Culfa rayonunun Kırna kənd sakini Sona Əsgərova, Milax kənd sakini Elman Hacıyev, Camaldın kənd sakini Tünzalə Məmmədova, Ərəfsə kənd sakini Aqil Qələndərov tərəfindən qədim tariximizi və mədəniyyətimizi əks etdirən küp, mis məişət əşyaları, yun darağı, cəhrə, kirkit, oraq, ütü və digər nümunələrdən ibarət 33 eksponat “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinə təqdim edilib.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, muzeylər xalqın milli özünəməxsusluğunu, tarixi keçmişini bu günə daşıyan, milli və mənəvi dəyərləri qoruyan mədəniyyət ocaqlarıdır.
Qeyd olunub ki, Naxçıvanda tarix-mədəniyyət abidələrinin qorunması, onların bərpası və konservasiyası son illər ərzində geniş vüsət alıb, tariximizin və mədəniyyətimizin saxlanc yeri olan yeni-yeni muzeylər istifadəyə verilib, onların maddi-texniki bazası möhkəmləndirilib. Həmçinin tariximizin, mədəniyyətimizin, adət-ənənələrimizin araşdırılması, qorunması və gələcək nəsillərə çatdırılması da diqqət mərkəzində saxlanılır.
Nazir diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində 30 muzey və muzeytipli müəssisə fəaliyyət göstərir. Muxtar respublikanın muzeylərində xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 140 mindən çox maddi mədəniyyət nümunələri mühafizə olunaraq qorunub saxlanılır.
Vurğulanıb ki, son illər ərzində muzeyləri ziyarət edənlərin də sayı əhəmiyyətli dərəcədə artıb. Ötən il muxtar respublikanın muzeylərini 592 min 683 nəfər tamaşaçı ziyarət edib ki, onlardan 178 min 469 nəfəri əcnəbi vətəndaşdır.
Bildirilib ki, muzey fondlarının zənginləşdirilməsi, onların yeni eksponatlarla təmin olunması daim diqqət mərkəzində saxlanılır. Bu prosesdə muzey əməkdaşları və muxtar respublika vətəndaşları yaxından iştirak edirlər. Ötən il muxtar respublika muzeylərinə 1564, keçən ay isə 143 eksponat daxil olub. 2018-ci ildə, ümumilikdə, 8 eksponat təqdimatı keçirilib ki, bu təqdimatlarda da xalqımızın tarixini özündə yaşadan maddi mədəniyyət nümunələrini muzeylərə könüllü şəkildə təqdim edən vətəndaşlar yaxından iştirak ediblər. Sevindirici haldır ki, bu aksiyaya artıq yetişməkdə olan gənc nəsil – məktəblilər də qoşulub. Ötən ay Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyində keçirilən eksponat təqdimatı rayonun Muğanlı kənd tam orta məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə olub. Bu gün “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyində keçirilən tədbir görülən işlərin nəticəsi kimi qiymətləndirilməlidir. Muzeyə təqdim olunan 33 yeni eksponat muzeyin fondunun və ekspozisiyasının zənginləşməsinə şərait yaradacaqdır.
Natəvan Qədimova çıxışının sonunda mədəniyyətimizə, tariximizə göstərdiyi böyük diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə mədəniyyət işçiləri adından dərin minnətdarlığını bildirib.
Rayonun Kırna kənd sakini Sona Əsgərova, Milax kənd sakini Elman Hacıyev çıxışlarında qeyd ediblər ki, belə tədbirlər maddi-mədəni irsimizin qorunması baxımından əhəmiyyətlidir. Çünki yeni eksponatların muzeyə verilməsi xalqımıza məxsus tarixin və mədəni sərvətlərin yaşadılması, gələcək nəsillərə çatdırılmasına xidmət edir.
Sonda muzeyin ekspozisiyasına baxış olub.
Qeyd edək ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən yaradılmışdır. Muzey 2016-cı ildən fəaliyyət göstərir. Hazırda burada qədim tariximiz və mədəniyyətimizlə bağlı 256 eksponat mühafizə olunur.
Əli RZAYEV