23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Cənubi Qafqazda hansı qədim sənətkarlıq
sahəsində liderlik edirdi?

Naxçıvan uzaq keçmişdən öz tarixi və zəngin mədəniyyəti ilə seçilən məkanlardandır. Qədim insan məskənlərinin yarandığı ilk ərazilərdən olmuş bu diyar, həm də tarixən müxtəlif sənət sahələrinin inkişafına öz töhfəsini verib. Əlverişli iqlim, münbit torpaqlar, su mənbələri  burada əkinçiliklə yanaşı, heyvandarlığın, o cümlədən xalçaçılıq, ipəkçilik, çəkməçilik, boyaqçılıq, papaqçılıq və adlarını sadalamadığımız onlarla digər sənət sahələrinin yayılmasına və inkişafına imkan verib. Naxçıvanda yaranmış ilkin sənət sahələrindən biri də gön-dəri məmulatı istehsalı olub.

Tədqiqatçılar bu sənətin yaranma tarixinin ibtidai icma quruluşu dövründən başlandığını bildirirlər. Çünki arxeoloji tədqiqatlar da göstərir ki, qədim insanlar hələ Paleolit dövrünün müxtəlif mərhələlərində ovladıqları vəhşi heyvanların dərilərini daş və sümükdən hazırlanmış kəsici, qaşıyıcı, deşici, hamarlayıcı əmək alətlərinin köməyi ilə emal edərək onlardan sadə geyim və yataq ləvazimatları hazırlayıblar. Gön-dəri məmulatlarının qədim insanların məişətində xüsusi yer tutması Tunc dövründən başlayaraq bu məşğuliyyətin müstəqil sənət sahəsinə çevrilməsinə, daha doğrusu, dabbağlıq sənətinin meydana gəlməsinə gətirib çıxarıb.

Əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradov “Naxçıvan diyarında sənətkarlıq və ticarət (XVIII-XX əsrin əvvəlləri)” adlı monoqrafiyasında Naxçıvanda bu qədim sənətin inkişafı haqqında maraqlı məlumatlar verir. Tədqiqatçı bildirir ki, gön-dəri məmulatı istehsalının ilkin mərhələsini xammalın tədarükü və aşılanması təşkil edirdi. Bu işlə peşəkar sənətkarlar – dabbağlar məşğul olurdular. Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvan diyarında da dabbağlar xammal kimi iri və xırdabuynuzlu mal-qaranın gön və dərilərindən istifadə edirdilər. Müəllifin bildirdiyinə görə, Birinci Dünya müharibəsi ərəfəsində Naxçıvanda saxlanılan iribuynuzlu heyvanların sayı 48-49 min, xırdabuynuzlu heyvanların sayı isə 172-173 min başa çatırdı. Bununla yanaşı, dabbağlığın inkişafı İran və Türkiyənin həmsərhəd bölgələrindən də xammal tədarükünü zəruri edirdi.
Qeyd edək ki, dabbağxanalar digər sənət sahələrindən fərqli olaraq, adətən, şəhər kənarında salınmış su hövzələrinə yaxın küçələrdə yerləşirdi. Bu da həmin emalatxanalarda suya tələbatın böyük olması və emal prosesində pis qoxuların yaranması ilə bağlı idi. Tədqiqatçı E.Qarayevə görə, Ordubad şəhəri bu sahədə istisnalıq təşkil edirdi. Belə ki, burada hələ xanlıqlar dövründən fəaliyyət göstərən 12 dabbağ emalatxanası şəhərin mərkəzi küçələrindən birində yerləşirdi. XIX əsrin 30-cu illərində tərtib edilmiş arxiv sənədlərindən birində göstərilir ki, “hökumətin bağışlanmaz səhvi ucbatından zavodlar (dabbağxanalar) şəhərin ortasında, düz çayın kənarında tikilmiş ki, bunun da nəticəsində bağlara axan su pis keyfiyyətli olub sağlamlıq üçün zərərlidir”.
Aparılmış tədqiqatlara görə, dabbağlığın bölgədə ən mühüm mərkəzləri Naxçıvan və Ordubad şəhərləri idi. XIX əsrin əvvəllərində Naxçıvan şəhərində 22 dabbağ fəaliyyət göstərirdi. Artıq 1865-ci ildə burada çalışan dabbağların sayı 33 nəfərə çatmışdı. Naxçıvan şəhərində bu sənətin geniş yayılması “Naxçıvan əyalətinin statistik təsviri”ndə öz əksini tapıb. Buradakı məlumatlarda göstərilir ki, xanlıqlar dövründə dabbağlıq sənəti ilə məşğul olanlardan toplanan vergilər xəzinənin əsas gəlir mənbələrindən birini təşkil edirdi. Belə ki, həmin dövrdə həm gön-dəri istehsalına, həm də satışına görə xüsusi vergilər müəyyənləşdirilmiş və onların toplanmasını ayrı-ayrı şəxslərə iltizama verilmişdir. 1823-cü ildə şahzadə Abbas Mirzənin əmri ilə hazırlanmış iltizam maddələri haqqında qaydalara görə, dabbağ istehsal edib satışa çıxardığı bir ədəd camış dərisinə görə gümüş pulla 70, öküz dərisinə görə 35, qoyun dərisinə görə isə 10 qəpik həcmində vergi ödəməli idi. Oxşar vəziyyət Ordubad dairəsində də müşahidə edilirdi. Burada iltizamçı hər camış dərisinə görə gümüş pulla 60, hər öküz dərisinə görə isə 30 qəpik həcmində vergi toplayırdı. Bundan əlavə, tədqiqatçı Vidadi Muradov yuxarıda adıçəkilən kitabında qeyd edir ki, Naxçıvan və Ordubad şəhərləri başmaq və çəkmə istehsalı üzrə mühüm mərkəzlərdən sayılırdı. Müəllif xanlıqlar dövrünün sonlarına doğru arxiv sənədlərinə istinadən yazır ki, XIX əsrin 20-30-cu illərində Naxçıvan dairəsində 46, Ordubad dairəsində isə 44 nəfər başmaqçı və çəkməçi fəaliyyət göstərirdi. 1865-ci ildə Naxçıvan bazarında çalışan başmaqçıların sayı isə 98 nəfərə çatmışdı.
Maraqlı məlumatlardan biri də odur ki, XIX əsrdə Cənubi Qafqaz­da sənətkarlıq təşkilatlarının tarixini tədqiq etmiş S.A.Yegizarovun yazdığına görə, dərzi, toxucu və çəkməçi kimi sənətlərə şagird qəbulu 9 yaşından başlanır və şagirdin valideyni ilə usta arasında müqavilə əsasında tənzimlənirdi. Həmin müəllifin verdiyi məlumata görə, Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvan və Ordubad şəhərlərində də çəkməçilik sənətini öyrənmək üçün şagirdlik müddəti 3 il müəyyənləşdirilirdi. Bu müddət ərzində heç bir əməkhaqqı almayan şagird ustanın bütün tapşırıqlarını yerinə yetirir və onun nəzarəti altında sənətin sirlərinə yiyələnirdi. Bu mərhələni başa çatdıran şagird usta köməkçisi – kargər adı qazanır və gördüyü işin müqabilində müəyyən əməkhaqqı alırdı. Kargər statusu ilə fəaliyyətə başlayan şəxs gördüyü işə görə ustadan “hər il iki cüt ayaqqabı, bir cüt corab, bir papaq, iki dəst dəyişək və 60 manat pul” alırdı. Bu vəziyyət Azərbaycanın digər şəhərləri kimi, Naxçıvan və Ordubad üçün də xarakterik idi.
XVII əsrdə Naxçıvana səyahət etmiş türk səyyahı Övliya Çələbi yazırdı ki, Naxçıvan sakinləri daha çox əlvan rəngli ayaqqabılar, yaşıl, sarı, narıncı rənglərə boyanmış, tumacdan tikilən “papuşlar” geyirlər. Onun sözlərinə görə, qadın­lar da elə bu materialdan hazırlanmış rəngli çəkmələrə üstünlük verirlər.
Dabbağlığın inkişafı Naxçıvanda və Ordubadda papaqçılığın da inkişafına şərait yaradırdı. Hər iki şəhərin bazarlarında xeyli papaqçı dükanları vardı. Papaq onu gəzdirəcək kişilərin yaşı ilə yanaşı, cəmiyyətdəki mövqeyi də nəzərə alınmaqla üç formada – “şiş papaq”, “şələ papaq” və “çalma papaq” formasında tikilirdi. Yaşlı insanlar “züllə papaq”, uşaqlar “yapağı papaq”, cavan oğlanlar isə “şikarı papaq” qoyardılar.
Bundan əlavə, gön-dəri istehsalının genişlənməsi Naxçıvanda yəhərqayırma – sərraclıq sahəsinin də inkişafına səbəb olmuşdu. Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvan diyarında da əsrlər boyu “müsəlman yəhəri” adlanan ağır qaltaqlı yəhərlərdən istifadə olunmuşdu. Azərbaycanın Rusiya tərəfindən işğalından sonra isə əvvəlcə “kazak yəhəri”, XX əsrin əvvəllərindən isə “ingilis yəhəri” geniş yayılmışdı. Ancaq bu sənət sahəsi ilə məşğul olanlar digərlərinə nisbətən az idi. Bu da, əsasən, atçılığın digər bölgələrlə müqayisədə az yayılması ilə bağlı idi.
Ümumilikdə, gön-dəri istehsalının Naxçıvan diyarında geniş şəkildə inkişaf etməsi bir çox mənbələrdə öz əksini tapıb. K.Xatisov bu sənət sahəsini “Cənubi Qafqazın ən qədim sənət sahələrindən biri” adlandırırdı. Təkcə o faktı göstərmək kifayətdir ki, XIX əsrin 30-cu illərində Azərbaycanın 5 şəhərində – Şamaxı, Ordubad, Naxçıvan, Nuxa və Şəki şəhərlərində fəaliyyət göstərən 136 nəfər dabbağın 50 nəfəri, başqa sözlə desək, üçdəbir hissəsindən çoxu Naxçıvan və Ordubad şəhərlərinin payına düşürdü. Bu isə Naxçıvanın, həqiqətən, regionda mühüm ticarət və sənətkarlıq mərkəzi kimi özünü təsdiq etməsinin göstəricisidir.

Hazırladı: Səbuhi HƏSƏNOV
Mənbə: Vidadi Muradov “Naxçıvan diyarında sənətkarlıq və ticarət (XVIII-XX əsrin əvvəlləri)”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR