22 Dekabr 2024, Bazar

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan qədim abidələr diyarıdır. Xalqımızın zəngin keçmişini, mədəniyyətini, adət-ənənələrini özündə yaşadan həmin abidələrdən biri də Azərbaycan tarixinə adlı-sanlı generallar, hərbçilər, dövlət xadimləri vermiş Kəngərli nəslinin, Naxçıvan xanlarının iqamətgahı olmuş Xan sarayıdır. Xan sarayı müxtəlif dövrlərdə baxımsız vəziyyətə düşsə də, qorunub saxlanılıb. 

Bu qədim mədəniyyət incisi Azərbaycanın milli dövlətçilik tarixində Naxçıvan xanlığının tutduğu xüsusi mövqeyi nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi kimi fəaliy­yətə başlayıb. Ali Məclis Sədrinin digər – 2015-ci il 2 fevral tarixli Sərəncamına əsasən artıq “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi kimi fəaliyyətini davam etdirir. Ali Məclisin Sədri muzeyin açılışı zamanı ulu ­öndərimizin bu kəlamını xatırladıb: “Azərbaycan xanlıqlara bölünən dövrdə Naxçıvan xanlığı yaranıbdır. Naxçıvan xanlığı da Atabəylər dövlətçiliyinin davamı kimi özünü göstəribdir. Naxçıvan xanlığı, Azərbaycanın başqa bölgələrinin xanlıqları Azərbaycan dövlətçiliyini təmsil ediblər, Azərbaycanı qoruyub yaşadıblar”. Bu, ümummilli liderimiz tərəfindən Naxçıvan xanlığının fəaliyyətinə verilən qiymət idi.

Naxçıvan xanlığının əsası 1747-ci ildə Heydərqulu xan tərəfindən qoyulub. 1828-ci il fevral ayının 10-da imzalanmış Türkmənçay sülh müqaviləsinə əsasən fəaliyyəti dayandırılıb. Naxçıvan xanlığı Azərbaycan dövlətçiliyinə böyük töhfələr verib. Məhz möhtəşəm Xan sarayının 1780-ci ildə Kalbalı xan Kəngərli tərəfindən inşa etdirilməsi də onun xidmətlərinin bir göstəricisidir. Şərq memarlığı üslubunda inşa edilmiş abidə XVIII əsrin ortalarından XX əsrin əvvəllərinədək Naxçıvan xanlarının yaşayış evi olmaqla yanaşı, həm də dövlətin siyasi iqamətgahı funksiyasını yerinə yetirib. Naxçıvan xanlığı ləğv edildikdən sonra bir sıra məqsədlər üçün istifadə olunan bu sarayda Kəngərli süvarilərinin komandanlığı yerləşdirilib, 1918-1920-ci illərdə Naxçıvan Milli Müdafiə Şurasının qərargahı buraya köçürülüb. Saray 1998-ci ilin aprelindən 2010-cu ilədək Naxçıvan Muxtar Respublikası Dövlət Xalça Muzeyi kimi fəaliyyət göstərib.

Muzeyin ekspozisiyası 9 zaldan ibarətdir. Yarandığı dövrdə 150 eksponatla fəaliyyətə başlasa da, hazırda eksponatların sayı 3 minə yaxındır. Həmin eksponatların 334-ü ekspozisiya zallarında nümayiş və təbliğ edilir, digər hissəsi isə fond otaqlarında qorunub mühafizə olunur. Eksponatlar içərisində arxiv sənədləri, Naxçıvan xanlarının şəcərəsi, xəritəsi, xanlığın tarixi və atributları ilə bağlı nəşr olunan kitablar, Kəngərli sülaləsindən olan generalların, ictimai xadimlərin fotoları ilə yanaşı, tanınmış qadın nümayəndələrindən Heyran xanım, Xurşid Qacar, Qönçəbəyim, Xanbikə xanım, Zərrintac bəyim haqqında foto və yazılı məlumatlar vardır. Naxçıvan xanlığının o dövrdə əlaqədə olduğu dövlətlər, o cümlədən Rusiya ilə iş aparılıb, onların arxivlərindən əldə edilməsi mümkün olan sənədlər də muxtar respublikaya gətirilərək muzeydə yerləşdirilib.
“Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin yeni eksponatlarla zənginləşdirilməsi daim diqqət mərkəzindədir. “Muzeylər Azərbaycan xalqının tarixini, böyük şəxsiyyətlərimizin həyatlarını, yaradıcılığını, fəaliyyətlərini özündə əks etdirir. Xalqın tarixi həm kitablarda yazılmaqla, həm də muzeylərdə qorunmaqla gələcək nəsillərə çatdırılır. Muzeylər bizim keçmişimizi özündə yaşadan, gələcəyə daşıyan yerlərdir”, – deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov maddi-mənəvi sərvətlər xəzinəsi olan muzeylərə marağın artmasına, tariximizin, mədəni irsimizin və dövlətçilik ənənələrimizin hərtərəfli öyrənilməsinə böyük önəm verir. Ali Məclis Sədrinin muzeyin fəaliyyətinin gücləndirilməsi məqsədilə ekspozisiya zallarında nümayiş və təbliğ olunması üçün hədiyyə etdiyi saysız-hesabsız qiymətli eksponatlar vardır. Bu eksponatlar içərisində rəssam Tağı Tağıyevin 2016-cı ildə kətan üzərində yağlı boya ilə işlədiyi “Naxçıvan”, rəssam Şamil Qazıyevin “Naxçıvan mənzərəsi” də yer alır. Hədiyyə edilən daha bir maraqlı eksponat isə “Süvarilər” təsviri sənət əsəridir. Əsərdə Kəngərli süvarilərini xatır­ladan, qızılı rəngli həsir saplardan səkkiz at ilxısı, atlardan birinin üstündə isə başı dolama çalmalı insan təsvir edilib.
Ali Məclis Sədrinin son dövrlər kompleksə hədiyyə etdiyi tarixi əhəmiyyətli eksponatlardan – XX əsrə aid nəbati təsvirlərlə bəzədilmiş, əjdaha başını xatırladan fiqurlu qulpu olan mis qəhvədan, gül təsvirləri ilə əhatələnmiş, üçayaqlı, şəbəkəli kürsülük, müxtəlif rənglərdən ibarət nəbati naxışlarla işlənmiş farfor nimçə tövsiyə olunan zalda müvafiq guşəyə yerləşdirilib. Muzeyi ziyarət edən tamaşaçıların diqqətini cəlb edən, onların marağına səbəb olan eksponatlar sırasında XVIII-XX əsrlərin əvvəllərində torpaqlarımızın qorunması və müdafiəsində istifadə edilən silahlar – ber­denka, beşaçılan, dayandoldurum, mauzer tapança və sair hərbi sursat növləri ekspozisiya zallarında nümayiş etdirilir.
Bu mədəniyyət müəssisəsinin zənginləşdirilməsində muzey əməkdaşları və muxtar respublika sakinləri də yaxından iştirak edirlər. Eksponatlar könüllü olaraq təqdim edilir və bu məqsədlə muzeylərdə təqdimat mərasimləri keçirilir. Həmin təqdimat mərasimlərindən biri də son dövrlər kompleksdə Kəngərlilər nəslinin tanınmış nümayəndələrindən biri olan Əkbər xan Əmənulla xan oğlu Naxçıvanski ilə bağlı keçirilən tədbir olub. Əkbər xanın Rusiyada yaşayan yaxın qohumları – Fərhad, Fərman və Yasna Nağdəliyevlər o dövrün tarixinin araşdırılmasına öz töhfələrini vermək üçün Naxçıvana gələrək saxladıqları dəyərli tarixi arxiv materiallarını, öz ailələrinə mənsub qədim əşyaları Xan sarayına təqdim ediblər. Bu materiallar arasında Kəngərli nəslinin görkəmli nümayəndələrinə aid 36 foto, 40 müxtəlif arxiv sənədinin surətləri, Əkbər xan Naxçıvanski tərəfindən şəxsən istifadə edilmiş gümüş şirniyyat qabı, stəkanaltı, yemək qaşıqları vardır.
Muzey fondunun zənginləşdirilməsi məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsindən akademik İsmayıl Hacıyev, tarix elmləri doktoru Fəxrəddin Səfərli, tarixçi-alim Musa Quliyev və başqa alimlərlə daim əlaqə saxlanılır.
Eyni zamanda Naxçıvan Dövlət Arxiv İdarəsi tərəfindən kompleksə təhvil verilən muzey əhəmiyyətli mənbələrdən Kəngərli nəslinin vəkil (sultan) qolunun nümayəndələrindən Kərim sultan və Mənsur ağa Kəngərlilərə, İsmayıl ağa Naxçıvanskiyə, Bəhram xan Naxçıvanskiyə, Kiçikbəyim İbrahim xan qızı Kəlbəlixanovaya, Əliqulu xan Kəlbəlixanov və həyat yoldaşı Zeynəb Məmmədhəsən qızının qardaşı Hüseyn xana aid arxiv materialları qiymətli mənbələrdir və həmin eksponatlar müvafiq guşələrdə yerləşdirilərək təbliğ edilir.
Bir sıra tədbirlərə ev sahibliyi etmiş, tarix və mədəniyyətimizin təbliğ olunduğu bu məkan yalnız Azərbaycanın bölgələrindən olan qonaqların deyil, həmçinin müxtəlif səfirliklərin, beynəlxalq təşkilatların, xarici ölkələrdən gələn turistlərin də diqqətini cəlb edir.
YUNESKO-nun Ümumdünya İrs Komitəsi tərəfindən Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi buna inanmağa əsas verir ki, Naxçıvanın “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi kimi qədim maddi-mədəni irsi sayılan tarixi abidələri də yaxın gələcəkdə bu siyahıya salınacaqdır.

Zülfiyyə ƏLİYEVA
“Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında
Muzey Kompleksinin baş fond mühafizi, elmi işçi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR