Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə rayonun Nüsnüs kənd sakini Oruc Əliyev, Kotam kənd sakini Sevda Qulamova, Gənzə kənd sakini Fəlah Məmmədov, Düylün kənd sakini Tamilə Abdullayeva, Üstüpü kənd sakini Hikmət Orucov, Qoruqlar kənd sakini Sarvan Məmmədli tərəfindən qədim tariximizi və mədəniyyətimizi əks etdirən küpə, mis məişət əşyaları, daş əmək alətləri, xurcun və digər nümunələrdən ibarət 50-dən çox eksponat təqdim edilib.
Bu münasibətlə iyunun 20-də keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, muzeylər zamanın müxtəlif məqamlarını özündə yaşadan, qoruyub saxlayan, öyrənən, nümayiş etdirən maddi-mənəvi xəzinədir.
Natəvan Qədimova bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində tariximizin və mədəniyyətimizin saxlanc yeri olan yeni-yeni muzeylər istifadəyə verilib, onların maddi-texniki bazası möhkəmləndirilib. Bunun nəticəsidir ki, bu gün qədim diyarımızda 30 muzey və muzeytipli müəssisə fəaliyyət göstərir. Muxtar respublikanın muzeylərində xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 140 mindən çox maddi-mədəniyyət nümunələri mühafizə olunaraq qorunub saxlanılır.
Vurğulanıb ki, muxtar respublikada muzeyşünaslıq işinin inkişafı istiqamətində görülən digər tədbirlərlə yanaşı, muzey fondlarının zənginləşdirilməsi, onların yeni eksponatlarla təmin olunması da daim diqqət mərkəzində saxlanılır. Bu prosesdə muzeylərin əməkdaşları və muxtar respublika vətəndaşları yaxından iştirak edirlər. Ötən il muzeylərimizə 1564 yeni eksponat daxil olub. Bu ilin 5 ayı ərzində isə həmin mədəniyyət müəssisələri daha 1081 eksponatla zənginləşdirilib. 2019-cu ilin may ayınadək, ümumilikdə, 7 eksponat təqdimatı keçirilib. Sevindirici haldır ki, bu aksiyaya artıq yetişməkdə olan gənc nəsil – məktəblilər də qoşulub. Bu ilin yanvar və may aylarında keçirilən eksponat təqdimatlarında muxtar respublikanın təhsil müəssisələrinin müəllim və şagirdləri də iştirak ediblər.
Natəvan Qədimova çıxışının sonunda mədəniyyətimizə, tariximizə göstərdiyi böyük diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə bu sahədə çalışan insanlar adından dərin minnətdarlıq edib. Nazir maddi mədəniyyət nümunələrini muzeyə təqdim etdiklərinə görə Ordubad rayon sakinlərinə təşəkkür edib.
Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Vilayət Bağırov rayon sakinlərinin bu təşəbbüsünü yüksək dəyərləndirib və yeni eksponatların muzeyin zənginləşdirilməsinə xidmət edəcəyini vurğulayıb.
Eksponatları muzeyə təqdim edənlərdən Oruc Əliyev, Sevda Qulamova, Fəlah Məmmədov çıxış edərək bildiriblər ki, bu gün muxtar respublikada maddi-mədəni irsimizin qorunub yaşadılması və gələcək nəsillərə çatdırılması sahəsində davamlı tədbirlər həyata keçirilir. Vətəndaşlar tərəfindən qədim məişət əşyalarının muzeylərə təqdim edilməsi zəngin mədəni irsimizin qorunub yaşadılmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edir.
Tədbirdə qeyd olunub ki, sakinlər muxtar respublikada maddi mədəniyyət nümunələrinin toplanmasında bundan sonra da fəal iştirak edəcəklər.
Sonda muzeyin ekspozisiyasına baxış olub.
Əli RZAYEV