22 Dekabr 2024, Bazar

Yaponiyanın “World Investors TV” internet televiziyasında Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının 95 illiyi, böyük Azərbaycan mütəfəkkirləri İmadəddin Nəsiminin anadan olmasının 650 və Cəlil Məmmədquluzadənin 150 illiyi ilə əlaqədar xüsusi veriliş yayımlanıb.
Verilişdə Azərbaycanın dövlətçilik tarixi, müstəqilliyinin bərpasından sonra qazanılan uğurlar, ölkə­mizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası, ədəbiyyat tariximizdə xüsusi yer tutan böyük mütəfəkkirlər İmadəddin Nəsimi və Cəlil Məmməd­quluzadə haqqında yapon dinləyicilərə ətraflı məlumat verilib.
Verilişdə müstəqilliyinin bərpasından sonra Azərbaycanın üzləşdiyi çətinliklərdən, o cümlədən Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq siyasətindən bəhs olunub. Qeyd edilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə­miz inkişaf mərhələsinə qədəm qoyub.

Bildirilib ki, bu gün Prezident cənab İlham Əliyevin ardıcıl və düşünülmüş siyasəti nəticəsində Azərbaycan böyük uğurlara imza atır. Ölkəmiz nüfuzlu beynəlxalq tədbirlərin, idman və musiqi yarışlarının keçirildiyi mühüm mərkəzə çevrilib.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan və cari ildə yaradılmasının 95 illiyi qeyd edilən Naxçıvan Muxtar Respublikası barədə ətraflı danışılan verilişdə qeyd edilib ki, “Şərqin qapısı” adlandırılan Naxçıvan dünya sivilizasiyalarının mərkəzlərindəndir. Azərbaycan xalqı bu diyarda qədim tarixə malik zəngin mədəniyyət yaradıb.
Vurğulanıb ki, Naxçıvanın muxtariyyəti dövlətçilik ənənələrinin davamı olaraq meydana gəlib. Verilişdə həm aparıcı Kazuyasu İşida, həm də professor Akira Matsunaqa şəxsən səfər etdikləri Naxçıvanın müasir inkişafı, turizm imkanları ilə fərqləndiyini yapon dinləyicilərin diqqətinə çatdırıblar. Bildiriblər ki, Ermənistan tərəfindən blokadaya alınmasına baxmayaraq, Naxçıvan gündən-günə daha sürətlə inkişaf edir.
Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin həyatı və yaradıcılığı haqqında da geniş məlumatın verildiyi verilişdə bildirilib ki, bu böyük mütəfəkkirin anadan olmasının 650 illiyi ilə əlaqədar 2019-cu il Prezident cənab İlham Əliyev tərəfindən Azərbaycanda “Nəsimi ili” elan edilib. Bu yalnız Azərbaycanda deyil, eyni zamanda bütün dünyada böyük şairin zəngin yaradıcılığına diqqətin artmasına səbəb olub. Yubileylə əlaqədar müxtəlif tədbirlər, elmi konfranslar, sərgilər təşkil edilir, yeni məqalələr yazılır.
Qeyd olunub ki, şairin yaradıcılığı Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus yer tutur. Nəsimi yaradıcılığına Yaponiyada da böyük marağın olduğunu deyən professor A.Matsunaqa “Gündoğar ölkə”də son illər nəşr olunmuş “Türk dünyası” və “Azərbaycanı öyrənmək üçün 67 məqalə” kitablarında yapon oxuculara bu böyük şairin yaradıcılığı barədə məlumatların çatdırıldığını bildirib.
İştirakçılar, həmçinin cari ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyinin tamam olduğunu qeyd ediblər. Vurğulanıb ki, Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynayan, bütöv bir ədəbi məktəb formalaşdıran qüdrətli şəxsiyyət idi. Yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində yaxşı tanınan bu yazıçı həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əks etdirən və bədii-estetik dəyər daşıyıcısına çevrilən rəngarəng obrazlar qalereyası yaradıb. Azərbaycanda və onun hüdudlarından kənarda geniş yayılaraq milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına güclü təsir göstərən “Molla Nəsrəddin” jurnalı məhz Cəlil Məmmədquluzadənin və onun həmfikirlərinin zəngin əməyinin məhsuludur.
Professor A.Matsunaqa Yaponiyada son illər Azərbaycanla bağlı nəşr edilən kitablarda Cəlil Məmmədquluzadə yaradıcılığına, “Molla Nəsrəddin” jurnalına xüsusi diqqət yetirildiyini vurğulayıb. O deyib ki, hələ o vaxtlar Cəlil Məmmədquluzadə Azərbaycan ilə Yaponiya arasında əlaqələrin qurulmasına xüsusi diqqət yetirib, jurnalın səhifələrində Yaponiya mövzusuna həmişə yer ayırıb.
Veriliş boyunca Azərbaycan, Naxçıvan Muxtar Respublikası haqqında videomateriallar və fotolar nümayiş olunub.

AZƏRTAC

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR