22 Dekabr 2024, Bazar

Doğma diyarımız Naxçıvanda minilliklərboyu təşəkkül tapan adət-ənənələr, xalq yaradıcılığı örnəkləri, milli dəyərlər xalqımızın ən qiymətli sərvətidir. Naxçıvanlılar bu dəyərlərə həmişə böyük ehtiramla yanaşıb, onların qorunub-saxlanılmasını, təbliğini, gələcək nəsillərə ötürülməsini özlərinin vətəndaşlıq borcu sayıblar. Bu gün də həmin vəzifələr ehtiramla yerinə yetirilir.
Xalq yaradıcılığının yaşadılması, təbliği üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il fevralın 7-də Sərəncam imzalayıb. Sərəncama əsasən Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi ilə əlaqədar həmin il fevral ayının 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib, müşavirədə müxtəlif aidiyyəti qurumların bu sərəncamla bağlı fəaliyyət istiqamətləri göstərilib, vəzifələr müəyyənləşdirilib.
Ötən dövr ərzində bu istiqamətdə görülən işlər sistemli xarakter alıb.

AMEA Naxçıvan Bölməsi tərəfindən hazırlanmış üç cilddə “Naxçıvan folkloru antologiyası”, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən hazır-lanmış “Naxçıvan teatrının salnaməsi”, nazirliyin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzi tərəfindən hazırlanmış “Naxçıvan milli geyimləri” və “Naxçıvan tikmələri”, Prezident təqaüdçüsü Əkrəm Məmmədlinin “Naxçıvan-Şərur el yallıları” kitabları nəşr olunub, Şərur yallılarından ibarət disk buraxılıb. Bu istiqamətdə həyata keçirilən tədbirlər davam etdirilir. Yeri gəlmişkən qeyd edək ki, bu gün muxtar respublikada “Şərur” Xalq Yallı Ansamblı və rayon mədəniyyət şöbələrinin nəzdində 21 yallı qrupu fəaliyyət göstərir. “Şərur” Xalq Yallı Ansamblının fəaliyyəti üçün hər cür şərait yaradılıb, ansamblın ifasından ibarət kompakt disklər hazır­lanıb. Bu sahədə görülən işlərin davamı olaraq Ali Məclis Sədrinin tapşırığına əsasən AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi yallı sənəti ilə bağlı tədqiqatlar aparıb, bu irsin UNESCO səviyyəsində qorunması sahəsində tədbirlər həyata keçirib, “Şərur” Xalq Yallı Ansamblının fəaliyyəti və Naxçıvanda yallı sənəti ilə bağlı məlumatlar hazırlanıb aidiyyəti üzrə təqdim olunub. 2018-ci il 26 noyabr-1 dekabr tarixlərdə keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında qəbul edilən qərarla “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilib.
Folklorun aparıcı qolunu təşkil edən ozan-aşıq yaradıcılığının geniş tətbiq olunması, Naxçıvanda aşıq poeziyasının inkişaf mərhələlərinin araşdırılması davam etdirilir, xalq mahnı və rəqslərinin sistemli şəkildə təbliği, unudulmuş mahnı və rəqslərin bərpa olunması, onların aşkar edilib nota köçürülməsi, həmin nümunələrin folklor rəqs kollektivlərinin repertuarlarına daxil edilməsi və qədim xalq çalğı alətlərində ifaların nümayiş etdirilməsi sahəsində müvafiq tədbirlər görülüb, muxtar respublikanın ayrı-ayrı bölgələrindən toplanan yallı və saz havaları nota salınıb. Bu tədbirlərin davamı kimi muxtar respublikada yaşayan peşəkar və həvəskar aşıqlar haqqında məlumat bazası yaradılıb, 2009-cu il dekabrın 22-dən Naxçıvan Aşıqlar Birliyi fəaliyyətə başlayıb.
Muxtar respublikanın mədəniyyət müəssisələrində yeni folklor kollektivlərinin yaradılmasına diqqət artırılıb, mədəniyyət müəssisələrinin kollektivlərindən ibarət yeni folklor kollektivləri, folklor və yallı qrupları yaradılıb.
Naxçıvan Dövlət Universitetində xalq çalğı alətləri orkestri, Naxçıvan Musiqi Kollecində Qədim xalq çalğı alətləri ansamblı yaradılıb, unudulmuş qədim musiqi alətlərinin bərpası işinə başlanılıb. Peşəkar musiqi kollektivlərinə, folklor kollektiv və qruplarına, bədii özfəaliyyət kollektivlərinə milli geyim dəstləri verilib. Dövlət tədbirlərində, əlamətdar və tarixi, həmçinin bayramlarda həmin musiqi kollektivlərinin çıxışları təşkil edilir, gənclərdə qədim musiqi alətlərinə maraq oyadılır.
Milli mətbəx nümunələrimiz maddi və mənəvi mədəniyyətimizin qaynaqları kimi xalqımızın tarixini, etnoqrafiya və bədii xüsusiyyətlərini özündə əks etdirir. Bu sahədə də xeyli iş görülüb, tədqiqat materialları toplanılıb, sorğu-metodik vəsait hazır­lanıb. Milli mətbəxin inkişafı ilə bağlı tədbirləri sistemləşdirmək və vahid mərkəzdən idarə etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi fəaliyyətə başlayıb, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün mərkəzin hərtərəfli fəaliyyəti təmin olunub, mərkəz tərəfindən hazırlanmış “Naxçıvan mətbəxi” kitabı oxuculara təqdim edilib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Naxçıvan Regional Peşə Tədris Mərkəzində 2009-cu ilin iyun ayından başlayaraq təşkil edilən xalçaçı, toxuculuq, misgərlik, keçəçi, qalayçı, ağac üzərində oyma kurslarını yüzlərlə gənc bitirib. Qədim tarixə malik olan xalçaçılığın inkişafını təmin etmək məqsədilə adıçəkilən nazirlik tərəfindən “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” layihəsi həyata keçirilir, muxtar respublikanın bütün rayonları üzrə bu sahə ilə məşğul olanlara dəzgahlar və xalça toxumaq üçün lazım olan materiallar verilir.
Azərbaycan Respublikasının ­Prezidenti cənab İlham Əliyevin 2018-ci il 15 fevral tarixdə imzaladığı ­Sərəncama əsasən Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikilərək istifadəyə verilməsi bu sahənin daha da inkişafına şərait yaradır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” isə xalçaçılığın inkişafına yeni töhfələrini verməkdədir.
Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı və sənəti ilə məşğul olan şəxslərin iş şəraitinin öyrənilməsi, onlara lazımi köməkliklərin göstərilməsi, muxtar respublikanın bölgələrində xalq sənətinin müxtəlif sahələri ilə məşğul olan sənətkarların əl işlərindən ibarət satış-sərgilərin təşkil olunması məqsədilə müvafiq qurumlarla qarşılıqlı fəaliyyət təmin edilib, xalq yaradıcılığı ilə məşğul olan sənətkarlar haqqında məlumat bazası yaradılıb.
2012-ci ildə, “Milli dəyərlər ili”ndə muxtar respublikada beynəlxalq rəsm, folklor, muğam və xalq teatrları festivalları, ədəbi tədbirlər, yaradıcılıq təşkilatları üzrə müsabiqələr keçirilib. Bu tədbirlər indi də davam etdirilir. Belə ki, son illərdə muxtar respublikada “Milli geyimlər”, “Yaradıcı əllər”, “İstedadlı uşaqlar” və “Naxçıvan çörəkləri”, “Plov” və “Yallı”, “Kətə” kimi festivalların keçirilməsi milli-mənəvi dəyərlərimizə böyük diqqət və ehtiramın ifadəsi kimi dəyərləndirilir.
O da xüsusilə vurğulanmalıdır ki, xalqımızın ən əziz bayramı olan Novruz şənliklərində xalq yaradıcılığı nümunələri daha geniş təbliğ olunur. Bunun üçün hər il Naxçıvan şəhərində və rayon mərkəzlərində təşkil olunan Novruz şənliklərində belə nümunələrdən ibarət sərgilərin təşkili, musiqi kollektivlərinin çıxışları bayramı daha təmtəraqlı edir. Naxçıvan Dövlət Filarmoniyasının, Dövlət Uşaq Filarmoniyasının rəqs qrupları, Dövlət Filarmoniyasının Qədim musiqi alətləri ansamblı, Muğam studiyası, Tulum kvarteti, Naxçıvan Musiqi Kollektivinin Sazça­lanlar ansamblı, “Yallı” rəqs və “Naxçıvanqala” ritm qrupları, Muğam üçlüyü, Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin Nağaraçalanlar ansamblı və rəqs qrupu, həmçinin digər musiqi kollektivlərinin ifası tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır.
Göründüyü kimi, Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı sahələrinin inkişafına dövlət qayğısı bəhrələrini verməkdədir. Çünki xalqımızın müstəqillik yoluna qədəm qoyduğu indiki şəraitdə xalq yaradıcılığının, əsrlərboyu yaranan mənəvi və maddi-mədəniyyət nümunələrinin öyrənilməsi, ənənəvi sənət sahələrinin dirçəldilməsi, onların geniş şəkildə tətbiq və təbliğ olunması mühüm əhəmiyyət kəsb edir.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR