22 Dekabr 2024, Bazar

Yallılar əsrlərin süzgəcindən keçərək xalqımıza məxsus bütün xüsusiyyətləri, onun kimliyini, tarixini, mədəniyyətini, etnoqrafiyasını, mifoloji inanclarını keçmişimizdən bu günədək daşıyan xalq rəqs­lərimizdir. Yallılar nəsillər arasında mənəvi körpüdür. Qürur hissi duyuruq ki, muxtar respublikamızda bu mənəvi körpü yüksək ehtiramla qorunub saxlanılır.

Araşdırmalar sübut edir ki, incəsənətin ən geniş yayılmış növlərindən biri olan rəqs sənətinin tarixi zərb musiqi alətlərinin yaranma tarixindən xeyli qədimdir. İbtidai icma quruluşu dövründə Azərbaycan ərazisində yaşayan müxtəlif qəbilə üzvləri ova çıxdıqları zaman əl çala-çala, ya da ağac və daşları bir-birinə vuraraq rəqs etmişlər. Bu cəhətdən muxtar respublikamızın Ordubad rayonu ərazisində yerləşən Gəmiqayadakı qaya təsvirləri xüsusilə səciyyəvidir. Eradan əvvəl II-I minilliyə aid yaşayış yeri olan Qızılburunda da aşkar edilmiş polixrom boyalı küpə üzərindəki rəqs – ifaçılıq təsviri yurdumuzda yallının çox qədim tarixə malik olduğundan xəbər verir.

Hələ lap qədimdən insanlar rəqs etmək üçün müəyyən müşayiətə və ritmə ehtiyac duymuşlar. Bu gün də yallılarımızı musiqinin müşayiəti olmadan təsəvvür etmək çox çətindir.
Bəs hazırda muxtar respublikamızda keçirilən müxtəlif mədəni tədbirlərdə iştirak edən yallı qruplarını müşayiət edən, sevə-sevə dinlədiyimiz musiqiləri səsləndirən yallı müşayiətçiləri kimlərdir? Bu sualın sorağında Şərur rayonuna üz tutduq. Rayon mədəniyyət sarayında “Şərur” Xalq Yallı Ansamblının məşq saatı olduğundan həm yallılarımızı əyani olaraq izləyə bildik, həm də yallı musiqisini dinləmək imkanımız oldu.
Məşq bitdikdən sonra ansamblın direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Kimya Babayeva bizimlə söhbətində vurğuladı ki, minillik tarixi olan mədəni irsimiz, o cümlədən yallılarımız bu gün beynəlxalq səviyyədə də yetərincə tanıdılır. Belə ki, Ali Məclis Sədrinin tapşırığına əsasən 2018-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi yallı sənəti ilə bağlı tədqiqatlar aparıb, bu irsin YUNESKO səviyyəsində qorunması ilə bağlı tədbirlər həyata keçirilib, “Şərur” Xalq Yallı Ansamblının fəaliyyəti və Naxçıvanda yallı sənəti ilə bağlı məlumatlar hazır­lanıb aidiy­yəti üzrə təqdim olunub. “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilib. Bu, biz sənət adamlarının hər birinə milli qürur və sevinc hissi bəxş etdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Şərur yallıları haqqında” 2018-ci il 24 dekabr tarixli Sərəncamı bu xalq yaradıcılığının öyrənilməsi və təbliği istiqamətində mədəniyyət işçilərinin də qarşısında mühüm vəzifələr qoyur.
Sonra yallı müşayiətçiləri Azərbaycanın Əməkdar mədəniyyət işçisi, zərb alətləri ifaçısı İsgəndər Əliyev, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, nəfəsli alətlər ifaçıları Natiq Məmmədov və Tuncay Həsənzadə, həmçinin Azərbaycan Respublikasının Əməkdar artisti, “Şərur” Xalq Yallı Ansamblının bəddi rəhbəri Əfsər Novruzovla həmsöhbət olduq.
Zərb alətləri ifaçısı İsgəndər Əliyev bildirdi ki, tarixən bu diyarda yallı mövcud olmuş, xalqımız tərəfindən eldən-elə, dildən-dilə ötürülərək bu günümüzə qədər yaşadılmışdır. Naxçıvan bölgəsində yallıları üç nəfərdən ibarət musiqiçi dəstəsi müşayiət edir. Bura 2 zurna, 1 nağara ifaçısı daxildir. Zurna ifaçılarından biri rəqsin əsas melodiyasını ifa edən solistdir. O həm də ansamblın rəhbəri sayılır. “Dəmkeş” adlanan digər zurna ifaçısı isə bu melodiyada tonikanı və digər istinad pərdələrini “dəm” şəklində uzadaraq ifa edir. Nağaraçı çubuqdan istifadə edərək iri nağarada yallını müşayiət edir. Müsahibimin dediklərinə görə, iri nağara zərb aləti tarixən “toy” adlanıb. “Nağara” ərəb sözüdür – vurmaq, döyəcləmək mənasını ifadə edir. Buna görə də həmin alətin “toy” adlandırılması milliliyimiz baxımından əhəmiyyətlidir.
İsgəndər Əliyev onu da qeyd etdi ki, müəyyən müddət ərzində yallılarımıza olan marağın azalması ucbatından onlardan bəziləri unudulmaq təhlükəsi ilə üz-üzə gəlsə də, bu gün həmin yallılar yaşadılır. Bildirdi ki, burada əmək fəaliyyətinə başladığı gündən etibarən belə yallıları təbliğ etməyə çalışıb. Fəaliyyəti dövründə 7 yallını yenidən hazırlayıb. Tanınmış tarzən və pedaqoq Əkrəm Məmmədli və Kənan Məmmədlinin “Naxçıvan-Şərur el yallıları” kitabının ərsəyə gəlməsində də zəhməti olub. Həmin kitabda 60-dan çox el yallısının nota yazılmasına kömək edib. Qeyd edək ki, kitabda Azərbaycan xalq musiqi janrına aid olan yallılar, həmçinin yallıları müşayiət edən musiqi dəstəsi, bu dəstədə istifadə olunan çalğı alətləri, Şərurda ifa olunan yallılar haqqında məlumatlar verilib.
Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, nəfəsli alətlər ifaçısı Natiq Məmmədov isə bizimlə söhbətində bildirdi ki, güclü və zil səsə malik zurna musiqi aləti tarixən Azərbaycan ərazisində geniş yayılmış və mədəni həyatımızda özünəməxsus yer tutmuşdur. Zurna sözünün “surnay” sözündən olub, sur – “böyük ziyafət”, nay – “qarğı”, “qamış” mənasını verdiyi ehtimal edilir. Arxeoloji qazıntılar nəticəsində zurna alətindən Azərbaycanda eramızdan əvvəl istifadə olunduğu sübut edilib. Əvvəllər musiqi məktəbləri olmadığından zurna ifaçıları xalq arasında ustadlardan dərs alaraq bu sənəti öyrənirdi. Not bilmədikləri üçün ifaçılar bir çox çətinliklər çəkirdilər. İndi isə muxtar respublikanın bütün bölgələrindəki musiqi məktəblərində yaradılan şərait, həmin məktəblərdə nəfəsli alətlər sinfinin açılması bu sahənin inkişafına yeni imkanlar açıb.
Bu gün Kəngərli Rayon Mədəniyyət Sarayında də yallı qrupları fəaliyyət göstərir. Buradakı yallı müşayiətçilərindən zurna ifaçıları İntiqam Rzayev və Vüqar Muradov bildirdilər ki, digər bölgələrimiz kimi, Kəngərli rayonunda da mədəni sahələrin inkişafına böyük diqqət və qayğı göstərilir. Yallı təkcə musiqi və rəqs növü deyil. O, qədim oğuz-türk tarixinin başlıca möhürlərindən biri olmaqla yanaşı, xalqımızın həm də bugünkü varlığıdır. Məhz bu mənəvi sərvətlərimiz ilə düşmənlərimizə də kimliyimizi, varlığımızı göstərə bilirik. Muxtar respublikada yallılarımızın yaşadılması, tədqiqi və təbliği istiqamətində həyata keçirilən tədbirlər də təqdirəlayiqdir. Son illər rayonda mədəniyyət müəssisələri, uşaq musiqi məktəbləri üçün yeni binalar tikilib istifadəyə verilib. Bu, həm də gənc nəsildə hazırda ifa etdiyimiz qədim musiqi alətlərinə olan marağı daha da artırıb. Sevindirici haldır ki, musiqi məktəblərində bu aləti öyrənmək üçün üz tutan şagirdlərin sayı ildən-ilə daha da artmaqdadır. Keçmişdə buradakı el şənlikləri, toylar sonda yallı ilə başa çatardı. Bu gün də yallısız bir toy belə, təsəvvür etmək olmaz. Onun sözlərinə görə, Kəngərlidə fəaliyyət göstərən “Gülümhey” folklor qrupu da istər müxtəlif tədbirlərdə, istərsə də el şənliklərində və toylarda fəal iştirak edir.
Bəli, musiqi milli varlığımızı təsdiqləyən zəngin mənəvi xəzinəmiz, xalqları və cəmiyyətləri bir-birinə yaxınlaşdıran bir vasitədir. Çoxəsrlik tarixə malik, zəngin etnoqrafiyamızı yaşadan yallılarımız isə milli musiqimizin nadir incilərindəndir.

 Pərviz HACILI

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR