dərc etdirir. 65 ilə yaxın bədii yaradıcılıqla məşğul olan yazıçının bu illər ərzində beş povesti, beş romanı, üç dram əsəri, yüzdən artıq hekayə və novellası oxuculara təqdim olunur.
Hüseyn İbrahimov “Ədəbiyyat milli sərvətdir” adlı məqaləsində yazırdı: “Yaradıcılığa başladığım gündən ədəbiyyata bir həyat fənni kimi baxmışam. Fikirləşmişəm ki, ədəbiyyatı təkcə şagirdlər, tələbələr, ziyalılar deyil, bütün xalq, millət oxuyur, öyrənir”.
O, bir vətəndaş yazıçı kimi Naxçıvanda ədəbi mühitin formalaşmasına, yeni yazıçıların, şairlərin ədəbiyyata gəlişinə həssaslıqla yanaşıb. Hüseyn İbrahimov 1954-1960-cı illərdə Azərbaycan Yazıçılar İttifaqının Naxçıvan filialının, 1980-1997-ci illərdə isə Yazıçılar Birliyi Naxçıvan şöbəsinin məsul katibi, 1997-2007-ci illərdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri vəzifələrində çalışıb. Bu illər ərzində onun təşkilatçılığı ilə Naxçıvanda gözəl bir ədəbi mühit formalaşdırılıb.
1958-ci ildə ermənilərin Naxçıvan iddiaları başladığı bir dövrdə muxtar respublikada əsas ideoloji sahə olan ədəbiyyatı inkişaf etdirmək məqsədilə Azərbaycan Yazıçılar İttifaqının Naxçıvanda səyyar plenumu keçirilir. Həmin dövrdə Naxçıvanda SSRİ Yazıçılar İttifaqının yaşayıb-yaradan üzvləri dörd nəfər idi: Hüseyn İbrahimov, Məmmədəli Tarverdiyev, Müzəffər Nəsirli və Hüseyn Əzim. Səyyar plenumda Rəsul Rza, Mehdi Hüseyn, Əli Vəliyev və digər görkəmli şair və yazıçılarımız iştirak edirlər. Həmin dövrdə Naxçıvanda ədəbi mühiti canlandırmaq məqsədilə Hüseyn Razi, Əliyar Yusifli, Əhməd Mahmud, Məşkur Əkbər və Kəmalə Ağayeva SSRİ Yazıçılar İttifaqına üzv qəbul olunurlar. Beləliklə, Naxçıvanda ittifaq üzvlərinin sayı ona yaxınlaşır.
1955-ci ildə Hüseyn İbrahimovun təşəbbüsü ilə Naxçıvan yazıçılarının əsərlərindən ibarət “Səadət mahnıları” adlı ədəbi almanax çap olunur. 1958-ci ildə Naxçıvan mətbəəsində ilk dəfə olaraq Hüseyn İbrahimovun təşəbbüsü ilə üç kitab nəşr edilir. Bu kitabların biri Hüseyn İbrahimovun “Baharın hekayəsi” povesti idi ki, bu əsər onun ilk uğurlu povesti hesab olunur. Həmin ildə Müzəffər Nəsirlinin “Mənim muxtar respublikam”, Hüseyn Razinin isə “Kəndimizin səhəri” adlı ilk şeir kitabları çap olunur.
Hüseyn İbrahimov məsul vəzifəyə irəli çəkildiyi üçün 1960-1980-ci illərdə Azərbaycan Yazıçılar Birliyinin Naxçıvan şöbəsinə şair Müzəffər Nəsirli rəhbərlik edir. Həmin illərdə bir neçə ədəbi almanax nəşr olunur. 1980-ci ildə tanınmış yazıçı yenidən Yazıçılar Birliyinə məsul katib seçilir. Bu illərdə Hüseyn müəllimin təşəbbüsü ilə “Araz-1”, “Araz-2”, “Araz-3”, “Qoy tanısın dünya səni”, “Şəhidlik – ömrün nur çağı”, “Araz-4”, “Səhər nəğmələri” adlı ədəbi almanaxlar nəşr olunur. Bu nəşrlər Naxçıvan ədəbi mühitinin canlanmasına geniş imkanlar açır.
Ötən əsrin 80-ci illərində Naxçıvanda Yazıçılar Birliyinin 18 nəfər üzvü var idi. 1998-ci ilin əvvəllərində Hüseyn İbrahimovun təşəbbüsü ilə Azərbaycan Yazıçılar İttifaqının Naxçıvan şöbəsi müstəqil təşkilata çevrilərək Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi adlandırılır və Hüseyn müəllim yenidən birliyin sədri seçilir. Həmin dövrdən başlayaraq birliyə yeni üzvlər qəbul olunur və onların sayı 62 nəfərə çatdırılır. Bu gün muxtar respublikamızda Azərbaycan və Naxçıvan Yazıçılar Birliyinin 80-ə yaxın üzvü fəaliyyət göstərir ki, onların da əksəriyyəti şair və yazıçı kimi ilk xeyir-dualarını məhz Hüseyn İbrahimovdan alıblar.
Bu gün Naxçıvan və Azərbaycan ədəbi mühitində tanınan və sevilən onlarla yazıçı və şairin ilk kitablarının nəşrinə hələ ötən əsrin 80-90-cı illərində ilk qayğını da məhz Hüseyn İbrahimov göstərib. Güllü Məmmədova, Elman Həbib, Həmid Arzulu, Muxtar Qasımzadə, Asim Yadigar, Akif Axundov, Vaqif Məmmədov və başqaları ilk kitablarının sevincini məhz Hüseyn İbrahimovun Yazıçılar Birliyinin sədri kimi fəaliyyət göstərdiyi dövrdə onun qayğısı sayəsində yaşayıblar. Sonrakı illərdə də ilk kitablarını çap etdirən Xanəli Kərimli, Həsənəli Eyvazlı, Elbəyi Maqsudov, Rəhilə Elçin, Fərəc Fərəcov, Şirməmməd Qüdrətoğlu və onlarla digər şair və yazıçımız Hüseyn müəllimi yaradıcılıq dəstəyinə görə bu gün də minnətdarlıq duyğusu ilə xatırlayırlar.
Ayrı-ayrı dövrlərdə bir sıra qüdrətli şair və yazıçılar, tənqidçilər Hüseyn İbrahimovun yaradıcılığı barədə xoş sözlər deyiblər. Xalq şairləri Rəsul Rza, Fikrət Qoca, Nəriman Həsənzadə, Xalq yazıçıları Mirzə İbrahimov, Süleyman Rəhimov, Qılman İlkin, alimlərdən Məmməd Arif, İsa Həbibbəyli, Kamran Əliyev, Yavuz Axundlu, Qulu Xəlilov və başqaları ayrı-ayrı dövrlərdə görkəmli yazıçının yaradıcılığı barədə mətbuatda çıxış ediblər.
Akademik Məmməd Arif yazırdı: “Hüseyn İbrahimovun müsbət qəhrəman uğrundakı axtarışları, mənəvi intellektual keyfiyyətlərə malik surətlər yaratmaq təşəbbüsü qiymətlidir. Yazıçı səmimiyyətlə təsvir etdiyi təmiz vicdanlı qəhrəmanları oxucuya sevdirə bilir”.
Hüseyn İbrahimovun müxtəlif povestləri ədəbiyyatşünaslarımız tərəfindən yüksək qiymətləndirilib. Xalq şairi Rəsul Rza 50-ci illərdə müəllifin yaradıcılığı haqqında yazırdı: “Hüseyn İbrahimovun “Baharın hekayəsi” povesti ciddi yaradıcılıq işinin məhsuludur. Buradakı hadisələrin həyatiliyi, ayrı-ayrı obrazların inandırıcılığı, məqsəd aydınlığı və əsərin ümumi ruhundan çıxan tərbiyəvi mənası bizə bu əsəri son vaxtlarda yaranmış əsərlərimizin yaxşı nümunələri sırasına qoymağa haqq verir”.
Müəllif bir yazıçı kimi insanları mənən saf, təmiz, vicdanlı, ləyaqətli görmək istəyirdi. Məhz ona görə də yazıçının yaratdığı müsbət obrazlar namərdlərə, əli­əyrilərə, vicdansızlara qarşı mübarizə aparır və öz müsbət iradi keyfiyyətləri ilə həmişə qalib gəlirlər.
Hüseyn İbrahimov böyük müşahidə qabiliyyətinə malik olan yazıçılarımızdan biri idi. Onun tarixi keçmişimizdən bəhs edən “Günəş doğan yerdə” romanı ötən əsrin 60-cı illərinin sonlarında ilk dəfə “Şərq qapısı” qəzetində çap olundu. Mən o romanı hələ orta məktəbdə oxuduğum illərdə böyük maraqla mütaliə etmişdim. Sonra isə müəllifin ən gözəl romanlarından biri olan, müəllimlərimizin həyatından bəhs edən “Sabahın sorağında” romanını oxumuşdum. Sonralar iş elə gətirdi ki, 1982-ci ildə Hüseyn müəllim məni Naxçıvan Yazıçılar İttifaqına işə dəvət etdi və düz yeddi il onunla birlikdə burada fəaliyyət göstərdim. Müəllifin melioratorların həyatından bəhs edən “Bahar yağışı” romanını da orada işləyən zaman oxudum. Hüseyn müəllimin “Əsrin onda biri” və “Böhtan” romanları isə mənim gözümün qarşısında yazılıb. Və böyük fəxr hissi ilə deyirəm ki, həm də o iki romanın ilk oxucuları Hüseyn müəllimin kiçik oğlu Munis və mən olmuşam. Hər iki romanı əlyazma şəklində ilk dəfə oxuyanda fikirləşirdim ki, bu romanlar müəllifinə böyük şöhrət gətirəcək. Həqiqətən də, elə oldu. Hər iki roman 40 min tirajla çap olunsa da, tez bir zaman içərisində oxucular tərəfindən alınaraq sevilə-sevilə oxundu. Yaxşı xatırlayıram ki, Hüseyn müəllim “Əsrin onda biri” romanını “Atabəylər dövləti” kimi sanballı bir əsərin müəllifi, görkəmli akademik Ziya Bünyadova göndərdi. Ziya müəllim Atabəylər dövründən, böyük memar Əcəmi Əbubəkr oğlunun həyatından bəhs edən bu tarixi romanı çox böyük diqqətlə oxuyub hadisələrlə, həmin tarixi dövrlə bağlı qeydlərini müəllifə göndərmişdi. Mən deyərdim ki, görkəmli akademikin həmin qeydləri müəllifə çox gərək oldu və Hüseyn müəllim heç bir tarixi yanlışlığa yol vermədən böyük memar Əcəmi ilə bağlı gözəl bir roman ortaya qoya bildi. Bu əsər ədəbi ictimaiyyətin diqqətini daha çox cəlb etdi, mətbuatda filoloq alimlərin, müəllifin qələm dostlarının çox dəyərli resenziyaları dərc olundu.
Hüseyn İbrahimov romantik poeziyamızın ölməz korifeyi Hüseyn Cavidin taleyindən bəhs edən “Böhtan” romanını əlyazma şəklində böyük şairin fədakar qızı Turan Cavidə göndərmişdi. Onun tövsiyələri əsasında yenidən işləyərək əsəri təkmil və maraqlı bir şəkildə oxucularına təqdim etdi.
Şairlərdən Balaş Azəroğlu, Nəriman Həsənzadə, Kəmalə Ağayeva, Vaqif Məmmədov, Həsən Valeh, İbrahim Yusifoğlu və başqaları ayrı-ayrı dövrlərdə Hüseyn İbrahimova maraqlı şeirlər həsr ediblər.
Hüseyn İbrahimov 33 il Naxçıvan Yazıçılar Birliyinə rəhbərlik edib. Ədəbi mühitin formalaşmasında onun çox böyük xidmətləri olub. Müəllifin bu əməyi, bədii yaradıcılığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, “Şöhrət” ordeninə, “Xalq yazıçısı” fəxri adına layiq görülüb, Prezidentin fərdi təqaüdünü alıb.

Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyinin qeyd edilməsi haqqında verilən tarixi sərəncamlar Naxçıvan ədəbi mühitinin bu görkəmli nümayəndəsinin həyat və fəaliyyətinin, bədii irsinin yeni müstəvidə elmi tədqiqinə və təbliğinə rəvac verəcəkdir.

Asim YADİGAR
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri,
Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR