Qədim tarixə və mədəniyyətə malik olan Naxçıvan daş abidələri, zəngin arxeoloji maddi-mədəniyyət nümunələri ilə yanaşı, həm də mədəniyyətimizin incisi və ən qədim növü sayılan folklor rəqsləri – yallıları ilə tanınır. Min illərin, əsrlərin süzgəcindən keçərək bu günümüzədək gəlib çatan bu rəqslər onun nə qədər mənəvi zənginliyə malik olduğunu göstərir. Bu mənada, yallını “Naxçıvanımızın qədimlik rəmzi”, “Oğuz möhürü” adlandıranlar heç də yanılmırlar. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli də bu qənaətdədir ki, yallılar qədim Oğuz yurdunun möhürü olub: “Harada yallı olubsa, yaxud da indi yallı rəqsi geniş yayılıbsa, oralar qədim Oğuz-türk yurdu olub”.
Yallılar ölkəmizi dünyaya tanıdan, xalqımıza məxsus bütün xüsusiyyətləri, onun kimliyini, tarixini, mədəniyyətini aydın şəkildə çatdıran milli rəqsimizdir. Birlik və bərabərlik rəmzi hesab edilən, insanın fikir və düşüncə tərzinin, özünüdərkinin məhsulu olan, yaradanla yaranmışın arasında əlaqə vasitəsi rolunu oynayan yallı, təxminən, 8-10 min il bundan əvvəl yaranıb. Tədqiqatçıların fikrincə, ilk yallı oyunları od-ocaq ətrafında toplanan mərasimlərdən ibarət olub. Sonralar isə ovun, döyüşün uğurlu olmasını arzulayan, ovsuna, tilsimə arxalanan, fövqəltəbii qüvvələrə and vermək istəyənlər özlərinin bu düşüncələrini mərasimlərdə təqlid və təsvir yolu ilə ifadə ediblər. İnsanların ictimai həyat tərzinin, bədii-estetik zövqünün ayrılmaz tərkib hissəsinə çevrilmiş yallılarda yadelli, hiyləgər düşmən üzərində qətiyyətli mübarizə, baharın gəlişi və digər həyativacib məsələlər də öz əksini tapıb. Bu deyilənləri tariximizin ən böyük daş kitabələri olan Qobustan və Gəmiqaya qayaüstü rəsmləri də sübut edir.
İnsanların həyat tərzi, məişəti, dünyabaxışı dastanlarda sözlə-fikirlə ifadə olunursa, yallılarda isə bu rəqslə, ritmik hərəkətlərlə izah edilir. Hər bir yallı növü xüsusi məna və məzmun daşımaqla xalqımızın yaşam tərzini, adət-ənənəsini, mübarizliyini, qorxmazlığını, həmişə haqqa-ədalətə və sülhə can atmasını özündə əks etdirib.
Bu gün Naxçıvanın bir sıra bölgələrinin, xüsusilə də Şərur toylarını, bayram tədbirlərini, xalq şənliklərini, konsert proqramlarını yallısız təsəvvür etmək çətindir. Hətta deyilənə görə, burada elə kəndlər var ki, onun sakinləri arasında yallı oynamağı bacarmayanlar barmaqla sayılası qədərdir. Yallı həm də bu yerlərin musiqi rəmzinə çevrilib. Yallıda əl-ələ tutub coşqunluqla ünsiyyətdə olan insanlar öz ritmik hərəkətləri ilə ətrafdakılara da olduqca xoş təsir bağışlayırlar.
Xalqımızın kütləvi rəqslərindən olan yallılar çeviklik, mətanət və zəhmət tələb edir. Ən yaxşı oynayanlar içərisindən seçilən yallıbaşı bütün rəqsi idarə edir. Yallıbaşının əlində yaylıq olur. Cərgədə iştirak edənlərin hamısı onunla birlikdə hərəkət edirlər. Yallıların bəzilərinin adı çox maraqlıdır. Məsələn, yallıya verilmiş “iki ayaq”, “üç ayaq”, “dörd ayaq” kimi adlar yallıların xoreoqrafiyasına, rəqsin ikiaddımlı, üçaddımlı, dördaddımlı ünsürlərdən ibarət olmasına dəlalət edir.
Əvvəllər bu rəqslər dörd tempdə ifa olunar, aram, ağır hissə ilə başlar, tempi tədricən yeyinləşərdi. Sonradan isə yallılar üç cür – ağır-aram, yüngül-şən və yeyin ifa edilməyə başlanıb.
Bu gün muxtar respublikamızda 40-dan çox yallı oynanılır. “Xələfi”, “Tənzərə”, “Köçəri”, “Höynəri”, “Qaleyi”, “Qazı-qazı”, “Sareyi”, “Şahgəldi”, “Tello”, “Söylə”, “Nazilə”, “Qızılbaş”, “Çökəli”, “Çaleyi”, “Göyçəməni”, “Hərilli”, “Xəlili”, “Əfsəri”, “Bəndi”, “Sındırma”, “Şərili”, “Tirməşal”, “Urfanı”, “Gilanı”, “Kərimbəy”, “Nuraşan”, “Baharı” və başqa yallılarımız bir elin həm tarixini, həm də əcdadlarımızın həyat ritmini, sevincini, hər kəsi Vətən uğrunda birliyə, döyüşə çağıran ruhunu özündə yaşadır.
Rəqslər içərisində hər fəslin və mərasimin, hər coğrafi ərazinin özünəməxsus yallısı vardır. Şərur yallıları nəinki ölkəmizdə, hətta bir sıra dünya ölkələrində də maraqla izlənilir və sevilir. Bəzi yallılar da var ki, onlar musiqisiz ifa olunur. Belələrinə “dil yallısı” deyilir. Çünki bunlar hələ musiqi alətləri icad edilməmişdən əvvəl düşünülmüş oyunlardır. Tədqiqatçılar onların çalğı alətlərinin mövcud olmadığı vaxtlarda yarandığını ehtimal edirlər.
Xoreoqrafiya məzmununa görə isə yallılar iki növə ayrılır: süjet və rəqs tipli. Süjetli oyunlar müəyyən hadisəni təsvir edir və teatrlaşmış xalq oyunlarına bənzəyir. Bu rəqslərdə zarafat, gülüş üstünlük təşkil etsə də, digər yallılarda ifa və yeriş elementləri diqqəti çəkir. “Tənzərə”, “El yallısı”, “Gopu”, “Qazı-qazı”, “Köçəri”, “Urfanı”, “Qaladan-qalaya” belə yallı nümunələrindəndir.
Ötən əsrin 70-ci illərindən milli folklor rəqslərinin tədqiqi və təbliği istiqamətində əsaslı və ardıcıl tədbirlər görülüb. Bu səbəbdən də unudulmaqda olan yallı növlərimizin bir çoxu yenidən həyata qaytarılıb. “Hoynərə”, “Dönə” kimi yallıları buna misal göstərmək olar.
Yallının ən qədim növlərinin yayıldığı Şərur bölgəsində insanların döyüş əhval-ruhiyyəsini, cəsarət və mübarizliyini əks etdirən “Qaladan-qalaya”, dəvəyə tərif olaraq deyilən, dəvə karvanının yerişini, hərəkətini təcəssüm etdirən “Hoydu, nərim”, yeddihecalı bayatının səsləndirildiyi “Arzumanı” yallıları da geniş yayılan qədim sənət nümunələrindəndir. Qeyd edək ki, barış rəmzi hesab olunan yallı ifaçılarının sayı 10-15 nəfərdən 80-100 nəfərədək olur.
Muxtar respublikamızda “Şərur” Xalq Yallı Ansamblı, Şərur Rayon Mədəniyyət Evinin “Şərur qönçələri” yallı ansamblı, Babək Rayon Mədəniyyət Evinin “El yallıları”, Ordubad Rayon Mədəniyyət Evinin “Nuray”, Kəngərli Rayon Mədəniyyət Evinin “Gülümhey” yallı qrupları və digər yallı kollektivləri fəaliyyət göstərir, onlar keçirilən müxtəlif tədbirlərdə, konsertlərdə fəal iştirak edirlər.
“Yallılar bizim keçmişimiz, bu günümüz, gələcəyimizdir. Yallını qoruyub-saxlayın. Bu, Naxçıvanın tacıdır”, – deyən ulu öndər Heydər Əliyevin ideyalarını sədaqətlə davam etdirən muxtar respublikamızda yallılarımızın yaşadılması və təbliği istiqamətində bu gün müxtəlif tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı yurdumuzun qədim sakinlərinin, əcdadlarımızın dünyagörüşünün, bədii-estetik təfəkkürünün təzahür forması olan folklorun, musiqi və rəqs sənətinin təbliği və tədqiqini zəruri etməklə, həm də yallı sənətini yaşadıb gələcək nəsillərə çatdırmaq, unudulan rəqslərimizi bərpa etmək, mənəvi sərvətimizi yad elementlerdən qorumaq və repertuarımızı daha da zənginləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.
Güntac ŞAHMƏMMƏDLİ