Avqustun 27-də bununla bağlı keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, bu gün muxtar respublikada ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqincə davam etdirilməsi nəticəsində Naxçıvanın mədəniyyəti, tarixi və abidələri, arxeologiya və etnoqrafiyası milli müstəqillik və soykökünə qayıdış zəminində araşdırılaraq nəticələr əldə edilib, bu istiqamətdə bir sıra elmi əsərlər yaranıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində bir çox abidələr yenidən bərpa edilib, tariximizi və mədəniyyətimizi əks etdirən muzeylər yaradılıb. Bu qayğının ən bariz nümunələrindən biri də Ali Məclis Sədrinin 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin yaradılmasıdır.
Məhz bu sərəncamdan sonra Naxçıvan xanlarının və onların görkəmli nümayəndələrinin tarixi burada qorunaraq öyrənilir və ziyarətçilərə təbliğ edilir.
Nazir diqqətə çatdırıb ki, Naxçıvan xanlarının tarixi kökü çox qədim olan Kəngərli türk tayfalarından gəlir. 1828-ci ildə Türkmənçay müqaviləsinə görə Naxçıvan xanlığı Rusiya tərəfindən işğal olunsa da, Kəngərlilər nəslinin nüfuzlu nümayəndələri naib titulu ilə 1840-cı ildən başlayaraq yüksək vəzifələrdə olublar. Kəngərlilər arasında bir sıra dövlət, ictimai, siyasi, hərbi və elm xadimləri yetişib.
Vurğulanıb ki, Kəngərlilər nəslinin tanınmış nümayəndələrindən biri də Əkbər xan Əmənulla xan oğlu Naxçıvanskidir.
Natəvan Qədimova Əkbər xanın həyatı və taleyi haqqında məlumat verərək bildirib ki, 1919-cu ildə erməni daşnaklarının Naxçıvana hücumu zamanı həmyerliləri ilə birlikdə erməni quldur dəstələrinə qarşı mərdliklə vuruşan Əkbər xan həyatı boyu sovet diktaturasının təqib və həbslərinə məruz qalıb. O, Naxçıvanın Qaraçuq kəndində yaşayan qızı Reyhanatın və kürəkəni Bəhlul Əliyevin ailəsində 1961-ci ilədək yaşayıb. Nazir Əkbər xanın övladları və nəvələri haqqında məlumat verərək vurğulayıb ki, bu gün bizim qonağımız olan Əkbər xanın qızı Xanımcan xanımın övladı Ənvər xanım Nağdəliyevanın oğlu və nəvələri Fərman, Fərhad və Yasna Nağdəliyevlər Naxçıvan xanlığının, həmçinin o dövrün tarixinin araşdırılmasına öz töhfələrini vermək üçün Naxçıvana gəliblər.
Nazir bildirib ki, Fərman Nağdəliyev Əkbər xanın nəticəsidir. Biologiya üzrə elmlər doktoru, professordur. Hazırda Moskva şəhərində yaşayır. Fərhad Nağdəliyevi isə biz “Naxçıvan xanları Rusiya imperiyasında” adlı kitabın müəllifi kimi tanıyırıq. Kitab 2006-cı ildə Moskvada nəşr etdirilib. Bu kitabda müəllif, əsasən, XIX əsrin birinci yarısında Romanovların yanında xidmət keçmiş və son günlərədək onlara sadiq qalmış Kəngərlilər və Naxçıvanskilər barədə geniş bioqrafik şərh verib. Yasna Nağdəliyeva Əkbər xanın kötücəsidir. Rusiyanın TNT kanalında jurnalist vəzifəsində çalışır. 2017-ci ildə “Baku” jurnalında Naxçıvan xanları ilə bağlı məqalələr dərc etdirib.
Qeyd olunub ki, qonaqlarımız bir müddət bundan əvvəl Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi ilə əlaqə saxlayıb və onlarda olan dəyərli tarixi arxiv materiallarını və öz ailələrinə mənsub qədim əşyaları Naxçıvan xanlarının yaşadıqları və idarə etdikləri bu möhtəşəm Xan sarayına təqdim etmək təşəbbüsü göstəriblər. Bu materialların muzeyə verilməsi, həmçinin onların gələcəkdə tədqiqata cəlb olunması, Naxçıvan tarixinin qaranlıq səhifələrinin araşdırılması üçün böyük töhfədir. Biz buna görə onlara öz dərin minnətdarlığımızı bildiririk.
Vurğulanıb ki, Naxçıvan xanlarının tarixinin öyrənilməsi, gələcək nəsillərə çatdırılması dövlətimiz üçün çox vacib məsələlərdəndir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində ötən dövr ərzində bu istiqamətdə dərin elmi araşdırmalar aparılıb, Naxçıvan xanlığının görkəmli şəxsiyyətləri, hərb xadimləri haqqında kitablar çap edilib, rus tədqiqatçılarının Naxçıvan xanlığı haqqında yazdıqları kitablar Azərbaycan dilinə tərcümə olunub. Yeni tədqiqatlar əsasında “Naxçıvan xanlığı” kitabı ərsəyə gətirilib, 2 hissəli “Naxçıvan xanlığı” sənədli filmi çəkilib. Naxçıvan xanlığının dövlət rəmzləri barədə kitablar və elmi tezislər nəşr olunub, Kəngərli süvari dəstəsinin döyüş və fəxri bayraqları, eləcə də Naxçıvan bəy drujinasının döyüş bayraqları əslinə uyğun şəkildə bərpa edilib.
Sonra qonaqlar tərəfindən Kəngərlilərə məxsus müxtəlif arxiv sənədlərinin surətləri, fotolent, Əkbər xan Naxçıvanski tərəfindən şəxsən istifadə edilmiş stəkanaltı, yemək qaşıqları və fincan muzeyə təqdim olunub.
Əkbər xanın nəticəsi Fərman Nağdəliyev çıxışında bildirib ki, Naxçıvan səfərindən böyük məmnunluq hissi yaşayır. Bu qədim Azərbaycan diyarında tarixə, mədəniyyətə çox böyük dəyər verilir. Naxçıvanın dövlətçilik tarixində böyük rol oynamış Kəngərlilərə məxsus binanın yenidən qurularaq muzey kimi fəaliyyət göstərməsi bu diyarda zəngin tarixi ənənələrin yaşadıldığını göstərir. İnanırıq ki, muzeyə təqdim edilən materiallar bu sahənin tədqiqatçıları üçün gözəl mənbə ola bilər.
“Xan sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin direktoru Nəzakət Əsədova muxtar respublikamızda muzeylərə göstərilən dövlət qayğısından danışıb, yeni eksponatlara görə qonaqlara minnətdarlığını bildirib.
Fərhad Nağdəliyev “Şərq qapısı” qəzetinə müsahibəsində deyib: “Bu, mənim Naxçıvana ilk gəlişimdir. Ata-babalarımızın doğma yurdunda olmaq mənim üçün çox qürurvericidir. Burada ilk diqqətimi cəlb edən şəhərin təmizliyi və insanların istiqanlılığı oldu. İlk baxışdan görünür ki, Naxçıvanın nizamlı həyat tərzi var. Tarixə, mədəniyyətə, bu xalqın tarixində rol oynamış şəxsiyyətlərə diqqətlə yanaşılır. Xüsusilə Naxçıvan xanlarının tarixdəki rolunu dəyərləndirərək çox böyük işlərin görülməsi bu nəslin nümayəndəsi kimi məni olduqca sevindirir. Mən də, öz növbəmdə, çalışacağam ki, bu gün dünyanın müxtəlif ölkələrində yaşayan Kəngərlilərin davamçıları ilə əlaqə saxlayım, onlara Naxçıvanda belə bir muzeyin fəaliyyət göstərməsi haqqında məlumat verim”.
Yasna Nağdəliyeva: “Bu, mənim Naxçıvana ikinci gəlişimdir. İlk dəfə iki il bundan əvvəl gəlmişdim. Doğrusu, Naxçıvanın qısa müddətdə bu qədər dəyişəcəyini təsəvvür etmirdim. Yeni binalar, geniş və abad yollar, küçələr, hər tərəf çox gözəldir. Şəhərin təmizliyinə isə söz ola bilməz. Bizim budəfəki gəlişimizin məqsədi isə Kəngərlilərə məxsus şəxsi əşyaların və müxtəlif arxiv sənədlərinin muzeyə verilməsi ilə bağlıdır. Məlumatım var ki, Kəngərlilərin irsinin araşdırılması üçün burada böyük işlər görülüb, tarixi materiallar əsasında yeni kitablar nəşr olunub. İnanıram ki, bu gün muzeyə təqdim etdiyimiz arxiv materialları da bu sahənin araşdırıcıları üçün bir istiqamət rolunu oynaya bilər. Burada onu da hiss etdim ki, Naxçıvanda tarixi keçmişimizə böyük diqqət göstərilir. Bu sahədə görülən işlər isə ölçüyəgəlməzdir. Çox sevinirəm ki, atalarımızın doğulub boya-başa çatdığı yurd yerini görmək üçün yenidən buradayam”.
Səbuhi HƏSƏNOV