Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik Naxçıvan arxeoloji ekspedisiyası Naxçıvançay vadisindəki Meydantəpə qədim yaşayış yerində arxeoloji tədqiqatlara başlayıb.
4 hektar sahəni əhatə edən Meydantəpə şəhərtipli antik yaşayış yeri Nəzərabad kəndinin yaxınlığında, Naxçıvan-Şahbuz magistral yolunun kənarında yerləşir. Tədqiqatlar zamanı aşkar olunmuş materiallar eradan əvvəl IV, bizim eranın III əsrlərini əhatə edir. Arxeoloqların ərazidə apardığı qazıntılar zamanı dördkünc formalı binalar və xeyli maddi-mədəniyyət nümunələri, dən daşları, iri təsərrüfat küpünün qalıqları aşkar olunub. Tədqiqatçılar həmin materiallara əsaslanaraq Meydantəpədə həyatın eradan əvvəl I minilliyin ortalarına qədər davam etdiyini bildirirlər.
Arxeoloji tədqiqatlar zamanı tapılan maddi-mədəniyyət nümunələri Naxçıvanın şəhər mədəniyyətini, sənətkarlıq, təsərrüfat həyatını və ticarət əlaqələrini özündə əks etdirir. Tədqiqat işləri davam etdirilir.
Xəbərlər şöbəsi