Avqustun 18-də Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” devizi altında Naxçıvan şəhərinin Saat meydanında növbəti şənbə konserti olub.
Mahnı və Rəqs Ansamblı geniş konsert proqramı ilə çıxış edib. Ansamblın üzvlərinin ifasında xalq və bəstəkar mahnıları, xalq rəqsləri tamaşaçılara təqdim olunub.
Ansamblın üzvlərindən Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Hünər Əliyevin, Xatirə Səfərovanın, həmçinin Cəfər Tağıyevin, Namiq Vəliyevin, Məhərrəm Quliyevin, Nərmin Hüseynovanın, Hüseyn Qasımovun ifa etdikləri şən və lirik mahnılar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Rəqs qrupunun ifa etdiyi “Xançobanı”, “Naz eləmə” və başqa rəqslər konsertə əlvanlıq gətirib. Bir saatdan artıq davam edən konsert “Yallı” rəqsi ilə başa çatıb.
Konsert proqramı şəhər sakinləri və qonaqlarda xoş ovqat yaradıb.
Qeyd edək ki, yay mövsümü ərzində əhalinin istirahətinin səmərəli təşkili, asudə vaxtının mənalı keçirilməsi məqsədilə hər həftə şənbə konsertləri keçirilir.
Əli RZAYEV