AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Təsviri və dekorativ-tətbiqi sənətlər şöbəsinin müdiri Fizzə Quliyevanın bu yaxınlarda “Əcəmi” nəşriyyatında nəfis tərtibatla çapdan çıxmış “Şamil Qazıyevin həyat və yaradıcılığı” monoqrafiyasında görkəmli Azərbaycan rəssamının mənalı ömrü, bugünkü yaradıcı nəslə örnək ola biləcək sənət yolu tədqiq olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Görkəmli rəssam Şamil Qazıyevin 110 illik yubileyinin keçirilməsi haqqında” 2018-ci il 1 fevral tarixli Sərəncamına əsasən görkəmli rəssamın yubileyi qədim diyarımızda geniş şəkildə qeyd olunur. Yeni nəşr də tanınmış sənətkarın yubileyinə töhfə, adıçəkilən sərəncamın icrası istiqamətində atılan əhəmiyyətli addımlardandır.
Tədqiqat əsərindən məlum olur ki, Şamil Qazıyev Azərbaycanın qədim şəhərlərindən biri olan İrəvanda, ziyalı ailəsində dünyaya göz açıb, lakin o dövrdə ermənilərin İrəvanda xalqımıza qarşı törətdiyi soyqırımı və deportasiya siyasətinin nəticəsində ailəsi ilə birlikdə Naxçıvana köçmək məcburiyyətində qalıb. Naxçıvanın füsunkar təbiəti, qayğıkeş insanları erməni zülmündən qurtulan ailənin, o cümlədən yeniyetmə Şamil Qazıyevin həyatında silinməz iz buraxıb, onun gələcək yaradıcılığına təsirsiz ötüşməyib.
Hər bir insanın həyat yolunun formalaşmasında onu əhatə edən insanların təsiri böyükdür. Belə demək mümkündürsə, insanın yaşadığı mühit onun gələcək həyat yolunun müəyyənləşdirilməsində mühüm rol oynayır. Şamil Qazıyevin də ziyalı ailəsində böyüməsi, ziyalı mühiti ilə əhatə olunması onun həyatını istiqamətləndirib, ixtisas seçiminə təsir edib. Monoqrafiyada müəllif tanınmış rəssamın həyatı və yaradıcılığı ilə bağlı bəzi məqamlara aydınlıq gətirib, Bəhruz Kəngərli və Şamil Qazıyevin yaradıcılığındakı bənzərliyin görkəmli sənətkarların yaşadığı dövr və mühitlə də sıx bağlı olduğunu qeyd edib.
Yeni nəşrdə Şamil Qazıyevin çoxşaxəli fəaliyyəti və rəngarəng yaradıcılığı sevilərək vəsf edilib. Onun Bakı Rəssamlıq Məktəbini bitirdikdən sonra Naxçıvan Pedaqoji Texnikumunda müəllimlik etməsi, daha sonra görkəmli rəssam Əzim Əzimzadənin təklifi ilə Bakıda “Kommunist” qəzetinin redaksiyasında işə düzəlməsi monoqrafiyada ətraflı şəkildə işıqlandırılıb.
Rəssamın həyatını hərtərəfli araşdıran tədqiqatçı Naxçıvanın teatr mühitinin də onun yaradıcılığında özünəməxsus rol oynamasından da əhatəli şəkildə bəhs edib. Qeyd olunub ki, Naxçıvan Dövlət Dram Teatrında dövrünün görkəmli sənətkarları olan Sidqi Ruhulla, Səməd Mövləvi, Məcid Zeynalov, İbrahim Həmzəyev ilə birlikdə işləməsinin onun sənətkar kimi formalaşmasına böyük təsiri olub.
Tədqiqat əsərinin üstün cəhətlərindən biri arxiv sənədlərinə və tədqiqatçıların fikirlərinə əsaslanaraq rəssamın tərtibat verdiyi tamaşalarla bağlı aparılan araşdırmalar və əldə olunan yeni elmi faktlardır.
Şamil Qazıyevin yaradıcılığında “Köhnə Naxçıvan” silsiləsinə daxil edilmiş əsərləri xüsusilə diqqətəlayiqdir. Tədqiqatçı rəssamın yaradıcılığında Naxçıvanın əsas yer tutmasının səbəbini bu diyarın füsunkar təbiəti, qayğıkeş insanları və ziyalı mühiti ilə bağlamaqda haqlıdır. “Köhnə Naxçıvan” silsiləsinə daxil olan əsərlərdə Naxçıvanın təbiəti, tarixi abidələri, qədim yurd yerləri, xalqımızın məişəti öz əksini tapıb. Fizzə Quliyeva yazır ki, rəssam “Köhnə Naxçıvan” silsiləsində süjetli tablo, məişət, mənzərə, natürmort, portret və digər janrlardan istifadə edib. Yəqin elə buna görədir ki, rəssamın realist üslubda, müxtəlif janrlarda yaratdığı rəngkarlıq əsərləri tariximizin bir parçasını özündə yaşatmaqdadır. Onun “Qaçqınlar” əsərində Qərbi Azərbaycandan deportasiya olunmuş həmvətənlərimizin acı taleyi məharətlə təsvir edilib. Tablonun təsirli təəssürat yaratmasının səbəblərindən biri də rəssamın ailəsi ilə birlikdə özünün də bu acı taleyi yaşamasıdır.
“Köhnə Naxçıvan” silsiləsində əsas yer tutan əsərlərin bir qrupu xalqımızın etnoqrafiyasını detalları ilə əks etdirən süjetli tablolardır. Bu tablolar həm rəngkarlıq əsərləri, həm də xalqımızın etnoqrafik ənənələrini özündə əks etdirən əyani vasitə kimi qiymətlidir. Tariximizi nə qədər yaxşı öyrənsək də, ulu əcdadlarımızın həyat tərzini tam və aydın şəkildə təsəvvür etmək o qədər də asan deyildir. Məhz bu baxımdan Şamil Qazıyevin yaratdığı tablolar dəyərli sənət əsərləri olmaqla bərabər, həm də əvəzsiz tarixi mənbədir. Rəssamın yaratdığı “Örtülü bazar” tablosu həm etnoqrafik, həm də tarixilik baxımından əhəmiyyətlidir. Bazarda sıra ilə düzülən baqqal dükanları, milli geyimdə təsvir edilən insanlar həmin dövrü bütün reallıqları ilə əks etdirir. Fizzə Quliyeva rəssamın bu əsərlərini qruplaşdıraraq tədqiq edib, onların bədii və tarixi dəyərini qiymətləndirib.
Yeni nəşrdə bütün mənalı həyatını rəssamlıq sənətinə həsr edən Şamil Qazıyevin bir çox uğurlara imza atmasından da bəhs edilir. Onun yaradıcılığının yüksək qiymətləndirilməsi, 1940-cı ildə SSRİ Rəssamlar İttifaqının üzvü seçilməsi, 1944-cü ildə “Naxçıvan MSSR Əməkdar incəsənət xadimi” fəxri adı ilə ilk təltif olunan sənət xadimi olması barədə məlumat verilir.
Tədqiqat əsərində həm də Naxçıvan Muxtar Respublikasında peşəkar təsviri sənət ustalarının formalaşması üçün yaradılan şəraitdən bəhs edilib. Müəllif yazır ki, vaxtilə Bəhruz Kəngərli, Şamil Qazıyev və digər sənətkarların arzuladığı təsviri sənət məktəbləri hazırda dövlətimizin qayğısı ilə reallığa çevrilib, ali təhsil ocaqlarında müvafiq ixtisaslar yaradılıb.
Əsərdə görkəmli sənətkarın həyatı və yaradıcılığı hərtərəfli tədqiq edilib, onun bədii irsi, bu irsin bədii sənətimizin inkişafındakı yeri və tariximiz üçün əhəmiyyəti dəyərləndirilib. Belə hesab edirik ki, bu monoqrafik əsər həm elmi tədqiqatçılar, həm də rəssamın irsinə maraq göstərən geniş oxucu kütləsi üçün faydalı olacaqdır.
Vəli BAXŞƏLİYEV
AMEA-nın müxbir üzvü