Dünya xalqları arasında zəngin milli-mənəvi dəyərləri ilə seçilən xalqımız yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus yer tutur. Toy-büsat mərasimi, bayram adət-ənənələri, Novruz şənlikləri, yas mərasimləri, təmizlik, düzlük, insanlıq kimi bəşəri, ali hisslər bu xalqın milli-mənəvi dəyərlərini özündə yaşadır. Milli bayramlarımız da tarixi ənənələrimizi daha da zənginləşdirən, mədəniyyətimizin əsrlərlə qorunub saxlanılmasına, təbliğinə geniş imkanlar açan belə dəyərlərdəndir.
Əsrlərin sınağından süzülüb gələn, bir-birindən maraqlı adət-ənənələrilə günümüzə qədər qorunub saxlanan bayramlardan biri də Novruzdur. UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınan, BMT tərəfindən beynəlxalq bayramlar sırasına daxil edilən Novruz öz koloritinə görə dünyada kütləvi şəkildə qeyd olunan bayramlardan geri qalmır. Bu bayramın Azərbaycanda dövlət səviyyəsində keçirilməsi son illərdə ölkəmizə gələn turistlərin, eləcə də burada yaşayan əcnəbilərin də geniş marağına səbəb olub. Maraqlıdır, bəs bu gün muxtar respublikamızda təhsil alan əcnəbi tələbələr milli bayramımız olan Novruz haqqında nə düşünürlər? Onların bu mövzuda təəssüratlarını öyrənmək üçün hazırda Naxçıvan Dövlət Universitetində təhsil alan belə tələbələrdən bir neçəsi ilə görüşüb söhbət etdik.
Cənubi Koreya Respublikasının vətəndaşı olan Li Jin hazırda Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası ixtisası üzrə II kurs magistrantıdır. Novruzla bağlı onunla etdiyimiz söhbətdə bildirdi ki, dünyada yaşayan müxtəlif xalqların mədəniyyəti, adət-ənənələri, milli dəyərləri hər zaman xüsusi marağıma səbəb olub. Bir çox ölkələrdə olmuşam, bunlarla yaxından maraqlanmışam. Lakin heç bir yerdə burada olduğu kimi bayramlarda, xüsusilə də Novruz bayramında insanlarda olan ruh yüksəkliyi, adət-ənənələrə bağlılıq, milli dəyərlərə ehtiramla rastlaşmamışam.
Bakalavr təhsili ilini də nəzərə alsaq, artıq 6 ildən çoxdur ki, Naxçıvanda yaşayıram. Burada olduğum müddətdə şən əhval-ruhiyyə ilə keçirilən bu bayramda rastlaşdığım adət-ənənələr, bir-birindən ləziz təamlar bu ölkənin nə qədər zəngin mədəniyyətə malik olduğunu sübut edir. Əvvəlki illərdə olduğu kimi, bu Novuz bayramını da naxçıvanlı dostlarımızla birlikdə qeyd edirik.
Digər həmsöhbətimiz isə Nigeriya Respublikasının vətəndaşı, Əczaçılıq ixtisası üzrə I kurs tələbəsi Yusuf Abdullahidir. O deyir ki, burada yazın gəlişinin müjdəçisi sayılan Novruz bayramının keçirildiyini ilk dəfə universitetdə tələbələrin iştirakı ilə təşkil olunan tədbirə mənim də iştirakçı kimi dəvət olunduğumda öyrəndim. Bizim ölkədə bu bayram qeyd edilmədiyindən, sözün açığı, əvvəllər Novruzla bağlı təəssüratlarım çox az idi. Tələbə teatr studiyasında bayram tədbiri üçün hazırlanan səhnəciklərdə iştirakım zamanı zəngin bayram ənənələrini əks etdirən müxtəlif maraqlı adətlər, Keçəl, Kosa personajları, Novruz oyunları mənə olduqca maraqlı gəldi. Ümumi götürdükdə onu deyə bilərəm ki, bu diyar qədim tarixi, zəngin incəsənəti və mədəniyyəti, özünəməxsus adət-ənənələri ilə seçilir. İnsanların qonaqpərvərliyi, mehribanlığı və səmimiyyəti isə Naxçıvanı bizə daha çox sevdirir.
Digər müsahibimiz Türkiyə vətəndaşı, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Müalicə işi ixtisası üzrə hazırlıq kursunun dinləyicisi İlayda Tabaru bayramla bağlı təəssüratlarını bizimlə bölüşdü. O dedi ki, bir neçə dəfə Novruz bayramını burada keçirmişəm. Bu bayram bizdə də qeyd olunur, lakin Naxçıvanda bayram ab-havası daha fərqli hiss olunur, xüsusilə kütləvi xarakter daşıyır. Bayramla bağlı adət-ənənələri, bişirilən milli yeməkləri çox bəyənirəm. Eyni zamanda Novruzla bağlı bayram tədbirləri, el şənlikləri maraqlı keçir.
Digər həmsöhbətimiz universitetin Stomatologiya ixtisası üzrə I kurs tələbəsi, İran İslam Respublikasının vətəndaşı Jahagir Nouran Rouhollahdır. O deyir ki, qədim el bayramı olan Novruz İranda da qeyd olunur. Lakin Azərbaycanda, eləcə də Naxçıvanda bu bayram daha böyük el şənlikləri ilə müşayiət olunur. Hər kəs bayrama xüsusi olaraq hazırlaşır. Adət-ənənələr lazımınca təbliğ olunur. Naxçıvanda bu bayramın geniş şəkildə, həm də yüksək səviyyədə keçirilməsinin nəticəsidir ki, İran İslam Respublikasından da hər il bu bayramı qeyd etmək üçün buraya xeyli insan gəlir. Düşünürəm ki, bu il də belə olacaq.
...Baharın gəlişi bir çox ölkələrdə qeyd olunsa da, Novruz bayramı bunun ən gözəl nümunəsidir. Xalqımız isə bu bayramı çox yüksək səviyyədə keçirir. Sovetlər birliyi zamanında milli adət-ənənələrimizi özündə əks etdirən bu bayramın keçirilməsi ilə bağlı müxtəlif məhdudiyyətlər qoyulsa da, müstəqilliyimizin bərpasından, xüsusilə ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra milli dəyərlərimizin qorunması, yaşadılması ümdə məsələ kimi daim diqqət mərkəzində saxlanılıb. Bu gün də milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması baxımından Novruz bayramı öz aktuallığını qoruyub saxlayır.
Gülcamal TAHİROVA