Naxçıvan dünyanın qədim metalişləmə ocaqlarından biri olub. Bu diyarda mühüm metal yataqları olduğundan ən qədim dövrlərdən burada metallurgiya inkişaf edib, metalişləmənin dəmirçilik, misgərlik və zərgərlik kimi müstəqil sahələri yaranıb.
Arxeoloji qazıntılar zamanı I Kültəpənin ən qədim mədəni təbəqəsindən əldə edilən müxtəlif mis-mərgümüş, nikel-mərgümüş qatışığı olan alətlər və bəzək nümunələri, həmçinin Ordubad rayonunun Plovdağ nekropolundan aşkar olunan sancaqlar bunu bir daha təsdiq edir. Həmin dövrə aid yüksək sənətkarlıq tələb edən müxtəlif məişət əşyaları, bir-birindən dəyərli sənət nümunələri, xüsusilə üzərində incə zövqlə işlənmiş döymələrlə diqqəti cəlb edir. Bu isə bir daha təsdiqləyir ki, qədim dövrlərdən başlayaraq Naxçıvanda metal üzərində döymə sənəti yüksək səviyyədə inkişaf edib. Muxtar respublikamızda bu gün də həmin sənətin yaşadılması dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılır, bu sənətə maraq göstərənlər qayğı ilə əhatə olunur. Həsən Şükürov da onlardan biridir.
Onunla söhbət zamanı öyrəndik ki, Həsən usta artıq 50 ilə yaxındır, metal üzərində döymə ilə məşğuldur. 1975-ci ildə Bakı şəhərində metalların bədii işlənməsi və tərtibatı peşəsinə yiyələnərək ata-babasından ona miras qalan bu sənətin sirlərini öyrənib. O bildirdi ki, metal üzərində əsər yaratmaq olduqca mürəkkəb işdir. Bu sənət, ilk növbədə, iti göz və böyük ustalıq tələb edir. Əvvəlcə çəkiləcək əsərin kağız üzərində eskizi hazırlanır. Sonra həmin eskiz metalın üzərinə döymə yolu ilə köçürülür. Əsas proses məhz bundan sonra başlanır. Xüsusi alətlər vasitəsilə günlərlə metalın üzəri döyülərək hər hansı təsviri yaratmaq mümkün olur.
Həsən Şükürov deyir ki, uşaq yaşlarından rəsm çəkməyə, 17 yaşından isə eskizləri mis, alüminium üzərinə köçürməyə başlamışam. Vaxtilə atam metaldan maraqlı suvenirlər hazırlayırdı. Mən də ona diqqətlə baxıb, həmin suvenirlərin oxşarını düzəltməyə çalışırdım. İllər keçdikcə bu sənətə marağım daha da artdı. Mis üzərində döymə sənətinin incəliklərindən də söhbət açan usta bildirdi ki, əlvan metal üzərində yaxşı əsər yaratmaq üçün bir sıra vacib keyfiyyətlər lazımdır. Əvvəla, xalq yaradıcılığına xüsusi maraq olmalıdır. Rəssamlıq qabiliyyəti də vacib amildir. Eskizi metal üzərinə köçürərkən bədən cizgilərinin qabarmasının təbii alınması üçün heykəltəraşlıq bacarığı da tələb olunur. Bu sənətlə məşğul olmaq üçün kimyanı da müəyyən qədər bilmək lazımdır. Çünki metallardan rəng almaq üçün mütləq kimyəvi məhlullardan istifadə etməli olursan.
Qeyd edək ki, Həsən Şükürov əsərlərini, əsasən, mis və alüminium üzərində hazırlayır. Misdən istədiyi rəngi daha rahat əldə edə bildiyindən bu əlvan metalla işləməyə daha çox üstünlük verir. Çərçivələri də özü hazırlayır. O deyir ki, bir çox mövzulara müraciət etsə də, ədəbiyyat və tarix mövzusu ona daha çox yaxındır. Vətənpərvərlik mövzusundakı “Koroğlu”, “Babək” adlı əl işləri, müxtəlif ədiblərin portretləri hər kəsin böyük marağına səbəb olur. Bu əl işlərinə baxarkən mis lövhə üzərində xüsusi bacarıqla işlənilən Naxçıvanın tarixi abidələri insanın zövqünü oxşayır. Həmçinin dövlət atributları, Dədə Qorqudla, əfsanələrimizlə, nağıllarımızla bağlı illüstrasiyaları da valehedicidir. Bir sözlə, müsahibimizin işlədiyi mövzular müxtəlifliyi və rəngarəngliyi ilə seçilir. Ən əsası isə bu əl işləri tamaşaçını özünə cəlb etməyi bacarır.
Yarım əsrə yaxındır ki, bu sənətə ömrünü bağlayan Həsən Şükürov bu gün də evinin bir guşəsində gözəl əl işləri yaradır. Onlar müxtəlif sərgilərdə nümayiş olunur. Mədəniyyət Nazirliyinin təşkil etdiyi sərgilərdə fəal iştirak edir, indiyədək müxtəlif diplom və mükafatlara layiq görülüb. Sənətkarın cari il iyun ayının 7-də Naxçıvan Biznes Mərkəzində təşkil olunan “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018” adlı sərgidə isə Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış loqotipin mis lövhə üzərində əks olunduğu əsəri böyük maraqla qarşılanıb.
Onun arzusu bu sənətin muxtar respublikamızda daha da inkişaf etdirilməsi və yaşamasıdır. Elə biz də bu arzuya qoşulur və milli xalq yaradıcılığımızın bu sənət növünün davamçılarının daha çox olmasını istəyirik.
Qeyd edək ki, indi bunun üçün hərtərəfli şərait də mövcuddur. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamına əsasən son illərdə muxtar respublikamızda müxtəlif xalq yaradıcılığı sahələrinin inkişaf etdirilməsi ilə bağlı əməli işlər görülür. Peşə təhsili müəssisələrində müasir sənət növləri ilə yanaşı, qədim sənət sahələri ilə də bağlı kurslar təşkil olunur. Eyni zamanda el sənətkarlığı ilə məşğul olan insanlara dövlət tərəfindən lazımi yardımların edilməsi, hazırlanan məhsulların bazarının təşkil olunması, sərgi və festivallarda əl işlərinin nümayiş etdirilməsi bu gün muxtar respublikada həmin sənət sahələrinə marağı daha da artırıb. Həyata keçirilən tədbirlər isə Naxçıvanın zəngin mədəni irsinin tanıdılmasına öz töhfələrini verir.
Gülcamal TAHİROVA