22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən qədim tarixə malik 21 əlyazma və kitab AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna hədiyyə olunub. Qeyd edək ki, qədim əlyazma və kitablar Nehrəm kənd sakini, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyev tərəfindən təqdim edilib.
Bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq deyib ki, bölmə elmi tədqiqatlarla yanaşı, maddi mədəniyyət nümunələrinin aşkarlanması ilə də məşğul olur. 2005-ci ildə yaradılan Əlyazmalar Fondunda bu gün 400-dən çox qədim əlyazma və kitab toplanıb. Bu əlyazmalar Azərbaycan, ərəb, türk, fars və başqa dillərdə olmaqla, ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, hüquq və digər sahələrə aiddir.
Akademik qeyd edib ki, əlyazma və kitablar yüzilliklərboyu İslam coğrafiyasının müxtəlif ölkələrinə yayılmış və əldən-ələ keçmişdir. Bu gün təqdim olunan kitablar XVIII əsrin sonu və XX əsrin əvvəllərinə aid olan dövrü əhatə edir. Həmin kitablar arasında dərslik, tanınmış insanların həyatı ilə bağlı kitablar, şairlərin əsərləri mühüm yer tutur. Bunlardan 2-si əlyazma, 19-u isə çap kitablarıdır. Təqdim olunan kitablar Əlyazmalar Fondunda tədqiq və bərpa ediləcəkdir. İsmayıl Hacıyev qədim əlyazma və kitabları toplayıb Əlyazmalar Fonduna təqdim edənlərə min­nətdarlığını bildirib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, bu gün nazirliyin tabeliyində 30 muzey və muzeytipli müəssisə fəaliyyət göstərir. Muzey fondlarının zənginləşdirilməsi, onların yeni eksponatlarla təmin olunması daim diqqət mərkəzində saxlanılır. Bu prosesdə muzey əməkdaşları və muxtar respublika vətəndaşları yaxından iştirak edirlər. Ötən il muxtar respublika muzeylərinə 1564, bu ilin iki ayı ərzində isə 301 eksponat daxil olub. İki eksponat təqdimatı keçirilib. Təqdimatlarda xalqımızın tarixini özündə yaşadan maddi mədəniyyət nümunələrini muzeylərə könüllü şəkildə təqdim edən vətəndaşlar yaxından iştirak ediblər. Sevindirici haldır ki, bu aksiyaya artıq yetişməkdə olan gənc nəsil – məktəblilər də qoşulub. Bu ilin yanvar ayında Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyində eksponat təqdimatında Muğanlı kənd tam orta məktəbinin müəllim və şagirdlərinin iştirakı da bunu göstərir.

Nazir qeyd edib ki, AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna da Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən qədim əlyazma və kitabların təqdimatı ənənə halını alıb və bu, keçirilən üçüncü təqdimatdır. Bu gün Əlyazmalar Fonduna Mədəniyyət Nazirliyi tərəfindən 21 qədim əlyazma və kitab hədiyyə edilir. Natəvan Qədimova Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi adından kitabları təqdim edən vətəndaşlara, o cümlədən Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyevə təşəkkürünü bildirib.
Nazir çıxışının sonunda mədəniyyətimizə, tariximizə göstərdiyi böyük diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə bu sahədə çalışan əməkdaşlar adından dərin minnətdarlığını bildirib.
AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov təqdim olunan kitablar haqqında ətraflı məlumat verərək qeyd edib ki, bu kitablar arasında Məhəmməd Rəfiyəddinin “Əbvabül-cinan”, “Xabnamə (müəllifsiz)”, Sərraf Təbrizinin “Məcmuə”, Hafizin “Qəzəllər”, Mirzə Mehdi xanın “İnşa” və başqa əlyazma və kitabları vardır. Alim hədiyyə olunan kitablara görə minnətdarlıq edərək deyib ki, tarixi kitablar xalqın milli sərvətidir. Onları qoruyub gələcək nəsillərə çatdırmaq, tədqiq etmək hər birimizin vətəndaşlıq borcuna çevrilib.
Kitabları muzeyə təqdim edən Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyev çıxış edərək muxtar respublikamızda mədəniyyətə və elmə göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, mədəniyyət sahəsində çalışan insanlar bundan sonra da maddi və mənəvi mədəniyyət nümunələrinin aşkara çıxarılması işinə öz töhfələrini verməlidirlər. Çünki maddi mədəniyyət nümunələrinin qorunması xalqımızın tarixinin və keçmişinin gələcəyə çatdırılması deməkdir.
Sonda AMEA Naxçıvan Bölməsinə hədiyyə edilən kitablara baxış olub.

Əli Rzayev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR