Allah sizə rəhmət eləsin, böyük ustad Mirzə Cəlil və mollanəsrəddinçilər. Hələ ötən əsrin əvvəllərində dilimizin saflığına ləkə gətirənlərlə bu gün də dəyərini saxlayan yazılarınızla mübarizə aparırdınız. Nə bilərdiniz ki, sovet ideologiyası dilimizə elə ağır zərbə vuracaq ki, bir əsr sonra o zərbədən dağılanları bir yerə toplamaq çox çətin olacaq. 1991-ci ildə müstəqilliyimizi əldə edəndən sonra dilimizin inkişafı ilə bağlı bir neçə sənəd qəbul olundu, ana dili ilə bağlı itirdiklərimiz özümüzə qaytarıldı. Lakin hələ də aramızda rus, son vaxtlarsa daha çox ingilis və türk sözlərindən istifadə etməklə zəngin dilimizin gözəlliyinə xələl gətirənlər var. Bu yaxınlarda şahidi olduğum bir hadisə dahi Mirzə Cəlilin “Bizim “obrazovannı”lar” felyetonunu xatırlatdı və illər əvvəl yazılmış o felyetondan aldığım ruh müasir dövrümüzün bəzi eybəcərliklərini əks etdirən “İkiqat “obrazovannı”lar” adlı felyetonumun yazılmasına səbəb oldu.
Mənim bir rəfiqim var, özü də müsəlmandır, amma məni görəndə rus dilindən savayı özgə dildə danışmaz. Məsələn, söhbətimiz bu cür olur: mən onu görəndə deyirəm:
– Hardan gəlirsən?
O mənə belə cavab verir:
– Ya xadil na poçtu.
Deyirəm:
– Dünən niyə bizə gəlmədin?
Cavab verir:
– K nam prişli qosti.
Deyirəm:
– Yaxşı, qonaqlar gedəndən sonra gələydin!
Cavab verir:
– Net, uje bılo pozdno.
Deyirəm:
– Söz verirsən ki, sabah gələsən, bir az söhbət edək?
Cavab verir:
– Pastarayus, no slovo ne dayu.
Deyirəm:
– Xudahafiz!
Cavab verir:
– Do svidaniya.
Amma dostumun bir şeydən xəbəri yoxdur: xəbəri yoxdur ki, mən də rusca bir az danışa bilirəm!..
Axırı bir gün dostumdan soruşdum:
– Mən ölüm, mənə sözün doğrusunu de görüm, sən ki, otuz səkkiz il müsəlman içində tərbiyə tapıbsan, xəta olmadı ki, bir az rusca oxudun? Nə səbəbə sən mən ilə heç müsəlmanca danışmaq istəmirsən?
Yoldaşım mənə rus dilində belə cavab verir:
– Sluşay, kak-to stıdno koqda obrazovannıy çelovek po-tatarski qovorit!.. (yəni obrazovannının müsəlmanca danışmağı eyibdir!).
– Çox sağ ol, rəfiqim, mən bunu bilmirdim!..
Deyirlər ki, həmin mənim rəfiqim rus şkolunda oxuyan vaxt bir gün anasına deyib:
– Ana! Pajaluysta, mənə bir şey svarit elə! (yəni bişir!)
Anası cavab verib:
– Bala, nə dedin?
Rəfiqim cavab verib:
– Ox, ox! Siz heç bir zad qanmırsınız! Mən deyirəm: bir zad bişir.
– Bala, nə bişirim?
– Çort eqo znaet!… Yadımdan çıxıb… Yumru olur, əti döyüb salırlar çölməyə, ya qazana… Bir cür adı var…
– Bala, küftə deyirsən?
– Hə… hə… qofta, qofta!
“Molla Nəsrəddin”, 14 aprel, 1906, №2
İkiqat “obrazovannı”lar
Yaxınlarımdan birinin evində qonaq idim. Ev sahibinin oğlu anasına dedi:
– Ay ana, o pəncərəni aç, çox istidir.
Ana pəncərəni açdı. Bir xeyli vaxtdan sonra oğlan divanda uzandığı halda yenidən:
– Ay ana, sən niyə pəncərəni açmısan?
– Ay oğul, bəs sən dedin də.
– Mən fertuçkanı dedim ki, bir az hava gəlsin.
Ana: – Ay, düz deyirsən, skvazniyak eləyir, indicə kamarı da dolduracaq içəriyə, tamam, qoy pəncərəni örtüm, fortuçkanı açım, deyə pəncərəyə yaxınlaşdı.
Oğlan yenidən səsləndi:
– Ana, ayaqdasan, sən Allah, şarjım bitir, al bu telefonu, adapter otağımdadır, tax toka, bacıya mesaj yazacağam.
Ana telefonu alıb, otağa keçdi və oradan deyindiyini eşitdim:
– Yüz dəfə dedim ki, ay kişi, bir montyor gətir, bu evin tokuna baxdır, hara taxım bu telefonu axı zaryadka yığsın, razetkaların heç biri işləmir.
Ana ilə balanın bu yarı rus, yarı türk dialoqu məni yamanca təbdən çıxardı. Birinci hirsimi oğlana tökdüm, dedim, bizim vaxtımızda valideynin yanında nəinki uzanmaq, hətta onu işə buyurmaq böyük qəbahət sayılardı.
Sonra da üzümü hər ikisinə tutub, siz bilirsiniz ki, səhərdən bəri danışdığınız on sözün səkkizi rus, türk sözləridir, dedim. Hirslə anadan soruşdum:
– Fortuçka nə deməkdir?
– Fortuçka elə fortuçkadır da, balaca pəncərə, sənin də işin qurtarıb ey, bizi sorğu-sual edirsən.
Oğlana üz tutdum:
– Şarj nədir, adapter nədir?
Cavab verdi ki, adapter telefona şarj yığır.
Bu sorğu-sualımı görən ana mənə nə desə yaxşıdır?
– Sənin də sosyeteliyin tutmasın, gəl, çay içək.
Onlara son sözüm belə oldu: Sizi gördüm, bir əsr əvvəl “Molla Nəsrəddin” jurnalında dərc olunan “Bizim “obrazovannı”lar” felyetonunu xatırladım. Hələ felyetonu da onlara söylədim. Axırda da dedim ki, siz lap elə ikiqat obrazovannısınız ki…
Mətanət MƏMMƏDOVA