İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbinin bir qrup idmançısının Qarabağlar Türbə Kompleksinə ekskursiyası təşkil olunub.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 40-a yaxın idmançı iştirak edib.
Bələdçi Gülçin Ağayeva idmançılara abidə haqqında geniş məlumat verərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il 4 iyul tarixli Sərəncamına uyğun olaraq Kəngərli rayonunun Qarabağlar kəndindəki türk-islam mədəniyyətinin nadir nümunələrindən olan Qarabağlar Türbə Kompleksi də elmi və tarixi əsaslarla bərpa edilib.
Sonra ekskursiya iştirakçıları türbə kompleksinin zalında nümayiş etdirilən eksponatlarla tanış olublar. Burada sərgilənən mis qablar, daş dəstər, XIX əsrə aid mis məişət əşyaları və XII-XVII əsrlərdə istifadə olunan qədim mis və gümüş sikkələr, o cümlədən kətan üzərində yağlı boya ilə işlənmiş “Qarabağlar türbəsi” rəsmləri idmançılar tərəfindən maraqla qarşılanıb. Sonda idmançıları maraqlandıran suallar bələdçi tərəfindən cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti