Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, sentyabr ayının 8-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Milli geyimlər festivalı” keçiriləcək.
Festivalda muxtar respublikadakı muzeylərdə olan milli geyim eksponatlarından ibarət səyyar, eləcə də xalqımızın müxtəlif dövrlərə aid olan milli geyimlərinin sərgisi də təşkil ediləcək. Sərgidə 40 ədəd belə geyim eskizi yer alacaqdır.
Burada təşkil ediləcək sərgi-satışda sənətkarlar tərəfindən hazırlanmış əl işləri nümayiş etdiriləcək.
“Milli geyimlər Naxçıvan teatrının səhnəsində” adlı sərgidə müxtəlif teatr tamaşalarında istifadə edilmiş milli geyimlərimiz, “Milli geyimlər rəssamların gözü ilə” adlı sərgidə isə muzeylərdə olan milli geyimlərin təsvir olunduğu rəsm əsərləri, fotoşəkillər və müasir Naxçıvan rəssamlarının milli geyimlərlə bağlı rəsm əsərləri sərgilənəcək. Həmçinin “Milli geyimlərimiz uşaqların gözü ilə” adlı sərgidə muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri şagirdlərinin milli geyimlərlə bağlı rəsm əsərləri və etüd çəkilişini nümayiş etdirməklə yanaşı, məktəbdənkənar müəssisələrin dərnək üzvlərinin rəsmləri və əl işləri ilə tanışlıq da olacaq. Festivalda nümayiş etdiriləcək “Milli geyimlər filmlərdə” adlı sərgidə xalqımıza məxsus geyim növlərinin əks olunduğu filmlərdən fotoşəkillər və Naxçıvan Dövlət Film Fondunun Muzeyində olan Azərbaycan filmlərinin çəkilişlərində istifadə edilən geyimlər yer alacaqdır.
Festivalın ən maraqlı guşələrindən biri isə xalqımıza məxsus adət-ənənələri və geyimləri özündə əks etdirən kompozisiyaların nümayişi olacaqdır.
Festivala gələnlər “Bazar” kompozisiyasında dəmirçi, baqqal, papaqçı, zərgər, pinəçi dükanları ilə tanış olacaq, çayxanaya baş çəkəcəklər.
“Adət-ənənələr və milli geyimlər” kompozisiyası da maraqlı olacaqdır. İştirakçılar evdar qadınların tikdiyi geyimləri, baş geyimləri və aksesuarların sərgi-satışı, milli geyimlərə dair çap məhsulları sərgisində isə bununla bağlı kitab və dövrü mətbuat materialları ilə tanış olacaqlar.
Milli ornamentlər təsvir olunmuş suvenir və əl işlərinin sərgi-satışı, eləcə də xanlıqlar dövrünün saray geyimlərindən ibarət dəfilə nümayişi də tamaşaçıda maraq yaradacaq.
Nazirlikdən onu da bildirdilər ki, festivalda diqqəti cəlb edəcək guşələrdən biri də Azərbaycanın və dost ölkələrin milli geyimlərində olan gəlinciklərin sərgisi olacaq. Burada gənc istedad Sabirə Məmmədovanın hazırladığı milli geyimli gəlinciklərin sərgi-satışı da keçiriləcək. Festivala 2 ədəd kəcavənin gətirilməsi və onlarda milli geyimlərlə fotoşəkillərin çəkdirilməsi də nəzərdə tutulur.
Onu da qeyd edək ki, festivalda Naxçıvan Dövlət Filarmoniyasının Qədim Musiqi Alətləri Ansamblının ifasında xalq mahnıları, Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının rəqs qruplarının, “Şərur” Xalq Yallı Ansamblının və “Şərur qönçələri” Uşaq Yallı Ansamblının ifasında milli rəqslər və yallılar da təqdim olunacaq.
Xəbərlər şöbəsi