2005-ci ildən fəaliyyətə başlayan AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunda bu gün 400-dən çox qədim çap kitabı və əlyazmalar mühafizə olunur. Bunlar elmin müxtəlif sahələrinə – tarix, dilçilik, ədəbiyyatşünaslıq, nücum, fiqh, məntiq, riyaziyyat, tibb, coğrafiya, həmçinin bədii ədəbiyyata aid qiymətli materiallardır. Onların 80-dən çoxu əlyazma, qalanı isə daşbasma üsulu ilə və elektrik mətbəəsində çap olunan kitablardır. Buradakı “Qurani-Kərim”in incə nəstəliq xətti ilə yazılmış bəzi ayələri və məşhur dua nümunələri toplanan çox kiçik formatlı əlyazma, təxminən, 500 il bundan əvvələ aiddir.
Fondda elmi, hüquqi, ictimai-siyasi, fəlsəfi məzmunlu əlyazmalar, həmçinin Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Abbasqulu ağa Bakıxanov, Sərraf Təbrizi, Mirzə Əli xan Ləli və digər Azərbaycan müəllifləri ilə yanaşı, Firdovsi, Sədi, Hafiz, Namiq Kamal kimi fars və türk klassiklərinin əsərləri də mühafizə olunur.
Biz bu məqaləmizdə fondda qorunan farsdilli çap kitabları və əlyazmalarından bəhs edəcəyik. Burada fars dilində 50-dək əlyazma, 130-dan çox çap kitabı mövcuddur. Əlyazmaların əksəriyyəti nəstəliq xətti ilə yazılmışdır. Nəsx, süls xətti ilə yazılan əlyazmalar da vardır.
Fonda daxil olan farsdilli əlyazmaların çoxu Ordubad, Culfa, Şahbuz, Şərur, Sədərək və Kəngərli rayonlarının ərazilərindən toplanılmışdır. Tədqiqatlar zamanı əlyazmaların yazıldığı və çap olunduğu yerlər, onların ərsəyə gəlməsində xidməti olan müxtəlif sənətkarlar, mətbəə və karxanalar haqqında xeyli məlumatlar əldə edilmişdir. Aydın olmuşdur ki, onların müəllifi, katibi və çapına himayədarlıq edənlərin içərisində Əliqulu Mirzayi Naxçıvani (“Hidayətut-talibin” əsərinin müəllifi), Məhəmmədqasım Ordubadi (dini hökmlərə aid risalənin müəllifi), Hacı Molla Məhəmməd Naxçıvani (“Məzahirul-ənvar” əsərinin müəllifi), Əsgər Ordubadi (Sədi Şirazinin “Gülüstan”, “Külliyyat”, Mirzə Mehdi xan Astrabadinin “Tarixi-Nadiri”, Axund Molla Abbasəlinin “Töhfətul-məcalis”), Məhəmməd Əklisi (Əbunəsr Fərahinin “Nisabus-sibyan” əsərinin katibi), Əli Əkbər vələdi-Məşədi Məhəmmədrza Naxçıvani kimi naxçıvanlılar da vardır.
Fondda mühafizə olunan Əbdülqasım Firdovsi, Nizami Gəncəvi, Sədi Şirazi, Hafiz Şirazi, Qaani, Mirzə Həbib Şirazi, Nazim, Qumri, Hüseyn Qulpayqani, Mirzə Məhəmməd Həsən əl-Hüseyn Zunuzinin şeirləri və poemaları, həmçinin “İsgəndərnamə”, “Kəlilə və Dimnə”, “Min bir gecə” kimi bədii əsərlər Şərq dünyasında öz dövrü üçün aktual mövzulara həsr olunan dəyərli sənət inciləridir. “Nicat ət-Mominin”, “Cəlail-uyun”, “Qanuni-Qüdsi”, “Cənnətul xulud”, “Tarixi-Nadiri”, “İnşa”, “Hidayətul-muvəhhidin”, “Ənvarul-xəmsə”, “Xəzan və bəhar” və digər əlyazmalarda isə Adəmin yaradılışı və sonuncu Peyğəmbərin dövrü, Həzrət Məhəmməd Peyğəmbərin zühuru və həyatı, “Qurani-Kərim”də işlədilən terminlərin lüğəti, Quran surələri, ayələri, hədis və məşhur duaların şərhi, müxtəlif dini şəxsiyyətlər və imamlarla bağlı rəvayətlər, Həzrət Əlinin mədhi, inam, əxlaq və dini etiqadlar, fars dilinin qrammatikası, əməvilərə qarşı aparılan mübarizələr, İran şahlarının tarixi, məşhur şəxsiyyətlərin məktubları, Şərq əfsanə və rəvayətləri, Şərq təqvimi, bəzi şəriət hökmləri və adət-ənənələrin şərhi, dini lətifə və nəsihətlər, İslam tarixi və başqa mövzular öz əksini tapmışdır.
Farsdilli əlyazmaların bir qismi vaxtilə mollaxana və mədrəsələrdə tədris vəsaitləri kimi istifadə olunmuşdur. “Gülüstan”, “Bustan” (Sədi Şirazi), “Əbvabul-cinan” (Məhəmməd Rəfiəddin Qəzvini), “Cameyi-Abbasi” (Bəhaəddin Məhəmməd Amili) belə əlyazmalardandır.
Fondda müxtəlif illərdə çap olunan “Gülüstan”ın 12, “Bustan”ın 2, “Əbvabul-cinan”ın 14, “Cameyi-Abbasi”nin və “Nisabus-sibyan”ın 7 müxtəlif nüsxəsi vardır. Bunun səbəbi, şübhəsiz ki, həmin əlyazmaların tədris vəsaiti kimi müntəzəm olaraq çap edilməsi və çox geniş ərazilərdə yayılmasıdır. Həmin dərsliklər vaxtilə gənc nəslin formalaşmasına layiqli töhfələrini vermişdir.
Əlyazmalar üzərində apardığımız araşdırmalar onlara məxsus olan bəzi səciyyəvi xüsusiyyətləri də müəyyənləşdirməyə imkan vermişdir. Aydın olmuşdur ki, bu əlyazmaların çoxu xüsusi filiqranlı kağızlarda yazılmış, bəzilərinin müxtəlif səhifələrinə ya müəlliflərin, yaxud da başqa şəxslərin möhürləri basılmışdır. Bütün bunların həmin əlyazmaların müəlliflərini, yazılma və çap olunma tarixlərini müəyyənləşdirmək üçün böyük əhəmiyyəti vardır. Bu istiqamətdə xüsusi araşdırmaların aparılmasına ehtiyac duyulur.
Bəzi əlyazmaların mətni qara, sərlövhələri isə qırmızı mürəkkəblə yazılmışdır. Fondda müxtəlif səhifələrində həndəsi fiqurlar şəklində yazılar olan materiallara da rast gəlmək olur. Onların az bir qismi rəngli və rəngsiz ornament və miniatürlərlə bəzədilmişdir. Dini mövzulu əlyazmaların heç birində miniatür yoxdur. Bunlara ən çox fonddakı süjetli əsərlərin əlyazmalarında rast gəlirik. “Müseyibnamə”, “Kəlilə və Dimnə”, “İsgəndərnamə”, “Külliyyat”, “Şahnamə” əsərlərinin əlyazmalarını bəzəyən miniatürlər buna misal ola bilər. Ustalıqla işlənən bu miniatür-illüstrasiyalar oxuculara estetik zövq aşılamaqla yanaşı, əsərlərdə bədii-estetik idealın tamamlanması üçün də mühüm əhəmiyyət kəsb edir.
Əlyazmalara ornamentlərin vurulmasında ənənəvi elementlərdən istifadə olunmuşdur. Ornamentlərdə bitki, heyvan, quş və həndəsi təsvirlər, abstrakt rəsmlər daha çox diqqəti cəlb edir. Ornamentlər bir tərəfdən tərtibçi-rəssamların yüksək sənətkarlıq qabiliyyətlərini nümayiş etdirirsə, digər tərəfdən, əlyazmalara xüsusi gözəllik verir.
Fondda elə əlyazmalar da vardır ki, onların haşiyələrinə, yaxud ilk və son vərəqlərinə mətnə aid izahlar, Azərbaycan və fars dillərində kiçik şeir parçaları, bəzi şəxslərin təvəllüd, vəfat tarixləri və digər qeydlər yazılmışdır. Bu qeydlər tarixçi, ədəbiyyatşünas və dilçi mütəxəssislər üçün faydalı ola bilər.
Fondun əməkdaşları tərəfindən hazırlanan farsdilli əlyazmaların kataloqu bu il oxucuların ixtiyarına veriləcəkdir. Burada mühafizə olunan farsdilli əlyazma kitabları İslam ədəbiyyatı və mədəniyyətinin əhəmiyyətli nümunələrindəndir. Bu mənəvi xəzinənin Azərbaycançılıq ideologiyası mövqeyindən tədqiqi ədəbiyyatşünaslıq, tarixşünaslıq və mətnşünaslıq elmimizin qarşısında duran mühüm vəzifələrdən biridir.
Fərman XƏLİLOV
AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru