23 Dekabr 2024, Bazar ertəsi

Ziyalı, şəxsiyyət və vətəndaş olaraq kamilləşmənin yolu mütaliədən, kitabxanalardan keçir. Təsadüfi deyil ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev kitabxanaları belə qiymət­ləndirmişdir: “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanalara daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir”. Lakin onu da etiraf edək ki, informasiya əsri olan müasir dövrümüzdə yeni texnologiyaların inkişafı informasiyaların növ və mənbə çeşidliliyinə, hüdudsuzluğuna rəvac verib. Şaxələnən informasiya dünyasında çap məhsulları öz dəyər və nüfuzunu qorumaq uğrunda “gözə­görünməz müharibə”yə təhrik edilib. Bu isə müasir dövrümüzdə informasiyanın axtarışı, seçilməsi, qiymətləndirilməsi bacarığı tələb edir. Saysız-hesabsız informasiya bolluğundan düzgün yararlanmaq, onu faydalılıq və zərurilik, obyektivlik əmsalı ilə qiymətləndirə bilmək pedaqoji prosesdən kənar məqamlarda, xüsusilə də yeniyetmə və gənclər arasında bəzən müşkülə çevrilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamı bu problemin həlli istiqamətində zamanında atılmış addım idi.

Oxunması zəruri olan kitablar

Bu tarixi sənəd ümumi inkişafın mühüm tərkib hissəsi, aparılan çoxşaxəli yenilikçi islahatların uğurlu məntiqi davamı idi. Sərəncamı kifayət qədər dərk və icra edə biləcək mühit və cəmiyyət də artıq yetərincə formalaşdırılmışdı.

Belə ki, son 23 ildə muxtar respublikada aparılan müasirtipli məktəb quruculuğu, təhsil müəssisələrinin maddi-texniki təchizatının gücləndirilməsi, xüsusilə də məktəblərdə kompüterləşmə, internetdən istifadənin təmin olunması, elektron lövhəli siniflərin, zəngin kitabxanaların yaradılması, ən əsası isə tədrisdə keyfiyyətin yüksəldilməsi, yeniliklərin tətbiqi ən ucqar dağ kəndlərini belə, əhatə edib. Şagirdlərdə bilik və elmi dünyagörüşünün inkişafı məqsədilə ümumtəhsil məktəbləri ilə ali təhsil müəssisələri, AMEA Naxçıvan Bölməsi, muxtar respublikanın muzeyləri ilə interaktiv dərslərin təşkili, alim-ziyalılarımızın məzunu olduqları məktəblərdə nümunəvi dərslər keçmələri, müasir ali təhsil strukturunun formalaşması, ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi elmi inkişafa dövlət qayğısının təzahürüdür.
Qeyd etmək yerinə düşər ki, mütaliə mədəniyyətinin inkişafı məqsədilə muxtar respublikada zəngin kitabxana-informasiya sistemi də formalaşdırılıb. Oxucunun hərtərəfli biliyə sahib olması üçün kitabxana fondlarının komplektləşdirilməsi və zənginləşdirilməsi, müasirtipli elektron kitabxanaların yaradılması prosesi həyata keçirilir. Hazırda Naxçıvanda 300-ə yaxın kitabxananın, 8 Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fəaliyyət göstərməsi, 2008-ci ildən etibarən Naxçıvanda bu ixtisas üzrə ali təhsilli mütəxəssis hazırlığının həyata keçirilməsi dedik­lərimizi bir daha təsdiq edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 17 fevral tarixli Sərəncamı ilə Naxçıvanşünaslıq Mərkəzinin yaradılması, mərkəzin elektron kitabxana və elektron arxivinin, internet saytının fəaliyyət göstərməsi, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubileyinin keçirilməsi, həmin kitabxananın və digərlərinin rəsmi internet saytlarının istifadəyə verilməsi mütaliə üçün ideal şəraitin yaradılması deməkdir.
Bununla yanaşı, muxtar respublikamızda çoxsaylı və çoxçeşidli, yüksək poliqrafik keyfiyyətdə çap məhsulları istehsalı üçün nəşriyyat-poliqrafiya bazası da formalaşdırılıb. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi yüksək qayğı ilə əhatə olunub, maddi-texniki bazası zənginləşdirilib. 2010-cu ildə mətbəə üçün yeni binanın istifadəyə verilməsi ilə yanaşı, yüksək poliqrafik keyfiyyətə malik olan müasir avadanlıqlar da quraşdırılıb. Bu gün burada muxtar respublikanın şəhər və rayon qəzetləri ilə yanaşı, müxtəlif çeşiddə və ölçüdə kitablar nəfis tərtibatla və münasib qiymətə nəşr olunur. Eyni zamanda AMEA-nın Naxçıvan Bölməsində, muxtar respublikanın ali təhsil ocaqlarında da nəşriyyatlar fəaliyyət göstərir. 2005-ci ildə yaradılan Məhəmməd ağa Şahtaxtlı adına Kitab evində isə müxtəlif elm sahələrinə aid, habelə yeni bədii və tədris nəşrlərinin satışı həyata keçirilir.
Lakin təəssüf hissi ilə qeyd etməliyik ki, çox da uzaq olmayan keçmişdə – müstəqilliyin ilk illərində, ölkədə xaos və anarxiyanın, vətəndaş müharibəsi və işğal təhlükəsinin tüğyan etdiyi bir dövrdə Naxçıvanda da yeniyetmə və gənclərin təlim-tərbiyəsi nəzarətdən çıxmış, gənclər mütaliəyə istiqamətləndirilmək nədir, hətta icbari orta təhsildən uzaqlaşmaqda idi. Məktəbə yollanmalı olan uşaq və yeniyetmələr saatlarla ucu-bucağı görünməyən çörək növbələrinə durur, gündəlik çörəkpulu dalınca, ərzaq gətirmək üçün ailələri ilə birgə qonşu ölkələrə getmək məcburiyyətində qalırdılar. Digərləri isə gündəlik çörəkpulu qazanmaq üçün müxtəlif sahələrdə çalışmalı olurdular. Yeniyetmə və gənclərin asudə vaxtlarının düzgün təşkili üçün heç bir şərait olmadığına görə onlar arasında zərərli vərdişlərə meyil də artmışdı. Ötən dövr ərzində bütün bu problemlərin aradan qaldırılması, muxtar respublikadakı hərtərəfli inkişaf bu gün mütaliəni daha da aktuallaşdırmış, fərdilikdən ümumi ictimai zərurətə çevirmişdir.

Oxudum, oxudum, sonra da vardım,
Hər gizli xəznədən bir dürr çıxardım.


İnsan kapitalına, amilinə yönəldilən dövlət qayğısı artıq təkcə alim, mütəxəssis yox, həm də əsl ziyalı vətəndaş yetişdirmək kimi prioritet vəzifəni də ortaya çıxarmışdı. Oxunması zəruri ola kitabların siyahısı ilə tanış olduqda buraya daxil edilən bədii əsərlərin tariximizi, mədəniyyətimizi və milli kimliyimizi gənc nəslə öyrətmək, onların həyat yollarının düzgün müəyyənləşdirilməsinə və dünya­görüşlərinin zənginləşdirilməsinə xidmət etdiyini aydın dərk edirsən. Buraya daxil edilən əsərlərin milli və bəşəri ideyaların, vətəndaşlıq qayəsinin təbliği baxımından nə qədər həssaslıq və dəqiqliklə, müasir və klassik irsə kamil bələdçiliklə seçildiyinə bir daha əmin olursan. Siyahıdakı əsərlər janr, üslub, mövzu rəngarəngliyi ilə də seçilir. Ən möhtəşəm Azərbaycannamə, milli siyasi-fəlsəfi, tarixi irsin məcmusu, Azərbaycançılıq ideologiyasının Ana kitabı olmaq baxımından “Azərbaycan xalqının ümummilli lideri ­Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti” hər bir azərbaycanlının dönə-dönə müraciət edəcəyi stolüstü kitabı olmalıdır. Hər kəsin çox asanlıqla qavraya biləcəyi “ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə məktubu” da həmin siyahıda yer alıb. “Elm Çində də olsa, onun dalınca get. Beşikdən qəbir evinə qədər oxu!” ideyasını təlqin edən “İslamda müdrik kəlamlar” kitabı da gənclərə həqiqi islami dəyərləri düzgün şəkildə aşılamaq baxımından mühüm əhəmiyyət daşıyır. Siyahıya daxil edilən şifahi xalq yaradıcılığı nümunələri – milli qəhrəmanlıq məktəbi olan “Koroğlu” dastanı, əsrlərin sınağından süzülüb gələn “Atalar sözləri” hər bir azərbaycanlı üçün doğma və əzizdir. Ana laylası şirinliyi ilə dillər əzbərinə çevrilən, türkçülük, millilik epopeyası “Kitabi-Dədə Qorqud” dastanının oxunması isə həm də dastanın Naxçıvan ərazisində yaşayan Azərbaycan türklərinə məxsus etnoqrafik materiallarla, Naxçıvanla bağlı toponimlərlə zəngin olmasına görə zəruridir. Dünya ədəbiyyatına nadir incilər bəxş edən, dünya şöhrətli şeyx Nizaminin hikmət və nəsihətləri ilə mənəvi zənginlik tapıb onun “Sirlər xəzinəsi”nə vaqif olmaq, həm də böyük şairi özününküləşdirmək istəyənlərə qarşı onun milli mənsubiyyətini təsdiqləmək üçün kifayət qədər bilik və məlumat əldə etmək deməkdir. Faruk Sumerin “Oğuzlar”, Rəşidəddin Fəzlullahın “Oğuznamə”, Yusif Balasaqunlunun “Qutatqu bilik” kimi şanlı tarixi keçmişimizi yaşadan, milli varlığımızı ifadə edən əsərləri həmişəyaşardır, ölməzdir.
Ustad Şəhriyarın hələ sağlığında ikən dastanlaşan “Heydərbabaya salam” poemasını oxumadan “azərbaycanlıyam” deməyin mümkün olmaması, Mirzə Cəlilin xalqını böyük yanarlılıqla milli tərəqqiyə və inkişafa səsləyən, xırda əhvalatlarda böyük həqiqətləri yaşadan hekayələri, maarifçilik ideyaları ilə xalqına misilsiz xidmət göstərən Məhəmməd Tağı Sidqinin “Məktəb hekayələri” kimi nəsr nümunələri, Eynəli bəy Sultanovun dövrünün Naxçıvan güzgüsü dəyərində olan publisistikası, məqalələri hər zaman aktuallığını qoruyub saxlayan bədii əsərlərdir. Şərqin dahisi Sədi Şirazinin “Gülüstan”ı, məşhur astronom Nəsirəddin Tusinin “Əxlaqi-Nasir”i , Seyid Əzim Şirvaninin alleqorik əsərləri – ibrətamiz təmsilləri gəncliyə müdikləşmənin, kamala çatmanın yollarını aydınlatmaq baxımından əhəmiyyətlidir. Bu gün müasir gənclikdən radikalizmdən, qondarma dini təriqətdən uzaq olmaq üçün “Mister Hemferin xatirələri” ilə tanış olub Azərbaycan romantizminin banisi böyük Cavidin “Azər”i kimi ictimai-siyasi hadisələrdən, cəmiyyətdə gedən proseslərdən hüşyarlıqla baş çıxarmaq tələb olunur. Tarixi roman həvəskarlarının maraq dairəsinə uyğun olaraq onlara Məmməd Səid Ordubadinin Azərbaycanda XII əsrdəki dövlətçilik tarixini, xalqımızın azadlıq uğrunda mübarizəsini əks etdirən, baş vermiş proseslərdən, intibah dövründəki ictimai-siyasi, ədəbi hadisələrdən bəhs edən “Qılınc və qələm” əsəri, Xalq yazıçısı Elçinin Azərbaycan xanlıqlarında, Gürcüstan, Şimali Qafqaz, Rusiya, İran, Osmanlı imperiyası, eləcə də Avropada həmin dövrdə baş verən siyasi hadisələri yüksək sənətkarlıqla təsvir etdiyi “Baş” adlı tarixi-fəlsəfi roman tövsiyə olunur. Qurban Səidin indiyədək dünyanın 33 dilinə tərcümə edilən, 1918-1920-ci illərdə Azərbaycanda və xüsusən Bakı şəhərində baş verən siyasi hadisələr fonunda yazılmış “Əli və Nino”su da gənclər arasında sevilərək oxunacaq əsərlərdəndir. Dünya şöhrətli Amerika yazıçısı Teodor Drayzerin bir rəssamın taleyindən bəhs edən “Dahi” romanı, Nikolay Ostrovskinin həyatsevərlik və mübarizə, prinsipiallıq məktəbi olan “Polad necə bərkidi” bioqrafik romanı, Cek Londonun yaşamaq uğrunda real mübarizəni əks etdirən “Həyat eşqi” hekayəsi, Nobel mükafatı laureatları Ernest Heminqueyin “Qoca və dəniz”, Moris Meterlinkin isə “Arıların həyatı” və “Göy quş” əsərləri müasir gəncliyi dünya ədəbiyyatının qiymətli bədii yaradıcılıq nümunələri ilə tanış etmək məqsədi daşıyır.
Nikolo Makiavellinin siyasətin incəliklərini və hakimiyyətdə idarəetmə prinsiplərini aşılayan “Hökmdar”, müasir kiçik hekayənin banisi olan XIX əsr Fransa yazıçısı Gi de Mopassanın şah əsəri hesab edilən, əxlaqi dəyərlərdə vətənpərvərliyin başlıca amil olduğunu göstərən “Gombul”, digər bir fransız yazıçısı Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsərləri siyahının müxtəlif bədii-estetik zövqə malik oxucular üçün nəzərdə tutulduğunu göstərir. Bu, oxuculara, eyni zamanda dünya xalqlarının müxtəlif dövrlərə məxsus ədəbiyyatları ilə tanış olmalarına imkan yaradır. Oxunması zəruri olan kitabların siyahısı, bütövlükdə, gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünya­görüşün formalaşdırılmasına xidmət edir.

Gecə qaranlığında çaxan şimşək effekti

Sərəncam nəinki muxtar respublikamızda, bütünlükdə ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmış, ictimai xadimlər, ziyalılar kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə buna münasibət bildirmiş, informasiya saytlarında və qəzetlərdə məqalələrlə çıxış etmişlər. Sərəncam “kitaba yenidən qayıdış”, “gecə qaranlığında çaxan şimşək effekti”, “Naxçıvan dünyanın bir nömrəli mütaliəli bölgəsinə çevrilir”, “bütün dünya üçün nümunəvi addım” kimi dəyərləndirilmişdir.
Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli mətbuata açıqlamasında məsələyə belə münasibət bildirmişdir: “Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təsdiq etdiyi siyahıda gənc nəslin dövlətçilik və vətənpərvərlik tərbiyəsinə, habelə ­şəxsiyyət kimi formalaşmasına daha çox təsir edə biləcək kitablara üstünlük verilməsi müstəqil dövlətçilik idealları üstündə köklənmiş kamil Azərbaycan vətəndaşlarının daha yetkin səviyyədə formalaşdırılmasına kömək etmək məqsədi daşıyır. Zəruri ədəbiyyatın siyahısı Azərbaycançılıq dünyagörüşünün inkişaf etdirilməsi üçün də istiqamətverici imkanlara malikdir. Bütün bunlara görə “Oxunması zəruri olan kitabların siya­hısı” müasir dövrdə kitaba yenidən, həm də məqsədyönlü şəkildə qayıdışa çağırışdır. Bu çağırışın həyata keçirilməsi işığında ölkənin hərtərəfli inkişafa malik olan, Vətəninə, xalqına və dövlətinə sadiq əsl vətəndaşların böyük gələcəyini görmək mümkündür”.
Böyük Britaniyanın nüfuzlu BBC korporasiyasının bununla bağlı məlumat hazırlaması da sərəncamın əhəmiyyətliliyini təsdiqləyən mühüm faktdır. Yazıda Ali Məclisin Sədri cənab Vasif Talıbovun imzaladığı sərəncam ictimai-mədəni, ədəbi-bədii müstəvidə mühüm əhəmiyyətli və təqdirəlayiq bir hadisə kimi qiymətləndirilib.
Sərəncam gəncliyin qısa zamanda kitabxanalara kütləvi axını, siyahıya daxil edilən kitablara oxucu tələbatının artması ilə müşahidə olundu. Kütləvi informasiya vasitələrində ­sərəncamın mahiyyətini, kitabların ideya-bədii dəyərini elmi-ədəbi təhlil edən silsilə verilişlər, elmi-publisistik məqalələr, rəy sorğuları öz əksinin tapdı. Bu bədii əsərlərin daha asan seçilib mütaliə olunmasına şərait yaratmaq məqsədilə təhsil və mədəniyyət müəssisələrində qısa zamanda həmin kitablardan ibarət guşələr yaradıldı, nəinki gənclərin, ortayaşlı nəslin nümayəndələrinin də kitaba və mütaliəyə marağının artması müşahidə edildi.
Siyahıya daxil edilən kitablardan 16-sı “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək poliqrafik keyfiyyətlə, nəfis tərtibatla çap etdirilərək elm, təhsil ocaqlarının kitabxanalarına, aidiyyəti olan təşkilatlara – mütaliə­sevərlərin ixtiyarına verildi. Müxtəlif nazirliklər tərəfindən oxunması zəruri kitabların mütaliə və müzakirələri keçirildi, həmin əsərlərlə bağlı intellektual yarışmalar, viktorinalar, inşa müsabiqələri təşkil olundu. Bu kitablara oxucu tələbatını, həmin bədii əsərlərə olan hədsiz maraq dairəsini göstərən bir faktı da qeyd etmək yerinə düşər ki, bu əsərlərdən bir neçəsi Naxçıvan Regional İnformasiya Mərkəzində məhdud fiziki imkanlılar üçün yaradılan audio­kitabxanaya daxil edilmiş, bu kateqoriyadan olan gənclərin mütaliəsi üçün onların bəzilərinin brayl nəşrləri hazırlanmışdır.
Oxunması zəruri olan kitablarla bağlı ­sərəncam onların nəşrinin, mütaliə və müzakirələrinin həyata keçirilməsi, həmin ədəbi əsərlərin yeni istiqamətdə elmi tədqiqləri ilə yanaşı, onların səhnələşdirilməsini də aktuallaşdırdı. Naxçıvan Dövlət Musiqili Dram Teatrı belçikalı şair-dramaturq, Nobel mükafatı laureatı Moris Meterlinkin “Göy quş” əsərini və Azərbaycan ədəbiyyatına tarixi roman janrının banisi kimi düşən Məmməd Səid Ordubadinin “Qılınc və qələm” tarixi romanını teatrsevərlərə təqdim etdi.
Bir mühüm faktı da qeyd edək ki, sərəncam oxunması zəruri olan kitabların mütaliəsinin fərdi və pərakəndə şəkildə deyil, artıq kütləvi şəkildə kampaniya xarakteri alması ilə nəticələndi. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki “Zirvə” Kitab evində həyata keçirilən “Kitablar tozlanmasın” devizi altında “Kitab qoy, kitab götür” layihəsi gənclərin marağına səbəb olub. Layihə çərçivəsində kitab evində ayrılmış guşədə, əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş oxunması zəruri olan kitablar qoyulub. Bu layihə operativ kitab mübadiləsi, mütaliə olunan əsərlərin müzakirələrinin fəallaşması, kitabı dəyərli elmi-tarixi, ideoloji mənbə, bir tədqiqat, yaradıcılıq bəhrəsi, bədii-estetik zövq mənbəyi kimi sevdirməklə yanaşı, həm də bir çap məhsulu kimi ona qayğı ilə yanaşma, həssas münasibət göstərmək ənənəsinin formalaşdırılması baxımından da faydalı olacaq.
Sərəncamın imzalanmasından ötən bir il zaman etibarilə o qədər böyük olmasa da, məna və məzmun etibarilə muxtar respublikada kitabsevərlər, necə deyərlər, mütaliə azarkeşləri mühitinin formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Naxçıvan şəhər sakini Nicat Əsədlinin 14 yaşında Azərbaycan və dünya ədəbiyyatının ­görkəmli nümayəndələrinin 70-dən artıq əsərini, – bunların əksəriyyəti oxunması zəruri kitablardır, – oxuyub və onlar haqqında düşüncələrini “Sevimli dostlarım – kitablar” adı altında nəşr etdirməsi ictimaiyyətdə böyük rezonans doğurdu. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Nicat Əsədlinin bu təşəbbüsünü qiymətləndirərək ona məktub göndərdi. Həmin məktubda deyilir: “Ötən il uşaq və gənclərimizi, məktəbliləri oxu mədəniyyətinə təşviq etmək üçün “Oxunması zəruri olan kitablar haqqında” Sərəncam verilmişdir. Həmin kitablar barədə qeydlərin sənin və sənin timsalında məktəbli gənclərimizin düz yolda – tarixə, milli kökə bağlılıq yolunda, vətənpərvərlik yolunda yetişməsinin göstəricisidir”. Ali Məclisin Sədri Nicatı ilk kitabının nəşr olunması münasibətilə təbrik edib faydalı təşəbbüsünə görə ona təşəkkürünü bildirdi, Ali Məclisin Sədri adından bu balaca mütaliəsevərə və müəllifə hədiyyə və oxunması zəruri olan kitablar təqdim edildi. Bu, ziyalılıq mövqeyində yetişmək yolunu tutan bütün yeniyetmə və gənclərə verilən yüksək qiymət, böyük stimuldur. Vətəninə, xalqına, dövlətinə gələcəkdə yüksək intellektləri, milli mənəviyyatları ilə xidmət etməyi, dünyəvi inkişaf proseslərinin fəal iştirakçısına çevrilməyi özlərinə ideal seçən gənclərimiz dövlətçiliyimizin, müstəqilliyimizin müdafiəsinin, Vətəni qorumanın, inkişaf və rifahımızın gələcəkdə də nicat yolu ilə gedəcəyinə əminlik yaradır.
Bu sərəncam mütaliə mədəniyyəti formalaşdırmaqla yanaşı, yenə də elə Ali Məclisin Sədri tərəfindən əsası qoyulan, yüksək bal toplayan abituriyentlərə ən qiymətli hədiyyə olaraq kitab bağışlanması kimi kitab hədiyyəsi ənənəsini daha da inkişaf etdirdi. Ötən dövrdə müxtəlif yaradıcılıq müsabiqələrinin, intellektual yarışların qalibləri, mədəni-kütləvi tədbirlərin fəal təşkilatçıları elə oxunması zəruri olan kitablarla da mükafatlandırıldılar.
Sonda bir məsələni də qeyd edim ki, məqsəd­yönlü maarifləndirməyə xidmət edən bu mühüm sərəncam düzgün mütaliə seçiminin əsasını qoymaqla doğma diyarımızı mütaliəsevərlər – ziyalılar məskəninə çevirən, uzaq gələcəyə hədəflənmiş bir addımdır. Sərəncamda oxunması zəruri olan kitabların siyahısının daim zənginləşdirilməsinə dair ayrıca bəndin olması bu prosesin gələcəkdə də yaradıcılıqla davam etdiriləcəyindən xəbər verir. Bu tarixi sənəd təkcə oxucu tərəfin deyil, həm də muxtar respublikada bədii yaradıcılıqla məşğul olan hər bir qələm əhlinin, ədəbi tənqid, elmi araşdırma yolu ilə bədii ədəbiyyatın inkişafında mühüm rol oynayan ədəbiyyatşünaslarımızın, publisistlərimizin, xüsusilə də Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin, kütləvi informasiya vasitələrinin üzərinə böyük məsuliyyət qoyur. Heç şübhəsiz ki, bu sərəncam eyni zamanda gələcəkdə müasir naxçıvanlı müəlliflərin bu siyahıya düşə biləcək ideal əsərlər ərsəyə gətirməsi tələbatını da ortaya çıxarır. Bu isə onu təsdiq edir ki, həmin dövlət sənədi bədii ədəbiyyatımızın da gələcək inkişafına təkan verəcək, müasir milli ədəbiyyatımızda yeni-yeni aktual, oxunması zəruri sayılacaq əsərlərin yaranmasına, dünya şedevrlərinin əsərlərini xalqımıza mükəmməl şəkildə təqdim edə biləcək bədii tərcümə sənətinin təkmilləşməsinə rəvac verəcək. Ümumilikdə isə gənclərin Azərbaycançılıq ideologiyasına bağlı, Vətənə, xalqa sədaqət ruhunda tərbiyəsində mühüm rol oynayacaqdır.

Mehriban SULTAN
filologiya üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR