Böyük şəxsiyyətlərin, nəhəng ədəbi simaların, görkəmli elm və mədəniyyət xadimlərinin ömrü cismani yaşları ilə deyil, kamil şəxsiyyət olması, vətənpərvərliyi, xalqına və Vətəninə təmənnasız xidmət edən nadir yaradıcılıq irslərinin həmişəyaşarlığı ilə ölçülür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu ədəbi-mədəni irsə tükənməz qayğısı, onu, sözün əsl mənasında, ümumxalq xəzinəsinə çevirməsi və dünyada təbliği istiqamətində gördüyü işlər isə tarixdə əbədi yaşayacaq.
Görkəmli dövlət xadiminin bu müdrik siyasəti mənəvi irsə varisliyin unikal nümunəsi kimi bu gün də uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” 2019-cu il 17 yanvar tarixli Sərəncamı da bunun daha bir bariz ifadəsidir. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadimin anadan olmasının 150 illiyi ilə bağlı imzalanan sərəncamda deyilir: “Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyətdir. Vətəndaş yazıçının bədii nailiyyətlərlə zəngin irsində Azərbaycançılıq məfkurəsi dövrün ictimai-siyasi fikrinin aparıcı amili kimi dolğun ifadəsini tapmışdır. Sənətkar həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əks etdirən və bədii-estetik dəyər daşıyıcısına çevrilən rəngarəng obrazlar qalereyası yaratmışdır. Ana dilinin saflığı uğrunda daim mübarizə aparmış Cəlil Məmmədquluzadənin meydana gətirdiyi qiymətli dram və nəsr əsərləri, parlaq publisistika dərin humanist məzmuna malik olub, özündə milli və ümumbəşəri dəyərlərin vəhdətini ehtiva edir. Azərbaycanda və onun hüdudlarından kənarda geniş yayılaraq milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərən “Molla Nəsrəddin” jurnalı məhz Mirzə Cəlil dühasının məhsuludur”. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin görkəmli yazıçı-publisistin yubileyinin muxtar respublikamızda keçirilməsi ilə bağlı imzaladığı Tədbirlər Planı da böyük ədibə yüksək ehtiramın ifadəsidir.
Görkəmli demokrat ədib, tanınmış yazıçı-publisist Cəlil Məmmədquluzadə (1869-1932) XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı, mətbuatı və ictimai fikrinin bayraqdarı, Azərbaycançılıq ideologiyasının yaradıcılarından biridir.
Məşhur yazıçı, böyük ictimai xadim ədəbiyyat tariximizə Azərbaycan ədəbiyyatında “kiçik hekayənin böyük ustadı”, tənqidi-realist nəsrin banisi kimi düşmüşdür. XX əsrin əvvəllərindən bədii yaradıcılıqla ardıcıl məşğul olan böyük yazıçının “Poçt qutusu”, “Usta Zeynal”, “Dəllək”, “İranda hürriyyət”, “Fatma xala”, “Qurbanəli bəy”, “Quzu”, “Nigarançılıq”, “Konsulun arvadı” və sair hekayələri bu gün də bədii nəsrimizin unikal nümunələri hesab edilir. Cəlil Məmmədquluzadənin sovet dövrü hekayələrində, o cümlədən “Taxıl həkimi”, “Hamballar”, “Oğru inək” kimi bədii nümunələrdə cəmiyyətin əyintiləri və eybəcərlikləri diqqətə çatdırılmışdır.
Mirzə Cəlil Azərbaycan dramaturgiyası tarixində tragikomediya mərhələsinin yaradıcısı kimi iz qoymuşdur. Ədibin canlı xalq dili, Azərbaycan danışıq üslubu ilə seçilən əsərləri mühüm ədəbi mərhələni təşkil edir. Onun ilk dram əsəri, ilk alleqorik və mənzum pyesi “Çay dəsgahı”dır. Ədibin komediyaları faciəviliyi ilə də seçilir. Məşhur “Ölülər” əsəri Azərbaycan tragikomediyasının zirvəsini təşkil etməklə, bütövlükdə, türk-müsəlman dünyasını cəhalət və mövhumata qarşı mübarizəyə səsləyən qüdrətli əsərdir. Ədibin “Anamın kitabı” məşhur dramına isə görkəmli mirzəcəlilşünas, akademik İsa Həbibbəyli “Azərbaycançılığın ədəbi manifesti”, “Azərbaycana aid olmayan fərqli düşüncələrə malik üç qardaşın komediyası, Ananın faciəsi, Gülbaharın dramı” elmi-bədii dəyərini vermişdir. “Kişmiş oyunu” və “Kamança” kimi pyesləri öz ideyasına görə bu gün də aktuallığını, ədəbi-bədii dəyərini qorumaqdadır. Mirzə Cəlilin sovet hakimiyyəti illərində yazdığı, sovet cəmiyyətinin bütün reallıqlarını və eybəcərliklərini əks etdirən “Dəli yığıncağı” pyesi, həmin dövrə məxsus, ilk dəfə akademik İsa Həbibbəyli tərəfindən tapılıb elmi-ədəbi ictimaiyyətə təqdim edilən “Ər” pyesində, “Lal”, “Lənət”, “Oyunbazlar” səhnəciklərində milli cəhalət, gerilik və nadanlıq tənqid hədəfinə çevrilmişdir.
Ustad Mirzə Cəlilin adı mətbuat tariximizə, xüsusilə qızıl hərflərlə həkk olunmuşdur. O, Həsən bəy Zərdabi tərəfindən əsası qoyulmuş milli mətbuatımızı, Azərbaycan mühərrirlik sənətini davam və inkişaf etdirərək onu yeni, yüksək mərhələyə çatdırmışdır. Gözəl dramaturq, ustad hekayənəvis olmasaydı belə, onun mollanəsrəddinçi publisist fəaliyyəti şifahi xalq ədəbiyyatının özü qədər əbədiyaşar millilik, şərqlilik epopeyasıdır.
1902-ci ildə dərc olunan ilk məqaləsi ilə ömürlük mətbuat dünyasına bağlanan, jurnalistikanı həyatının əsas qayəsi edən Cəlil Məmmədquluzadə “Şərqi-Rus” qəzetindəki əməkdaşlıq və müvəqqəti redaktorluq fəaliyyəti ilə zəngin qəzetçilik və naşirlik məktəbi keçmiş, Şərq istibdadına və cəhalətinə qarşı ən kəskin mübarizə silahı olan ilk satirik jurnal – “Molla Nəsrəddin”in nəşri ilə satirik publisistikanın təməlini qoymuş, ədəbiyyat və mətbuat tariximizdə böyük bir ədəbi dövr, ədəbi məktəb yaratmışdır.
Cəlil Məmmədquluzadənin redaktorluğu ilə 20 aprel 1906-cı ildə Tiflisdə nəşr olunmağa başlayan jurnal 25 il ərzində Qafqaz xalqlarının, bütövlükdə, Şərq dünyasının, Azərbaycanın milli oyanış və dirçəlişində mühüm rol oynamışdır. “Molla Nəsrəddin” jurnalı Azərbaycan tənqidi realizm ədəbiyyatının, satirik publisistikasının ideya-sənət məbədidir. Təsadüfi deyil ki, akademik İsa Həbibbəyli mübariz ideyalarına və qətiyyətli mövqeyinə görə “Molla Nəsrəddin” jurnalını “Azərbaycan xalqının istiqlal kitabı”, mollanəsrəddinçi yazıçı və şairlərin “əsərlərinin çoxcildlik külliyyatı” adlandırmışdır. “Molla Nəsrəddin”, eyni zamanda satirik publisistika məktəbidir. İdeya-bədii istiqamətvericiliyi ilə mollanəsrəddinçilərin ağsaqqal qələm yoldaşı olan ustad Mirzə Cəlilin jurnaldakı çoxsaylı məqalə və felyetonları hər zaman öz aktuallığını qoruyan, cəmiyyətdəki eybəcərlikləri, nöqsanları ifşa edən satirik-publisistika nümunələridir.
Ədibin publisistik fəaliyyətini səciyyələndirən əsas istiqamətlərdən biri də onun yeni türk əlifbası ilə çıxan ilk türk qəzeti, Yeni Türk Əlifba Komitəsinin orqanı olan “Yeni yol” (1922-1939) qəzetindəki fəaliyyətidir. Qəzetin 20 iyun 1923-cü il tarixli sayına qədər ilk baş redaktoru kimi fəaliyyət göstərən ədib sonralar – 1 may 1924-cü ilədək də bu mətbu orqanın fəaliyyətində əvəzsiz xidmətlər göstərmişdir. Cəlil Məmmədquluzadənin “xalqın ürəyindən qopan publisistika”sında onun “Yeni yol” qəzetindəki yaradıcılığının əsas və önəmli yeri var.
Yüksək bədiilik, obrazlılıq, səciyyəvi və tipik obrazlar qalereyası, hədsiz tələbkarlıq və böyük ideallar uğrunda məqsədyönlü mübarizə Mirzə Cəlilin realist publisistikasının başlıca keyfiyyətləridir. Sadə, anlaşıqlı danışıq dili, fikir sərrastlığı və aydınlığı, toxunulan problemlərin kəskinliyi və konkretliyi dahi ədibin yaradıcılığının əsas məziyyətlərindəndir. Təsirli ifadə vasitələri, təhkiyədəki dəqiqlik və inandırıcılıq, təsvirlərin yığcamlığı və təsir gücü, xarakterlərin dolğunluğu, maraqlı psixoloji məqamlar – bütün bunlar həmin publisistik əsərləri oxunaqlı edən, hər dəfə daha dərin və yeni bir məna kəsb etmələrinə rəvac verən başlıca vasitələrdir. Zəngin həyat müşahidəçiliyi, mövzular aləminin genişliyi, sənətkarlıq boyalarının əlvanlığı, dil orijinallığı və üslub çoxcəhətliliyi Mirzə Cəlil publisistikasının əsas leytmotividir.
Ən ağır məşəqqətlərə, mənəvi iztirablara, təhqirlərə məruz qalmasına baxmayaraq, öz qələmi ilə xalqının xoşbəxtliyi uğrunda əzmlə çarpışan görkəmli dramaturq, yazıçı-publisistin zəngin, şərəfli həyat və yaradıcılıq yolu bu gün hər bir qələm sahibi üçün əsl məktəbdir. Çünki böyük ədib Cəlil Məmmədquluzadənin bütün həyatı və yaradıcılığı Azərbaycançılıq idealının həyata keçirilməsinə həsr olunmuşdur. Onun milli istiqlal arzuları, ədibin əsərləri və ideyaları müstəqil dövlətimizin daha da möhkəmləndirilməsinə uğurla xidmət edir.
Əsərləri ən çox nəşr və tədqiq olunan ədib də elə Cəlil Məmmədquluzadədir desək, – yanılmarıq. Ədəbiyyatımızda Mirzə Cəlil yaradıcılığına dəfələrlə müraciət olunmuş, onun həyat və yaradıcılığı Məmməd Cəfər, Əziz Şərif, Qulam Məmmədli, Əziz Mirəhmədov kimi tanınmış ədəbiyyatşünaslarımız tərəfindən müxtəlif aspektlərdən tədqiq olunmuşdur. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli isə Cəlil Məmmədquluzadə irsinin və şəxsiyyətinin öyrənilməsində ədəbiyyatşünaslıqda müasir mirzəcəlilşünaslıq məktəbinin təməlini qoymaq kimi mühüm bir tarixi missiyanı həyata keçirmişdir.
Görkəmli yazıçı və publisistin elmi tədqiqində və dünyəvi təbliğində onun ədəbi irsinə göstərilən dövlət qayğısı da müstəsna rol oynamışdır. Təsadüfi deyil ki, bu gün də öz əməlləri və işıqlı ideyaları ilə müasirimiz olan görkəmli yazıçının adı respublikamızda əbədiləşdirilmiş, Bakıda, Naxçıvan şəhərində, Cəlilabad rayonunda heykəlləri ucaldılmışdır. Onun 100, 125, 140 illik yubileyləri geniş qeyd olunmuşdur. Bu gün Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyi, Naxçıvan Dövlət Musiqili Dram Teatrı görkəmli ədibin adını daşıyır. Böyük yazıçının Bakıda və Naxçıvan şəhərlərində ev-muzeyləri, Cəlilkənddə və Nehrəmdə Xatirə muzeyləri fəaliyyət göstərir.
Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 23 yanvar tarixdə imzaladığı “Molla Nəsrəddin” jurnalının 100 illik yubileyi haqqında” Sərəncama əsasən jurnalın ilk nömrəsinin işıq üzü görməsinin 100 illiyi dövlət səviyyəsində qeyd olunmuşdur. Dövlət başçısının 2004-cü il 12 yanvar tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı ilə Cəlil Məmmədquluzadənin də bədii-publisistik əsərləri latın qrafikalı Azərbaycan əlifbası ilə yenidən kütləvi şəkildə nəşr olunub oxucuların ixtiyarına verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitabların Siyahısı”nda ədibin “Hekayələr”inin yer alması da Mirzə Cəlil yaradıcılığının gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın formalaşdırılmasında nə qədər mühüm əhəmiyyət kəsb etdiyini bir daha təsdiqləyir.
Mirzə Cəlil yaradıcılığına cild-cild monoqrafiyalar, çoxillik elmi tədqiqatlar həsr olunsa da, bu tükənməz mənəvi xəzinənin dərinliyinə varmaq üçün gələcək tədqiqatçılar da öz sözlərini deyəcəklər. Cəlil Məmmədquluzadə öz işıqlı ideyaları, xalqına və Vətəninə tükənməz məhəbbəti ilə müstəqil Azərbaycanın inkişaf və tərəqqisi yolunda müasirimiz kimi həmişə bizimlə yanaşı addımlayacaq. Mirzə Cəlil şəxsiyyətinə və irsinə verilən ən yüksək qiymət isə ümummilli liderimiz Heydər Əliyеvə məxsusdur: “Cəlil Məmmədquluzadənin böyüklüyü həm şəxsi həyatında və fəaliyyətində, həm yaradıcılığında ondan ibarətdir ki, o, ... ümumbəşəri dəyərləri dərk edib, öz milliliyi ilə öz ana dili ilə, öz milli kökləri ilə birləşdirərək Mirzə Cəlil – Cəlil Məmmədquluzadə olmuşdur”.
Mehriban SULTAN
filologiya üzrə fəlsəfə doktoru