Qədim dövrlərdən günümüzədək nəsildən-nəslə ötürülən müdrik kəlamlar, atalar sözləri və hikmətli ifadələr kodlaşdırılmış və qəlibləşmiş söz xəzinəsidir.
İndiyədək aforizmlərin və hikmətli sözlərin toplandığı yüzlərlə kitab çap olunub. Həmin kitabların aforizmlərin oxuculara çatdırılmasında müstəsna əhəmiyyəti var. Bu yaxınlarda gənc müəllif Leyla Xəlilovanın tərtib etdiyi və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi tərəfindən nəşr olunan “Söz incisi” kitabında da minilliklərdən süzülüb gələn hikmətli söz sərvəti toplanıb. Kitabın redaktoru AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, rəyçiləri filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov və filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədovdur. “Ön söz”də də yazıldığı kimi “geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitabdan müxtəlif ixtisas sahibləri istifadə edə bilər: müəllim, tələbə, həkim, hüquqşünas, mühəndis və başqaları”.
İlk səhifəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik kəlamları verilən bu kitabda müqəddəs “Qurani-Kərim”dən ayələr, həzrəti Məhəmməd Peyğəmbər və digər peyğəmbərlərin, din xadimlərinin ibrətamiz kəlamlarına, nəsihətlərinə də yer verilib.
Kitabın özünəməxsusluğu ondadır ki, burada tarixboyu təcrübədə sınaqdan çıxmış və aforizmə çevrilmiş ifadələr bir araya gətirilərkən hər zümrədən və peşədən olan insanların – filosof, hüquqşünas, tarixçi, alim, dövlət xadimi, yazıçı, şair, rəssam, hətta dünyada tanınan müğənni, aktyor, idmançı, biznesmen, habelə bir çox digər elm və sənət adamlarının deyimləri, həm də məşhur kinofilmlərdən sitatlar öz əksini tapıb. Yeni nəşrdə, həmçinin böyük İslam şəxsiyyətlərindən Əbunəsr əl-Fərabi, İbn Xaldun, Əbül Fərəc, Şeyx Sədi Şirazi, Nasiri Hüsrəv, Şəms Təbrizi, Mövlana Cəlaləddin Rumidən son dərəcə maraqlı və mənalı kəlamlar verilib. Çin, yunan, alman, ingilis, ispan, yəhudi, ərəb, fransız, amerikan, italyan, rus, türk və başqa çoxsaylı xalqların məşhur elm, ədəbiyyat və mədəniyyət xadimlərinin ibrətamiz fikirləri də toplanıb.
“Söz incisi”nin digər maraqlı tərəfi odur ki, o, Azərbaycanın, eləcə də dünya xalqlarının zəngin mədəni irsi sayılan atalar sözlərindən seçmə nümunələri də özündə əks etdirir.
Böyük Azərbaycan şairləri Nizami Gəncəvi, Məhəmməd Füzuli, Xaqani Şirvani, Hüseyn Cavid, Səməd Vurğun, Xəlil Rza, Bəxtiyar Vahabzadə, Hüseyn Razi, o cümlədən Türk dünyasının qüdrətli söz ustaları Yunus Əmrə, Mehmet Akif Ərsoy, Tovfiq Fikrət, Nəcib Fazil Qısakürək, eləcə də Şərqin görkəmli simaları olan Sədi Şirazi, Əmir Xosrov Dəhləvi kimi söz adamlarından ibrətamiz nümunələrin, mənalı və hikmətli beytlərin gətirilməsi də kitabın sanbalını artıran amillərdən biridir.
İnanırıq ki, Leyla Xəlilovanın tərtib etdiyi “Söz incisi” kitabı oxucular üçün faydalı olacaqdır.
Kübra VƏLİYEVA
AMEA Naxçıvan Bölməsinin dissertantı