22 Dekabr 2024, Bazar

Bu il 100 yaşı tamam olan Ərtoğrol Cavidə tale Hüseyn Cavidin oğlu olmaq xoşbəxtliyini nəsib etmişdi. Bəlkə də, tay-tuşlarının çoxu bu baxımdan Ərtoğrola həsəd aparırdı. Amma Ərtoğrol Cavidin özü də, ona həsəd aparanlar da hələ bilmirdilər ki, Cavid övladı olmaq xoşbəxtliyi tezliklə bir nəslin, bir ocağın, xüsusən də Ərtoğrol Cavidin faciəsinə çevriləcək. Məhz bu cəhət – Hüseyn Cavidin oğlu olmaq xoşbəxtliyi və faciəsi Ərtoğrol Cavidin qısa, mənalı ömrünün tam mənzərəsini əks etdirirdi.

Ərtoğrol Cavidin 1939-cu ildə öz əli ilə yazdığı qısa tərcümeyi-halda oxuyuruq: “Mən, Cavid Ərtoğrol 1919-cu il 22 oktyabrda Bakı şəhərində doğulmuşam. Bu günə kimi daimi yaşayış yerim Bakı şəhəridir. 1926-27-ci illər Azərbaycan Darülmüəllimatı yanındakı nümunə məktəbinə daxil olub, 1927-28-ci illər (2-ci sinifdə oxurkən) 8-ci şura məktəbinə (indiki 1 nömrəli tam orta məktəbə) dəyişilmişəm. 1935-36-cı illərdə tədris zərbəçisi kimi oranı bitirmişəm. 1936-37 tədris ilində Azərbaycan Pedaqoji İnstitutuna daxil olub indi...dil və ədəbiyyat fakültəsində oxumaqdayam.
Valideynlərimə gəlincə, atam Hüseyn Cavid 1882-ci ildə doğulub. Revolyusiyaya qədər müəllimliklə məşğul olmuş (revolyusiyadan sonra da davam etdirmiş). Müəllimlik stajını nəzərə alaraq ...ona persional pensiya verəcəkdilər. Lakin onun əsas sənəti yazıçılıq, dramaturqluq idi. 1937-ci il iyunun 3-də ailəsinə, o cümlədən mənə hələ də məlum olmayan səbəblərlə Az.XDİK tərəfindən həbs edilmiş. 1939-cu ildə 8 il hüquqdan məhrumluqla məhkum edilmiş. Anam isə ibtidai savad almış bir qadındır, daima ev təsərrüfat işlərini aparmış. Son il tikiş artelində işlədi (1938-ci ilin aprel ayından 1939-cu ilin iyul ayına qədər), lakin əlləri ağrıdığından və gözləri zəif gördüyündən işi tərk etdi.
Ailəmiz 3 üzvdən ibarətdir: Anam, bacım və mən. Heç birimiz seçki hüququndan məhrum edilməmişik. Maddi vəsait mənim stependiyam və iş maaşımdır. Dərs oxumaqla bərabər ailə şəraitinin ağırlığı ilə mən Azərbaycan Dövlət Konservatoriyası yanındakı Musiqi Elmi-Tədqiqat Kabinetində elmi işçi kimi işləməkdəyəm”.

1936-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Ədəbiyyat fakültəsində təhsil almağa başlaması ilə Ərtoğrol Cavid həyatında və taleyində yeni mərhələyə qədəm qoyur. O, burada ədəbiyyatı artıq sistemli və kompleks şəkildə öyrənmək imkanı qazanır. Ərtoğrol Cavid ali təhsil almaqla yanaşı, Azərbaycan Dövlət Konservatoriyasının nəzdində qüdrətli sənətkar Bülbülün rəhbərlik etdiyi Musiqi Elmi-Tədqiqat Kabinetində işə düzəlir. 1932-ci il iyul ayının 29-da yaradılmış kabinetin işində Bülbül, Ü.Hacı­bəyov, S.Rüstəmov, C.Qaryağdı, S.Şuşinski, Q.Primov, M.Mansurov, L.M.Rudolf kimi yaşlı sənətkarlarla yanaşı, Q.Qarayev, C.Hacıyev, T.Quliyev, Z.Bağırov və başqa gənclər də fəal iştirak ediblər. Azərbaycanın xalq musiqisinin toplanmasında, nota alınmasında, musiqi folklor­şünaslığının inkişafında mühüm rol oynayan kabinetdə Ərtoğrol Cavid də səmərəli fəaliyyət göstərməyə başlayır.
Ərtoğrol Cavid 1941-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. O vaxta qədər Ərtoğrol Cavid öz üzərində ciddi şəkildə çalışır, anketdə yazdığı kimi, iki il işləyir, musiqi təhsilini daha da artırır. Musiqi təhsilini o dövrdə Bakıda tanınmış musiqiçi pedaqoqlardan biri sayılan Rudolfdan alması onun bir musiqişünas kimi formalaşmasında böyük rol oynayır. ­Şagird-müəllim arasında elə isti və səmimi münasibət yaranmışdı ki, Ərtoğrol Cavid kimi diqqətcil bir gənc onun xeyirxahlığını unuda bilməzdi.
Ərtoğrol Cavid konservatoriyada oxuyarkən “Məhsəti”, “Marş”, “Eşq olsun”, “Leylanın vəsfi”, “9 variasiya”, “Səninlə olaydım” və başqa musiqi əsərlərini yazmışdır. Azərbaycan mədəniyyəti tarixində bir ulduz kimi parlayıb tez də sönən Ərtoğrol Cavid çoxyönlü istedadı ilə diqqəti çəkməkdədir. O həm atası dahi Hüseyn Cavid kimi şair, həm müəllimləri Bülbül və Üzeyir bəy ­Hacıbəyli kimi istedadlı musiqişünas və bəstəkar, həm də öz dövrünün böyük ümidlər verən musiqi və folklor tədqiqatçısı olmuşdur. Etnoqrafiya sahəsində də Ərtoğrolun xüsusi bilik və qabiliyyətinin olduğunu söyləmək üçün onun hazırda Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin ev-muzeyində saxlanılan, həm özünün, həm də başqa yoldaşlarının topladığı çoxsaylı folklor materialları haqqında tədqiqat işləri əsas verir. Atası Hüseyn Cavid kimi fəlsəfi dünya­görüşünün daşıyıcısı olan Ərtoğrol Cavid yaşının və təcrübəsinin az olmasına baxmayaraq, məşğul olduğu elm və sənət sahələrində heyrətamiz bir erudisiya göstərmiş və toplama materiallarına yazdığı lakonik qeydlərində peşəkar, böyük ümidlər bəxş edən tədqiqatçı-alim olduğunu sübuta yetirmişdir.
Əlbəttə, hər şeydən öncə, Ərtoğrol Cavid peşəkar bir musiqiçidir və musiqi nəzəriyyəsi, musiqi əsərlərinin yaradıcılığı, eləcə də musiqi folkloru sahəsində onun irəli sürdüyü fikirlər və ərsəyə gətirdiyi əsərlər bu gün də öz aktuallığını və əhəmiyyətini qoruyub saxlamaqdadır. Örnək üçün onun klassik musiqi sahəsindəki əsərlərini göstərmək kifayətdir. Bu əsərlər Hüseyn Cavidin ev-muzeyi tərəfindən nəşr edilmiş və kompakt disklərdə dinləyicilərə, eləcə də cavidsevərlərə çatdırılmışıdır.
Hər bir istedadlı adam kimi, Ərtoğrol Cavidin də qabiliyyəti çoxyönlü olmuşdur. Onun qələmindən və fırçasından çıxan bir sıra portretlər, yazdığı şeirlər belə deməyə əsas verir ki, ömür vəfa etsəydi, bu sahələrdə də əhəmiyyətli uğurlar qazana bilərdi. Ərtoğrolun əlimizdə olan qısa tədqiqatları, onda elmi təfəkkürün və analitik düşüncənin də kifayət dərəcədə güclü olduğunu göstərməkdədir. Hər şeydən öncə, Ərtoğrolu bu baxımdan tədqiq etdiyi materiala sağlam və ayıq bir araşdırıcı münasibəti göstərməsi, predmetə məntiqi yanaşma qabiliyyəti nümayiş etdirməsi fərqləndirir.
Ərtoğrol Cavid həm də klassik mətni duyan, orijinala sədaqət göstərən, onu bərpa etməyin yollarını bilən bir mətnşünas kimi diqqəti cəlb edir. Xüsusən el aşıqlarının yaradıcılığına yaxşı bələd olan gənc tədqiqatçı ona qədər çap olunmuş mətnlərə də dərindən bələd olması ilə seçilir.
Hüseyn Cavidin ölümündən 15 il sonra bəraət alması ilə bütün Cavidlər bəraət aldılar; görkəmli dramaturq, filosof şair haqqında qədirşünaslıq əsərləri meydana çıxdıqca onun istedadlı oğlu da bu prosesdən kənarda qalmadı. Ancaq böyük Cavidin həqiqi bəraəti xalqımızın ümummilli lideri Heydər Əliyevin 1981-ci ildə onun 100 illik yubileyinin keçirilməsi haqqında verdiyi tarixi qərardan sonra baş tutduğu kimi, Ərtoğrol Cavidin də həqiqi bəraəti və onun haqqında layiq olduğu sözlərin deyilməsi və yazılması məhz keçən yüzilliyin 80-ci illərindən sonra gerçəkləşdi. Beləliklə, ərtoğrolşünaslığın tarixi o qədər də qədim olmayıb, 40 ilə yaxın bir dövrü əhatə edir. Bu müddət ərzində Ərtoğrol Cavidin həyat və yaradıcılığı görkəmli ziyalılarımızın və tədqiqatçılarımızın araşdırma və dəyərləndirmə obyektinə çevrilmişdir.
Ərtoğrol Cavidin yalnız Hüseyn Cavidin ev-muzeyində saxlanılan materiallar əsasında folklorşünaslıq irsinin bəzi cəhətlərindən danışarkən qeyd etmək yerinə düşər ki, onun folklor materiallarına yazdığı rəylər bir tərəfdən şərh, digər tərəfdən elmi-tədqiqat xarakteri daşıyır. Bir qayda olaraq, gənc tədqiqatçı sonda öz tövsiyələrini də verir. Hələ Azərbaycan Pedaqoji İnstitutunun Ədəbiyyat fakültəsinə daxil olduğu 1936-cı ildən özünü peşəkar filoloq, mütəfəkkir gənc kimi göstərən Ərtoğrol Cavid 1938-ci ildə ilk elmi əsəri sayılan “Məktəb və ailə” referatını yazmışdı. Musiqi Elmi-Tədqiqat Kabinetində işləyərkən Ərtoğrol Cavid daha çox musiqi nəzəriyyəçisi kimi fəaliyyət göstərərək müxtəlif musiqi əsərlərinə, eləcə də folklor musiqisi örnəklərinə rəy yazır və bu lakonik rəylərdə hər bir əsərin layiqli qiymətini verməyə nail olurdu. Eyni səriştəni və peşəkarlığı biz Ərtoğrol Cavidin folklor material­larına yazdığı yığcam rəylərdə görürük. Bunların arasında xalqın içərisindən toplanmış nağıllar, dastanlar, müxtəlif janrları əhatə edən aşıq poeziyası örnəkləri, bayatılar, laylalar, holavarlar, oxşamalar, xalq mahnıları, muğam mətnləri, oyun havaları, toy və yas mərasimlərinin təsviri və digər folklor-etnoqrafiya materialları vardır. Bu rəngarəng materiallara eyni səviyyədə, eyni səriştədə rəy yazmaq üçün insan doğrudan da dərin erudisiyaya, yüksək savada malik olmalı idi ki, bütün bunlar 20 yaşlı gənc Ərtoğrolda kifayət qədər idi. Məsələn, bir yazısında toplanmış materiala əsaslanaraq toy adətlərindən danışan Ərtoğrol Cavid, özünü həm də Azərbaycanın, inzibati-ərazi bölgüsünü yaxşı tanıyan, müxtəlif rayonların analoji adətlərinə, bu adətlərin kənd və şəhər fərqlərinə dərindən bələd olan bir el ağsaqqalı kimi göstərir. Bu materialların içərisində otuz dörd xalq mahnısı nota salınmışdır ki, bu da mədəni sərvətlərimizi gələcək nəsillərə çatdırmaq yönümündə Ərtoğrol Cavid tərəfindən atılmış ilk addım və böyük xidmətdir.
Materialların böyük bir qismini xalqımız arasından toplanmış nağıl və dastanlar, aşıq poeziyası örnəkləri təşkil edir ki, Ərtoğrol Cavid bu sahədə də öz erudisiya və biliklərini həmin folklor materiallarına yazdığı rəylərdə və onlar haqqında söylədiyi elmi-tənqidi fikirlərdə yüksək səviyyədə ifadə etməyə nail olmuşdur. Ən çox razılıq doğuran odur ki, gənc alim, həmin materialları yalnız dar bir xronoloji çərçivədə deyil, tarixi-didaktik perspektivdə nəzərdən keçirməyə və qiymətləndirməyə üstünlük verir. Bu da göstərir ki, Ərtoğrol Cavid Azərbaycanın zəngin folklor irsinə mücərrəd bir anlayış kimi deyil, tarixboyu hərəkətdə olan və gənc nəsillərin vətənpərvərlik, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyəsi yönündə necə böyük əhəmiyyət daşıya biləcəyini şüurlu şəkildə dərk edərək təbliğinə çalışıb.
Ərtoğrol Cavid rəylərinin, elmi fikirlərinin əyani folklor materialları kontekstində çağdaş oxucuya çatdırılması, zənnimizcə, müstəqil respublikamızda gedən ədəbi-mədəni inkişafın göstəricilərindən biri və Cavidlər irsinə verilən qədirşünaslıq örnəyi olacaqdır. Xüsusən müstəqil dövlətçiliyimizin etibarlı əllərdə gündən-günə möhkəmləndiyi indiki tarixi-siyasi şəraitdə, xalqımızın qeyri-maddi mənəvi irsinin dünya ictimaiyyəti tərəfindən daha böyük qədirbilənliklə qəbul edildiyi vaxt bu işlərin həyata keçirilməsinin aktuallığının birə-beş artdığını bir daha söyləməyə ehtiyac yoxdur. Qürurverici haldır ki, Azərbaycan muğamı və Azərbaycan aşıq yaradıcılığı YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi mənəvi sərvətləri siyahısına daxil edilmişdir. Bunu da söyləmək xoşdur ki, Ərtoğrol Cavidin topladığı və şərhlər verdiyi materialların əksəriyyəti məhz mədəni irsimizin bu iki qoluna aiddir və onların nəşri təkcə ölkəmiz üçün deyil, bütün mütərəqqi bəşəriyyət üçün əhəmiyyət daşıyır.
AMEA Hüseyn Cavidin ev-muzeyində son zamanlar Cavidlər irsinin nəşri və təbliği sahəsində bir sıra mühüm əhəmiyyət kəsb edən işlər görülmüşdür. Bu mənada, mütəfəkkir-şair Hüseyn Cavidin istedadlı oğlu Ərtoğrol Cavidin tədqiq və tərtib edərək rəy verdiyi materiallar əsasında hazırlanmış “Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” adlı sanballı nəşrin 2011-ci ildə on cilddə, nəfis tərtibatla işıq üzü görməsi, xüsusilə vurğulanmalıdır.
Ötən dövr ərzində muzeyin əməkdaşları bu istiqamətdə araşdırma və tədqiqatlarını davam etdirmiş, “Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” xəzinəsini zənginləşdirmək üçün əmək sərf etmişlər. Nəticədə, “Balaman məktəbi” dərsliyi və Ərtoğrol Cavid”, “Ərtoğrol Cavidin nota köçürdüyü xalq mahnıları” və “Ərtoğrol Cavidin yarımçıq qalmış əsərləri” adlı yeni cildlər ərsəyə gəlmişdir. Dediklərimizdən aydın olur ki, çox qısa bir ömür sürmüş Ərtoğrol Cavid dahi atası Hüseyn Cavidin layiqli övladı olmuş, doğma xalqına xidmət yolunda onun işini davam etdirməkdən bir an belə, usanmamışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında” 2019-cu il 18 aprel tarixli Sərəncamı onun istedadına, milli mədəniyyətimiz və ədəbiyyatımız qarşısındakı xidmətlərinə verilən yüksək qiymətdir. Sərəncamda da deyildiyi kimi: “Ərtoğrol Cavid milli musiqi mədəniyyətimizin yeni yaradıcılıq nümunələri ilə zənginləşdirilməsində böyük rol oynamışdır. O, “9 Variasiya”, skripka ilə fortepiano üçün “Poema”, “Leylanın vəsfi” kimi romanslar, müharibə mövzusunda simfonik ballada və marşlar yaratmışdır. Çoxcəhətli yaradıcılıq yolu keçən Ərtoğrol Cavid, eyni zamanda rəssamlığın müxtəlif janrlarına da müraciət edərək özündən sonra yaddaqalan sənət nümunələri qoyub getmişdir. Ərtoğrol Cavid bədii yaradıcılıqla da məşğul olmuş, pyes və şeirləri dövrümüzədək gəlib çatmışdır”.
Heç şübhəsiz ki, həmin tarixi sərəncam ­Ərtoğrol Cavidin ədəbi-bədii, musiqi və boyakarlıq sənətinin inkişafındakı, Azərbaycan xalq mahnıları və folklorunun toplanması və öyrənilməsi sahəsindəki əvəzsiz xidmətlərinin araşdırılıb tədqiq olunmasına, bu dəyərli mənəvi irsin milliləşdirilməsinə, dünya miqyasında təbliğinə öz böyük töhfələrini verəcək.

Gülbəniz BABAXANLI
AMEA Hüseyn Cavidin ev-muzeyinin direktoru,
filologiya üzrə elmlər doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR