22 Dekabr 2024, Bazar

Qədim dövrlərdən günümüzədək nəsildən-nəslə ötürülən müdrik kəlamlar, atalar sözləri və hikmətli ifadələr kodlaşdırılmış və qəlibləşmiş söz xəzinəsidir.
İndiyədək aforizmlərin və hikmətli sözlərin toplandığı yüzlərlə kitab çap olunub. Həmin kitabların aforizmlərin oxuculara çatdırılmasında müstəsna əhəmiyyəti var. Bu yaxınlarda gənc müəllif Leyla Xəlilovanın tərtib etdiyi və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi tərəfindən nəşr olunan “Söz incisi” kitabında da minilliklərdən süzülüb gələn hikmətli söz sərvəti toplanıb. Kitabın redaktoru AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, rəyçiləri filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov və filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədovdur. “Ön söz”də də yazıldığı kimi “geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitabdan müxtəlif ixtisas sahibləri istifadə edə bilər: müəllim, tələbə, həkim, hüquqşünas, mühəndis və başqaları”.
İlk səhifəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik kəlamları verilən bu kitabda müqəddəs “Qurani-Kərim”dən ayələr, həzrəti Məhəmməd Peyğəmbər və digər peyğəmbərlərin, din xadimlərinin ibrətamiz kəlamlarına, nəsihətlərinə də yer verilib.

Ardını oxu...

Martın 28-də Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova Naxçıvan Musiqi Kollecində “Testene ART Baku” III Beynəlxalq İncəsənət festival-müsabiqəsinin qalibləri ilə görüşüb.

Ardını oxu...

Martın 27-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Beynəlxalq Teatr Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək bu günün tarixi barədə məlumat verib.
Nazir qeyd edib ki, qədim və zəngin ənənələrə malik Azərbaycan teatrı ümummilli liderimizin ölkəmizə rəhbərlik etdiyi illərdə əsl inkişaf və intibaha qovuşub, peşəkar aktyor və rejissor kollektivi formalaşıb.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında da teatrların fəaliyyətinə hərtərəfli qayğı göstərilir. Son illər muxtar respublikada teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Teatrlarımızın yaradıcılıq axtarışları günü-gündən genişlənir.
Nazir çıxışının sonunda bildirib ki, xalqımızın qədim və zəngin mədəniyyətini yaşatmaq, vətənpərvərlik duyğularını gücləndirmək, yüksək səviyyəli estetik-mənəvi təsirə malik olan əsərləri səhnəyə gətirmək teatrlarımızın mühüm vəzifəsi və məqsədidir.
Tədbirin bədii hissəsində yazıçı-dramaturq, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Əli Əmirlinin “Əli və Nino” tamaşasına baxış olub.

Əli Rzayev

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən fevral ayında mədəni-kütləvi, əlamətdar və tarixi günlərlə bağlı tədbirlər davam etdirilmiş, görkəmli şəxsiyyətlərin və sənət adamlarının yubileyləri qeyd edilmiş, kitab müzakirələri, ustad və açıq dərslər, metodiki kurs, intellektual oyunlar təşkil olunmuşdur. Şərur yallılarının reyestrə alınması işi davam etdirilmiş, bir neçə yallının çəkilişi aparılmış və nota köçürülmüşdür.

Ötən ay muzeyləri 4 min 958-i əcnəbi vətəndaş olmaqla, ümumilikdə 26 min 64 tamaşaçı ziyarət etmiş, muzeylərə 158 yeni eksponat daxil olmuşdur.

Ardını oxu...


Xalqımızın qədim bayramı olan Novruz Naxçıvan Muxtar Respublikasında hər il xüsusi təntənə ilə keçirilir. Bu il isə Novruz bayramı "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində qeyd olunur. Bayram şənliyi martın 19-da saat 11:00-da başlayyıb və "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində davam etdirilir.

Ardını oxu...

Dünya xalqları arasında zəngin milli-mənəvi dəyərləri ilə seçilən xalqımız yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus yer tutur. Toy-büsat mərasimi, bayram adət-ənənələri, Novruz şənlikləri, yas mərasimləri, təmizlik, düzlük, insanlıq kimi bəşəri, ali hisslər bu xalqın milli-mənəvi dəyərlərini özündə yaşadır. Milli bayramlarımız da tarixi ənənələrimizi daha da zənginləşdirən, mədəniyyətimizin əsrlərlə qorunub saxlanılmasına, ­təbliğinə geniş imkanlar açan belə dəyərlərdəndir. 

Əsrlərin sınağından süzülüb gələn, bir-birindən maraqlı adət-ənənələrilə günümüzə qədər qorunub saxlanan bayramlardan biri də Novruzdur. UNESCO-nun qeyri-maddi mədəni irs ­siyahısına salınan, BMT tərəfindən beynəlxalq bayramlar sırasına daxil edilən Novruz öz koloritinə görə dünyada kütləvi şəkildə qeyd olunan bayramlardan geri qalmır. Bu bayramın Azərbaycanda dövlət səviyyəsində keçirilməsi son illərdə ölkəmizə gələn turistlərin, eləcə də burada yaşayan əcnəbilərin də geniş marağına səbəb olub. Maraqlıdır, bəs bu gün muxtar respublikamızda təhsil alan əcnəbi tələbələr milli bayramımız olan Novruz haqqında nə düşünürlər? Onların bu mövzuda təəssüratlarını öyrənmək üçün hazırda Naxçıvan Dövlət Universitetində təhsil alan belə tələbələrdən bir neçəsi ilə görüşüb söhbət etdik.

Ardını oxu...

Od çərşənbəsi mərasim, ayin, etiqad və  şənliklərin zənginliyi ilə seçilir

Dünyanın yaranmasında iştirak edən təbiətin dörd ünsüründən biri olan od əski çağlardan türklərdə müqəddəs bilinən anlayışlardandır. Naxçıvan Muxtar Respublikasının bölgələrindən toplanmış folklor örnəkləri arasında odla bağlı müxtəlif inanclar mövcuddur. Doğma diyarımızda odla bağlı kiçik janr nümunələrinə daha çox rast gəlmək mümkündür. “Od yanmasa tüstü çıxmaz”, “Od qalar köz olar, qız qalar söz olar”, “Od qalayıb oda düşmüşük” kimi atalar sözləri, “Çərşənbədə ocağı boş qoymazlar”, “Ocaqda kül titrəyəndə od xeyrə oynayar” kimi inanclar, “Ocağın bərəkətli olsun”, “Ocağın sönməsin”, “Ocağına nur çilənsin” və ya “Oda düşəsən”, “Od-ocağa həsrət qalasan” kimi alqış və qarğış nümunələri qədim türk mədəniyyətində od-ocaq anlayışı ilə bağlı arxaik düşüncəni ifadə edir. İlin axır çərşənbəsi – Od çərşənbəsi də Günəşə, oda sitayişdən, odu qoruyub saxlamaq istəyindən yaranıb. 

İlaxır çərşənbə mərasim, ayin, etiqad, oyun və şənliklərinin zənginliyi ilə xüsusilə seçilir, buna “üskü çərşənbə”, “üskü gecəsi”, “addı çərşənbə”, “baca-baca”, “yeddiləvin” də deyirlər. Novruz bayramına hazırlıq hələ fevral ayından, yəni elə ilk çərşənbədən başlayıb ilin son çərşənbəsində, Od çərşənbəsində yekunlaşır. Bayram əhval-ruhiyyəsi Azərbaycanda xalq həyatının müxtəlif məqamlarında özünəməxsus şəkildə əks olunur. Belə bir inam var ki, bu gün o qədər şən keçməlidir ki, ilboyu insanlar üçün uğurlu və sevincli olsun.
Muxtar respublikamızda xüsusi təntənə ilə qeyd olunan Od çərşənbəsində bir sıra vacib məsələlərə əməl еdilir: bayram süfrəsi açılır, halva, paxlava, şəkərbura, badambura kimi şirniyyatlarla, dadlı çərəzlərlə xonça bəzədilir, qız-gəlinlərə pay göndərilir. Ləziz yеməklərlə yanaşı, hər kəsin evində mütləq plоv bişirilir. Xalq arasında plоv İlaxır çərşənbənin rəmzi sayılır.

Ardını oxu...

Doğma diyarımız Naxçıvanda minilliklərboyu təşəkkül tapan adət-ənənələr, xalq yaradıcılığı örnəkləri, milli dəyərlər xalqımızın ən qiymətli sərvətidir. Naxçıvanlılar bu dəyərlərə həmişə böyük ehtiramla yanaşıb, onların qorunub-saxlanılmasını, təbliğini, gələcək nəsillərə ötürülməsini özlərinin vətəndaşlıq borcu sayıblar. Bu gün də həmin vəzifələr ehtiramla yerinə yetirilir.
Xalq yaradıcılığının yaşadılması, təbliği üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il fevralın 7-də Sərəncam imzalayıb. Sərəncama əsasən Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi ilə əlaqədar həmin il fevral ayının 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib, müşavirədə müxtəlif aidiyyəti qurumların bu sərəncamla bağlı fəaliyyət istiqamətləri göstərilib, vəzifələr müəyyənləşdirilib.
Ötən dövr ərzində bu istiqamətdə görülən işlər sistemli xarakter alıb.

Ardını oxu...

 (oçerk)

Hər bahar gələndə…  Təbiətin ilıq nəfəsini duyan kimi anası toprağın  qoynundan sıyrılıb çıxan yaşıl çəmən tarlaları, düzləri bu rəngə boyayanda, əlvan güllər-çiçəklərsə bu  yaşıla öz çalarları ilə başqa bir gözəllik  qatanda, ağacların budaqlarında düyməciklər bir andaca partlayıb başına ağappaq kəlağayı salanda Bahar xanım xatırlanır. Şərur rayonunun Aralıq kəndində 1927-ci il martın17-də-baharın astanasındaca doğulan, baharı sevən, həyatı baharla bağlı olan, bahar çiçəklərindən rənd alan ağ kəlağayısı ilə həmişə xatirələrimizdə canlanan, Azərbaycan qadınına məxsus qüruru ilə seçilən Bahar xanım. Ömrünün 33-cü baharında SSRİ Ali Soveti Rəyasət heyətinin 1960-cı il 7 mart tarixli fərmanı ilə SSRİ-nin ən yüksək fəxri adına-Sosialist Əməyi Qəhrəmanı adına, Lenin ordeni və “Oraq və çəkic” qızıl medalına layiq görülən ilk naxçıvanlı qadın olan  Bahar xanım.

   Atasının  İkinci Cahan müharibəsində həlakından sonra ailəyə kömək məqsədilə anası Xədicə xanımla kolxozda çalışan, orta məktəbi bitirdiyi 1943-cü ildən isə  “Zəhmət” kolxozunda əmək fəaliyyətinə başlayan Bahar xanımın  həyatını alın yazısı birdəfəlik zəhmətə, əməyə yönləndirdi. Bir də ki fədakarlığa. Fədakarlıq deyirəm, nə üçün? Bəli,  bu fədakarlıq idi, yüzdən bir qadının həyatında rast gəlinən fədakarlıq. Bu fədakarlığı mən Bahar xanımın həyat yolunda görürəm. Yuxarıda sadaladıqlarımdan  əlavə gənc bir qızın müharibə dövründə və müharibədən sonrakı illərdə əməyinə görə ilk dəfə 1941-1945-ci illərdə arxa cəbhədə “Rəşadətli əməyə görə” medalı ilə təltif olunmasında, 1959-cu ildə Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Naxçıvan MSSR-in “Pambıq ustası” fəxri adına layiq görülməsində görürəm. Bu fədakarlığı anasına bir rəfiqə kimi kömək etməsində, əl uzatmasında görürəm. Anası, qonşuları, bir sözlə Bahar xanımın ətrafındakı qadınlar kolxozda bir bölük külfətlərini dolandırmaq, müharibənin acılarını onlara yaşatmamaq üçün çalışırdılar. Bəs Bahar xanım? O ki kolxozda işləməyi seçəndə, daha sonra bu yolda yolçuluğa başlayanda onu buna vadar edən səbəblər yox idi. L. N. Tolstoyun “Qəhrəmanlıq-həyatı daha dərindən duymağın nəticəsidir” sözləri necə də yerində deyilibmiş. Gələcəyin qəhrəmanı Bahar xanımın həyata fərqli baxışı başqalarından seçilirdi. Onun duyğu dolu, kövrək  qəlbində anaya istəkdən doğan yanğı hissi var idi. Bu hiss Bahar xanımı anasına kömək etməyə, onun əməyini yüngülləşdirməyə vadah edirdi. Sən demə anaya olan bu məhəbbət qarşıda yeni bir sevgiyə-Vətən sevgisinə çevriləcəkmiş…Bir ömürlük sevgiyə. Bu sevgi yolçuluğu pambıqçılıqla başlanıb  qəhrəmanlıqla bitəcəkdi. Onun üzünü də ağ edən elə pambıqçılığa verdiyi  məhəbbətin, zəhmətin əvəzində ondan alacağı  bəyaz olacaqmış.  

Ardını oxu...

Xalqımızın qədim bayramı olan Novruz hər il Naxçıvanda xüsusi təntənə ilə keçirilir. Ana yurdumuza baharın gəlişi bu il muxtariyyətinin 95 illiyini qeyd etdiyimiz doğma diyarımızda ikiqat bayram sevinci ilə qarşılanır.
Novruz bayramı münasibətilə muxtar respublikanın mədəniyyət müəssisələri və kollektivləri tərəfindən rəngarəng, silsilə tədbirlər hazırlanıb. Bayram günlərində muxtar respublika sakinlərinin, eləcə də şəhərimizə gələn qonaqların və turistlərin mədəni istirahətlərinin yüksək səviyyədə təşkili üçün mədəniyyət müəssisələri səmərəli fəaliyyət göstərəcək.
Bayram günləri – 20, 21, 22, 23 və 24 mart tarixlərdə Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı, Estrada Orkestri və Kamera Orkestri, Naxçıvan Musiqi Kollecinin “Gənclik” instrumental ansamblı və Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” instrumental ansamblı hər gün “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində konsert proqramı ilə çıxış edəcəklər.
Bayram günlərində muxtar respublikadakı bütün muzey və muzeytipli müəssisələr xidmət göstərəcəkdir. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı 22 mart, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı 20-23 mart, Naxçıvan Dövlət Uşaq Teatrı 20-25 mart tarixlərdə tamaşalar göstərəcəklər.
19-25 mart tarixlərdə muxtar respublikanın 19 kəndində rayon mədəniyyət şöbələrinin, kənd mədəniyyət evləri və klubların, uşaq musiqi məktəblərinin kollektivləri konsert proqramları ilə çıxış edəcəklər. Eyni zamanda martın 25-də Naxçıvan Dövlət Film Fondunda məktəblilər üçün film nümayişi təşkil ediləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Xəbər verdiyimiz kimi, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında yazıçı-dramaturq Xaqani Əliyevin Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyinə həsr etdiyi “Ehsan xan Kəngərli” tarixi dramı tamaşaya qoyulub. Tamaşanın nümayişində əsərin müəllifi Xaqani Əliyev də iştirak edib. Biz də bu fürsətdən istifadə edib Xaqani müəllimlə söhbət etmək imkanı qazandıq. Yazıçı-dramaturq şəhərimizə gəlişinin məqsədindən, Naxçıvana ilk səfərinin təəssüratlarından, eləcə də burada elmə, təhsilə, mədəniyyətə göstərilən diqqət və qayğıdan belə bəhs etdi: 

– Görüşlərimizin birində, ürəyi hər zaman Naxçıvanla, Naxçıvan teatrı ilə döyünən, Xalq artisti, rejissor Kamran Quliyev səhnələşdirmək üçün tarixi dramların azlığından gileyləndi. İrəvan xanlığının tarixindən bəhs edən “İrəvan – üzü günəşə baxan şəhər” və Şəki xanı Hacı Çələbi xana həsr etdiyim “Qızılqaya xəyanəti” adlı tarixi dramlarımla tanış olduqdan sonra Kamran müəllim Ehsan xan Kəngərli haqqında dram əsəri yazmağı məsləhət bildi. Naxçıvan xanlığının tarixini daha dərindən öyrənməyə başladım. AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin mütəxəssis kimi verdiyi məsləhətlər maraqlı bir dram əsərinin ərsəyə gəlməsində böyük rol oynadı. Naxçıvan xanlığı haqqında olan materialları oxuyarkən Naxçıvan şəhəri və Ehsan xan haqqında çoxlarının bilmədiyi maraqlı faktlarla qarşılaşdım ki, həmin hadisələrdən biri dramın süjet xəttinin əsasını təşkil etdi. Naxçıvana gəlişimin məqsədi də məhz həmin tamaşanın premyerasında iştirak etmək idi. Tamaşanı izlədik, bir sözlə, möhtəşəm keçdi, inanıram ki, teatrsevərlər tərəfindən yüksək dəyərləndirildi. Ümumilikdə isə Azərbaycanın dövlətçilik tarixində özünəməxsus yeri olan Naxçıvanın muxtariyyət tarixindən bəhs edən əsərlərin səhnələşdirilməsi böyük əhəmiyyət daşıyır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi fevral ayında Naxçıvan rəssamlıq məktəbinin görkəmli nümayəndələrinin yaradıcılıqlarına, eləcə də əlamətdar tarixi günlərə həsr olunmuş sərgilərin təşkilini diqqətdə saxlamışdır.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda İran İslam Respublikasının tanınmış incəsənət xadimi Qulamrza Rahpeymaninin “Rəssamın yaradıcılıq yolu”, Xocalı soyqırımına həsr olunmuş “Unutsaq, unudularıq” adlı rəsm sərgiləri keçirilmişdir. Naxçıvan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, realist rəssam Bəhruz Kəngərlinin anım günü ilə əlaqədar tədbir təşkil olunmuş, Babək Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Rəssamlıqda perspektiv” mövzusunda ustad dərsi keçilmişdir.
Birlik Türkiyənin Qazi Universitetində təşkil olunan “Qarabağda talan var, Xocalıda qətliam” adlı rəsm sərgisinin təşkilatçılarından biri olmuşdur.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Naxçıvan Muxtar Respublikası – 95” devizi altında gənc­lər və uşaqlar arasında sərgi-müsabiqə, birliyin ərazisində açıq səma altında 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olumuş “Qadınlar və güllər” adlı rəsm sərgisi keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi muxtar respublika daxilində olduğu kimi, ölkə xaricində də bir çox sərgilərə qatılmaqdadır. Birliyin üzvləri 13-17 mart tarixlərdə keçirilən 5. ArtAnkara Beynəlxalq Rəsm Sərgisində iştirak edirlər.

Naxçıvan Muxtar Respublikası
Rəssamlar Birliyi

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında “Milli-­mənəvi dəyərlərimiz: Novruz bayramı” mövzusunda rəsm müsabiqəsi keçirilib.
Naxçıvan Şəhər Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində keçirilən rəsm müsabiqəsində ümumtəhsil məktəblərində təhsil alan bütün yaş qruplarından olan 40 şagird iştirak edib.
Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Heyran Əhmədova tədbirdə çıxış edərək bildirib ki, muxtar respublikamızda mədəniyyətin, o cümlədən təsviri sənətin, xüsusən də rəssamlığın inkişafına böyük diqqət və qayğı göstərilir.
Qeyd olunub ki, Novruz bayramına həsr olunmuş rəsm müsabiqəsi muxtar respublika məktəblilərinin yaradıcılıq qabiliyyətlərinin daha da inkişaf etdirilməsi, gənc nəslin mənəvi, bədii və estetik dünyagörüşünün formalaşmasına, gənc­lərdə vətənpərvərlik duyğularının daha da gücləndirilməsinə xidmət edir.

Ardını oxu...

Təbiətin ilk cücərtisi, yaşıl rəngi səməni… Yaşıl donlu, incə belli səməni. Elə-aləmə baharın gəldiyini müjdələdiyi üçün sevilərək, əzizlənərək belinə qırmızı lent də bağlanan, Novruz  süfrələrini bəzəyən, el-el, ev-ev gəzən, nişanlı qızların “görüşünə gedən”, təzə gəlinlərin xonçasını rövnəqləndirən, ruzi-bərəkət rəmzi səməni. Bilirsənmi, sən hansı zamandan arzulanırsan?

Payızın ortalarından başlayan ayaz-soyuq dağların, çəmənlərin, bağların yaşılına qənim kəsilib onları sarı xəzələ çevirəndən…Qışın qarı-şaxtası hər yanı aylar uzunu bəyazlara bürüyəndən… Zamanın bu kəsik­lərində insanların gözləri yaşıla həsrət qalandan. Qışın böyük çilləsini yola salan, kiçik çilləsini başa vuran, Boz aya qədəm qoyan insanın ruhu sanki baharı səsləyir. Yaşıl rəngin min bir çaları ilə təbiətə dirilik, ömrə bəzək gətirən baharı. Gözlər yaşılı axtarır. Bax, bu zaman sən arzulanırsan, səməni. Çünki baharı sən gətirirsən. Novruzaqədərki çərşənbələrin bir-birinin ardınca suya hərarət, torpağa istilik, yelin, odun yurdumuza ilıq nəfəs bəxş etməsini bayram edərkən sən hökmən o bayram şənliklərinin, süfrələrinin bəzəyi olmalısan. Elə buna görə də Novruza 10-15 gün qalmış hər bir evdə xoş sözlərlə, xeyir-dualarla səni cücərdərlər ki, vaxta-vədəyə özünü yetirə biləsən. Sən o qədər sevimlisən ki, ana-­nənələrimiz sənə zinət vurmaqdan usanmırlar.

Ardını oxu...

Dünən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr olunmuş tədbir keçirilib.

Ardını oxu...

Yurdumuza Bahar gəlir. Bu münasibətlə xalqımızın qeyd etdiyi Novruz bayramı hər il Naxçıvanda xüsusi təntənə ilə keçirilir. Novruz bayramı bu il “Naxçıvanqala” Tarix­-Memarlıq Muzey Kompleksində qeyd olunacaq.
Bayram şənliyi martın 19-da saat 1100-da başlayacaq. Şənliklər çərçivəsində xalq yaradıcılığı və folklor nümunələrimiz, milli musiqi və yallı­larımız, rəngarəng konsert pro­qramları, teatr tamaşalarından səhnəciklər şənlik iştirakçılarına təqdim ediləcək. Burada həmçinin milli mətbəx nümunələrimiz də bayram tədbirinin iştirakçılarına təklif ­ediləcək.


“Nuhçıxan” İnformasiya Agentliyi

Bəşər övladı dünyaya gəldiyi gündən bioloji varlıq olaraq qidalanmağa möhtacdır. Ana südü ilə qanımıza, canımıza hopan bu fizioloji akt bizi böyüdür, dünyanın min bir dadlı təamı ilə əhatə olunuraq fizioloji inkişaf edirik. Ağıl-kamala yetincə dərk etməyə başlayırıq ki, yemək dadımlıq-doyumluq olduğu kimi, həm də duyumluqdur! Necə deyərlər, qarnımız üçün deyil, qədrimiz üçündür. Halva kimi...
Ta qədimdən bu günədək Şərq xalqlarının süfrəsində yer alan bu təam çeşidindən asılı ­olmayaraq, eyni xammaldan – babamız Adəmin tapdığı sünbül dənəsindən üyüdülmüş undan və müqəddəs torpağın yetirdiyi meyvənin – tutun şirəsindən bişirilir.

Səbir ilə halva bişər
Ey qora səndən! – deyib babalarımız!
Anasının fateh oğlu İsgəndərə verdiyi ehsan süfrəsindən tutmuş dini təziyələrdə, ata babalarımızın yas mərasimlərində, şəhidlərimiz üçün açılan ehsan süfrələrində halva əzəli şah təamdır. Dünyadan köçən insanın ilk ehsanı olduğu üçün...
Dini inancda “Şami-qəriban” deyilən bir gecə var. İnsanın dünyasını dəyişib qəbir evinə köçən günün axşamı əlüstü çox cüzi miqdar unla halva çalıb evdəkilərə dadızdırar, qalanını isə cavan oğul-uşaq aparıb mərhumun qəbri üstə qoyar ki, qurd-quş yesin, ehsan olsun. Azərbaycan milli təfəkküründə daşlaşmış bu adət doğma Naxçıvanımızda – xüsusi olaraq Şərur düzünün bütün kəndlərində sadə şirin yemək olan halvaya sayğı və ehtiram hissi aşıladıb. Sadə buğda unu, tut bəkməzi və inək yağı ilə qovurulub bişirilən bu şirin nemət doyumluq üçün yox, duyumluq üçün süfrəyə verilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin fəaliyyət göstərdiyi binanın tarixçəsi barədə yazı hazırlamaq üçün apardığım araşdırmalar zamanı şəhərimizin qədim tarixə malik digər bir ünvanı, Naxçıvan şəhərinin Atatürk küçəsindəki 6 nömrəli bina barədə də maraqlı faktlara rast gəldim. Öyrəndim ki, Cəmşid Naxçıvanskinin ev-muzeyinin də yerləşdiyi bu bina qədim tarixə, zəngin mədəniyyətə və dövlətçilik ənənələrinə malikdir. Bu barədə daha geniş məlumat əldə etmək məqsədilə ötən günlərdə Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində və görkəmli hərbi xadimin ev-muzeyində oldum. Bundan əlavə, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Yeni və ən yeni tarix şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin Kəngərli sülaləsindən olan Naxçıvan generalları ilə bağlı yazdığı elmi-publisistik məqalələrini nəzərdən keçirdim, şəhərin yaşlı sakinləri ilə söhbət etdim.

Məlum oldu ki, orijinal üslubu ilə seçilən, şəhərimizin ümumi görünüşünə yaraşıq gətirən bu tarixi bina XIX əsrin ikinci yarısında naxçıvanlı ustalar tərəfindən ucaldılıb. Zirzəmi ilə birlikdə üç mərtəbədən ibarət olan tikilinin inşasında Ehsan xan Naxçıvanskiyə məxsus iki zavodun kərpiclərindən istifadə edilib. Deyilənə görə, tikinti materialının üzərində 1 və 2 rəqəmlərinin yazılması da məhz buna işarədir. Ümumiyyətlə, muxtar respublikamızda o dövrə məxsus binaların əksəriyyətinin həmin zavodlarda istehsal edilən kərpiclərlə inşa olunduğu məlumdur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi Naxçıvanda yazıb-yaradan qələm sahibləri ilə görüşlərin təşkilini diqqətdə saxlamış, müxtəlif tədbirlər keçirilmişdir.
Fevral ayında Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında şairlərlə şagirdlərin görüşü olmuşdur. Birlik Gənclər Fondu ilə birgə “Nəsimi həftəsi”nin bağlanış tədbiri və müsabiqə, Təhsil Nazirliyi ilə birgə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində məktəblilərin inşa yazı, rəsm və şeir müsabiqəsi, Naxçıvan Dövlət Universiteti ilə birgə Beynəlxalq Yazıçılar Günü münasibətilə poeziya axşamı təşkil etmişdir. Mədəniyyət Nazirliyi ilə birgə Beynəlxalq Ana Dili Günü münasibətilə hazırlanmış tədbir, AMEA Naxçıvan Bölməsi ilə birgə Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi münasibətilə keçirilən elmi konfrans və ədəbi-bədii gecə də maraqla qarşılanmışdır.
Oxunması zəruri olan kitablar siyahısından Məhəmməd Tağı Sidqinin “Məktəb hekayələri” və Cəlil Məmmədquluzadənin “Hekayələr” kitabları ilə bağlı televiziya verilişləri hazırlanmışdır.

Naxçıvan Muxtar Respublikası
Yazıçılar Birliyi

Martın 9-da Cəlil Məmməd­quluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Milli Teatr Günü münasibətilə tədbir keçirilib.

Ardını oxu...

İlaxır çərşənbələrdən üçüncüsü Yel çərşənbəsidir. Ona xalq arasında “külək oyadan çərşənbə”, “küləkli çərşənbə”, “yelli-güllü çərşənbə”, “yelli çərşənbə” də deyirlər.
Azərbaycan türklərində “Yel baba” obrazı kimi tanınan mifik varlıq qədim türk dünya duyumuna görə, dünyada nə külək varsa, hamısının ixtiyarını öz əlinə alır. Türklər arasında belə bir mifoloji inam dolaşmaqdadır ki, yel yeldir, onu da əsdirən var. Naxçıvan Muxtar Respublikasının ərazisindən toplanmış xalq yaradıcılığı örnəklərinə əsasən söyləmək olar ki, Yel çərşənbəsi zamanı müxtəlif ayin və mərasimlərin icrası mütləqdir. Xalq düşüncəsində yelin müqəddəs anlam daşıması xalqımızın şifahi təfəkküründə uzun müddət yaşamışdır. Bu baxımdan muxtar respublikanın bölgələrindən toplanmış mərasim örnəkləri haqqında məlumatlar yelin qədim türklərdə kult məqamında olduğunu sübut edir.
Xalq arasında bu çərşənbəyə “Quyruqlu çərşənbə” də deyilir. Bu çərşənbənin xalq arasında “Quyruqlu çərşənbə” kimi adlanması ikinci çərşənbənin də “külə” olduğunu deməyə imkan verir. Bu zaman əsən küləklər yazın gəldiyini xəbər verir, havaların isinməsi, yazın əlaməti olan bəzi çiçəklərin açması da məhz bu çərşənbədə baş verər.

Ardını oxu...

10 mart Milli Teatr Günüdür

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamına əsasən, hər il martın 10-u ölkəmizdə “Milli Teatr Günü” kimi qeyd edilir.

Tədqiqatçılar Qobustan, Gəmiqaya rəsmlərinə əsaslanaraq qeyd edirlər ki, Azərbaycan ərazisində teatr ənənələri qədim dövrlərə gedib çıxır. Xalqımızın yaratdığı xalq oyunları, meydan və qaravəlli tamaşaları, bayram məzhəkələri teatr sənətinin ilk nümunələri olmaqla yanaşı, həm də xalqımızın yaradıcılıq təxəyyülünün imkanlarını və folklorumuzun zənginliyini göstərir. Tarixi dəqiq bilinməyən “Sayaçı”, “Novruz”, “Tənbəl qardaş”, “Cütçü oyunu”, “Tapdıq çoban”, “Şölə oyunu”, “Dəllək”, “Lal oyunu”, “Kosa-kosa”, “Maral oyunu”, “Kilimarası”, və başqa onlarla mərasim, etno-mədəni oyunlarda, tamaşalarda səhnə sənətimizin ilk elementlərini görürük. Min illər boyu xalqımız bu mərasimləri, oyun və tamaşaları açıq havada, şəhər meydanında, kənd içində, bazarda, izdihamlı bayram təntənələrində göstərmişdir. Hovuzüstü, oynaqlıq, nəzərgah, nümayişgah, seyrəngah və başqa adlar daşıyan yerlərdə xalq oyunları və tamaşaları oynanılmışdır. Bu tamaşalar peşəkar teatrımız yaranana qədər böyük bir missiyanı yerinə yetirmişdir.

Ardını oxu...

Yallılar əsrlərin süzgəcindən keçərək xalqımıza məxsus bütün xüsusiyyətləri, onun kimliyini, tarixini, mədəniyyətini, etnoqrafiyasını, mifoloji inanclarını keçmişimizdən bu günədək daşıyan xalq rəqs­lərimizdir. Yallılar nəsillər arasında mənəvi körpüdür. Qürur hissi duyuruq ki, muxtar respublikamızda bu mənəvi körpü yüksək ehtiramla qorunub saxlanılır.

Araşdırmalar sübut edir ki, incəsənətin ən geniş yayılmış növlərindən biri olan rəqs sənətinin tarixi zərb musiqi alətlərinin yaranma tarixindən xeyli qədimdir. İbtidai icma quruluşu dövründə Azərbaycan ərazisində yaşayan müxtəlif qəbilə üzvləri ova çıxdıqları zaman əl çala-çala, ya da ağac və daşları bir-birinə vuraraq rəqs etmişlər. Bu cəhətdən muxtar respublikamızın Ordubad rayonu ərazisində yerləşən Gəmiqayadakı qaya təsvirləri xüsusilə səciyyəvidir. Eradan əvvəl II-I minilliyə aid yaşayış yeri olan Qızılburunda da aşkar edilmiş polixrom boyalı küpə üzərindəki rəqs – ifaçılıq təsviri yurdumuzda yallının çox qədim tarixə malik olduğundan xəbər verir.

Ardını oxu...

Naxçıvan Dövlət Rəsm Qalereyasında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikası – 95” devizi altında keçirilən “Maddi mədəni irsim Naxçıvan” rəsm müsabiqəsinin əsas turu olub.
Müsabiqədə Şərur rayonu (2 nəfər), Culfa rayonu (4 nəfər), Şahbuz rayonu (3 nəfər), Ordubad rayonu (4 nəfər), Babək rayonu (2 nəfər), Kəngərli rayonu (2 nəfər) təmsil olunub. Çəkilən rəsmlər münsiflər heyəti tərəfindən 10 ballıq sistemlə qiymətləndirilib.
I yerin qalibi Şərur rayon Maxta kənd mədəniyyət evinin rəsm dərnəyinin üzvü Okutan Murad olub, II və III yerlərə isə müvafiq olaraq Ordubad rayon Dırnıs kənd mədəniyyət evinin rəsm dərnəyinin üzvü Gülçin Cabbarlı və həmin rayonun Mədəniyyət sarayının rəsm dərnəyinin üzvü Arif İbrahimov layiq görülüblər.
Sonda qaliblərə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin diplomları təqdim olunub.

Əli RZAYEV

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən qədim tarixə malik 21 əlyazma və kitab AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna hədiyyə olunub. Qeyd edək ki, qədim əlyazma və kitablar Nehrəm kənd sakini, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyev tərəfindən təqdim edilib.
Bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq deyib ki, bölmə elmi tədqiqatlarla yanaşı, maddi mədəniyyət nümunələrinin aşkarlanması ilə də məşğul olur. 2005-ci ildə yaradılan Əlyazmalar Fondunda bu gün 400-dən çox qədim əlyazma və kitab toplanıb. Bu əlyazmalar Azərbaycan, ərəb, türk, fars və başqa dillərdə olmaqla, ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, hüquq və digər sahələrə aiddir.
Akademik qeyd edib ki, əlyazma və kitablar yüzilliklərboyu İslam coğrafiyasının müxtəlif ölkələrinə yayılmış və əldən-ələ keçmişdir. Bu gün təqdim olunan kitablar XVIII əsrin sonu və XX əsrin əvvəllərinə aid olan dövrü əhatə edir. Həmin kitablar arasında dərslik, tanınmış insanların həyatı ilə bağlı kitablar, şairlərin əsərləri mühüm yer tutur. Bunlardan 2-si əlyazma, 19-u isə çap kitablarıdır. Təqdim olunan kitablar Əlyazmalar Fondunda tədqiq və bərpa ediləcəkdir. İsmayıl Hacıyev qədim əlyazma və kitabları toplayıb Əlyazmalar Fonduna təqdim edənlərə min­nətdarlığını bildirib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, bu gün nazirliyin tabeliyində 30 muzey və muzeytipli müəssisə fəaliyyət göstərir. Muzey fondlarının zənginləşdirilməsi, onların yeni eksponatlarla təmin olunması daim diqqət mərkəzində saxlanılır. Bu prosesdə muzey əməkdaşları və muxtar respublika vətəndaşları yaxından iştirak edirlər. Ötən il muxtar respublika muzeylərinə 1564, bu ilin iki ayı ərzində isə 301 eksponat daxil olub. İki eksponat təqdimatı keçirilib. Təqdimatlarda xalqımızın tarixini özündə yaşadan maddi mədəniyyət nümunələrini muzeylərə könüllü şəkildə təqdim edən vətəndaşlar yaxından iştirak ediblər. Sevindirici haldır ki, bu aksiyaya artıq yetişməkdə olan gənc nəsil – məktəblilər də qoşulub. Bu ilin yanvar ayında Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyində eksponat təqdimatında Muğanlı kənd tam orta məktəbinin müəllim və şagirdlərinin iştirakı da bunu göstərir.

Ardını oxu...

Eymə, tuluq, dağarcıq, motal, çarıq min illər boyu məişətimizdə geniş yer tutub

Min illər boyu insanlar ev heyvanlarının ət və südü ilə yanaşı, onların dərisindən də məişətdə istifadə etmişlər. Bunun üçün heyvanın dərisini xüsusi üsulla soyar, lazım gəldikdə aşılayar və müxtəlif məişət əşyaları hazırlayardılar. Onların bəziləri haqqında oxucularımıza da məlumat vermək istərdik.
Eymə. Düzəldilməsi üçün bir çox şərtlərə əməl edilməli idi. Eymə erkək heyvanların, övəc, sibir (Boyəhməd kəndində, əsasən, sarı və qara sibir dərisi seçərdilər) dərisindən düzəldilərdi. Eymə üçün həm də “qızıl heyvan”ın dərisindən istifadə edilərdi (Yaşlı adamlar Naxçıvanın aborogen qoyun sortu olan balbasa “qızıl heyvan” da deyərdilər). Eymə üçün istifadə ediləcək dəri bütöv soyulardı. Dərini heyvanın qarın nahiyəsinin aşağı hissəsindən açar, corab kimi çevirərək bütöv çıxarardılar. Soyan zaman çalışardılar ki, dəri kəsilib zay olmasın, ona görə də dərinin çox hissəsini yumruq və barmaqla soyardılar. Soyulmuş dərini isti-isti büküb 25-30 dərəcədə saxlayar, vaxtaşırı tükünün yolunub, yolunmamasını yoxlayardılar. Bu yolla dərinin tükü asanlıqla yoluna bildikdən sonra arpa unundan horra hazırlayardılar. Daha sonra duz və zəy əlavə edərdilər. Horrada saxlanılan dərini ovub yumşaldar, ilıq suda yuyub təmizləyər və qurudardılar. Bəzi bölgələrdə eyməni qurutmazdan əvvəl bir müddət həmərsin, bəzi bölgələrdə isə palıd ağacının suyunda saxlayardılar. Bu cür aşılanmış dəri “pilə” (ipək kimi yumşaq) olardı. Dərini soyan zaman həmin heyvanın qollarını dibdən kəsərdilər. Aşılanmış dərinin qollarının yerini və qarın nahiyəsindən aşağısını bərk iplə (kirişlə) sırıyıb tikərdilər. Boğaz hissəsinə halqa məftil, olmadıqda şüy çubuq qoyub tikərdilər ki, ağız kimi istifadə etmək asan olsun.

Ardını oxu...

Bu günlərdə Naxçıvan Dövlət Universitetinin müəllimi,  folklorşünas alim, filologiya üzrə fəlsəfə doktoru Sədaqət Nemətovanın “Ağı janrı: funksiya və poetik imkanlar” adlı monoqrafiyası nəşr edilib. Naxçıvan Dövlət Universiteti Elmi Şurasının qərarı ilə “Əcəmi” Nəşriyyat-­Poliqrafiya Birliyində nəfis şəkildə çap olunan monoqrafiyanın elmi redaktoru akademik Muxtar İmanovdur. 

Giriş, üç fəsil, nəticə və istifadə edilmiş ədəbiyyat siyahısından ibarət monoqrafiyanın girişində bu janrın dünya və Azərbaycan folklorunda tutduğu yer qeyd edilib, həmçinin janrın sistemli şəkildə öyrənilməsi probleminin xalq yaradıcılığının mərasim qanadının da müəyyən mənada tədqiqində əhəmiyyəti vurğulanıb. Folklor­şünaslıq elmi tariximizdə bu janr ayrıca elmi tədqiqata cəlb edilmədiyindən əsərin mahiyyəti öz yeniliyi və aktuallığı ilə diqqət çəkir.
Müəllif janrın əhatəli öyrənilməsi zamanı, ilk növbədə, ağı mətnlərini tədqiqata cəlb edib. Bu zaman həm şifahi xalq yaradıcılığında toplama zamanı qeydə alınan nümunələr öyrənilib, həm də sonrakı mərhələlərdə yazılı şəkildə yaranan və ortaya çıxan ağılar tədqiq olunub.
Monoqrafiyada Azərbaycan bədii və ictimai-fəlsəfi düşüncəsinin qaynağı, bənzərliyi baxımından ağı janrının tarixi-poetik səciyyəsi müəyyən edilib, janrın mərasimlə bağlı aspektlərinə işıq tutulub, qohum və qohum olmayan xalqların elegiyatipli janrları ilə müqayisədə ağının fəlsəfi-poetik özünəməxsusluğu aşkara çıxarılıb, eyni zamanda bu deyilənlərdən yola çıxaraq ağının dil, fikir və sənət hadisəsi kimi poetikası müəyyən edilib.

Ardını oxu...

Qədim tarixə və mədəniyyətə malik ölkəmizin həm də hər bir bölgəsinin özünəməxsus yüksək mətbəx mədəniyyəti vardır. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda mətbəx mədəniyyəti ən qədim zamanlardan formalaşıb. Arxeoloji qazıntılar zamanı diyarımızın ərazisindən tapılmış kələ-kötür divarlı qazan, çölməktipli qab qırıntıları, dairəvi gil ocaq qurğusu bu torpağın məişət mədəniyyətinin minilliklərə söykəndiyindən xəbər verir. Burada mətbəx mədəniyyəti, qidalanma rejimi və psixologiyası zaman keçdikcə təkmilləşib.

Ardını oxu...

Zəngin tariximizin və mədəni irsimizin öyrənilməsi, gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyətə malik olan muzeylərimiz gündən-günə tarixi və maddi mədəniyyət nümunələri ilə zənginləşdirilir.
Qədim maddi mədəniyyət nümunələrinin toplanması və qorunması işində məktəblilərin də iştirakını təmin etmək üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təhsil müəssisələrində “Tariximizi qoruyaq və yaşadaq” devizi altında aksiya keçirilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində “Nemətullah Naxçıvani: taleyi və sənəti” kitabının təqdimatı olub.
Tədbiri giriş sözü ilə mərkəzin elmi katibi Emin Məmmədov açıb. Bildirilib ki, bəşər sivilizasiyasının beşiyi olan qədim Naxçıvan torpağı tarixin bütün dövrlərində dünya elminə, mədəniyyətinə, siyasətinə görkəmli simalar bəxş edib. Belə şəxsiyyətlərdən biri də Nemətullah Naxçıvanidir. Orta əsrlərdə yaşamış bu görkəmli mütəfəkkir Türk-islam dünyasının elmi və ictimai fikrinin inkişafına böyük töhfələr verib, təfsir və təsəvvüf alimi kimi şöhrət qazanıb.
Diqqətə çatdırılıb ki, Nemətullah Naxçıvaninin elmi dünyagörüşünün formalaşmasına və kamilləşməsinə Naxçıvan ictimai-mədəni və elmi mühitinin mühüm təsiri olub. Şərqin böyük filosofunun elmi yaradıcılığında qədim türk sivilizasiyası ilə İslam dini dünyagörüşü vəhdət təşkil edib.

Ardını oxu...

Fevralın 22-də Cəlil Məmmədquluzadənin ev-muzeyində böyük yazıçının anadan olmasının 150 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, qüdrətli dramaturq və yazıçı, publisist Cəlil Məmmədquluzadə Azərbaycanın dövlət müstəqilliyi, milli istiqlal uğrunda mübarizənin ön cərgəsində durmaqla bizim müasirimiz olmuş və bundan sonra da olacaqdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 17 yanvar tarixdə “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalaması, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə görkəmli yazıçı-publisistin yubileyinin muxtar respublikamızda keçirilməsi ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi böyük ədibə ehtiramın ifadəsidir.
Vurğulanıb ki, ümummilli lider Heydər Əliyev həmişə Cəlil Məmmədquluzadə irsinə, yazıçının əsərlərinin tədqiqi və kütləvi şəkildə nəşri məsələlərinə böyük diqqət və qayğı göstərib.

Ardını oxu...

Böyük şəxsiyyətlərin, nəhəng ədəbi simaların, görkəmli elm və mədəniyyət xadimlərinin ömrü cismani yaşları ilə deyil, kamil şəxsiyyət olması, vətənpərvərliyi, xalqına və Vətəninə təmənnasız xidmət edən nadir yaradıcılıq irslərinin həmişəyaşarlığı ilə ölçülür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu ədəbi-mədəni irsə tükənməz qayğısı, onu, sözün əsl mənasında, ümumxalq xəzinəsinə çevirməsi və dünyada təbliği istiqamətində gördüyü işlər isə tarixdə əbədi yaşayacaq.

Görkəmli dövlət xadiminin bu müdrik siyasəti mənəvi irsə varisliyin unikal nümunəsi kimi bu gün də uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti ­cənab İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” 2019-cu il 17 yanvar tarixli Sərəncamı da bunun daha bir bariz ifadəsidir. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadimin anadan olmasının 150 illiyi ilə bağlı imzalanan sərəncamda deyilir: “Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyətdir. Vətəndaş yazıçının bədii nailiyyətlərlə zəngin irsində Azərbaycançılıq məfkurəsi dövrün ictimai-siyasi fikrinin aparıcı amili kimi dolğun ifadəsini tapmışdır. Sənətkar həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əks etdirən və bədii-estetik dəyər daşıyıcısına çevrilən rəngarəng obrazlar qalereyası yaratmışdır. Ana dilinin saflığı uğrunda daim mübarizə aparmış Cəlil Məmmədquluzadənin meydana gətirdiyi qiymətli dram və nəsr əsərləri, parlaq publisistika dərin humanist məzmuna malik olub, özündə milli və ümumbəşəri dəyərlərin vəhdətini ehtiva edir. Azərbaycanda və onun hüdudlarından kənarda geniş yayılaraq milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərən “Molla Nəsrəddin” jurnalı məhz Mirzə Cəlil dühasının məhsuludur”. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin görkəmli yazıçı-publisistin yubileyinin muxtar respublikamızda keçirilməsi ilə bağlı imzaladığı Tədbirlər Planı da böyük ədibə yüksək ehtiramın ifadəsidir.

Ardını oxu...

Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitab­xanasında Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini Rəşad Xudiyev çıxış edərək bildirib ki, Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan dilini milli varlığın əsas amili kimi daim diqqət mərkəzində saxlamışdır. Hələ sovet hakimiyyəti dövründə, 1978-ci ildə Moskvanın təzyiqlərinə baxmayaraq, ümummilli lider Heydər Əliyev böyük cəsarət göstərərək Azərbaycan dilinin Azərbaycan SSR Konstitusiyasında dövlət dili kimi xü­susi maddədə göstərilməsinə nail olmuşdur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş “Xocalını unutma!” adlı rəsm sərgisi təşkil edilib.
Əvvəlcə “Xocalıya qayıdış” adlı videoçarxa baxış olub. Sonra Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək diqqətə çatdırıb ki, Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilən cinayətdir. Ona görə də Azərbaycan xalqı və bütün bəşəriyyət bu amansız qətliamı heç vaxt unutmayacaq. Bu faciənin bədii əsərlərdə, kinofilmlərdə, musiqi və rəsm əsərlərində gələcək nəsillərə, eyni zamanda dünya ictimaiy­yətinə çatdırılması istiqamətində ardıcıl işlər görülür. Bu gün Xocalıya həsr edilən sərgidə naxçıvanlı rəssamların müxtəlif janr və üslubda nümayiş etdirilən əsərləri faciəni göz önündə canlandırır və “Xocalıya ədalət!” şüarını canlı şəkil­də əks etdirir.

Ardını oxu...

Hər bir xalqı, milləti başqalarından fərqləndirən mühüm amillərdən biri və ən başlıcası onun dilidir. Azərbaycan dili də özünə­məxsus zənginliyi ilə başqa dillərdən seçilir. “Dədə Qorqud” və “Koroğlu” dastanlarından gələn dilimiz həzin ana laylası ilə ruhumuza hopmuşdur. XVIII əsrdə Qafqaza səfər etmiş məşhur fransız yazıçısı və səyyahı Aleksandr Düma yazırdı: “Avropada fransız dili necə əhəmiyyətə malikdirsə, Qafqazda da Azərbaycan dili o cür əhəmiyyətə malikdir”. Ulularımızın bizə miras qoyub getdikləri ana dilimiz İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Səməd Vurğun, Üzeyir Hacıbəyli, Məmməd Araz, Hüseyn Cavid və digər görkəmli qələm sahiblərinin əsərlərində daha da zənginləşmiş, böyük sənətkarlarımız yaradıcılıqları ilə Azərbaycan dilinin inkişafına öz töhfələrini vermişlər.
Dilin müstəqil inkişafı, zənginləşməsi və nüfuzu bilavasitə dövlətçiliklə bağlı olduğu üçün dil dövlətçiliyin ən aparıcı atributlarından biri hesab olunur. Dövlətçilik zəminində dilin cəmiyyətdəki rolu artır, informasiya imkanları genişlənir. 1919-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dilimizi dövlət dili kimi təsdiqləyib. 1936-cı ildən sonra isə Azərbaycan dili rəsmən dövlət dili sayılsa da, bu, formal xarakter daşımış və dövlət idarələrində məhdud çərçivədə işlənmiş, təqiblərə məruz qalmışdır.

Ardını oxu...

Allah sizə rəhmət eləsin, böyük ustad Mirzə Cəlil və mollanəsrəddinçilər. Hələ  ötən əsrin əvvəllərində dilimizin saflığına ləkə gətirənlərlə  bu gün də dəyərini saxlayan yazılarınızla mübarizə aparırdınız. Nə bilərdiniz ki, sovet ideologiyası dilimizə elə ağır zərbə vuracaq ki, bir əsr sonra o zərbədən dağılanları bir yerə toplamaq çox çətin olacaq. 1991-ci ildə müstəqilliyimizi əldə edəndən sonra  dilimizin inkişafı ilə bağlı bir neçə  sənəd qəbul olundu, ana dili ilə bağlı itirdiklərimiz özümüzə qaytarıldı. Lakin hələ də aramızda rus, son vaxtlarsa daha çox ingilis və türk sözlərindən istifadə etməklə zəngin dilimizin gözəlliyinə xələl gətirənlər var. Bu yaxınlarda şahidi olduğum bir hadisə dahi Mirzə Cəlilin “Bizim “obrazovannı”lar” felyetonunu xatırlatdı və illər əvvəl yazılmış o felyetondan aldığım ruh müasir dövrümüzün bəzi eybəcərliklərini əks etdirən “İkiqat “obrazovannı”lar” adlı felyetonumun yazılmasına səbəb oldu. 


Mənim bir rəfiqim var, özü də müsəlmandır, amma məni görəndə rus dilindən savayı özgə dildə danışmaz. Məsələn, söhbətimiz bu cür olur: mən onu görəndə deyirəm:
– Hardan gəlirsən?
O mənə belə cavab verir:
– Ya xadil na poçtu.
Deyirəm:
– Dünən niyə bizə gəlmədin?
Cavab verir:
– K nam prişli qosti.
Deyirəm:
– Yaxşı, qonaqlar gedəndən sonra gələydin!
Cavab verir:
– Net, uje bılo pozdno.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən “21 fevral – Beynəlxalq Ana Dili Günü” ilə bağlı 11-21 fevral 2019-cu il tarixlərdə ümumtəhsil məktəblərində “Ana dilimizi sevək, qoruyaq” mövzusunda dəyirmi masalar təşkil olunub, ana dilimizin zənginliyi, onun yaşadılması və təbliğ edilməsi barədə şagirdlərə geniş məlumat verilib. Fevralın 20-də isə şəhər və rayonlarda ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mənim ana dilim” mövzusunda inşa yazı müsabiqəsi keçirilib. İnşa yazı müsabiqəsində, ümumilikdə, 252 şagird iştirak edib.
Qaliblərə diplomlar verilib.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

Dünən Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi ilə bağlı Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin Ordubad Rayon Mədəniyyət Sarayında konserti olub.
Orkestr əvvəlcə böyük bəstəkarımız Fikrət Əmirovun “Min bir gecə” baletindən “Final” ifa edib.
Sonra Azərbaycan Respublikasının Əməkdar artistləri Gülyanaq Fərzəliyeva, Mübariz Əsgərov, Tural Nəcəfov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Elçin Nağıyev, Azər Cəfərli və müğənnilər İlkin Abdullayev, Rahim Əsgərzadə, Samir İsmayılov, Ruhiyyə Hüseynova bəstəkarlarımızın Azərbaycanı və Naxçıvanı tərənnüm edən mahnılarını ifa ediblər. Onların ifasında səslənən “Naxçıvan”, “Bakı”, “Bayram olsun” və başqa bəstəkar mahnıları, xalq mahnıları, operalardan ariyalar alqışlarla qarşılanıb.

Əli RZAYEV

Fevralın 16-da görkəmli şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu tərəfindən təşkil olunan “Nəsimi həftəsi” “Nəsimi kəlamının işığında” adlı ədəbi-bədii gecə və mükafatlandırma mərasimi ilə yekunlaşıb.
Əvvəlcə çıxış edən Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev “Nəsimi həftəsi”nin keçirilməsinin əhəmiyyətindən və gənc nəslin dahi şairin poetik irsinin daha geniş öyrənməsinin vacibliyindən danışıb.
Bildirilib ki, fevralın 11-16 tarixlərini əhatə edən “Nəsimi həftəsi”nin qrafikinə əsasən “Nəsimi” tarixi filminin nümayişi, Xalq şairi Qabilin “Nəsimi” poemasının müzakirəsi, İmadəddin Nəsiminin həyat və yaradıcılığına dair “Nə? Harada? Nə zaman?” intellektual oyunu, “Poeziyamızın fatehi” adlı bədii qiraət müsabiqəsi keçirilib. Həftə ərzində təşkil olunan tədbirlərdə yüzlərlə gənc fəal iştirak edib. “Nəsimi kəlamının işığında” adlı ədəbi-bədii gecə və mükafatlandırma mərasimi ilə “Nəsimi həftəsi”nə yekun vurulur.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 17 yanvar tarixli Sərəncamına əsasən bu il böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyi qeyd edilir. Azərbaycan publisistikasını, dramaturgiyasını bənzərsiz əsərlərlə zənginləşdirən, yeni bir ədəbi məktəb yaradan, “kiçik hekayənin böyük ustadı” kimi tanınan qüdrətli naşir “Molla Nəsrəddin” jurnalı ilə Azərbaycanda, eləcə də Yaxın Şərqdə satirik jurnalistikanın əsasını qoydu.
Ədibin yaradıcılığında bir müddət onun Nehrəmdə yaşayıb fəaliyyət göstərdiyi dövr də xüsusi yer tutur. Burada dərs dediyi illərdə fəaliyyətini millətin maariflənməsinə, qəflət yuxusundan oyanmasına, tərəqqisinə həsr edən böyük ədib Azərbaycan ədəbiyyatının ən dəyərli nümunələrini yaradıb. Bununla bağlı Cəlil Məmmədquluzadənin bu kənddə yerləşən Xatirə Muzeyinin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyevlə həmsöhbət olduq.

– Akif müəllim, Azərbaycan müstəqillik əldə etdikdən sonra ədəbi-mədəni irsimizin unudulmaz himayədarı, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə dövlətimiz tərəfindən Mirzə Cəlil şəxsiyyətinə və yaradıcılığına da böyük ehtiram, diqqət və qayğı göstərilməyə başlandı və bu müqəddəs məram bu gün də layiqincə davam etdirilir. Siz də təsdiqləyərsiniz ki, ölkə başçısının böyük ədibin anadan olmasının 150 illik yubileyinin keçirilməsi üçün Sərəncam imzalaması, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən Tədbirlər Planının təsdiq olunması milli birlik və Azərbaycançılıq ideologiyasının yaradıcılarından olan dahi demokratın həyatına və bədii-publisistik irsinə verilən yüksək qiymətdir.

Ardını oxu...

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun Gənclər təşkilatları və gənc­lərlə iş şöbəsinin baş mütəxəssisi Arzu Qasımov açaraq bildirib ki, bu il Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunur, 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib. Belə bir tarixi ildə ­görkəmli şairin yubileyi münasibətilə keçirilən “Nəsimi həftəsi” də ölməz sənətkarın həyat və yaradıcılığının, ideallarının muxtar respublika gənc­lərinə tanıdılmasına və təbliğ edilməsinə geniş imkanlar açır.
Tədbirdə çıxış edən şairlər Əbülfəz Ülvi, Elxan Məmmədov və Ələsgər Nehrəmli bildiriblər ki, bədii dilin sadəliyi, aydınlığı və xəlqiliyi etibarilə İmadəddin Nəsimi lirikası sələflərindən və xələflərindən fərqlənir. Onun dərinmənalı şeirləri Azərbaycan şeir dilinin zənginliyini, sadəlik və aydınlığını, geniş imkanlara malik olduğunu nümayiş etdirir. Nəsimi öz ideyalarını, hürufi fikirlərini xalqa çatdırmaq üçün sadə və anlaşıqlı dildə yazmağa üstünlük verib. Onun XIV-XV əsrlərdə yazılmış elə şeirləri vardır ki, həmin poetik nümunələri dilin saflığı baxımından xalq dilinin poeziyada hakim mövqeyə çatdığı XVIII əsr lirikası örnəkləri ilə müqayisə etmək olar.

Ardını oxu...

Culfa rayonunun Kırna kənd sakini Sona Əsgərova, Milax kənd sakini Elman Hacıyev, Camaldın kənd sakini Tünzalə Məmmədova, Ərəfsə kənd sakini Aqil Qələndərov tərəfindən qədim tariximizi və mədəniyyətimizi əks etdirən küp, mis məişət əşyaları, yun darağı, cəhrə, kirkit, oraq, ütü və digər nümunələrdən ibarət 33 eksponat “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinə ­təqdim edilib.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, muzeylər xalqın milli özünəməxsusluğunu, tarixi keçmişini bu günə daşıyan, milli və mənəvi dəyərləri qoruyan mədəniyyət ocaqlarıdır.
Qeyd olunub ki, Naxçıvanda tarix-mədəniyyət abidələrinin qorunması, onların bərpası və konservasiyası son illər ərzində geniş vüsət alıb, tariximizin və mədəniyyətimizin saxlanc yeri olan yeni-yeni muzeylər istifadəyə verilib, onların maddi-texniki bazası möhkəmləndirilib. Həmçinin tariximizin, mədəniyyətimizin, adət-ənənələrimizin araşdırılması, qorunması və gələcək nəsillərə çatdırılması da diqqət mərkəzində saxlanılır.

Ardını oxu...

Bu münasibətlə keçirilən tədbiri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin direktoru Şahin Əliyarov açaraq müstəqillik illərində Naxçıvan tarixi, mədəniyyəti və təbii sərvətlərinin öyrənilməsi sahəsində görülən işlərdən danışmış, 2018-ci ildə nəşr olunmuş kitabları və hazırlanmış sənədli filmləri bu sahəyə göstərilən dövlət qayğısı kimi dəyərləndirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsi müdirinin müavini Sahir Rüstəmov çıxış edərək deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısının nəticəsi olaraq alim və tədqiqatçılar, eləcə də yaradıcı insanlar üçün hərtərəfli şərait yaradılmış, avadanlıqlarla təmin olunmuş “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi, eləcə də AMEA Naxçıvan Bölməsində və ali təhsil müəssisələrində mətbəələr istifadəyə verilmişdir. Yaradılan şərait imkan verir ki, hər il muxtar respublikada yeni tədqiqat materialları olan kitablar nəşr olunsun. Naxçıvanın qədim tarixi, zəngin mədəni irsi, görkəmli şəxsiyyətləri və müasir sosial-iqtisadi inkişafı barədə yeni kitabların nəşri diqqətdə saxlanılır, hər il üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisində nəşr planı tərtib olunur. Bu sahədə görülən işlər 2018-ci ildə də davam etdirilmiş, 33 kitab və buklet nəşr olunmuş, 7 sənədli televiziya filmi hazırlanmışdır.

Ardını oxu...

Bu il Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunur, 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib.
Fevralın 11-də Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu tərəfindən görkəmli şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə “Nəsimi həftəsi”nə start verilib.
Həftənin proqramına uyğun olaraq fevralın 12-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində ssenari müəllifi Xalq yazıçısı İsa Hüseynov, rejissoru Həsən Seyidbəyli olan “Nəsimi” filminin nümayişi olub. Tarixi-bioqrafik filmin Naxçıvan çəkilişləri maraqlı məqamları ilə yadda qalıb. 1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalı çərçivəsində “Ən yaxşı tarixi film” mükafatına layiq görülən ekran əsərini 270 gənc izləyib.
Fevralın 13-də isə Naxçıvan şəhərindəki Gənclər Mərkəzində Xalq şairi Qabilin “Nəsimi” poemasının müzakirəsi olub.

Ardını oxu...

“Qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi yolunda xidmət etməkdir... Bu ola gərək hər bir qələm sahibinin amalı”...
Ədəbiyyatımızda əbədiyaşarlıq qazanmış dahi sənətkar Mirzə Cəlilin bu qiymətli sözlərinin canlı ifadəsini elə ustad yazıçının öz həyat və yaradıcılığında bütün yönləri ilə görmək mümkündür. Müəllifin istər ən kiçik hekayələrinin, felyetonlarının, məqalələrinin, məktublarının, eləcə də dram əsərlərinin hər sətrində bir işıq görürük. Böyük ədibin ürəyinin və sabaha ümidinin işığını. Bu işıq hər birimizə təlqin edir ki, Vətəni sevmək xalqı, milləti sevməkdir, doğma torpağı sevməkdir. Bu ən ali, ən bəşəri, ən ülvi hissdir. Bu, kamillikdir, mənəviyyatımızın minillik həqiqətidir.
Zaman-zaman bu hissləri yaşadanlar, bu hissləri yaşayanlar bu gün yaddaşlarda özlərinə yaşa­maq hüququ qazanıblar. Ürəklərdə ­təsdiqləniblər.
Mirzə Cəlil şəxsiyyəti, Mirzə Cəlil vətəndaşlığı, Mirzə Cəlil ­ziyalılığı...
İnanmıram ki, ikinci bir hansısa qələm sahibi öz xalqını, öz millətini, öz Vətənini, öz dilini Mirzə Cəlil qədər sevə bilsin. Bu, reallıqdır. Professor Cəfər Xəndanın sözlərini xatırlayıram: “Cəlil Məmmədquluzadənin əsərlərində... böyük vətənpərvərlik ruhundan doğan bir lirika da vardır. Bu lirika bəzən gülüşlə birləşsə də, bu gülüş göz yaşları arasından doğan gülüşdür”.
İnanmıram ki, hansısa yazı-pozu adamı Mirzə Cəlil kimi dəlicəsinə sevdiyi xalqının dərdlərini, ağrılarını belə çılpaqlıqla, yanarlılıqla qələmə alsın. Bu da heç bir analoqu olmayan həqiqətdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrasını diqqətdə saxlamış, əlamətdar və tarixi günlərlə bağlı tədbirlər keçirilmiş, muzeylərin fəaliyyəti diqqətdə saxlanılmış, muzey əməkdaşları üçün seminar-­treninqlər və təcrübə məşğələləri, distant, ustad və açıq dərslər təşkil olunmuşdur. Ötən ay Naxçıvan Dövlət Musiqili Dram Teatrında Hüseyn Cavidin “Xəyyam”, Babək Rayon Xalq Teatrında Məmməd Səid Ordubadinin “Beş manatlıq gəlin”, Ordubad Rayon Xalq Teatrında isə Sabit Rəhmanın “Yalan” tamaşası nümayiş etdirilmişdir.
Şərur yallılarının reyestrə alınması işi davam etdirilmiş, Şərur yallı kollektivlərinin repertuarında olan bir neçə yallının çəkilişi aparılmış və nota köçürülmüşdür. Ötən ay muzeyləri 4 min 534-ü əcnəbi vətəndaş olmaqla, ümumilikdə, 30 min 616 tamaşaçı ziyarət etmiş, muzeylərə, ümumilikdə, 143 yeni eksponat daxil olmuşdur. Muxtar respublika kitabxanalarında 81 tədbir keçirilmiş, 45 sərgi açılmış, kitabxanalara 137 adda 337 nüsxə çap məhsulu daxil olmuşdur. Kitabxanalara yeni oxucu sayı 314, oxucu gəlişi 9 min 895 nəfər olmuş, elektron kitabxanadan 375 oxucu istifadə etmişdir.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

(məzarüstü monoloq)

Salamlar olsun müqəddəs ruhuna, Fəzlullah Nəimi! İzn ver sənə  canından artıq sevdiyin, mənəvi atası olduğun Nəsiminin dili ilə, əfəndi, – deyə xitab edim. Nəimi əfəndi, buraya – Xanəgaha sənə Nəsimidən danışmağa gəlmişəm. 650 yaşlı övladın – Azərbaycan şeirinin möcüzəsi sayılan  filosof­-şair İmadəddin Nəsimidən. Səndən sonra olanlardan, davamçının, şagirdinin başına gələnlərdən, gətirilənlərdən danışmağa gəlmişəm. Düşündüm ki, şairin 650 illik yubileyi şərəfinə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunması, 650 illik yubileyinin qeyd edilməsi haqqında Prezident cənab İlham Əliyevin sərəncamları bütün azərbaycanlıları sevindirdiyi kimi, sənin də ruhunu şad edər. Buna görə sənə şairin bu növrağından, bir də ötənlərdən  danışmağa gəldim. Əliboş da gəlməmişəm. Budur, bəlkə də, heç görməmisən, əlimdə İmadəddin Nəsiminin seçilmiş əsərləri var. Amma bunlar onun külliyyatının bir qismidir, əlimizdə qalanlarıdır, itənlər-batanlar da var, oğurlanıb mənimsənilənlər də var.

İzn ver səni bütün qəlbi ilə sevən Nəsiminin sənə yazdığı, bəlkə də, indiyədək heç eşitmədiyin “Əfəndi” qəzəlini oxuyum, qəbrinə su çilənsin, ənbər səpilsin:

Dinin günəşi, dünyada imanım əfəndi,
Alimlər ümidi, məhi-tabanım əfəndi.
Könlüm, gözümün nuru, vücudumda ­həyatım,
Hər dəm damarımda yеriyən qanım əfəndi.
Cənnət çəmənində salınan huri-nəimin
Gül rayihəli sərvi-хuramanım əfəndi.
Gülnarımü narım, çiçəyim, mеyvəli bağım,
Laləm, səmənim, sünbülü rеyhanım əfəndi.
Bağım, irəmim, rövzə ilə huri-cinanim,
Bülbüllər üçün tazə gülüstanım əfəndi.
Kanım, gühərim, mədəni-yaquti-rəvanım,
Qiymətli olan ləli-bədəхşanım əfəndi.
Еşqində Nəsimi çü qılır canını qurban,
Qurbanına qurban olayım, canım əfəndi.

Nəimi əfəndi, sən çox xoşbəxt bir insanmışsan. Demək ki, yaratdığın təriqətə – Hürufiliyə Yaradanın böyük qiymət veribmiş ki, sənin son mənzilinin Naxçıvan olacağını alnına yazıb. Naxçıvan sənin bəraətindir. Naxçıvan – bu İslam mədəniyyətinin beşiyi səni kafir yox, Allahını tanıyan, öz təriqətinlə elə “Qurani-Kərim”i izhar edən şəxsiyyət kimi qəbul edib, ağuşunda uyudub. Qəbrini əsrlərlə qoruyub saxlayıb. Budur, üstündə abidə ucaltmaqla bütün dünyaya Nəimi həqiqətlərini bəyan edib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən Naxçıvan Muxtar Respublikasının 95 illiyi geniş şəkildə qeyd olunur. Naxçıvan Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Seyid Surənin “Naxçıvanda mətbuat tarixi” (“Şərq qapısı” qəzetinin materialları əsasında) adlı kitabının Almaniyada ingilis dilində işıq üzü görməsi də muxtariyyətin yubileyinə ərməğan sayıla bilər.
Kitabda XX əsrin əvvəllərində Naxçıvanda mətbuatın yaranma tarixi, keçdiyi şərəfli və keşməkeşli yol, bugünkü inkişaf səviyyəsi geniş işıqlandırılır. Eyni zamanda müstəqillik illərində Naxçıvanda mətbuata göstərilən dövlət qayğısı, güclü maddi-texniki bazanın yaradılması, qanunvericilik bazasının formalaşdırılması elmi təhlil süzgəcindən keçirilir və dəyərləndirilir.
Qeyd edək ki, Lambert Akademik Nəşriyyat Evi (LAP – Lambert Academic Publishing House) kitabların, elmi tədqiqatların alman, ingilis, türk, ərəb və rus dillərində onlayn və çap şəklində yayımını həyata keçirir. Bu nəşriyyat evinin köməyi ilə hər bir kitabın beynəlxalq kodu (ISBN) mövcuddur. Burada nəşr olunan hər bir kitab bir çox beynəlxalq kataloqlara daxil edilməklə Amerika və Avropanın həm də onlayn kitab satışı saytlarında yayımlanır.
Kitablar www.morebooks.de, www.amazon.de, www.amazon.co.uk,www.amazon.com və digər vebsaytlar vasitəsilə bütün dünyada satılmaqdadır. Lambert nəşriyyat evi, eyni zamanda www.omniscriptium.com saytı vasitəsilə dünyanın 40-dan çox ölkəsində çap məhsullarının yayımını həyata keçirir.
Naxçıvanla bağlı elmi araşdırmaların və kitabların beynəlxalq aləmə çıxışını təmin etmək və yaymaq qədim diyarımızın həqiqətlərini dünya miqyasında tanıtmaq baxımından böyük əhəmiyyət daşıyır.
Müəllif Naxçıvan mətbuat tarixinin ilk dəfə elmi şəkildə araşdırılıb üzə çıxarılması və tədqiqində böyük rol oynamışdır. Belə ki, o, bu mövzuya dair 20-dən çox elmi məqalənin, 1 monoqrafiyanın, Azərbaycan və ingilis dillərində nəşr olunmuş iki dərs vəsaitinin müəllifidir. Qeyd edək ki, “Naxçıvanda mətbuat tarixi” adlı seçmə fənn magistratura təhsil pilləsində Naxçıvan Dövlət Universitetinin tədris planına daxil edilmiş və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Seyid Surənin müəllifliyi ilə qrifli dərs vəsaitinin nəşrinə icazə verilmişdir.

 Güntac ŞAHMƏMMƏDLİ

Adı mahnılara düşən, dillər əzbəri qədim Nuh yurduna kimlər mehman olmayıb? Rəşid Behbudov, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Ələkbər Ələsgərov, Ədalət Nəsibov, Əbülfət Əliyev, Nəzakət Məmmədova və Naxçıvana qonaq gələn digər mədəniyyət xadimlərinin hamısı bu torpağın gözəlliyinə, insanlarının Naxçıvanı dövrəyə alan dağlarından da böyük olan ürəyinə heyran qalıblar.
Tarixlərin yadigarı doğma diyarımıza poemalar həsr edilib, Naxçıvan adı könüllərə yazılıb, dodaqlardan süzülüb, qulaqlarda səslənib, gözəl mahnılarda tərənnüm olunub. O mahnılar ki illərdir, ürəklərə yol tapa, milyonların yaddaşına əbədilik həkk ola bilib. O mahnılar ki eşidəndə ruhu saflaşdırır, layla kimi könül oxşayır. Sözlərinin şirinliyi, saflığı, təbiiliyi, həzinliyi insanı ovsunlayır:

Mən səni vəsf edim öz anam kimi,
Sarılım boynuna mehriban kimi.
Eşqin, məhəbbətin bir ümman kimi
Axır könüllərə sarı, Naxçıvan,
Ellərin sevgili yarı, Naxçıvan.

Hər dəfə bu mahnını eşidəndə düşünürdüm ki, bu qədər sevgi, qəlb çırpıntıları ana-bala, ata-övlad hissləri, yurd sevgisi ilə bəzənmiş şux, əbədiyaşar mahnının bəstəkarı yalnız və yalnız naxçıvanlı ola bilər. Çünki bu diyara övlad məhəbbəti mahnının melodiyasında belə, açıq-aşkar duyulur. Ona görə də istər-istəməz fikirləşirsən: belə istək dolu mahnını ancaq bu torpaqda doğulub-böyümüş, onun suyundan içmiş övlad bəstələyə bilər. Araşdıranda isə görürük ki, “Barı Naxçıvan” mahnısının müəllifi 1912-ci ildə Qarabağda – Füzuli şəhərində anadan olmuş Məmməd Cavadovdur. Onun həyatının müəyyən bir hissəsi Naxçıvanda keçib. Mahnının sözlərindən duyulur ki, bu diyar ona nə qədər doğma və əziz olub. Bəstəkarın bu mahnısı neçə illərdir ki, ürəkləri fəth edir. Bu musiqi əsərinin yaranma tarixi isə belədir: Bəstəkar 1945-ci ildə ordubadlı tanınmış şair Hüseyn Əzimlə tanış olur. Onun şeirləri arasında “Barı Naxçıvan” bəstəkarın diqqətini çəkir. Və beləliklə, bu gün də dillər əzbəri olan “Barı Naxçıvan” mahnısı yaranır. Mahnının ilk ifaçısı bəstəkarın həyat yoldaşı Zərqələm Cavadova olub. Sonralar mahnı Məhəbbət Kazımov və digər sənətkarlar tərəfindən də ifa edilib.

Ardını oxu...

Dünən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə muxtar respublikanın 95 illiyinə həsr olunmuş Tədbirlər Planı təsdiq edilib. Bununla bağlı silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Muxtariyyət tarixindən, qədim diyarımızın son 20 ildən artıq bir dövrdə keçdiyi inkişaf yolundan danışan nazir vurğulayıb ki, həmin dövrdə maddi-mədəni irsimizə, milli dəyərlərimizə də hərtərəfli dövlət qayğısı göstərilib. Belə ki, muxtar respublikamızda 1200-dən çox tarixi abidə pasportlaşdırılıb, 70-dən artıq dünya əhəmiyyətli abidə bərpa olunaraq xalqımıza qaytarılıb. Bu illər ərzində 15-dən çox muzey yaradılıb, yeni uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri, yüzlərlə digər mədəniyyət müəssisələri istifadəyə verilib. Bütün bunlar xalqımızın tarixinə, mədəniyyətinə, milli dəyərlərə, gənc nəslin sabahına göstərilən diqqət və qayğının bariz ifadəsidir.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR