23 Dekabr 2024, Bazar ertəsi

Tarixən müxtəlif kənd təsərrüfatı bitkilərinin becərilməsi ilə məşğul olan ata-babalarımız bitkilərin və onların becərildikləri torpaqların xarakterinə yaxından bələd olmuş, hansı ərazidə hansı sahənin daha məhsuldar olduğunu illər boyu öyrənmiş və bu sahələr ənənəvi ­məşğuliyyət sahəsinə çevrilmişdir. 

Naxçıvanın tarixi iqtisadi coğrafiyasının öyrənilməsi üçün ən mühüm mənbələrdən biri, şəksiz ki, hələ XVIII əsrdə Naxçıvanda II Osmanlı idarəçiliyi dövründə tərtib edilmiş “Naxçıvan sancağının müfəssəl dəftəri”dir. Dəftəri osmanlıcadan Azərbaycan dilinə tərcümə edərək nəşr etdirən akademik Ziya Bünyadov və Hüsaməddin Qaramanlının da qeyd etdikləri kimi, müfəssəl və icmal dəftərlər Naxçıvan sancağının XVI-XVIII əsrlərdə kənd təsərrüfatının vəziyyətinin öyrənilməsi baxımından çox qiymətli mənbələrdir.
Dəftərdəki məlumatlarla tanışlıq göstərir ki, o zaman Naxçıvanda kənd təsərrüfatının ən geniş yayılmış sahəsi taxılçılıq idi. Həmin dövrdə Naxçıvan sancağının bütün nahiyə və kəndlərində bu təsərrüfat sahəsi ilə məşğul olunmuşdur. Buğda, arpa, darı, demək olar ki, bütün kəndlərdə əkilmişdir. Dənli bitkilərdən düyü, mərcimək, maş və noxudun əkilib-becərilməsi ilə bağ­lı məlumatlar isə xüsusi maraq ­doğurmaqdadır.

Araşdırmalar göstərir ki, bəzi hallarda noxud, kəlül, kərsənə kimi bitkilər Naxçıvan şəhəri ətrafındakı dizələrdə, Bənəniyar, Kırna, Saltaq, Əbrəqunus, Göydərə, Xoşkeşin, Gal, Şurud, Badamlı, Türkeş, Qaraçuq və Axura kəndlərində becərilmişdir. Əhəmiyyətli ədviyyat bitkisi sayılan sumağın Naxçıvanın, demək olar ki, əksər kəndlərində yetişdirilməsi ilə bağlı məlumatlar da xüsusi maraq doğurur. Bu məhsulun da Naxçıvan şəhəri ətrafındakı dizələrdə, Hacıvar, Badaşqan, Uzun­oba, Şıxmahmud, Didivar, Kütləpə, Kırna və digər ərazilərdə daha çox əkilməsi ilə bağlı qeydlər vardır.
Müxtəlif mənbələrdən aydın olur ki, Əbrəqunus, Nurs, Kükü, Gömür, Cəhri, Nehrəm, Yaycı (Şərur) kimi yaşayış məntəqələrində həm də paxla bitkisi becərilmişdir. Mərcimək bölgənin Bənəniyar, Kırna, Saltaq, Əbrəqunus, Qazançı, Nəhəcir, Qahab, Şahbuz, Külüs, Badamlı, Türkeş, Qaraçuq, Bist, Çənnəb, Axura kimi yaşayış məntəqələrində, lobya və maş bitkiləri isə Ordubad rayonunun bəzi kənd­lərində və Nehrəmdə yetişdirilmişdir.
“Naxçıvan sancağının müfəssəl dəftəri”ndə diqqətçəkən məqamlardan biri bölgədə çəltikçiliyin xüsusi təsərrüfat sahəsi kimi mövcud olması ilə bağlıdır. Şərur rayonunun bir neçə yaşlı sakini ilə söhbətimiz zamanı Arpaçay boyunca yerləşən, suyu bol olan ərazilərdə bir vaxtlar düyü əkinləri ilə bağlı aldığımız məlumat da bunu təsdiq etdi.
Qeyd edək ki, çəltikçilik təkcə Arpaçay boyunca yerləşmiş ərazilərdə deyil, Naxçıvan şəhəri ətrafındakı dizələrdə, Culfada, Sirab, Qahab, Cəhri, Kültəpə, Bənəniyar, Saltaq, Ərəzin kəndlərində də əhalinin əsas təsərrüfat sahələrindən biri olmuşdur.
Bəhs etdiyimiz dövrdə Naxçıvan ərazisində kələm və bostan məhsulları, əsasən, Naxçıvan şəhəri ətrafındakı dizələrdə, Uzunoba, Şıxmahmud, Kırna, Əbrəqunus, Göydərə, Camaldın, Ərəzin, Nehrəm, Ağbulaq, Qarabağlar, Qaraçuq, Üstüpü, Vənənd, Dəstə, Yaycıda (Culfa) yetişdirilirdi. Cəhri, Hacıvar, Badaşqan, Didivar, Ərəzin, Sirab, Kükü, Gömür, Ağbulaq, Payız, Ələhi, Tivi, Parağa, Biləv, Üstüpü, Çənnəb, Vənənd, Yuxarı Əylis, Yuxarı Əndəmic, Şahbulaq kəndləri həm də meyvəçilik üzrə ixtisaslaşmışdır.
Mənbədə əksini tapmış məlumatlar göstərir ki, bu dövrdə Naxçıvan diyarı həm də pambıqçılıq, üzümçülük, tənbəki əkinləri üzrə seçilən ərazilərdən olub. Pambıq bitkisi Naxçıvan şəhəri ətrafındakı dizələrdə, Hacıvar, Yarımca, Uzun­oba, Şıxmahmud, Didivar, Kırna, Ərəzin, Güznüt, Sirab, Vayxır, Qahab, Şahbuz, Payız, Cəhri, Qarabağlar, Bulqan, Culfa kimi yaşayış məntəqələrində becərilirdi.
Bu yerdə bir haşiyə çıxaraq qeyd edək ki, hələ XII-XIII əsrlərdə Naxçıvanda pambıqçılığın və pambıq parça istehsalının – bəzzazlığın inkişaf etdiyini göstərən faktlar mövcuddur. Məsələn, Naxçıvan ərazisində mövcud olmuş orta əsr Əncan şəhərinin adı və əhalisinin məşğuliyyəti ilə bağlı son dövrlərdə aparılmış tədqiqatlarda bir məsələ xüsusilə diqqətimizi çəkdi. “Əcaib əd-dünya”da Əncan haqqında verilən məlumatlardan aydın olur ki, “Oranın malları incə parçalar, yaylıqlar, keyfiyyətli üst örtükləri, zilə corablardan” ibarət olmuşdur.
Burada işlədilən “zilə corab” ifadəsindən aydın olur ki, bu, orta əsrlərdə yerli əhalinin geniş istifadə etdiyi ayaq geyim növlərindən biri idi. Dəqiqləşdirməli olduğumuz bir məsələ də vardır. Fikrimizcə, corabın təyinedici sözü olan ifadə “zilə” deyil, “şilə” və ya “silə”dir. Şilə pambıqdan toxunan parçanın xüsusi növü olmuşdur. Üçcildlik “Azərbaycan etnoqrafiyası”nın II cildində bu barədə oxuyuruq: “XVI-XVIII əsrlərin ənənəvi geyim tipləri haqqında məlumatlar dastan yaradıcılığında da, xüsusilə məhəbbət dastanlarında öz əksini tapmışdır. Burada geyim materialı kimi yun (şal), ipək (atlas, qumaş, darayı və sair), kətan, pambıq (şilə, satin və çit) parçalardan tikilmiş köynək, don, ənbərçə, duvaq, çəpkən, nimtənə, xalat, tuman, kəlağayı, çalma, çarqat, niqab və sair kimi qadın geyimlərinin mövcudluğunun şahidi oluruq”.
Digər bir qeyddən dəqiqləşdirmək mümkündür ki, bütün pambıq parçalara da “şilə” deyilməmiş və bu parça növünün rəngi qırmızı ­olmuşdur. Həmin parça növü nisbətən ucuz parça növü sayılmaqla daha çox kasıb təbəqə tərəfindən istifadə edilmişdir.
Mənbələrdə rast gəldiyimiz məlumatlardan belə bir nəticəyə gəlmək olar ki, orta əsr Əncan şəhəri həm də ölkənin əsas bəzzazlıq (pambıq parça toxuma sənəti) mərkəzlərindən biri olmuşdur.
Bu gün də inkişafına xüsusi diqqət yetirilən üzümçülük sahəsi tarixən Naxçıvanda əsas təsərrüfat sahələrindən biri sayılmış və aparılan tədqiqatlar göstərir ki, burada üzümün çoxsaylı sort və növləri yayılmışdır. “Naxçıvan sancağının müfəssəl dəftəri”nə görə, bu bitki XVIII əsrdə, demək olar ki, bölgənin əksər yaşayış məntəqələrində, xüsusilə Naxçıvan şəhəri ətrafındakı dizələrdə, Ordubadda, Kültəpə, Bənəniyar, Kırna, Saltaq, Əbrəqunus, Göydərə, Xoşkeşin, Şurud, Qazançı, Camaldın, Göynük, Şahbuz, Badamlı, Cəhri, Axura, Yaycı (Şərur), Bist, Üstüpü, Çənnəb, Yuxarı Əndəmic, Yuxarı və Aşağı Əylis kənd­lərində geniş sahələrdə əkilmişdir.
Tütün cinsinə aid bitki növü olan tənbəki bitkisi Yarımca məzrəsi, Şıxmahmud, Didivar, Kültəpə, Saltaq, Tumbul, Göydərə, Payız, Cəhri, Qarabağlar, Bulqan, Yuxarı Əylis, Aşağı Əylis və Yaycı (Şərur) kənd­lərinin təsərrüfatlarında önəmli yerə sahib idi.
Naxçıvan bu dövrdə həm də arıçılıq, qoyunçuluq və maldarlığın inkişaf etdiyi bölgələrdən idi. Arıçılıq, əsasən, dağlıq və dağətəyi bölgələrdə inkişaf etmişdi. Kırna, Saltaq, Əbrəqunus, Göydərə, Xoşkeşin, Gal, Şurud, Qazançı, Camaldın, Göynük, Külüs, Kükü, Gömür, Badamlı, Buzqov, Tumbul, Ələhi, Tivi, Parağa, Biləv,Yuxarı Əndəmic, Yaycı (Şərur) arıçılıq sahəsində seçilən yaşayış məntəqələri idi.
İribuynuzlu heyvandarlıq Göydərə, Xoşkeşin, Gal, Şurud, Qazançı, Sirab, Cəhri, Nehrəm, Yuxarı Əylis, Axura kəndlərində, qoyunçuluq isə Hacıvar, Badaşqan, Şıxmahmud, Didivar, Saltaq, Göydərə, Bist, Xoşkeşin, Gal, Şurud, Nehrəm, Qazançı, Ərəzin, Göynük, Nəhəcir, Sirab, Külüs, Kükü, Badamlı, Türkeş, Payız, Cəhri, Qaraçuq, Ələhi, Tivi, Biləv, Yuxarı Əndəmic, Axura, Yaycı (Şərur) kimi kəndlərdə əsas təsərrüfat sahələrindən biri idi.
Beləliklə, yuxarıda qeyd olunanlar sübut edir ki, Naxçıvanda orta əsrlərdə də müxtəlif kənd təsərrüfatı məhsulları becərilmiş, arıçılıq, üzümçülük, pambıqçılıq, heyvandarlıq kimi sahələr əsas təsərrüfat sahələri içərisində xüsusi yer tutmuşdur.

 Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR