23 Dekabr 2024, Bazar ertəsi

Bu il Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümü ərəfəsində Naxçıvanda yeni bir muzey istifadəyə verildi. Naxçıvan hərbi şəhərciyində açıq səma altında yaradılan Döyüş Şöhrəti Muzeyi profilinə görə muxtar respublikada yaradılmış ilk və unikal muzeylərdən biridir. Muzeylərlə bağlı mövzuya bir neçə dəfə müraciət etmişəm. Hər yazımda da qeyd etdiyim ortaq fikir ondan ibarət olub ki, bu mədəniyyət müəssisələri məxsus olduğu bölgənin təbliğatında vizit kartı rolunu oynayır. Profilinə görə elə muzeylər var ki, onları dünyanın istənilən ölkəsində yaratmaq mümkündür və belə mədəniyyət müəssisələrinə hər yerdə rast gəlmək olar. Ancaq elə muzeylər də var ki, onların yaradılması üçün ənənəvilik şərtdir. Məsələn, bu yazıda bəhs edəcəyimiz Döyüş Şöhrəti Muzeyi heç də geniş yayılmış kütləvi muzeylərdən deyil. 

Bu gün dünyada elə bir xalq tapmaq mümkün deyil ki, o xalqın tarixində hərblə, müharibə ilə bağlı müəyyən səhifələrə rast gəlinməsin. Lakin müharibələr o zaman qürurverici xatirələrlə anılır ki, xalqın mübarizə əzmini, döyüş ruhunu, Vətənə sədaqətini özündə əks etdirsin. Azərbaycan xalqının tarixi keçmişinə nəzər saldıqda görürük ki, ölkəmizin mühüm strateji mövqedə yerləşməsi, yaşayış üçün bütün imkanların əlçatan olması, iqlim xüsusiyyətləri və digər amillər Vətənimizi hər zaman xarici maraqların cəmləşdiyi bir məkana çevirib. Təbii ki, bu maraqlar ölkəmizin əhəmiyyətini göstərməklə yanaşı, zaman-zaman ona sahiblənmək iddialarını da ortaya qoyub. Tarixin bütün dövrlərində xalqımıza, ölkəmizə qarşı yönələn hücumlara hər dəfə layiqli cavab vermişik. Düşmənlərimizə qarşı bu mübarizələrdə saysız-hesabsız qəhrəmanlarımız öz igidlikləri ilə ad-san qazanıb, şanlı hərb tariximizin unudulmaz səhifələrini yazıblar.

Qədim Naxçıvan diyarı da hər zaman öz igid, mübariz qəhrəmanları ilə tanınıb. Çar Rusiyası dövründən bu günümüzədək naxçıvanlı hərbçilər istər qədim diyarımızın müdafiə olunmasında, istərsə də digər cəbhələrdə öz şücaətləri ilə bu tarixi daha da zənginləşdiriblər. Bunları xatırlatmaqda məqsədimiz bu gün Naxçıvanda Döyüş Şöhrəti Muzeyinin yaradılmasının heç də təsadüfi olmadığını söyləməkdir. Çünki Naxçıvan zəngin hərb tarixi ənənələrinə malik bir diyardır. Uzaq tarix deyil, cəmi 25-30 il bundan əvvəl Naxçıvanı işğal etmək üçün bütün imkanlar səfərbər edilmişdi. Keçmiş sovet rejiminin ov tüfənglərini belə, müxtəlif bəhanələrlə yığaraq əhalini düşmənin müxtəlif hərbi texnikaları ilə qarşı-qarşıya qoymuşdu. Yalnız Vətənə məhəbbət və ulu öndər Heydər ­Əliyevlə həmrəylik Naxçıvanı ağır bəlalardan xilas etdi. Nəticədə, muxtar respublika əhalisi xalqımızın ümummilli liderinin ətrafında sıx birləşərək bu qədim diyarın ərazi bütövlüyünün qorunub saxlanılmasına, bugünkü inkişafına yol açdı. Məhz həmin dövrdə dahi şəxsiyyət ordu quruculuğu istiqamətində Naxçıvanda qətiyyətli addımlar atdı. İqtisadi vəziyyətin çətin olduğu qədim diyarımızda həmin dövrdə ordu formalaşdırmağın, onun maddi-texniki bazasını təkmilləşdirməyin nə qədər mürəkkəb bir proses olduğunu bugünkü orta və yaşlı nəslin nümayəndələri yaxşı bilirlər...
Naxçıvan şəhərindəki hərbi şəhərciyin ərazisində yaradılmış Döyüş Şöhrəti Muzeyində həmin dövrdə muxtar respublikamızın müdafiəsində istifadə olunmuş onlarla hərbi texnika və qurğular var. Bu silah və qurğular blokadaya salınmış muxtar respublikanın ərazi bütövlüyünün qorunub saxlanılmasında böyük rol oynayıb. Burada nümayiş etdirilən hərbi texnikaların hər birinin yanında məlumat lövhələri qoyulub. Həmin lövhələrdə nümayiş etdirilən texnikaların istehsal ili, istifadə sahələri, texniki xüsusiyyətləri, döyüşlərdə iştirakı haqqında məlumatlar yerləşdirilib. Haubitsa, top və mina­atanlar, tanklar, döyüş-nəqliyyat vertolyotu, hava hücumundan müdafiə üzrə döyüş maşınları, mühəndis istehkam xidmətində istifadə edilən texnikalar, habelə müxtəlif hərbi təyinatlı avtomobillərin eyni modellərindən hazırda da bir çox ölkələrin ordularında, eləcə də erməni hərbi birləşmələrində istifadə olunmaqdadır. Lakin ölkəmizin iqtisadi gücünün nəticəsində bu gün ordumuzun arsenalı müasir tələblərə yüksək səviyyədə cavab verən milli və dünyanın aparıcı silah sənayelərinin istehsalı olan hərbi texnikalarla təchiz olunub. Ötən il oktyabrın 18-də Naxçıvanda və bu il iyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakıda keçirilən təntənəli hərbi paradlar da bunu bir daha təsdiq edir. Düşmənlərimizin istifadə etdikləri hərbi texnikalar isə, sözün həqiqi mənasında, muzey eksponatına çevrilib. Nəzərə alaq ki, adətən, bir hərbi texnikanın model olaraq istismar müddəti 30-40 ilə qədər davam edir. Ancaq bu, hərbi sənayedə modifikasiya prosesinin dayanması anlamına gəlmir. Əksinə, hərbi sənaye bahalı investisiya sayıldığından, dünya ölkələrinin bir çoxu öz ordularının modernləşdirilməsinə bəzən 10-15 il vaxt sərf edirlər. Heç uzağa getməyək, bu gün MDB məkanındakı ali hərbi məktəblərdə hava hücumundan müdafiə ixtisası üzrə təhsil alan kursantlar, hələ də ilkin olaraq qoşunların hava hücumlarından müdafiəsində geniş istifadə olunan “Şilka”, “Osa”, “Kruq” kimi zenit-raket komplekslərini öyrənirlər. Hansı ki belə komplekslərdən ikisi bu gün Naxçıvandakı Döyüş Şöhrəti Muzeyində eksponata çevrilib. Deməli, bu muzey təkcə hərb tariximizin şöhrətini deyil, eyni zamanda ordumuzun müasir gücünü də göstərir.
Naxçıvan şəhərindəki Döyüş Şöhrəti Muzeyi maraqlı eksponatları ilə bu gün həm şəhər sakinlərinin, həm də muxtar respublikamıza gələn turistlərin diqqətini özünə cəlb edir. Diqqətçəkən cəhətlərdən biri də odur ki, bu muzey daha çox azyaşlıları maraqlandırır. Açıq səma altında 13 min hektar ərazidə yaradılmış muzeyi gəzərkən bunun bir daha şahidi oldum. Valideynləri ilə buradakı eksponatlara baxan bu uşaqlar üçün həqiqi döyüş texnikalarına yaxından baxmaq cizgi filmlərindən, kompüter oyunlarından daha maraqlı idi. Tanklara və vertolyota maraq göstərənlər isə daha çox idi. Bunu həmin texnikaların fonunda fotoşəkil çəkdirənlərin sayının çoxluğundan da görmək olardı. Bu həm də uşaqlarda ilkin vətənpərvərlik hisslərinin formalaşmasına şərait yaradır. Kim bilir, bəlkə də, bu uşaqlar arasında gələcəyin qəhrəman hərbçiləri yetişəcək. Hər halda bunu ürəyindən keçirənlər az deyildi. Hətta bir az yaxınlıqda valideynlərinin təkidlərinə baxmayaraq, uşaqların buradan ayrılmaq istəməmələrinin də şahidi oldum, muzeylərimizin vətənpərvərliyə vizual təsirini öz gözlərimlə gördüm.
Beləliklə, şəhərimizdə açıq səma altında Döyüş Şöhrəti Muzeyinin yaradılması Naxçıvanın şanlı hərb tarixi ənənələrinə malik olmasını, həm də müqayisəli şəkildə ordumuzun bugünkü gücünü göstərir. Uşaq və yeniyetmələrin muzeyə böyük marağı isə onların vətənpərvərlik tərbiyəsində müstəsna rol oynayır. Elə vətənpərvərliyin əsl marketinqi də budur!

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR