Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən Naxçıvan Muxtar Respublikasının 95 illiyi geniş şəkildə qeyd olunur. Naxçıvan Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Seyid Surənin “Naxçıvanda mətbuat tarixi” (“Şərq qapısı” qəzetinin materialları əsasında) adlı kitabının Almaniyada ingilis dilində işıq üzü görməsi də muxtariyyətin yubileyinə ərməğan sayıla bilər.
Kitabda XX əsrin əvvəllərində Naxçıvanda mətbuatın yaranma tarixi, keçdiyi şərəfli və keşməkeşli yol, bugünkü inkişaf səviyyəsi geniş işıqlandırılır. Eyni zamanda müstəqillik illərində Naxçıvanda mətbuata göstərilən dövlət qayğısı, güclü maddi-texniki bazanın yaradılması, qanunvericilik bazasının formalaşdırılması elmi təhlil süzgəcindən keçirilir və dəyərləndirilir.
Qeyd edək ki, Lambert Akademik Nəşriyyat Evi (LAP – Lambert Academic Publishing House) kitabların, elmi tədqiqatların alman, ingilis, türk, ərəb və rus dillərində onlayn və çap şəklində yayımını həyata keçirir. Bu nəşriyyat evinin köməyi ilə hər bir kitabın beynəlxalq kodu (ISBN) mövcuddur. Burada nəşr olunan hər bir kitab bir çox beynəlxalq kataloqlara daxil edilməklə Amerika və Avropanın həm də onlayn kitab satışı saytlarında yayımlanır.
Kitablar www.morebooks.de, www.amazon.de, www.amazon.co.uk,www.amazon.com və digər vebsaytlar vasitəsilə bütün dünyada satılmaqdadır. Lambert nəşriyyat evi, eyni zamanda www.omniscriptium.com saytı vasitəsilə dünyanın 40-dan çox ölkəsində çap məhsullarının yayımını həyata keçirir.
Naxçıvanla bağlı elmi araşdırmaların və kitabların beynəlxalq aləmə çıxışını təmin etmək və yaymaq qədim diyarımızın həqiqətlərini dünya miqyasında tanıtmaq baxımından böyük əhəmiyyət daşıyır.
Müəllif Naxçıvan mətbuat tarixinin ilk dəfə elmi şəkildə araşdırılıb üzə çıxarılması və tədqiqində böyük rol oynamışdır. Belə ki, o, bu mövzuya dair 20-dən çox elmi məqalənin, 1 monoqrafiyanın, Azərbaycan və ingilis dillərində nəşr olunmuş iki dərs vəsaitinin müəllifidir. Qeyd edək ki, “Naxçıvanda mətbuat tarixi” adlı seçmə fənn magistratura təhsil pilləsində Naxçıvan Dövlət Universitetinin tədris planına daxil edilmiş və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Seyid Surənin müəllifliyi ilə qrifli dərs vəsaitinin nəşrinə icazə verilmişdir.
Güntac ŞAHMƏMMƏDLİ