Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 fevral tarixli Sərəncamına əsasən Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması istiqamətində işlər davam etdirilir, istehsal müəssisəsinin kadr təminatı diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Naxçıvan Regional Peşə Tədris Mərkəzində keçirilən tədris-hazırlıq kursu davam edir. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətindən dəvət olunmuş mütəxəssisin iştirakı ilə keçirilən kursa bu günədək 58 nəfər cəlb edilib ki, onlardan 25 nəfəri tədris proqramını artıq tam mənimsəyib.
Kursun təşkili xalça istehsalı müəssisəsinin kadr təminatı, kursu müvəffəqiyyətlə bitirənlərin məşğulluğunun təmin olunması, həmçinin Naxçıvanda tətbiqi xalq sənəti növü kimi xalçaçılıq ənənələrinin təbliği baxımından mühüm əhəmiyyətə malikdir. Qeyd edək ki, tədris-hazırlıq kursu hana, avadanlıq və xammalla, eyni zamanda xalçaçılıq sənətinə dair müvafiq ədəbiyyat və dərsliklərlə, elektron çeşnilərlə təmin edilib. Kursun yekununda iştirakçılara “Azərxalça” tərəfindən sertifikatlar veriləcək və həmin toxucular xalça istehsalı emalatxanasında işlə təmin ediləcəklər.
Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti