22 Dekabr 2024, Bazar

Dünən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyevin 60 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova açaraq bildirib ki, qədim diyarımızda tanınmış sənət adamları daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun sənət adamlarına, aktyorlara, rəssamlara, musiqiçilərə göstərdiyi diqqət və qayğı bunun bariz ifadəsidir. Məhz Ali Məclis Sədrinin göstərişinə əsasən onların yubileyləri yüksək səviyyədə qeyd edilir. Bu gün keçirilən yubiley də bu ənənələrin uğurlu davamıdır.
Diqqətə çatdırılıb ki, yubileyi qeyd edilən tanınmış aktyor Kamran Quliyev teatrda 80-ə yaxın dolğun obraz yaradıb. Bu obrazlar dərin psixoloji dünyası ilə seçilən xarakterlərdir. 1980-ci ildə teatrın baş rejissoru, Azərbaycan Respublikasının Əməkdar artisti Vəli Babayevin dəvəti ilə bu sənət ocağında fəaliyyətə başlayan sənətkar Naxçıvan teatrının səhnəsində müxtəlif taleli obrazlar canlandırıb. Aktyorun yaratdığı rəngarəng obraz və personajlar onu teatrsevərlərə sevdirib. Kamran Quliyev həm də gözəl rejissor və pedaqoq kimi tanınır.

Ardını oxu...

Milli geyimlər maddi-mədəniyyətin bir növü kimi xalqı səciyyələndirən, fərqləndirən, milli cəhətdən sonrakı dövrlərə çatdıran vacib etnoqrafik faktlardır. Geyimlər etnogenez məsələlərini aydınlaşdırmaq, xalqlar arasında mədəni-tarixi əlaqə və qarşılıqlı təsir məsələlərini müəyyənləşdirmək işində yardımçı material rolunu oynamaqla, xalqın həm təsərrüfat sahələrinin səviyyəsindən, həm də coğrafi şəraitdən asılıdır. Maddi-mədəniyyətin digər sahələri kimi, geyimlər də sosial-iqtisadi həyat şəraiti ilə üzvi surətdə bağlı olub, xalqın əmək fəaliyyətini, onun bədii-estetik zövqünü, cəmiyyətin ictimai qrupları arasındakı sosial-zümrə fərqlərini aydın şəkildə özündə əks etdirir.

Naxçıvanda geniş yayılmış milli geyimlərin ən qədim nümunələri dövrümüzə qədər gəlib çatmasa da, bu geyimləri bəzəyən müxtəlif bəzək əşyaları muzeylərimizdə sərgilənməkdədir. Qədim yaşayış yerlərimizdən tapılmış iy ucluqları da onu deməyə əsas verir ki, ulu əcdadlarımız hələ eramızdan əvvəl V minillikdən yun əyirməyi və toxumağı bacarmışlar. Eramızdan əvvəl II minilliyə aid Qızılburun küpəsi üzərində milli geyimdə təsvir edilmiş kişi və qadın rəsmləri də geyim mədəniyyətimizin tarixinin nə qədər qədim olduğunu göstərən əsaslı dəlillərdəndir.
Milli geyim mədəniyyətimizdən danışarkən qeyd etməliyik ki, xalq geyimlərinin zənginliyi bilavasitə parça istehsalı, onun inkişaf dinamikası ilə sıx vəhdət təşkil etmişdir. Orta əsrlərə aid Xaraba Gilan sərdabəsindən tapılmış müxtəlif parçalar geyim mədəniyyətimizi öyrənmək baxımından əhəmiyyət daşıyır. Əldə edilən parça örnəklərindən məlum olur ki, Naxçıvan diyarında yaşayan insanlar parça toxumaq sahəsində hələ XIII əsrdə yüksək nailiyyət əldə etmişlər. Parça hazırlanmasında cecim toxuma üsulundan istifadə məhsulların yüksək keyfiyyətliliyini təmin etmişdir. Bu cür parçalardan hazırlanan geyimlər estetik baxımdan da gözoxşayan olmuşdur.

Ardını oxu...

Qədim Naxçıvan diyarında çoxsaylı tarixi abidələr mövcuddur. Hər bir abidə də tarixinə, tikilişinə, memarlıq xüsusiyyətinə görə fərqli çalarları özündə əks etdirir. Naxçıvanın mühüm memarlıq abidələri sırasında möhtəşəmliyi ilə ilk olaraq diqqəti özünə çəkən Əlincə qalasıdır. İnşası iki min il bundan əvvələ gedib çıxan qalanın yerləşdiyi coğrafi mövqeyi, əsrarəngiz görüntüsü yüz illər bundan əvvəl olduğu kimi, bu gün də buraya yolu düşənləri heyran edir. Əlincəqala, eyni zamanda Naxçıvanın mübarizlik simvolu kimi tanınır. Çünki uzun illər yadelli işğalçıların mübarizə meydanına çevrilmiş qala fatehlərin, böyük hökmdarların qarşısında dizini yerə vurmayıb. Əksinə, mərdliklə mübarizə apararaq Naxçıvanın qədim hərb tarixinə adını qızıl hərflərlə yazdırıb. Bu qalanın möhtəşəmliyi, məğlubedilməzliyi haqqında kimlər söz söyləməyib, kimlər tərif deməyib ki?
Qala əsrlərboyu strateji obyekt kimi Azərbaycan ərazisində mövcud olmuş feodal dövlətlərin nəzarətində olub. Bu qalanın Atabəylər dövründə dövlət üçün nə dərəcədə əhəmiyyətli olduğunu Sədrəddin Əli əl-Hüseyni “Əxbar əd-dövlət əs-Səlcuqiyyə” əsərində də qeyd edir. Onun yazdıqlarından aydın olur ki, ilk Eldəniz hökmdarları dövründə İraq və Azərbaycandan yığılan bütün gəlirlər məhz Əlincəqaladakı xəzinədə toplanmışdır. Hətta bəzi dövrlərdə buradakı xəzinəyə sahiblənmək uğrunda ciddi mübarizə getmişdir. Qalanın müdafiə sistemi o dərəcədə möhkəm olmuşdur ki, hətta bir çox Eldəniz hökmdarları ən çətin vaxtlarda məhz Naxçıvana sığınmağa çalışmışlar. Mənbələrdə də bununla bağlı məlumatlar var. Məsələn, sonuncu Atabəy Özbəyin dövründə dövlətin Təbrizdən idarə olunmasına baxmayaraq, dağıdıcı monqol hücumlarından canını qorumaq üçün o, ilk növbədə, Naxçıvanda məskunlaşmağa çalışmışdı. İbn əl-Əsir 12 cildlik “Mükəmməl tarix” əsərində bu haqda yazır: “Təbrizin əsl hakimi Özbək Pəhləvan oğlu oranı buraxıb getmişdi. Çünki o, fəaliyyətsiz bir əmir idi. ...Tatarların Həmədandan çıxıb gəlməkdə olduqlarını eşitdikdə özü Təbrizi buraxıb Naxçıvana getmiş və ailəsini özündən uzaqlaşdırmaq üçün Xoya göndərmişdi”. Məlumatlardan o da aydın olur ki, Özbək Naxçıvana gəldikdən sonra Əlincəqalaya çəkilmişdir. Azərbaycan Atabəylər dövlətinin ən qüdrətli dövrlərində buranın xüsusi iqamətgaha çevrilməsi, dövlət xəzinəsinin məhz Əlincəqalada gizlədilməsi ərazinin və qalanın əhəmiyyətini bir daha göstərir.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin elmi işçisi Nazirə Əsgərovanın “Folklorun poetik özünəməxsusluğu: mühit, janr, ənənə” adlı kitabı işıq üzü görüb.
Yeni tədqiqat əsərində şifahi xalq ədəbiyyatının janrlarını öz elmi araşdırmalarında geniş tədqiq edən müəllifin müxtəlif illərdə qələmə aldığı məqalələri ­toplanılıb.
Kitabda Naxçıvanda şifahi xalq ədəbiyyatı sahəsində folklor mühitinin poetik özünəməxsusluğu, janrların səciyyəvi xüsusiyyətləri, habelə qədim diyarın xalq yaradıcılığındakı ənənəsi haqqında məlumatlar əksini tapıb. Nəşrdə, həmçinin dastanlar, atalar sözləri və məsəllər, bayatılar, nağıllar, laylalar, xalq oyunları və digər janrların bölgə mühitində yeri, xarakteri və tarixinə nəzər salınıb.
Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədovun və həmin şöbənin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Çinarə Rzayevanın elmi redaktorluğu ilə çap olunan kitab Naxçıvan folklor mühitinin öyrənilməsi baxımından əhəmiyyətli elmi mənbədir.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi

Belə bir deyim var ki, yayın bolluğu qışın yavanlığıdır. Atalarımız bu sözləri əbəs deməyiblər. Tarixboyu Naxçıvan diyarı əkilib-becərilən meyvələrin çeşidinə, dadına görə seçilib. Zəngin meyvəçilik ənənələrinə malik olan bu diyarda ta qədimdən min bir zəhmət hesabına hasilə gələn meyvələr yayın sonu – erkən payızdan başlayaraq qurudulmuş, qış tədarükü görülmüşdür. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda 15 sentyabr – Bilik Gününə həsr olunmuş “Mənim yaradıcılığım” adlı uşaqların rəsm sərgisi keçirilib.

Ardını oxu...

Tarixən müxtəlif kənd təsərrüfatı bitkilərinin becərilməsi ilə məşğul olan ata-babalarımız bitkilərin və onların becərildikləri torpaqların xarakterinə yaxından bələd olmuş, hansı ərazidə hansı sahənin daha məhsuldar olduğunu illər boyu öyrənmiş və bu sahələr ənənəvi ­məşğuliyyət sahəsinə çevrilmişdir. 

Naxçıvanın tarixi iqtisadi coğrafiyasının öyrənilməsi üçün ən mühüm mənbələrdən biri, şəksiz ki, hələ XVIII əsrdə Naxçıvanda II Osmanlı idarəçiliyi dövründə tərtib edilmiş “Naxçıvan sancağının müfəssəl dəftəri”dir. Dəftəri osmanlıcadan Azərbaycan dilinə tərcümə edərək nəşr etdirən akademik Ziya Bünyadov və Hüsaməddin Qaramanlının da qeyd etdikləri kimi, müfəssəl və icmal dəftərlər Naxçıvan sancağının XVI-XVIII əsrlərdə kənd təsərrüfatının vəziyyətinin öyrənilməsi baxımından çox qiymətli mənbələrdir.
Dəftərdəki məlumatlarla tanışlıq göstərir ki, o zaman Naxçıvanda kənd təsərrüfatının ən geniş yayılmış sahəsi taxılçılıq idi. Həmin dövrdə Naxçıvan sancağının bütün nahiyə və kəndlərində bu təsərrüfat sahəsi ilə məşğul olunmuşdur. Buğda, arpa, darı, demək olar ki, bütün kəndlərdə əkilmişdir. Dənli bitkilərdən düyü, mərcimək, maş və noxudun əkilib-becərilməsi ilə bağ­lı məlumatlar isə xüsusi maraq ­doğurmaqdadır.

Ardını oxu...

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 fevral tarixli Sərəncamına əsasən Naxçıvan şəhərində xalça istehsalı emalat­xanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması istiqamətində işlər davam etdirilir, istehsal müəssisəsinin kadr təminatı diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Naxçıvan Regional Peşə Tədris Mərkəzində keçirilən tədris­-hazırlıq kursu davam edir. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətindən dəvət olunmuş mütəxəssisin iştirakı ilə keçirilən kursa bu günədək 58 nəfər cəlb edilib ki, onlardan 25 nəfəri tədris proqramını artıq tam mənimsəyib.
Kursun təşkili xalça istehsalı müəssisəsinin kadr təminatı, kursu müvəffəqiyyətlə bitirənlərin məşğulluğunun təmin olunması, həmçinin Naxçıvanda tətbiqi xalq sənəti növü kimi xalçaçılıq ənənələrinin təbliği baxımından mühüm əhəmiyyətə malikdir. Qeyd edək ki, tədris-hazırlıq kursu hana, avadanlıq və xammalla, eyni zamanda xalçaçılıq sənətinə dair müvafiq ədəbiyyat və dərsliklərlə, elektron çeşnilərlə təmin edilib. Kursun yekununda iştirakçılara “Azərxalça” tərəfindən sertifikatlar veriləcək və həmin toxucular xalça istehsalı emalat­xanasında işlə təmin ediləcəklər.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, sentyabr ayının 8-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksin­də “Milli geyimlər festivalı” keçiriləcək.
Festivalda muxtar respublikadakı muzeylərdə olan milli geyim eksponatlarından ibarət səyyar, eləcə də xalqımızın müxtəlif dövrlərə aid olan milli geyimlərinin sərgisi də təşkil ediləcək. Sərgidə 40 ədəd belə geyim eskizi yer alacaqdır.
Burada təşkil ediləcək sərgi­-satışda sənətkarlar tərəfindən hazırlanmış əl işləri nümayiş etdiriləcək.
“Milli geyimlər Naxçıvan teatrının səhnəsində” adlı sərgidə müxtəlif teatr tamaşalarında istifadə edilmiş milli geyimlərimiz, “Milli geyimlər rəssamların gözü ilə” adlı sərgidə isə muzeylərdə olan milli geyimlərin təsvir olunduğu rəsm əsərləri, foto­şəkillər və müasir Naxçıvan rəssamlarının milli geyimlərlə bağlı rəsm əsərləri sərgilənəcək. Həmçinin “Milli geyimlərimiz uşaqların gözü ilə” adlı sərgidə muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri şagirdlərinin milli geyimlərlə bağlı rəsm əsərləri və etüd çəkilişini nümayiş etdirməklə yanaşı, məktəbdənkənar müəssisələrin dərnək üzvlərinin rəsmləri və əl işləri ilə tanışlıq da olacaq. Festivalda nümayiş etdiriləcək “Milli geyimlər filmlərdə” adlı sərgidə xalqımıza məxsus geyim növlərinin əks olunduğu filmlərdən fotoşəkillər və Naxçıvan Dövlət Film Fondunun Muzeyində olan Azərbaycan filmlərinin çəkilişlərində istifadə edilən geyimlər yer alacaqdır.

Ardını oxu...

Araşdırmalar göstərir ki, Naxçıvan xalçaları üzərində qorunub saxlanılan naxışlar ulu əcdadlarımızın mənəvi dünyası ilə sıx bağlıdır. Bu qiymətli sərvətlərimizin digər dekorativ-tətbiqi sənət nümunələri ilə bənzərlik təşkil edən naxışları xalqımızın minilliklərdən bəri süzülüb gələn mifoloji dünyagörüşünü əks etdirir. Müstəqillik illərində xalq yaradıcılığının digər sahələri kimi, Naxçıvanda xalçaçılıq sənətinin də dirçəldilməsi üçün çox işlər görülüb, unudulmaqda olan xalçaçılıq ənənələrinin yenidən bərpa olunmasına diqqət artıb. 

Naxçıvan Biznes Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətinin xalq yaradıcılığı emalatxanasında xalça toxunmasının təşkil olunması, Ordubad şəhərində öz dövrünün tanınmış siması, xeyriyyəçi Mənsur ağa Kəngərlinin əsaslı surətdə təmir-bərpa edilmiş XIX əsrə aid olan mülkünün bir hissəsində xalçaçılıq sexinin yaradılması, Naxçıvan Regional Peşə Tədris Mərkəzində xalçaçılıq üzrə peşə kurslarının açılması, Naxçıvan Qızlar Liseyində Tikiş, toxuculuq və xalçaçılıq dərnəyinin yaradılması, ali təhsil ocaqlarında xalçaçılıq dərslərinin keçilməsi qədim diyarımızda xalçaçılığın inkişafına göstərilən dövlət qayğısının nəticəsidir. Naxçıvan Dövlət Xalça Muzeyinin ekspozisiyasının yenidən qurulması, Naxçıvan xalçaları ilə bağlı yeni nəşrlərin işıq üzü görməsi, vaxtilə Biçənək və Günnüt kəndlərində toxunan və ayrı-ayrı ünvanlardan əldə edilən xalça məmulatlarının muzeyə təqdim olunması da belə tədbirlər sırasındadır.

Ardını oxu...

Naxçıvan dünyanın qədim metal­işləmə ocaqlarından biri olub. Bu diyarda mühüm metal yataqları olduğundan ən qədim dövrlərdən burada metallurgiya inkişaf edib, metalişləmənin dəmirçilik, mis­gərlik və zərgərlik kimi müstəqil sahələri yaranıb.

Ardını oxu...

Ziyalı, şəxsiyyət və vətəndaş olaraq kamilləşmənin yolu mütaliədən, kitabxanalardan keçir. Təsadüfi deyil ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev kitabxanaları belə qiymət­ləndirmişdir: “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanalara daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir”. Lakin onu da etiraf edək ki, informasiya əsri olan müasir dövrümüzdə yeni texnologiyaların inkişafı informasiyaların növ və mənbə çeşidliliyinə, hüdudsuzluğuna rəvac verib. Şaxələnən informasiya dünyasında çap məhsulları öz dəyər və nüfuzunu qorumaq uğrunda “gözə­görünməz müharibə”yə təhrik edilib. Bu isə müasir dövrümüzdə informasiyanın axtarışı, seçilməsi, qiymətləndirilməsi bacarığı tələb edir. Saysız-hesabsız informasiya bolluğundan düzgün yararlanmaq, onu faydalılıq və zərurilik, obyektivlik əmsalı ilə qiymətləndirə bilmək pedaqoji prosesdən kənar məqamlarda, xüsusilə də yeniyetmə və gənclər arasında bəzən müşkülə çevrilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamı bu problemin həlli istiqamətində zamanında atılmış addım idi.

Oxunması zəruri olan kitablar

Bu tarixi sənəd ümumi inkişafın mühüm tərkib hissəsi, aparılan çoxşaxəli yenilikçi islahatların uğurlu məntiqi davamı idi. Sərəncamı kifayət qədər dərk və icra edə biləcək mühit və cəmiyyət də artıq yetərincə formalaşdırılmışdı.

Ardını oxu...

Avqustun 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının, Ali Məhkəmənin, Naxçıvan Şəhər Məhkəməsinin və ixtisaslaşdırılmış məhkəmələrin kollektivləri Naxçıvan Biznes Mərkəzində olublar.
Məlumat verilib ki, Biznes Mərkəzində 94 müəssisə tərəfindən 192 növdə 1000-dən çox çeşiddə məhsul sərgilənir. Həmçinin burada yerli ailə təsərrüfatlarında istehsal olunan məhsullar, ayrı-ayrı sənətkarlar tərəfindən hazırlanan əl işləri, rəsm əsərləri, xalçalar və Naxçıvan Muxtar Respublikasının istehsal və xidmət müəssisələrinin xəritəsi nümayiş etdirilir. Muxtar respublikamızdakı iri özəl sektor təmsilçiləri olan “Gəmiqaya Holdinq”, “Dizayn Holdinq”, “Araz Holdinq”, “Cahan Holdinq”, “Zümrüd” Kiçik Müəssisəsi, “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti, Babək “Sirab” Açıq Səhmdar Cəmiyyəti ilə yanaşı, çox sayda digər orta və kiçik biznes qurumlarının məhsulları da burada öz yerini tutub. Cari ildə “İslam ­Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018” loqosunun əks olunduğu yerli məhsullar və əl işləri burada nümayiş etdirilir.

Ardını oxu...

Hər bir xalqın zəngin musiqi mədəniyyəti onun milli-mənəvi sərvətidir. Tarixə nəzər salsaq, görərik ki, bəzi xalqlar musiqinin qeyri-adi gücə malik olduğuna və Tanrı tərəfindən insanlara bir lütf olaraq göndərildiyinə inanıblar. Musiqi dilləri fərqli olan xalqların tək ortaq dilidir. Bir sözlə, musiqi, həqiqətən də, ruhumuzun qidasıdır. Ümummilli liderimiz Heydər Əliyevin qeyd etdiyi kimi: “Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər ­insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz”.

Dünyada zənginliyi ilə fərqlənən Azərbaycanın musiqi mədəniyyəti çoxəsrlik inkişaf yolu keçib. Bu inkişafın göstəricisi olaraq bu gün Azərbaycan musiqisi qitələr dolanır və sevilir. Musiqimizi inkişaf etdirən, qoruyan, özündən sonrakı nəsillərə ötürən sənətkarlarımızdan biri – Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, ustad tarzən Zöhrab Axundovla həmsöhbət olduq. Onunla Naxçıvanda milli musiqimizin dünənindən, bu günündən, bu qədim diyarda yaşamış və fəaliyyət göstərmiş sənətkarlar haqqında ­danışdıq.
– Zöhrab müəllim, ilk olaraq Naxçıvanda milli musiqinin inkişaf tarixindən, musiqi mühitinin formalaş­masından söhbət açmanızı istərdim.

Ardını oxu...

Avqustun 27-də bununla bağlı keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, bu gün muxtar respublikada ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqincə davam etdirilməsi nəticəsində Naxçıvanın mədəniyyəti, tarixi və abidələri, arxeologiya və etnoqrafiyası milli müstəqillik və soykökünə qayıdış zəminində araşdırılaraq nəticələr əldə edilib, bu istiqamətdə bir sıra elmi əsərlər yaranıb. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində bir çox abidələr yenidən bərpa edilib, tariximizi və mədəniyyətimizi əks etdirən muzeylər yaradılıb. Bu qayğının ən bariz nümunələrindən biri də Ali Məclis Sədrinin 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə “Xan Sarayı” Dövlət Tarix-­Memarlıq Muzeyinin yaradılmasıdır.
Məhz bu sərəncamdan sonra Naxçıvan xanlarının və onların görkəmli nümayəndələrinin tarixi burada qorunaraq öyrənilir və ziyarətçilərə təbliğ edilir.
Nazir diqqətə çatdırıb ki, Naxçıvan xanlarının tarixi kökü çox qədim olan Kəngərli türk tayfalarından gəlir. 1828-ci ildə Türkmənçay müqaviləsinə görə Naxçıvan xanlığı Rusiya tərəfindən işğal olunsa da, Kəngərlilər nəslinin nüfuzlu nümayəndələri naib titulu ilə 1840-cı ildən başlayaraq yüksək vəzifələrdə olublar. Kəngərlilər arasında bir sıra dövlət, ictimai, siyasi, hərbi və elm xadimləri yetişib.

Ardını oxu...

Kino sənətinin bu növü real hadisələrin, gerçək həyatın lentə alınması əsasında yaradılır, müəyyən mövzu üzrə müxtəlif araşdırmalar nəticəsində toplanan sənədli faktları film formasında tamaşaçılara çatdırır. Dünya kinosunun əsası məhz sənədli-xronikal kadrlarla qoyulmuşdur. Sənədli kinonun əhəmiyyəti təkcə həyat hadisələrini birbaşa və müstəqil təhlil etməkdən ibarət deyildir. O, konkret faktları və hadisələri tutuşdurmaq və təhlil etmək üçün də geniş imkanlara malikdir. 

Bu baxımdan Naxçıvan Dövlət Televiziyasının sənədli filmlər və dublyaj redaksiyasında muxtar respublikamızda doğulmuş elm, ədəbiyyat, mədəniyyət və incəsənət xadimlərinin həyat və yaradıcılığından, diyarımızın hər daşında-qayasında, elində-obasında qədim tarix və adət-ənənələrimizi yaşadan ayrı-ayrı bölgələrindən, Naxçıvanın zəngin təbiətinin və bənzərsiz milli mətbəxinin özünəməxsusluğundan bəhs olunan sənədli filmlərin istehsalını bu il yaranmasının 120 illiyini qeyd etdiyimiz kino tariximizə verilən əvəzsiz töhfə hesab etmək olar. Ölkə Prezidentinin 2018-ci il 1 avqust tarixli Sərəncamı ilə kinematoqrafiya sahəsində əməyi qiymətləndirilənlər arasında Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əməkdaşları Vaqif Ağalarov və Ruhiyyə Rəsulovanın adlarının olması isə Azərbaycanda kino sənətinin inkişafında həmyerlilərimizin xidmətlərini göstərir və bu, hər birimizdə qürur hissi yaradır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı həyata keçirilən tədbirlər xalq yaradıcılığının inkişafında və gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır.
Növbəti belə tədbir Sədərək Rayon Heydərabad qəsəbəsində keçirilib. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzinin direktoru Səyyar Məmmədov və Sədərək Rayon Mədəniyyət Şöbəsinin müdiri Rəşad İsmayılov tədbirdə çıxış edərək bildiriblər ki, müasir dövrdə xalq yaradıcılığının, əsrlər boyu yaranan mənəvi və maddi-mədəniyyət nümunələrinin öyrənilməsi, ənənəvi sənət sahələrinin dirçəldilməsi, onların geniş şəkildə tətbiq və təbliğ olunması mühüm əhəmiyyət kəsb edir. Xalq yaradıcılığı günlərinin keçirilməsi milli-mədəni tariximizin, milli dəyərlərimizin yaşadılmasında böyük əhəmiyyət kəsb edir.
Sonra tamaşaçılara Sədərək Rayon Mədəniyyət Evinin dərnək üzvləri və rayon Uşaq Musiqi Məktəbinin folklor kollektivinin ifasında yallı, aşıq havaları və qədim musiqi alətlərimizdə musiqi nömrələri təqdim olunub.

 Ramiyyə ƏKBƏROVA

Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvanda tarix və mədəniyyət abidələri yüksək dövlət qayğısı ilə əhatə edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamlarına uyğun olaraq 2005-ci ildən başlayaraq burada olan tarix və mədəniyyət abidələrinin qeydə alınması davam etdirilməkdədir. Son illər aparılan araşdırmalar zamanı Naxçıvanda formalaşan qədim mədəniyyətlərin Cənubi Qafqaz, o cümlədən Azərbaycan üçün mühüm əhəmiyyəti olduğunu təsdiq edən yeni abidələr aşkar olunub.

Cənubi Qafqaz mədəniyyətləri ilə Yaxın Şərq mədəniyyətləri arasındakı əlaqələrin mövcudluğu uzun müddətdir ki, qafqazşünas arxeoloqların diqqətini cəlb etməkdədir. R.Munçayev, O.Həbibullayev, İ.Nərimanov, T.Axundov və digərləri Yaxın Şərq mədəniyyətlərinin Cənubi Qafqaza yayılması ilə bağlı müxtəlif fikirlər söyləyiblər. Bu əlaqələrin mövcudluğu indiyədək tək-tək tapıntılarla təmsil olunurdusa, hazırda arxeoloji materialların bütöv kompleksi ilə təsdiq edilir. Belə ­arxeoloji material mənbələrindən biri də Dalma təpətipli keramika ilə xarakterizə olunan Naxçıvan təpə yaşayış yeridir.
Bu yaşayış yeri Naxçıvançayın sağ sahilində, dəniz səviyyəsindən 853 metr yüksəklikdə yerləşir və vaxtilə buradakı yarğanın üzərində salınıb. Ehtimal ki, çay yaşayış ­yerinin yaxınlığından keçirmiş, hazırda isə ondan 200 metr aralıdadır. Yaşayış yerinin bir hissəsi əkin sahələrinin altında qalıb, bir hissəsi isə Naxçıvançay üzərindən körpü çəkilərkən dağıdılıb. Hazırda yaşayış yerinin salamat qalan hissəsinin sahəsi 2 hektara yaxındır.
Araşdırmalara əsasən demək olar ki, Naxçıvan təpə yaşayış yerinin sakinləri ilk dövrlərdə bir tərəfi ana torpaqda qazılmış, digər qismi isə kərpiclə hörülmüş yaşayış evlərindən istifadə ediblər. Bu tip yaşayış evlərinin qalıqlarına Ovçular təpəsində və Yeni yol yaşayış yerində də rast gəlinir. Sonrakı mərhələdə kərpicdən inşa olunmuş dördkünc formalı evlərdən istifadə olunub.

Ardını oxu...

Avqustun 18-də Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” devizi altında Naxçıvan şəhərinin Saat meydanında növbəti şənbə konserti olub.
Mahnı və Rəqs Ansamblı geniş konsert proqramı ilə çıxış edib. Ansamblın üzvlərinin ifasında xalq və bəstəkar mahnıları, xalq rəqsləri tamaşaçılara təqdim olunub.
Ansamblın üzvlərindən Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Hünər Əliyevin, Xatirə Səfərovanın, həmçinin Cəfər Tağıyevin, Namiq Vəliyevin, Məhərrəm Quliyevin, Nərmin Hüseynovanın, Hüseyn Qasımovun ifa etdikləri şən və lirik mahnılar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Rəqs qrupunun ifa etdiyi “Xançobanı”, “Naz eləmə” və başqa rəqslər konsertə əlvanlıq gətirib. Bir saatdan artıq davam edən konsert “Yallı” rəqsi ilə başa çatıb.
Konsert proqramı şəhər sakinləri və qonaqlarda xoş ovqat yaradıb.
Qeyd edək ki, yay mövsümü ərzində əhalinin istirahətinin səmərəli təşkili, asudə vaxtının mənalı keçirilməsi məqsədilə hər həftə şənbə konsertləri ­keçirilir.

Əli RZAYEV

Naxçıvan qədim tarixi, maddi-mədəniyyət nümunələri ilə hər zaman seçilib. Burada yaşı minilliklərlə ölçülən türbələr, məscidlər, mədrəsələr, imamzadələr və digər türk-islam abidələri canlı salnamə kimi tarixdə öz izini qoruyub saxlayır. Hazırda 1162 tarix-mədəniyyət abidəsinin mövcud olduğu qədim diyarımızda bu abidələrin 58-i dünya, 455-i ölkə, 649-u isə yerli əhəmiyyətlidir. Bu tarixi irs nümunələrinin özəlliyi onların həm maddi-mənəvi, həm də dini inanc baxımından müqəddəs dəyərlərə bağlı olmasındadır. 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı olan Naxçıvanın qədim memarlıq ənənələri məhz bu səciyyəvi xüsusiyyətlərinə görə bura gələn qonaqların diqqətini cəlb edir. Digər tərəfdən də islami dəyərlərin qorunub saxlanıldığı tarixi-mədəni abidələr təsviri sənətə də yol taparaq tariximizin şəkillərdə, rəsm əsərlərində əbədiləşdirilməsinə gətirib çıxarır.

Ardını oxu...

Naxçıvan Cənubi Qafqazda hansı qədim sənətkarlıq
sahəsində liderlik edirdi?

Naxçıvan uzaq keçmişdən öz tarixi və zəngin mədəniyyəti ilə seçilən məkanlardandır. Qədim insan məskənlərinin yarandığı ilk ərazilərdən olmuş bu diyar, həm də tarixən müxtəlif sənət sahələrinin inkişafına öz töhfəsini verib. Əlverişli iqlim, münbit torpaqlar, su mənbələri  burada əkinçiliklə yanaşı, heyvandarlığın, o cümlədən xalçaçılıq, ipəkçilik, çəkməçilik, boyaqçılıq, papaqçılıq və adlarını sadalamadığımız onlarla digər sənət sahələrinin yayılmasına və inkişafına imkan verib. Naxçıvanda yaranmış ilkin sənət sahələrindən biri də gön-dəri məmulatı istehsalı olub.

Tədqiqatçılar bu sənətin yaranma tarixinin ibtidai icma quruluşu dövründən başlandığını bildirirlər. Çünki arxeoloji tədqiqatlar da göstərir ki, qədim insanlar hələ Paleolit dövrünün müxtəlif mərhələlərində ovladıqları vəhşi heyvanların dərilərini daş və sümükdən hazırlanmış kəsici, qaşıyıcı, deşici, hamarlayıcı əmək alətlərinin köməyi ilə emal edərək onlardan sadə geyim və yataq ləvazimatları hazırlayıblar. Gön-dəri məmulatlarının qədim insanların məişətində xüsusi yer tutması Tunc dövründən başlayaraq bu məşğuliyyətin müstəqil sənət sahəsinə çevrilməsinə, daha doğrusu, dabbağlıq sənətinin meydana gəlməsinə gətirib çıxarıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında muzey işinin inkişafına göstərilən diqqət və qayğının nəticəsidir ki, burada müxtəlif sahələr üzrə təşkil olunmuş otuzadək muzey fəaliyyət göstərir. Son dövrlərdə bu siyahıya əlavə edilən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, “Əlincəqala” Tarix-Mədəniyyət, Dövlət Bayrağı, Naxçıvan Duz muzeyləri və digər bu kimi mədəniyyət müəssisələri tariximizin yadigarlarının qorunmasının və təbliğinin inkişaf dinamikasından xəbər verir. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində yaradılmış Arxeologiya və Etnoqrafiya Muzeyi də məhz bu inkişafın təzahürlərindən biri kimi meydana çıxıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun imzaladığı 2005-ci il 6 dekabr tarixli Sərəncam əsasında bölmədə təşkil edilən ekspedisiyalar zamanı əldə olunan çoxsaylı arxeoloji və etnoqrafik materiallar belə bir muzeyin formalaşdırılmasına zərurət yaratmışdı.
On il bundan əvvəl AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin qərarı ilə Azərbaycan Respublikasında ayrıca olaraq arxeologiya və etnoqrafiya sahəsi üzrə təşkil olunmuş 3 muzeydən biri, muxtar respublikada isə bu sahədə yeganə olan yeni muzey yaradılıb.
Muzeyin yaradılmasından keçən 10 il ərzində burda saxlanılan eksponatların sayı artırılıb, çeşidləri zənginləşdirilib. Onların böyük bir qismi Arxeoloji xidmət şöbəsinin fondunda mühafizə edilməkdədir. I Kültəpə, Sədərək, Ovçular təpəsi, Ərəbyengicə, II Kültəpə, Qız qala, Xaraba Gilan, Şahtaxtı, Oğlanqala, Zoğala və digərləri ilə birlikdə 21 arxeoloji abidədən aşkar olunan 550-dən çox maddi-mədəniyyət nümunəsi isə muzeyin sərgi salonunda nümayiş etdirilir. Neolit dövründən başlayaraq son orta əsrlər dövrünədək xronoloji ardıcıllıqla sıralanan bu dəyərli eksponatlar muzeyi ziyarət edənlərdə doğma diyarımızın tarixi haqqında zəngin təsəvvür yaradır.

Ardını oxu...

Masamın üstündə çapdan yeni çıxmış “Mənim Naxçıvan dünyam” adlı kitabla üz-üzə, göz-gözəyəm. Müəllifi “Şərq qapısı” qəzetinin məsul katibi Muxtar Məmmədovdur. Onun 60 yaşına hesabatı olan kitabında son illər müxtəlif mətbuat orqanlarında dərc edilmiş publisistik yazıları yer alıb. İctimai həyata fərqli rakurslardan yanaşan müəllifin məqalə, reportaj, müsahibə, zarisovka və esselərinin əsas qayəsini Vətənə, torpağa məhəbbət hissləri təşkil edir. Yazılardan yaranan ilkin təəssürat belədir ki, Vətəni sevmək, sadəcə, torpağı sevmək deyil, Vətənin daşını, havasını, suyunu sevmək deməkdir. 

Doğulduğun el-obadan, dağının, dərəsinin min bir çiçək çələngindən sinənə çəkdiyin ətrindən, dupduru bulaqlarından içdiyin sudan, insanlara sevgi yarpaqlayan çinarlardan, yaşıl düzlərindən, başı ağ çalmalı dağlarından başlanır Vətən. Vətən o zaman Vətən olur ki, onun uğrunda canından keçməyə hazır olan, inkişafına, tərəqqisinə çalışan övladları var. “Vətənə, xalqa, dövlətə bağlılıq yolu” adlı yazısında qeyd etdiyi kimi: “Təzadlarla dolu olan yaşadığımız həyatda insan ömrü çox qısadır. Ulu Dədə Qorqud deyirdi: “Gəlimli­-gedimli dünya, son ucu ölümlü dünya”. Məsələ bu qısa zaman kəsiyində ömrü elə yaşamaqdır ki, cəmiyyət üçün faydalı işlər görə biləsən. Bu ömrü kamil insanlar öz yaxşı əməlləri ilə, necə deyərlər, uzada bilərlər. Həmin əməllərin fövqündə dayanan isə Ulu Tanrının bizə bəxş etdiyi ömrü doğruluqla başa vurmaq, həyatda doğru yol tutmaqdır”.
Müəllifin hər bir yazısı qəlbinin dərinliklərindən su içir. O, yalnız gördüyü, inandığı, dürüstlüyünə əmin olduğu mövzuları qələmə alır və beləcə də yazır: “Doğruluq ciddi əxlaqi məsələdir. Bu hiss, bu mənəvi keyfiyyət insanın daxili təmizliyidir, saflığıdır, mənsub olduğu xalqa sevgi və məhəbbətdir, dövlətə və dövlətçiliyə sədaqətdir. Doğruluq obyektivlik meyarıdır, insan əməyi­nin əsl qiymətini verən ölçüdür. Yalnız bu yolla güclü şəxsiyyətə çevrilmək olar”.
Muxtar müəllimin jurnalistikada keçən ömrünün ən məhsuldar dövrü yeni kitabında öz əksini tapır. Tarixi varislik əlaqələrinə əsasən xalqımızın uzun əsrlər boyu formalaşmış elmi, mədəni və mənəvi dəyərlərinin davam etdirilməsi, ictimai-siyasi fikrin və ədəbi-bədii prosesin daha da genişləndirilməsi bu yazıların ruhunu təşkil edir. Məqalələrin əksəriyyəti istər emosionallığı, istər hiss və həyəcanların bədii təsvirindəki orijinallığı, istər cəsarəti, istərsə də müəllif yanaşmasının qeyri-adiliyi ilə diqqət çəkir və yaddaşda qalır. Müəllif görüntünü bütün gözəlliyi və detalları ilə obrazlı təsvir etməyə çalışır və istəyinə nail olur.

Ardını oxu...

İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbinin bir qrup idmançısının Qarabağlar Türbə Kompleksinə ekskursiyası təşkil olunub.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 40-a yaxın idmançı iştirak edib.
Bələdçi Gülçin Ağayeva idmançılara abidə haqqında geniş məlumat verərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il 4 iyul tarixli Sərəncamına uyğun olaraq Kəngərli rayonunun Qarabağlar kəndindəki türk-islam mədəniyyətinin nadir nümunələrindən olan Qarabağlar Türbə Kompleksi də elmi və tarixi əsaslarla bərpa edilib.
Sonra ekskursiya iştirakçıları türbə kompleksinin zalında nümayiş etdirilən eksponatlarla tanış olublar. Burada sərgilənən mis qablar, daş dəstər, XIX əsrə aid mis məişət əşyaları və XII-XVII əsrlərdə istifadə olunan qədim mis və gümüş sikkələr, o cümlədən kətan üzərində yağlı boya ilə işlənmiş “Qarabağlar türbəsi” rəsmləri idmançılar tərəfindən maraqla qarşılanıb. Sonda idmançıları maraqlandıran suallar bələdçi tərəfindən cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

“Oxunması zəruri olan kitablar haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı cəmiyyətimizin qədirbilən ziyalıları tərəfindən yüksək qiymətləndirildi. O ziyalılar ki siyahıya daxil edilən kitabların hər birini mütaliə etdikləri, mahiyyətinin nədən ibarət olduğunu bildikləri üçün gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılmasına xidmət edəcək bu tarixi sənədə dəyər verməyi bacarırlar. Nəzərə alsaq ki, zaman-zaman müəllim özünün yararlandığı sanballı bir əsəri oxumağı şagirdinə nəsihət, ata yaxşı bir kitabı mütaliə etməyi övladına tövsiyə etdiyi, iki dost bir-birinə hansısa dastanı, romanı oxumağı məsləhət bildiyi kimi, oxunması zəruri kitablar da gənc nəslə bir müəllim sevgisi, ata məhəbbəti, nəsihət, tövsiyə və məsləhətdir. Bu həm də bir qayğıdır – blokadanın ilk illərindən bəri muxtar respublikanın ağır yükünü çiyinlərinə götürən və o çətin günləri yaşayan biz naxçıvanlılara inkişafın zirvəsində dayanan bugünkü Naxçıvanımızı bəxş edən ictimai xadimin – Ali Məclis Sədri cənab Vasif Talıbovun qayğısı. Tarixə bir nəzər salaq.

Blokada

Vaxt var idi ki, Naxçıvan blokadanın ilk illərinin çətinlikləri ilə üz-üzə dayanmışdı. Tariximizin səhifələrinə həkk olunmuş, heç vaxt unudulmayacaq o günlərdə olmazın ağrı-acıları ilə qarşılaşdıq. Soyuq evlər, qıt süfrələr, saatlarla çörək növbələri, ərzaq, neft talonları üçün qaçhaqaçlar, buz kimi iş yerləri, sinif otaqları və ən dəhşətlisi – istilik sisteminin yoxluğu üzündən rütubət iyi verən kitabxanalar… Muxtar respublikamızın sərt kontinental iqliminin payızın əvvəllərindən yazın ortalarınadək yaratdığı sazaqlı-soyuqlu havalarda çoxlarımızın sevimli ünvanı olan kitabxanalarda bir dəqiqə oturub mütaliə etmək mümkün deyildi. Kitabları alıb axşamlar bütün külfətin bir otaqda bir lampanın işığını paylaşmalı olduğu evlərimizə aparırdıq: bu zəif işartıda kimi kitab oxuyur, kimi dərs hazırlayır, kimi tikiş tikir, kimi də ətrafındakıları seyr edərək fikrə dalıb, xoş günlərin xəyallarını qururdu.

Ardını oxu...

İyul ayında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən əlamətdar və tarixi günlərlə bağlı tədbirlər keçirilmiş, şənbə konsertləri davam etdirilmiş, muzeylərin fəaliyyəti diqqətdə saxlanılmış, muzey əməkdaşları üçün seminar-treninqlər və təcrübə məşğələləri təşkil olunmuş, Cəlil Məmməd­quluzadənin ev-muzeyinin yaradılmasının 20 illiyi qeyd edilmiş, Naxçıvan Dövlət Xalça Muzeyində Günnüt xalçalarının təqdimatı olmuşdur. Hesabat dövründə muzeyləri 15 mindən çoxu əcnəbi vətəndaş olmaqla, ümumilikdə, 47 min tamaşaçı ziyarət etmişdir. Bu dövrdə muzeylərə ­ 243 yeni eksponat daxil olmuşdur.
Muxtar respublika kitabxana­larında 62 tədbir keçirilmiş, 35 sərgi açılmışdır. Kitabxanalara yeni ­oxucu gəlişi 195, müraciət edən oxucuların sayı isə 103 min 40 nəfər olmuşdur.
Naxçıvan Dövlət Musiqili Dram Teatrında 135-ci teatr mövsümünün başa çatması ilə bağlı tədbir keçiril­miş, Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının motivləri əsasında hazırlanmış tamaşa teatrsevərlərə təqdim olunmuşdur. Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Ağbulaq İstirahət Mərkəzində “Qoğalın sərgüzəşti” və “Qırmızı papaq” tamaşalarını məktəblilərə göstərmiş, Ordubad Xalq Teatrı Əbdürrəhim bəy Haqverdiyevin “Yeyərsən qaz ətini, görərsən ləzzətini” tamaşasını nümayiş etdirmişdir.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Qızmar yay günlərində hər kəs Günəşin yandırıcı təsirindən ­qorunmaq, gözəl, mənalı istirahət etmək istəyir. Səfalı guşələri ilə zəngin olan Naxçıvanımızda bu gün həmin arzular gerçəkləşib. Son illər insanların asudə vaxtlarını mənalı, istirahət günlərini yaddaqalan keçirmələri üçün müxtəlif tədbirlər görülür, gözəlliyi ilə gözoxşayan, səliqə-sahmanı ilə könülaçan, insana mənəvi rahatlıq bəxş edən məkanlar yaradılır. Paytaxt Naxçıvan şəhərində onlarla belə istirahət guşəsinin qapıları sakinlərin üzünə açılıb.

Şəhərin qoynunda yerləşən Heydər Əliyev Mədəniyyət və İstirahət Parkına kiçikdən-böyüyə hər kəs sevə-sevə üz tutur, uşaqlar doyunca əylənir, böyüklər isə mənalı istirahətdən zövq alırlar. Sakinlər arasında buraya “uşaq şəhərciyi” də deyilir. Yolunu bu ünvandan salanlar həmin deyimin təsadüfdən yaranmadığının şahidi olur. Günün istənilən saatında parka üz tutsan, şən, şaqraq gülüşlü uşaqları, onlarla birgə olan qayğıkeş valideynləri, rahat oturacaqlarda əyləşib şirin söhbətlər edən ahıl yaşlı insanları görə bilərsən. Axşam saatlarında bu park bir başqa gözəlliyə qərq olur. Məkanın cəlbediciliyi o qədər böyükdür ki, yoldan keçən, evə tələsən insanlar da bu gözəlliyin sehrinə düşür, bir neçə saniyəlik də olsa, ayaq saxlayıb ecazkar mənzərəyə heyranlıqla tamaşa edirlər. İstirahət məkanında bir-birindən əyləncəli xidmətlər göstərilir. Mexaniki qayıqlarla suda gəzintinin təşkili isə bu yeri daha da cəlb­edici edir.

Ardını oxu...

Bu yaxınlarda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu tərəfindən “Qarabağlar Türbə Kompleksi” adlı yeni kitab işıq üzü görüb. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi tərəfindən nəfis tərtibatla nəşr olunan kitabda kompleksin tarixi və etno­qrafik materiallar araşdırılıb, “Qarabağlar” sözünün etimologiyası, Qarabağlar türbəsinin memarlıq xüsusiyyətləri, türbə və onun ətrafındakı epiqrafik abidələr tədqiq olunub, türbə yaxınlığında olan tarix-memarlıq abidələri haqqında məlumatlar verilib.

Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il 4 iyul tarixdə Sərəncam imzalayıb. Ötən dövrdə bu türbə kompleksi elmi əsaslarla bərpa olunub, 2018-ci il iyulun ­ 5-də isə istifadəyə verilib.
Kitabın birinci səhifəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin adıçəkilən sərəncamının mətni yer alıb. Növbəti bölmədə isə Qarabağlar kəndi və Qarabağlar Türbə Kompleksi haqqında məlumatlar verilib. Qeyd olunub ki, “Qarabağlar” adı Kəngərli tayfa birləşmələrinə məxsus olub, “Kəngərlilərin böyük bir bölümü”, “Kəngərlilərin güclü, qüdrətli bir hissəsi” mənasında işlənir və bu fikri yerli faktlar da təsdiqləyir. Belə ki, Qarabağlar kəndi və onun ətrafı tarixən Kəngərli zonası, bu ərazidə yerləşən kəndlər isə Kəngərli kəndləri adlanır. Çünki Xok mahalında yaşayanların əksəriyyəti azərbaycanlı, böyük hissəsi isə Kəngərli tayfalarına mənsub olub və tayfanın Qarabağlar qolu eyniadlı kənddə məskunlaşıb. Deməli, Qarabağlar kəndinin adı Qarabağ tayfasının adından yaranmışdır. Qarabağlar qədim türk mənşəli peçeneqlərin Qarabağ tayfasının adını əks etdirir. Göstərilir ki, Kəngərli rayonunun Qarabağlar kəndi Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Kəndin ­şimal-şərqində “Qalacıq” adlanan ərazidə eramızdan əvvəl II minilliyə və I minilliyin əvvəllərinə aid yaşayış yeri (sahəsi, təqribən, 40 hektar) aşkar edilib. Burada tunc bəzək əşyaları, boyalı qab qırıqları, iri qaya parçalarından tikilmiş dördkünc və ovalşəkilli bina qalıqları tapılıb. Qarabağlar kəndi ən qədim yaşayış məskənlərindən biri olmaqla, tariximizin orta əsrlər dövründə Azərbaycanın qədim şəhərlərindən birinə çevrilib. Bu şəhər orta əsrlərdə bir sıra görkəmli səyyah, tarixçi və coğrafiyaşünasların diqqətini cəlb edib. Orta əsrlərin bir çox məşhur səyyahlarının əsərlərində buranın gözəl iqlimi, əhalisi, tarixi abidələri haqqında maraqlı məlumatlar vardır. Nizaməddin Şami, İbrahim Əfəndi Peçevi, Övliya Çələbi, Fəzlullah Rəşidəddin, N.Xanıkov, Moryer, İ.Şopen, İ.Tavernye kimi alim və səyyahlar Qarabağlar haqqında çox qiymətli məlumatlar veriblər.

Ardını oxu...

Culfa rayonu dünya memarlığının nadir 
inciləri ilə zəngindir

Qədim diyarımız Naxçıvan xalqımızın daş yaddaşı, misilsiz sərvəti olan, yaşı minilliklərə söykənən sirli-soraqlı tarixi abidələrlə zəngindir. Sevindirici haldır ki, bu gün təkcə paytaxt şəhərimizdə deyil, muxtar respublikamızın hansı səmtinə üz tutsaq, orada hər daşı-qayası min bir tarix danışan, şanlı keçmişin yadigarı olan, dünəndən bu günə işıq salan abidələr mövcuddur. Elə götürək Naxçıvanın Şərqə açılan qapısı Culfa rayonunu. Xalqımızın mərdlik, yenilməzlik, mübarizlik rəmzi – Əlincə qalası, Azərbaycan memarlığının əvəzsiz nümunəsi – Gülüstan türbəsi, qədim insanların müdafiə istehkamı – Qazançı qalası, qoca Şərqin memarlıq incisi, şeyxlər ocağı – Xanəgah Abidə Kompleksi, əcdadlarımızın iman yeri, zikr evi – Kırna türbəsi ulu diyarımızın tarixi zənginliyindən xəbər verən abidələrdir.

Əlincə qalasının keçmişinə nəzər salsaq, bu qalanın tarixinin xalqımızın öz azadlığı və istiqlaliyyəti uğrunda yadelli işğalçılara qarşı apardığı mübarizə ilə bağlı olduğunu görərik. Araşdırdığımız mənbə­lərdə qalanın salınma tarixi barədə dəqiq məlumata rast gəlmədik.

Ardını oxu...

Hər bir xalqın milli-mənəvi dəyərləri arasında onun rəqs sənəti mühüm yer tutur. Qədim dövrlərdən insanlar rəqsin gücü, onun imkanları ilə öz hisslərini bir-birlərinə çatdırıblar. Bu mənada, əsrlərin yaddaşından süzülüb gələn “Qazağı”, “Heyvagülü”, “Lalə”, “Qızılgül”, “İnnabı”, “Dərbəndi”, “Əsgərani”, “Tərəkəmə”, “Naz eləmə” kimi milli rəqslərimiz öz axıcılığı, incə yumoru, zəriflik və cəsarət çağırışları ilə tamaşaçı və dinləyiciləri həmişə özünə məftun edib.

Rəqs bədii obrazın ritmik, plastik hərəkətlərinin və insan bədəninin ifadəli vəziyyətlərinin dəyişilməsi ilə yaranan incəsənət növüdür. Milli rəqslərimizin, məlum olduğu kimi, çox qədim tarixi kökləri vardır. Xalqımız qeyri-adi təbiət hadisələrini, müxtəlif canlılarda gördükləri hərəkətləri öz rəqslərinə daxil edərək onları zənginləşdirib. Rəqslərimizdə məişət elementlərinin öz dolğun əksini tapması da bu sənət növünün Azərbaycan xalqının həyatında, onun tarixində dərin izlər buraxdığını bir daha göstərir.

Ardını oxu...

Azərbaycan torpağı maddi vətəndirsə, ana dili mənəvi vətənimizdir. Necə qorumaq fikrinə gəldikdə isə hər kəs öz vicdanının sahibidir. ­Vətəni necə qoruyuruqsa, ana dilimizi də elə qorumalı və ona məhəbbətlə yanaşmalıyıq. Dilin müstəqil inkişafı, zənginləşməsi və nüfuzu bilavasitə dövlətçiliklə bağlıdır, buna görə də dövlətçiliyin ən aparıcı atributlarından biri hesab edilir. Məhz bunun nəticəsidir ki, doğma ana dilimizin inkişafına böyük qayğı göstərilir. Dilimizin inkişaf mərhələ­ləri, bu gün dünya dilləri ailəsində özünəməxsus yer tutması və digər məsələlərlə bağlı suallarımızı AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev cavablandırır.

– Əbülfəz müəllim, istərdik ki, dilimizə tarixən göstərilən münasibət, onun inkişaf mərhələləri barədə oxucularımıza bir qədər məlumat verəsiniz...
– Azərbaycanda dil siyasətinin yürüdülməsi Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlanır. Həmin dövrə qədər görkəmli Azərbaycan ziyalıları ana dili, eləcə də ölkəmizdə gedən dil prosesləri barədə müəyyən mülahizələr söyləyərək təkliflər vermişlərsə də, bütün bunlar dil siyasəti adlanan mürəkkəb hadisəyə bilavasitə aid edilə bilməz. Lakin Xalq Cümhuriyyəti yarandıqdan cəmi 1 ay sonra türk dilini rəsmi dövlət dili elan etməsi XIX əsrin sonu, XX əsrin əvvəllərində müəyyənləşmiş milli ideologiyanın birbaşa təsirinin nəticəsi idi. Əlibəy Hüseynzadə, Məhəmməd ağa Şahtaxtlı, Əhməd bəy Ağayev, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov kimi ziyalıların ana dilinin ədəbi, ictimai-siyasi, ideoloji mövqeyi uğrunda illər boyu apardıqları məqsədyönlü mübarizə olmasaydı, cümhuriyyət hökuməti bu məsələyə dərhal diqqət yetirməzdi. Hökumətin 1918-ci il 27 iyun tarixli Qərarı Azərbaycan dilini dövlət dili elan edən ilk rəsmi sənəd kimi çox böyük tarixi rol oynamaqla yanaşı, Azərbaycanda milli dil siyasətinin formalaşmasının, millətin mənafeyinə uyğun düzgün ideoloji mövqeyin əsasını qoydu. Qeyd edək ki, qərar, sadəcə, deklarativ bir sənəd deyildi; qərardan irəli gələn məsələlər vaxtaşırı olaraq parlamentin iclaslarında müzakirə edilirdi.

Ardını oxu...

Çətinliklərlə, keşməkeşlərlə dolu 120 illik tarixi yol keçib milli kino sənətimiz. Bu sahənin inkişafı üçün gərgin yaradıcılıq axtarışları aparılıb. 120 il əvvəl kino sənətimiz insan əməyini tərənnüm edən sənədli, qısametrajlı, musiqisiz, səssiz ekran nümunələri ilə fəaliyyətə başlayıb. 

Bu filmlər, əsasən, “qara qızıl”ın – neftin istehsalına, cəfakeş fəhlələrə, mədəniyyət və incəsənət xadimlərinə həsr olunmuşdu. Zaman ötdükcə çəkilişlər inkişaf edir, yaradıcılığa meyil güclənir, ekran əsərlərinin mövzusu genişlənirdi. Əvvəllər aktrisa olmadığından aktyorlar qadın paltarı geyinib rollara, fraqmentlərə çəkilirdilərsə, həmin inkişaf dövründə yeni aktyor və aktrisalar da yetişməyə başlayırdı. Üzeyir Hacıbəyov, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Ərəblinski, Mirzə­ağa Əliyev, Abbas Mirzə Şərifzadə, Əlibəy Hüseynzadə, Cəfər Cabbarlının cəfakeşliyi ilə inkişaf və tərəqqi tapan milli kinomuz ötən dövrün hər anında yeniliyə doğru irəliləyib.

Ardını oxu...

Xalqımız tarixən zəngin mədəniyyətə malik olmuşdur. Bu zənginlikdə isə mətbəx mədəniyyəti özünəməxsus yer tutur. Zaman keçdikcə mətbəx nümunələrimiz daha da təkmilləşmiş, süfrələrimizin bəzəyinə çevrilmişdir. Naxçıvan mətbəxi də uzaq keçmişdən günümüzədək ləziz yemək nümunələri ilə tanınıb. Bu qədim diyarın özünəməxsus iqlimi, bərəkətli və münbit torpaqları, şirin suları burada yetişdirilən məhsulların da dad-tamına öz təsirini göstərib. Nəticədə, bişirilən yeməklər də ləzizliyinə görə seçilib. 

Muxtar respublikamızda geniş yayılmış yemək növlərindən biri də daş küftəsidir. Naxçıvanın daş küftəsi, demək olar ki, bütün bölgələrimizdə yayılıb və hər bir ailənin müraciət etdiyi yemək növlərindən biridir. Adı və dadı ilə məşhur olan bu yemək növü adi küftədən hazırlanması və daha ləzzətli olması ilə fərqlənir.
Bu küftə hazırlanma üsulunda daşdan istifadə edilməsinə görə belə adlandırılıb. Belə ki, bu yemək üçün ayrılmış ətin döyülməsində iri çaydaşı və cəviz ağacından hazırlanmış toxmaqdan istifadə olunub. Yastı formada, diametri, təxminən, 50-60 santimetr olan daşın bir üzü hamar olmalıdır. Bu, ona görədir ki, əti daşın üstündə toxmaqla rahat döymək olsun.Yastı daşın üz tərəfinin böyük olması bir tərəfdən onun ağır olmasını şərtləndirsə də, digər tərəfdən, döyülən ətin və başqa qarışıqların kənarlardan yerə tökülməsinin qarşısını alır.

Ardını oxu...

Azərbaycan Milli Elmlər Akademiyasının ­Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik Naxçıvan arxeoloji ekspedisiyası Naxçıvançay vadisindəki Meydantəpə qədim yaşayış yerində arxeoloji tədqiqatlara başlayıb.
4 hektar sahəni əhatə edən Meydantəpə şəhərtipli antik yaşayış yeri Nəzərabad kəndinin yaxınlığında, Naxçıvan-Şahbuz magistral yolunun kənarında yerləşir. Tədqiqatlar zamanı aşkar olunmuş materiallar eradan əvvəl IV, bizim eranın III əsrlərini əhatə edir. Arxeoloqların ərazidə apardığı qazıntılar zamanı dördkünc formalı binalar və xeyli maddi-mədəniyyət nümunələri, dən daşları, iri təsərrüfat küpünün qalıqları aşkar olunub. Tədqiqatçılar həmin materiallara əsaslanaraq Meydantəpədə həyatın eradan əvvəl I minilliyin ortalarına qədər davam etdiyini bildirirlər.
Arxeoloji tədqiqatlar zamanı tapılan maddi-mədəniyyət nümunələri Naxçıvanın şəhər mədəniyyətini, sənətkarlıq, təsərrüfat həyatını və ticarət əlaqələrini özündə əks etdirir. Tədqiqat işləri davam etdirilir.


Xəbərlər şöbəsi

Dünən 2 avqust – Azərbaycan Kinosu Günü münasibətilə Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə mərkəzin foyesində Kino Gününə həsr edilmiş sərgi ilə tanış olublar.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, bu gün Azərbaycan kinosunun yaradılmasının 120 illiyi tamam olur. İncəsənətimizin hamisi olan ulu öndərimiz milli kinonun inkişafına daim qayğı ilə yanaşıb, milli özünə­məxsusluğu ilə seçilən koloritli, parlaq ekran əsərlərinin yaradılmasına diqqət yetirib. Bu gün dahi şəxsiyyətin siyasi xəttini uğurla davam etdirən Prezident cənab İlham Əliyev tərəfindən milli kino sənətinin inkişafı üçün mühüm işlər həyata keçirilir.
Vurğulanıb ki, dünya kinosunun yaranma dövrü ilə üst-üstə düşən Azərbaycan kino sənətinin tarixi 1898-ci ildən başlayır. Azərbaycan yazıçısı İbrahim bəy Musabəyovun dövrün həyat hadisələrini və lövhələrini əks etdirən, janr etibarilə melodram olan “Neft və milyonlar səltənətində” povesti əsasında çəkilən ilk tammetrajlı film bədii film kimi kino tariximizə daxil olub. Avropa və Asiyanın bir sıra ölkə­lərinin ilk tammetrajlı filmlərinin keçən əsrin 30-50-ci illərində yarandığını nəzərə alsaq, bu filmi xalqımızın mədəni səviyyəsinin yüksək göstəricisi hesab etmək olar.

Ardını oxu...

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Azərbaycan Kinosu Gününün təsis edilməsi haqqında” 2000-ci il 18 dekabr tarixli Sərəncamına əsasən hər il avqustun 2-si ölkəmizdə “Azərbaycan Kinosu Günü” kimi qeyd olunur. Dünya kinosunun tarixi ilə üst-üstə düşən Azərbaycan kinosu ilk vaxtlar səssiz və ağ-qara, sonradan isə rəngli və səsli formatda olub. XIX əsrdən etibarən cərəyan edən maarifçilik hərəkatının, dünyəvi teatrın və mətbuatın inkişafı da kinonun yaranmasına təkan verib. 1898-ci ildən başlayaraq Azərbaycanda “Şəhər bağında xalq gəzintisi”, “Bazar küçəsi sübh çağı”, “Qatarın dəmiryol vağzalına daxil olması”, “Balaxanıda neft fontanı”, “Qafqaz rəqsi”, “Bibiheybətdə neft fontanı yanğını” və başqa filmlər çəkilmişdir.

1945-ci ildə yaradılan və ekran sənətimizin qızıl fonduna daxil olan “Arşın mal alan” filmi kinomuzda yeni keyfiyyət dəyişikliyindən xəbər verir. Bu günə qədər Azərbaycan milli kinosunun ən uğurlu və parlaq nümunələri sırasında dayanan “Arşın mal alan” indiyədək 136 ölkədə nümayiş etdirilmiş və 86 dilə tərcümə olunaraq kinomuza şöhrət gətirmişdir. 1956-cı ildə kinomuzda daha bir keyfiyyət dəyişikliyi baş verir: bu gün də sevilə-sevilə baxılan “O olmasın, bu olsun” ilk rəngli bədii filmi ekranlaşdırılır.

Ardını oxu...

Dünən M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini Rəşad Xudiyev tədbiri giriş sözü ilə açaraq bu günün əhəmiyyətindən, ümummilli ­liderimiz Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsində, onun qorunmasında və inkişafında göstərdiyi misilsiz xidmətlərindən ətraflı danışıb.
Qeyd olunub ki, görkəmli dövlət xadimi Azərbaycan dilini xalqımızın ən böyük dəyəri, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, müstəqilliyimizin əsas rəmzlərindən biri kimi hər zaman yüksək dəyərləndirib.
Bildirilib ki, bu gün muxtar respublikamızda da dövlətimizin dil siyasəti uğurla həyata keçirilir. Naxçıvan şəhərində “Ana dili” abidəsinin ucaldılması da ana dilimizə ehtiramın ifadəsidir. Son illər muxtar respublikamızda dilimizin saflığı və qorunması üçün həyata keçirilən tədbirlər geniş ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır.
Sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Asim Əliyev “Ən böyük milli dəyərimiz – Ana dilimiz”, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Nuray Əliyeva “Ana dilimiz dövlətçiliyimizin əsas atributlarından biridir”, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova “Ana dilinin təbliğində kitabxanaların rolu” mövzularında çıxış ediblər.
Tədbirdə ana dilinə həsr olunmuş şeirlər səsləndirilib, əlamətdar günə həsr olunmuş sərgiyə baxılıb.
Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə muxtar respublikanın rayon mərkəzlərində də tədbirlər keçirilib, sərgilər təşkil edilib.

Əli RZAYEV

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Təsviri və dekorativ-tətbiqi sənətlər şöbəsinin müdiri Fizzə Quliyevanın bu yaxınlarda “Əcəmi” nəşriyyatında nəfis tərtibatla çapdan çıxmış “Şamil Qazıyevin həyat və yaradıcılığı” monoqrafiyasında görkəmli Azərbaycan rəssamının mənalı ömrü, bugünkü yaradıcı nəslə örnək ola biləcək sənət yolu tədqiq olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Görkəmli rəssam Şamil Qazıyevin 110 illik yubileyinin keçirilməsi haqqında” 2018-ci il 1 fevral tarixli Sərəncamına əsasən görkəmli rəssamın yubileyi qədim diyarımızda geniş şəkildə qeyd olunur. Yeni nəşr də tanınmış sənətkarın yubileyinə töhfə, adıçəkilən sərəncamın icrası istiqamətində atılan əhəmiyyətli addımlardandır.

Tədqiqat əsərindən məlum olur ki, Şamil Qazıyev Azərbaycanın qədim şəhərlərindən biri olan İrəvanda, ziyalı ailəsində dünyaya göz açıb, lakin o dövrdə ermənilərin İrəvanda xalqımıza qarşı törətdiyi soyqırımı və deportasiya siyasətinin nəticəsində ailəsi ilə birlikdə Naxçıvana köçmək məcburiyyətində qalıb. Naxçıvanın füsunkar təbiəti, qayğıkeş insanları erməni zülmündən qurtulan ailənin, o cümlədən yeniyetmə Şamil Qazıyevin həyatında silinməz iz buraxıb, onun gələcək yaradıcılığına təsirsiz ötüşməyib.
Hər bir insanın həyat yolunun formalaşmasında onu əhatə edən insanların təsiri böyükdür. Belə demək mümkündürsə, insanın yaşadığı mühit onun gələcək həyat yolunun müəyyənləşdirilməsində mühüm rol oynayır. Şamil Qazı­yevin də ziyalı ailəsində böyüməsi, ziyalı mühiti ilə əhatə olunması onun həyatını istiqamətləndirib, ixtisas seçiminə təsir edib. Monoqrafiyada müəllif tanınmış rəssamın həyatı və yaradıcılığı ilə bağlı bəzi məqamlara aydınlıq gətirib, Bəhruz Kəngərli və Şamil Qazıyevin yaradıcılığındakı bənzərliyin görkəm­li sənətkarların yaşadığı dövr və mühitlə də sıx bağlı olduğunu qeyd edib.

Ardını oxu...

Ötən şənbə Naxçıvan şəhərinin Saat meydanında növbəti konsert təşkil olunub. Tədbirdə bildirilib ki, “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” tədbirləri çərçivəsində konsert proqramı ilə çıxış edəcək Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” instrumental ansamblı 15 ildən çoxdur ki, fəaliyyət göstərir. Ansambl repertuar zənginliyinə diqqət yetirməklə ictimaiyyət qarşısında və hərbi hissələrdə, müxtəlif tarixi və əlamətdar günlərlə bağlı keçirilən tədbirlərdə konsert proqramları ilə çıxış edir. Ansamblın bədii rəhbəri Əli Məmmədovdur.
Şənbə konserti ansamblın ifa etdiyi “Çahargah” kompozisiyası ilə başlayıb. Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Xatirə Səfərova və Arzu Fərzəliyevin ifa etdikləri şən və lirik mahnılar konsert iştirakçılarında xoş ovqat yaradıb.
Solistlərdən Qəmər Babayeva, Ədalət Hüseynov, Səyavuş Nəcəfov, Bəhruz Quliyevin ifa etdikləri “Dədə Qorqud”, “Ögey ana”, “Yenilməz batalyon”, “Əzablı yollarla”, “Bala­dadaşın ilk məhəbbəti” kimi kinofilmlərimizdəki mahnılar da alqışlarla qarşılanıb. Konsertdə ansamblın ifasında instrumental musiqilər də səslənib.
Bir saatdan artıq davam edən konsert Naxçıvan şəhər sakinləri və qonaqlar tərəfindən maraqla ­qarşılanıb.

Əli RZAYEV

Muzeylər elə ünvanlardır ki, buraya üz tutanlar mənsub olduqları xalqın tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri haqqında mütləq yeni məlumatlar əldə etmək imkanı qazanırlar. Bu amil nəzərə alınaraq muxtar respublikada keçirilən “Muzey günləri”ndə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, müxtəlif təşkilatların əməkdaşları muzeylərə gedir, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini, tariximizi, mədəniyyətimizi, milli dəyərlərimizi özündə əks etdirən eksponatlarla tanış olurlar.
İyulun 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının, Naxçıvan Muxtar Respublikasının Gən­­c­­­­­­lər Fondunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin kollektivləri Naxçıvan Dövlət Xalça Muzeyində olublar. Məlumat verilib ki, son illər muxtar respublikada xalçaçılıq sənətinin inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib, mədəni irsimizin qorunması işinə diqqət artırılıb. Muxtar respublikada xalçaçılıq sənətinin yaşadılması istiqamətində görülən işlər bu sahə üzrə yeni elmi araşdırmaların aparılmasına stimul olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə 1998-ci ildə fəaliyyətə başlayan Naxçıvan Dövlət Xalça Muzeyi 2010-cu ildə yeni bina ilə təmin edilib, 2013-cü ildə isə muzeyin ekspozisiyası yenidən qurulub. Ötən dövr ərzində muzeyə verilən xalça məmulatlarının sayı xeyli artıb. Bir neçə gün əvvəl “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti tərəfindən muzeyə Şərur rayonunun Günnüt kəndində toxunmuş 6 xalça məmulatı verilib.

Ardını oxu...

Qədim tarixə və mədəniyyətə malik olan Naxçıvan daş abidələri, zəngin arxeoloji maddi-mədəniyyət nümunələri ilə yanaşı, həm də mədəniyyətimizin incisi və ən qədim növü sayılan folklor rəqsləri – yallıları ilə tanınır. Min illərin, əsrlərin süzgəcindən keçərək bu günümüzədək gəlib çatan bu rəqslər onun nə qədər mənəvi zənginliyə malik olduğunu göstərir. Bu mənada, yallını “Naxçıvanımızın qədimlik rəmzi”, “Oğuz möhürü” adlandıranlar heç də yanılmırlar. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli də bu qənaətdədir ki, yallılar qədim Oğuz yurdunun möhürü olub: “Harada yallı olubsa, yaxud da indi yallı rəqsi geniş yayılıbsa, oralar qədim Oğuz-türk yurdu olub”.

Yallılar ölkəmizi dünyaya tanıdan, xalqımıza məxsus bütün xüsusiyyətləri, onun kimliyini, tarixini, mədəniyyətini aydın şəkildə çatdıran milli rəqsimizdir. Birlik və bərabərlik rəmzi hesab edilən, insanın fikir və düşüncə tərzinin, özünüdərkinin məhsulu olan, yaradanla yaranmışın arasında əlaqə vasitəsi rolunu oynayan yallı, təxminən, 8-10 min il bundan əvvəl yaranıb. Tədqiqatçıların fikrincə, ilk yallı oyunları od-ocaq ətrafında toplanan mərasimlərdən ibarət olub. Sonralar isə ovun, döyüşün uğurlu olmasını arzulayan, ovsuna, tilsimə arxalanan, fövqəltəbii qüvvələrə and vermək istəyənlər özlərinin bu düşüncələrini mərasimlərdə təqlid və təsvir yolu ilə ifadə ediblər. İnsanların ictimai həyat tərzinin, bədii-estetik zövqünün ayrılmaz tərkib hissəsinə çevrilmiş yallılarda yadelli, hiyləgər düşmən üzərində qətiyyətli mübarizə, baharın gəlişi və digər həyativacib məsələlər də öz əksini tapıb. Bu deyilənləri tariximizin ən böyük daş kitabələri olan Qobustan və Gəmiqaya qayaüstü rəsmləri də sübut edir.

Ardını oxu...

2005-ci ildən fəaliyyətə başlayan AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunda bu gün 400-dən çox qədim çap kitabı və əlyazmalar mühafizə olunur. Bunlar elmin müxtəlif sahələrinə – tarix, dilçilik, ədəbiyyatşünaslıq, nücum, fiqh, məntiq, riyaziyyat, tibb, coğrafiya, həmçinin bədii ədəbiyyata aid qiymətli materiallardır. Onların 80-dən çoxu əlyazma, qalanı isə daşbasma üsulu ilə və elektrik mətbəəsində çap olunan kitablardır. Buradakı “Qurani-Kərim”in incə nəstəliq xətti ilə yazılmış bəzi ayələri və məşhur dua nümunələri toplanan çox kiçik formatlı əlyazma, təxminən, 500 il bundan əvvələ aiddir.

Ardını oxu...

Bu il Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümü ərəfəsində Naxçıvanda yeni bir muzey istifadəyə verildi. Naxçıvan hərbi şəhərciyində açıq səma altında yaradılan Döyüş Şöhrəti Muzeyi profilinə görə muxtar respublikada yaradılmış ilk və unikal muzeylərdən biridir. Muzeylərlə bağlı mövzuya bir neçə dəfə müraciət etmişəm. Hər yazımda da qeyd etdiyim ortaq fikir ondan ibarət olub ki, bu mədəniyyət müəssisələri məxsus olduğu bölgənin təbliğatında vizit kartı rolunu oynayır. Profilinə görə elə muzeylər var ki, onları dünyanın istənilən ölkəsində yaratmaq mümkündür və belə mədəniyyət müəssisələrinə hər yerdə rast gəlmək olar. Ancaq elə muzeylər də var ki, onların yaradılması üçün ənənəvilik şərtdir. Məsələn, bu yazıda bəhs edəcəyimiz Döyüş Şöhrəti Muzeyi heç də geniş yayılmış kütləvi muzeylərdən deyil. 

Bu gün dünyada elə bir xalq tapmaq mümkün deyil ki, o xalqın tarixində hərblə, müharibə ilə bağlı müəyyən səhifələrə rast gəlinməsin. Lakin müharibələr o zaman qürurverici xatirələrlə anılır ki, xalqın mübarizə əzmini, döyüş ruhunu, Vətənə sədaqətini özündə əks etdirsin. Azərbaycan xalqının tarixi keçmişinə nəzər saldıqda görürük ki, ölkəmizin mühüm strateji mövqedə yerləşməsi, yaşayış üçün bütün imkanların əlçatan olması, iqlim xüsusiyyətləri və digər amillər Vətənimizi hər zaman xarici maraqların cəmləşdiyi bir məkana çevirib. Təbii ki, bu maraqlar ölkəmizin əhəmiyyətini göstərməklə yanaşı, zaman-zaman ona sahiblənmək iddialarını da ortaya qoyub. Tarixin bütün dövrlərində xalqımıza, ölkəmizə qarşı yönələn hücumlara hər dəfə layiqli cavab vermişik. Düşmənlərimizə qarşı bu mübarizələrdə saysız-hesabsız qəhrəmanlarımız öz igidlikləri ilə ad-san qazanıb, şanlı hərb tariximizin unudulmaz səhifələrini yazıblar.

Ardını oxu...

Ordubad Rayon Mədəniyyət Evində Kazım Ziya adına Rayon Xalq Teatrının görkəmli yazıçı və dramaturq Əbdürrəhim bəy Haqverdiyevin “Yeyərsən qaz ətini, görərsən ləzzətini” komediyası əsasında hazırladığı tamaşanın premyerası olub.
Görkəmli dramaturqun ilk əsərlərindən olan komediya bir tacirin avamlığının və dözülməz ailə-məişət münasibətlərinin, ailədə fəlakətə səbəb olan qadınların şərəf və hüquqlarını tapdalayan çoxarvadlılıq məsələsinin tənqidinə həsr edilib.
Xalq teatrının aktyorları Davud Məmmədov, Nağı Əlisoy, Oruc Əliyev, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Günəş Ağayeva, Emin Yusifli, Zəhra Mirzəyeva, Süqarə Mirzəlinin yaratdığı rollar maraqla qarşılanıb.
Tamaşanın rejissoru Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Günəş Ağayeva, musiqi tərtibatçısı Qasım Rəsulov, rəssamı Hikmət Əliyevdir.
Tamaşadan sonra kollektivlə görüşən Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova və Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov onları yeni tamaşa münasibətilə təbrik edərək yaradıcılıq uğurları arzulayıblar.

Əli RZAYEV

Bu il Azərbaycan kinosunun 120 illiyi qeyd olunur. 45 il bundan əvvəl ilk dəfə ekrana çıxan “Nəsimi” tarixi-bioqrafik filmi də Azərbaycan kino salnaməsində özünəməxsus yer tutur.  Filmin Naxçıvan çəkilişləri maraqlı məqamları ilə yadda qalıb. Ssenari müəllifi Xalq yazıçısı İsa Hüseynov, rejissoru Həsən Seyidbəyli olan səhnə əsərinin çəkilişlərinin həm də həmin dövrdə hürufizmin yayıldığı qədim Naxçıvanda aparılması ona yeni çalarlar qatıb.

Filmin yaradıcıları Suraxanı “Atəşgahı”nda, Şirvanşahlar Sarayında, karvan­sarada bəzi çəkilişlər apardıqdan sonra 1973-cü ilin avqust ayında Naxçıvana gəliblər. Çəkiliş meydançası kimi muxtar respublikanın Culfa rayonunun ərazisində yerləşən Əlincə qalası və Əlincəçayın vadisi boyu Xanəgah kəndinə yaxın məkanlar seçilib. Təbii ki, bu ərazi tarixi baxımdan diqqəti cəlb etməklə filmə uyğun bir məkan idi. Ssenaridə kütləvi səhnələr olduğuna görə, bura yerli sakinlərin də cəlb edilməsi qərara alınmış, çəkilişlərdə onların da fəal iştirakı kütləvi səhnələrin daha canlı alınmasına şərait yaradıb.

Əlincəqala, Xanəgah, Şeyx Nəiminin məzarı...

Naxçıvanda filmin ilk çəkilişləri Əlincəqalanın ətrafında aparılıb. Azərbaycan xalqının mübarizlik və vətən­pərvərlik əzmini toplu halda nümayiş etdirən tarixi qalalarımızdan biri olan Əlincəqala bu gün ən yüksək səviyyədə bərpa olunub. Qala I-VI əsrlərdən başlayaraq müdafiə istehkamı və yaşayış yeri kimi istifadə olunub, 14 il Əmir Teymurun qoşunlarının hücumlarına müqavimət göstərib. Naxçıvanın Azərbaycan Atabəylər dövlətinin paytaxtı olduğu dövrdə Əlincəqalanın iqtisadi və siyasi mövqeyi önəmli dərəcədə artıb. Əlincəqalanın tarixi qaynaqlar əsas götürülərək bərpa edilməsi xalqımızın çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması və tanıdılması baxımından mühüm əhəmiyyətə malikdir. Burada “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin yaradılması da xüsusi məna daşıyır. Əlincəqalada məskunlaşmış insanların yaşayışını və döyüş sənətini özündə əks etdirən maddi-mədəniyyət nümunələrinin muzeydə nümayiş olunması qədim qala sakinlərinin həyatı və qəhrəmanlıq tarixi haqqında dolğun təsəvvür yaradır.

Ardını oxu...

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan milli mədəniyyətin inkişafı ilə bağlı məqsədyönlü siyasət bu gün muxtar respublikamızda da uğurla həyata keçirilməkdədir. Bu qədim diyarda incəsənət sahəsinə göstərilən qayğı, yaradılan əlverişli şərait nəticəsində istedadlı rəssamların sayı ildən-ilə artır, fəaliyyətləri genişlənir. Xüsusi istedada malik məktəblilərin və gənc incəsənət nümayəndələrinin yaradıcılıq nümunələri nümayiş etdirilir, həmçinin tanınmış rəssamlarımızın fərdi sərgiləri təşkil olunur, onların yaradıcılığına yüksək qiymət verilir. Bütün bunlar istedadlı rəssamlarımızın karyera yollarında uğurla irəliləməsinə səbəb olur.

Belə istedadlı rəssamlarımızdan biri də Səkinə Qarayevadır. Muxtar respublikamızda qazandığı uğurları və səmərəli fəaliyyəti ilə seçilən incəsənətin bu zərif nümayəndəsi ilə onun öz emalatxanasında yaxından tanış oldum. Hər bir əsərində mənəvi dünyasını əks etdirərək insana estetik zövq bağışlayan rəssamımız haqqında oxucu­larımıza da məlumat vermək ­istərdim.

Ardını oxu...

Keçmişdən gələcəyə körpü rolunu oynayan və ulu babalarımızın bizə yadigar qoyduğu hər bir abidə xalqımızın qədim tarixinin və mədəniyyətinin mühüm göstəricisidir. İndiki nəsillər yaradılan və bizə gəlib çatan abidələrlə fəxr etməklə yanaşı, onu yaradanları da minnətdarlıqla xatırlayır və qürur duyurlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Biz tarixi keçmişimizə nəzər salarkən ulu babalarımızın yaratdığı və indiyə qədər yaşayan abidələrlə, qalalarla, şəhərlərlə, heykəllərlə, yollarla fəxr edir və bunları yaradanları daim xatırlayırıq”. 

Azərbaycan ərazisi bu diyarın dünyanın ən qədim insan məskənlərindən biri olduğunu sübut edən arxeoloji abidələrlə son dərəcə zəngindir. Azərbaycan əhalisi hələ Qədim Daş Dövründən (Paleolit) başlayaraq yüksək mədəniyyət yaratmışdır. Eneolit, Kür-Araz və Boyalı qablar mədəniyyətlərinin yarandığı ərazi Naxçıvan olmuşdur.
Azərbaycan xalqı, eyni zamanda dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlardandır. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu, III minilliyin əvvəllərindən başlayaraq yaranmışdı. Qədim Azərbaycan dövlət qurumları Lullubi və Qutilər təkcə Azərbaycanın deyil, ümumiyyətlə, qədim Şərq dövlətçiliyinin tarixində də dərin iz qoymuşlar. Sonrakı dövrdə Azərbaycan torpaqlarında Skif şahlığı (iskit), Manna, Atropatena və Albaniya kimi dövlətlər mövcud olmuşdur. Ərəb xilafətinin tənəzzülündən sonra – IX əsrin ortalarından başlayaraq Qafqazda, habelə bütün Yaxın və Orta Şərqdə türk imperiyalarının rolu artdı. Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər, Səlcuqlar, Eldənizlər, Monqollar, Elxanilər-Hülakülər, Çobanilər, Cəlairilər, Teymurilər, Osmanlılar, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar və başqa türk sülalələrinin idarə etdikləri dövlətlər təkcə Azərbaycanın, həmçinin, bütövlükdə, Cənubi Qafqazın deyil, eyni zamanda bütün yaxın və Orta Şərqin dövlətçilik tarixində dərin iz qoydular.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrinin zabitlərinin muzeylərə ekskursiyaları davam edir.
Zabitlərimiz növbəti dəfə Naxçıvan Dövlət Tarix Muzeyini, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksini və Xatirə Muzeyini, eləcə də muxtar respublikanın rayonlarında yerləşən tarix­-diyarşünaslıq muzeylərini ziyarət ediblər. Muzeylərdə zəngin tariximizi, mədəniyyətimizi özündə əks etdirən eksponatlar və görkəmli şəxsiyyətlərimiz haqqında zabitlərə ətraflı məlumat verilib.

Nəriman NƏCƏFOV

Bu sənət bu gün də yaşadılır

Xalçaçılıq sənətinin inkişaf etdirilməsi istiqamətində muxtar respublikamızda məqsədyönlü tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” bu işlərin uğurla həyata keçiril­məsinə öz töhfəsini verir.

Qeyd edək ki, Naxçıvan xalçaçılıq məktəbinin bərpa edilməsi, tədqiqi və təbliği üçün 1998-ci ildə Naxçıvan Dövlət Xalça Muzeyi yaradılıb. Xalçaçılığın elmi əsaslarla inkişafını diqqətdə saxlayan, evlərdə olan xalça nümunələrinin muzeyə təhvil verilməsi istiqamətində xeyli iş görən muzeyin iş şəraitinin yaxşılaşdırılması məqsədilə 2010-cu ildə bu mədəniyyət müəssisəsi yeni bina ilə təmin olunub.
2013-cü ildə Naxçıvan Dövlət Xalça Muzeyi yenidən qurulub, “Naxçıvan xalçaçıları” kitabının, “Azərbaycan xalçaları: Naxçıvan qrupu” jurnalının, “Naxçıvan xalçaları” sənədli filminin və muzeyin www.xalca.nakhchivan.az saytının təqdimatı keçirilib. Bu, milli dəyərlərimizin daşıyıcısı olan xalçaçılığın gələcəyinə ümidləri daha da artırıb...

Ardını oxu...

Muxtar respublikanın ayrılmaz həyat ritminə çevrilən genişmiqyaslı tikinti-quruculuq işlərindən Babək rayonunun mədəniyyət müəssisələrinə xeyli pay düşür. Mədəniyyət müəssisələrinin binalarının böyük əksəriyyə­tinin yenilənməsi onların normal fəaliyyət göstərməsini təmin etməklə yanaşı, rayona xüsusi gözəllik qatıb. Görülən işlər Babək rayonunda mədəniyyətin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin davamlı xarakter almasına öz töhfəsini verir.. 

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR