Naxçıvan qədim tarixi, maddi-mədəniyyət nümunələri ilə hər zaman seçilib. Burada yaşı minilliklərlə ölçülən türbələr, məscidlər, mədrəsələr, imamzadələr və digər türk-islam abidələri canlı salnamə kimi tarixdə öz izini qoruyub saxlayır. Hazırda 1162 tarix-mədəniyyət abidəsinin mövcud olduğu qədim diyarımızda bu abidələrin 58-i dünya, 455-i ölkə, 649-u isə yerli əhəmiyyətlidir. Bu tarixi irs nümunələrinin özəlliyi onların həm maddi-mənəvi, həm də dini inanc baxımından müqəddəs dəyərlərə bağlı olmasındadır. 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı olan Naxçıvanın qədim memarlıq ənənələri məhz bu səciyyəvi xüsusiyyətlərinə görə bura gələn qonaqların diqqətini cəlb edir. Digər tərəfdən də islami dəyərlərin qorunub saxlanıldığı tarixi-mədəni abidələr təsviri sənətə də yol taparaq tariximizin şəkillərdə, rəsm əsərlərində əbədiləşdirilməsinə gətirib çıxarır.
Tədqiqatlar göstərir ki, incəsənətin əsas növlərindən biri sayılan təsviri sənət qədim Naxçıvanda miladdan əvvəl IV-I minilliklərdə formalaşıb, inkişaf edib. Qayaların, bədii keramikanın və tunc məmulatlarının, eləcə də müxtəlif minerallardan hazırlanan bəzək əşyalarının üzərində həyatla bağlı olan, real və simvolik məna kəsb edən maraqlı rəsmlər, işarələr, damğalar həkk edilib. Gəmiqaya petroqliflərinin analoji abidələrlə müqayisəli təhlili qədim Azərbaycan təsviri sənətinin bir hissəsinin Naxçıvan mədəniyyətinə aid olduğunu göstərir.
Naxçıvanda elm, mədəniyyətin təşəkkülü, sülh və mərhəmət dini olan İslamın yayılması bu diyarı orta əsrlərdə İslam mədəniyyətinin əsas mərkəzlərindən birinə çevirib. “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, Gəmiqaya rəsmləri, Naxçıvanqala, Nuh, Qarabağlar, Yusif Küseyir oğlu, Möminə xatın türbələri, Əlincəqala və digər abidələr minilliklərin sənətkarlıq xüsusiyyətlərini, təfəkkür və düşüncə tərzini, dövrün mədəni mühitini bu günə daşıyıb.
Bu dəyərlərin qorunub yaşadılmasında və gələcək nəsillərə çatdırılmasında Naxçıvanda fəaliyyət göstərən rəssamların, eləcə də qədimliyin və müasirliyin vəhdətini özündə birləşdirən bu gözəl diyara heyran qalan əcnəbi rəssamların çəkdikləri təsviri sənət əsərləri də mühüm rol oynayır.
Qədim diyarda İslama verilən qiymət rəsm sərgilərinin, beynəlxalq rəsm festivallarının keçirilməsində də öz aydın təzahürünü tapmaqdadır. Bütün bunlar, ilk növbədə, mədəniyyətimizi təbliğ etmək, muxtar respublikamızı, dinimizi, milli-mənəvi dəyərlərimizi dünyada tanıtmaq, maddi-mədəniyyət nümunələrimizi, tarixi abidələrimizi rəssam fırçası ilə yenidən canlandırmaq işində də mühüm rol oynayır. Bu istiqamətdə keçirilən tədbirlər cari ildə də davam etdirilib. Həmin tədbirlərdən bir neçəsinin adını çəkmək yerinə düşər.
Bu il iyulun 6-da Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda muxtar respublikanın Mədəniyyət Nazirliyi və Rəssamlar Birliyinin birgə keçirdikləri “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” mədəniyyət ilinə həsr olunmuş görkəmli ebru ustası, Hikmet Barutcugilin əsərlərindən ibarət “Allahın gözəl adları” adlı fərdi yaradıcılıq sərgisində rəssamın 47 ebru üzərində xəttatlıq sənətinin ahəngdar nümunələri sərgilənib. Belə bir əlamətdar ildə türk-islam mədəniyyətinin dərinməzmunlu nümunələrindən olan ebru sənətinə aid sərginin təşkili ictimaiyyət tərəfindən İslam mədəniyyəti ilə səsləşən mühüm mədəniyyət hadisəsi kimi dəyərləndirilib.
Elmin, mədəniyyətin, incəsənətin yüksək qiymətləndirildiyi Naxçıvanda islami dəyərlərin təsviri sənətin müxtəlif növlərində işlənməsi dinimizə, dəyərlərimizə müxtəlif baxış bucağından baxmağa, dünyagörüşümüzü artırmağa, müqəddəs dinimiz və qədim diyarımız haqqında daha ətraflı məlumatlar əldə etməyə geniş imkanlar açır. Bu məqsədlə iyunun 22-də Bəhruz Kəngərli adına Sərgi Salonunda təşkil edilən “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtıdır” adlı sərgidə 21 rəssamın taxta üzərində yandırma, rəngkarlıq, qrafika, qobelen, xəttatlıq, daş heykəl və digər üsullarda 50-dən çox əsəri nümayiş olunub. Bu sənət əsərləri içərisində Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyevanın “Həcc ziyarəti”, Qəhrəman Tağıyevin “Möminə xatın”, Cavid İsmayılovun “Atabəylər paytaxtı Naxçıvan”, Sabir Məmmədovun “Qarabağlar türbəsi”, Səyyad Bayramovun “Nuh türbəsi” və digər rəsm əsərləri xüsusi maraqla qarşılanıb. Həmin əsərlər qədim tarixi abidələr diyarı olan Naxçıvanı tərrənnüm etməklə yanaşı, burada yaşayan əhalinin həyat şəraitini, məişətini, inanclarını də özündə birləşdirir. Rəsm qalereyasında saxlanılan bu rəsmlər tariximizin gələcək nəsillərə çatdırılması işində mühüm rol oynayacaq.
Bu ilin ən əhəmiyyətli, yaddaqalan hadisəsi isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 16 aprel tarixli Sərəncamına əsasən “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə keçirilən “Naxçıvan – bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalı oldu.
Bu festivalın yüksək səviyyədə təşkil olunması bir daha göstərdi ki, muxtar respublikamızda təsviri incəsənətə daim diqqət və qayğı ilə yanaşılır. Qədim diyarımızın zəngin tarixi və bu günü ilə səsləşən mühüm mədəniyyət tədbirində Türkiyə, İran, Gürcüstan, Qazaxıstan, Ukrayna, Rusiya, Finlandiya, Sloveniya, Misir, Polşa və digər xarici ölkələrdən 35 rəssam, ölkəmizdən və onun Naxçıvan Muxtar Respublikasından isə 28 rəssam iştirak etdi. Naxçıvanın tarixinin, mədəniyyətinin tərənnüm olunduğu 65 rəsm əsəri hazırda Naxçıvan Dövlət Rəsm Qalereyasında nümayiş olunur.
Rəsm əsərləri içərisində iranlı rəssam Səid Əyyaminin “Qarabağ”, polşalı rəssam Katya Sokolova Zizakın “Haçadağ”, qazaxıstanlı rəssam Olqa Erenin “Naxçıvan”, sloveniyalı rəssam Nik Anikisin “Haçadağın tarixi”, azərbaycanlı gənc rəssam Bəhruz Kəngərlinin “Naxçıvan əfsanəsi”, Telman Abdinovun “Tarixi qoruyaq”, Əli Səfərovun “Etüd”, Qəhrəman Tağıyevin “İslam Mədəniyyətinin Paytaxtı”, İrina Eldarovanın “Nuh əfsanəsi”, Lela Geleişvilinin “Möminə xatın”, Murad Babayevin “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı”, Nilüfer İnaltongun “Haçadağ”, Sami Syabinin “İslama doğru”, Birsen Çekenin “Qarabağlar türbəsi” və digər əsərlər rəssamların zəngin təxəyyülünü və peşəkarlığını göstərməklə yanaşı, həm də bu qədim diyarda islami dəyərlərə bağlılığın nə qədər gülcü olmasının, zəngin maddi-mədəniyyət nümunələrinin qorunub saxlanılmasının bariz nümunəsidir.
Bütün bunlar isə bir daha onu təsdiq edir ki, bu gün ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət sahəsində əsasını qoyduğu ənənələr muxtar respublikada layiqincə davam etdirilir, yaradıcı şəxslərə dəstək verilir, zəngin keçmişə malik olan rəssamlıq məktəbinin qorunması, istedadlı gənc rəssamların üzə çıxarılması və onların bu sənəti daha dərindən öyrənmələri diqqətdə saxlanılır. Qədim diyarımızda keçirilən beynəlxalq mədəni kütləvi tədbirlər də Naxçıvanda müasir rəssamlıq məktəbinin sənətkarlıq baxımından daha da inkişaf etməsinə gələcəkdə də öz töhfəsini verəcək.
Güntac ŞAHMƏMMƏDLİ