İyunun 12-də Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində məktəbin rəsm ixtisası üzrə müəllimi Gülnarə Hüseynova və şagirdlərinin rəsm əsərlərindən ibarət sərgisi təşkil olunub.
Tədbirdə çıxış edən Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin direktoru Elşən Xəlilov bildirib ki, hazırda məktəbdə 22 şagird rəsm ixtisası üzrə təhsil alır. Bugünkü sərgidə 80-ə qədər əl işi və rəsm nümayiş etdirilir. Belə sərgilərin keçirilməsi uşaqların estetik zövqünün formalaşmasında, onların bu sənətə istiqamətləndirilməsində əhəmiyyətli rol oynayır.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova tədbirdə çıxış edərək yeni sərginin açılışı münasibətilə müəllim və şagirdləri təbrik edib. Bildirib ki, qədim diyarımızda mədəniyyət və incəsənətin bütün sahələri kimi, təsviri incəsənətimizə də böyük diqqət və qayğı göstərilir. Muxtar respublikamızda uşaqların, gənc rəssamların təhsili də diqqətdə saxlanılır. Uşaq incəsənət məktəblərində keçirilən ustad dərslər, müsabiqələr balaca rəssamlarda bu sənətə marağı daha da artırır. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Təhsil nazirlikləri tərəfindən orta ümumtəhsil məktəbləri arasında keçirilən “Naxçıvan – doğma yurdum” mövzusunda rəsm müsabiqəsi muxtar respublikanın bütün məktəblərini əhatə edib. Yeni dərs ilində də bu tədbirlər davam etdiriləcəkdir.
Nazir diqqətə çatdırıb ki, şagirdlərdə muxtar respublikamızın tarixinə, türk-islam memarlıq abidələrinə yaranan maraq onların rəsmlərində də öz əksini tapır. Milli mədəniyyətimiz və incəsənətimizlə yanaşı, uşaqları dünya xalqlarının yaratdığı bədii sənət əsərləri, təsviri incəsənət nümunələri ilə tanış etmək əsas məsələlərdəndir. Uşaqlara rəngkarlıq, qrafika və heykəltəraşlıq sənətinin janrlarını, işləmə texnikasını, alətlərdən və materiallardan necə istifadə etmək üsullarını da öyrətmək vacibdir.
Nazir mədəniyyətimizə və incəsənətimizə göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə tədbir iştirakçıları adından minnətdarlığını bildirib.
Sonra nazir rəsm ixtisası üzrə fərqlənən şagirdlərə hədiyyələr təqdim edib.
Tədbirdə çıxış edən Moskvadakı Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzinin rəhbəri, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Qorxmaz Axundov balaca fidanların rəsmlərindən zövq aldığını bildirib və qeyd edib ki, Rusiyada yaşayan naxçıvanlı kimi hər dəfə qədim diyara gələndə qürur duyuram. Naxçıvanda gedən quruculuq və abadlıq işləri məni sevindirir. Vətəndən uzaqda yaşasam da, buradakı mədəniyyət və incəsənət yenilikləri bizi daim maraqlandırır. Naxçıvanda gördüklərimi Moskvadakı dostlarımla paylaşacağam.
Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin rəsm ixtisası üzrə müəllimi, Prezident mükafatçısı Gülnarə Hüseynova sərgidə nümayiş etdirilən əl işləri haqqında məlumat verib. Bildirib ki, onunla bərabər, şagirdlərinin də əl işlərinin sərgilənməsi bir müəllim kimi onda iftixar hissi yaradır.
Sonra sərgiyə baxış olub. Sərgidə qədim diyarımızın tarixi abidələri, təbiəti və bugünkü həyatı, şagirdlərin nağıl dünyası ilə bağlı əl işləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Əli RZAYEV