23 Dekabr 2024, Bazar ertəsi

Araşdırmalar göstərir ki, Naxçıvan xalçaları üzərində qorunub saxlanılan naxışlar ulu əcdadlarımızın mənəvi dünyası ilə sıx bağlıdır. Bu qiymətli sərvətlərimizin digər dekorativ-tətbiqi sənət nümunələri ilə bənzərlik təşkil edən naxışları xalqımızın minilliklərdən bəri süzülüb gələn mifoloji dünyagörüşünü əks etdirir. Müstəqillik illərində xalq yaradıcılığının digər sahələri kimi, Naxçıvanda xalçaçılıq sənətinin də dirçəldilməsi üçün çox işlər görülüb, unudulmaqda olan xalçaçılıq ənənələrinin yenidən bərpa olunmasına diqqət artıb. 

Naxçıvan Biznes Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətinin xalq yaradıcılığı emalatxanasında xalça toxunmasının təşkil olunması, Ordubad şəhərində öz dövrünün tanınmış siması, xeyriyyəçi Mənsur ağa Kəngərlinin əsaslı surətdə təmir-bərpa edilmiş XIX əsrə aid olan mülkünün bir hissəsində xalçaçılıq sexinin yaradılması, Naxçıvan Regional Peşə Tədris Mərkəzində xalçaçılıq üzrə peşə kurslarının açılması, Naxçıvan Qızlar Liseyində Tikiş, toxuculuq və xalçaçılıq dərnəyinin yaradılması, ali təhsil ocaqlarında xalçaçılıq dərslərinin keçilməsi qədim diyarımızda xalçaçılığın inkişafına göstərilən dövlət qayğısının nəticəsidir. Naxçıvan Dövlət Xalça Muzeyinin ekspozisiyasının yenidən qurulması, Naxçıvan xalçaları ilə bağlı yeni nəşrlərin işıq üzü görməsi, vaxtilə Biçənək və Günnüt kəndlərində toxunan və ayrı-ayrı ünvanlardan əldə edilən xalça məmulatlarının muzeyə təqdim olunması da belə tədbirlər sırasındadır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 15 fevral tarixdə imzaladığı “Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı Naxçıvanda xalçaçılıq sənətinin inkişaf etdirilməsi üçün yeni mərhələ açıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2018-ci il 9 aprel tarixli “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncamı muxtar diyarımızda xalçaçılığın inkişafı üçün böyük imkanlar yaradıb.
Dünya nə qədər inkişaf etsə də, müasirləşsə də, xalça sənəti daim yaşayacaq. Bunun bir səbəbi də odur ki, Azərbaycan, bütövlükdə, ümumtürk mədəniyyətinin daşıyıcısıdır. Təsadüfi deyil ki, dünyanın ən qədim xalça nümunələri Pazırıq kurqanlarından aşkar olunub. Cənubi Sibirin buzlaşmış kurqanlarından tapılmış bu xalçalar bənzərsiz sənət əsərləridir. Həmin xalçalar eramızdan əvvəl I minillikdə yaşayan qədim türk xalqlarına məxsusdur. Xalçaların naxış motivləri Naxçıvan xalçaları və xalçatoxuma ənənələri ilə bənzərlik təşkil edir. Altay kurqanlarından tapılan xalçaların toxunuşuna, ornamental zənginliyinə Naxçıvan xalçalarında da rast gəlmək olur. Dünyanın ən qədim, məşhur türk xalçası – Pazırıq xalçasında rast gəldiyimiz damalara bölmə, buta, həyat ağacı motivləri, onların rəng çalarları və toxuma üsulu Naxçıvanın ötən əsrlərdə toxunan xalçalarında da təsadüf edilir. Ən maraqlı məqam isə Altay türklərinin toxuduğu xalçaları, həmçinin parçaları tədqiq edən dünya şöhrətli tədqiqatçı professor Rudenko bir qrup xalça və parçaların toxunuşunda düz toxuma üsulundan istifadə edildiyini, xalçalarda ilməatma üsulunun türklərə məxsus olduğunu öz tədqiqatlarında bildirib. Məlumdur ki, Naxçıvanın ən qədim xalça və parçaları düz toxumaların ən gözəl nümunəsi olan cecimlərin toxuma üsulu ilə hazırlanıb. Buna görə də xovsuz xalçalar və parçalar minilliklər keçməsinə baxmayaraq, bu gün də “cecim” adı ilə məşhurdur. Naxçıvanda olan dünya şöhrətli orta əsr səyyahları da daha çox xovsuz xalçalar, xüsusilə cecim barədə məlumat veriblər. Xaraba Gilandan tapılan, tarixi XIII əsrə aid edilən cecim üsulu ilə toxunan parçalar ulu əcdadlarımız olan türk tayfalarının toxuculuq, xalçaçılıq ənənələrinin orta əsrlərdə də davam etdiyini göstərir.
Naxçıvan diyarında bu xalq sənəti ənənələri qədim dövrlərdən yaranaraq formalaşıb. Bu diyarın səfalı təbiəti, əlverişli təbii-coğrafi mühiti xalçaçılığın inkişafında mühüm rol oynayıb. Əlbəttə, xalçaçılıq ənənələri birdən-birə yaranmayıb. Arxeoloji araşdırmalar Neolit dövründən başlayaraq toxuculuq ənənələrinin yarandığını təsdiq edir. Azərbaycanın bütün bölgələrində olduğu kimi, Naxçıvanda da aparılan arxeoloji qazıntılar zamanı tarixi Neolit və Eneolit, Tunc dövrlərinə aid edilən toxuculuq alətləri bu sənətin tarixinin nə qədər ulu olduğunun əyani sübutudur.
Naxçıvan xalçalarının böyük şöhrət qazanmasının bir sirri, sehri də onun naxışlarında gizlənib. İnsanı valeh edən bu xalçaların naxışları bədii irsimizin zənginliyini, tariximizin qədimliyini özündə əks etdirir. Yüksək bədii xüsusiyyətləri ilə göz­oxşayan Naxçıvan xalçalarının naxışları ornamental kompozisiyasının özünəməxsus lokal xüsusiyyətləri ilə seçilir. İlmə-ilmə saplara düzülən hər bir naxış öz dərin məna və məzmunu ilə bizi ulu əcdadlarımızla danışdırır, onların mənəvi dünyasına aparır. Belə ki, Naxçıvan diyarında xalça sənəti kimi, ornament sənətinin də tarixi qədimdir.
Vaxtilə Naxçıvanda toxunan xalçalar nəinki bu diyara, həmçinin Azərbaycana dünya şöhrəti gətirib. Sakit okeandan o tayda belə, diyarımızda toxunan xalçalara rast gəlirik. Vaxtilə mənfur ermənilər Azərbaycan xalçalarını mənimsəyib özlərinin qondarma xalça mədəniy­yətini formalaşdırmağa çalışıblar. Onlar nəinki Azərbaycan xalçalarını, həmçinin Arazın o tayından da xalçaları apararaq məişətlərini zənginləşdirməklə məşğul olublar. Buna baxmayaraq, ötən əsrdə Bakıda keçirilmiş Beynəlxalq Xalça Simpoziumunun çap olunmuş tezislərində onlar özləri belə, indiki Ermənistandakı xalçaların Azərbaycan xalqına məxsus olduğunu etiraf ediblər.
Türk xalqlarında xalça həmişə müqəddəs hesab olunub. Xalçaçı rəssam Kamil Əliyev xalçalardan danışarkən bir məqamı xüsusilə vurğulayırdı: “Xalçanı ya divardan asırlar, ya da üstündə namaz qılıb Allaha dua edirlər. Gərək bu müqəddəsliyi qoruyub gözləyəsən”. Həqiqətən də, xalça xalqımızın yaddaşında öz müqəddəsliyini həmişə qoruyub saxlayıb.

Nənələrimizin, ana və bacılarımızın vaxtilə yaratdığı, yaşatdığı xalça­çılıq ənənələrini unutmağa haqqımız yoxdur. Bu müqəddəsliyi qorumaq bundan sonra da bizim borcumuzdur. Mədəniyyətini, keçmişini unudan xalq məhv olmağa məhkumdur. Bu baxımdan 2018-2022-ci illərdə Naxçıvanda xalçaçılığın inkişaf etdirilməsinə dair dövlət pro­qramının imzalanması xalqımızın ulu keçmişinin yaşadılmasına, dünyaya tanıdılmasına ən qiymətli töhfədir. Bu isə o deməkdir ki, muxtar respublikamızda xalçaçılıq sənəti hərtərəfli dövlət qayğısı əhatəsindədir. Xalçaçılığın inkişafı ilə bağlı qədim diyarımızda həyata keçirilən tədbirlər, aparılan tədqiqatlar bu xalq sənətinin şöhrətini özünə qaytarmaqda və qədim ənənələr əsasında yeni-yeni xalça nümunələrinin ərsəyə gəlməsinə imkan verməkdədir.

Fizzə QULİYEVA
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat
İnstitutunun Təsviri və dekorativ-tətbiqi sənətlər şöbəsinin müdiri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR