22 Dekabr 2024, Bazar

Belə bir holland atalar sözü var: “Kitablar karlara səslənən dilsiz dostlardır”. Elə buna görədir ki, kitaba uzaq olan kəslər həyata kor, insanlığa kar, cəmiyyət qarşısında isə hər zaman laldırlar. Mütaliə mənəviyyatı zənginləşdirməyin ən düzgün yoludur. Kitablar tarixboyu öz müqəddəsliyi ilə seçilib. Elə gəlin Böyük Monqol imperatorluğuna nəzər salaq.
Monqolların Humayun adlı bir sultanı olub ki, o, özünəməxsus böyük bir kitabxanaya sahib imiş. Kitabxanasına özündən başqa heç kəsi buraxmayan Sultan Humayun 1556-cı ildə kitabxanasındakı hündür rəflərdən birindən kitab götürərkən yıxılıb və bununla da həyatını itirib. Buradan o nəticə meydana çıxır ki, böyük bir sultan sarayında o qədər qulluqçusu olmasına baxmayaraq, kitabı məhz özü götürüb və bunu heç kəsə əmanət etməyib. Görürsünüzmü, bu həm kitaba bir sultanın verdiyi qiymətdir, həm də elə düşünürəm ki, bu, bir insanın nə qədər qüdrətli olmasına baxmayaraq, onun mütaliəyə olan sevgisinin həyatından belə, dəyərli olması ilə bağlı danılmaz faktıdır.

Belə bir söz vardır: bir kitab oxuyan elə bilir ki, hər şeyi bilir, bir neçə kitab oxuyan insan isə görür ki, əslində, o heç nəyi bilmir­miş. Mütaliə etdikcə həyat göz önündə günbəgün dəyişilir. Elə insanın özü də. Kamilləşməyə doğru addım atmaqdır mütaliə. Zaman keçdikcə, həyatı dərk etdikcə insan kitablarla yaxınlaşır, doğmalaşır və onu öz ruhu ilə eyniləşdirir. Zamanı idarə edən hökmdara dönür əsərlərin hər cümləsi. İnsanlığı dayandığı uçurumdan çəkib xilas edir. Ruhların psixologiyasına sığal çəkib yeni bir həyat açır insan önündə.
Az pulla böyük sərvət əldə etmək istəyirsənsə, kitab al! – deyib Tur Xander. Kitab alaq ki, yalnızlığımızın dostu olsun, kitab alaq ki, gələcək nəsillərə ən böyük mirası buraxa bilək, kitab alaq ki, ən güclü silaha malik olaq.
Bəzən kitablarımızı borc olaraq istəyənlər olur. Bu mövzuda bir az səmimi olmaq istəyirəm. Mən heç vaxt kitablarımı kiməsə borc vermirəm. Bu, xəsislikdən deyil, həssaslıqdandır. Mən kitablarımı həyatım qədər sevirəm. Onları kiməsə əmanət etmək ağlımın ucundan belə, keçmir. Qorxuram geriyə qaytarmazlar deyə. Qorxuram onlara zərər verərlər deyə. İtalyan atalar sözlərindən birində çox gözəl deyiblər, “Kitab, at borc verilməz”. Ən böyük xəzinələrin açarıdır kitab. İnsanın həyatı bütünlükdə elə mütaliədən ibarətdir. Bəzən ac oluruq musiqiyə, oyuna, həyata. Amma mənim fikrimcə, ən gözəl aclıq kitaba qarşı olan aclıqdır. Arzu edirəm ki, ömrüm boyu ac olum nə isə öyrənməyə, mütaliə etməyə, kitablara. Heç vaxt doymayım kitablardan. Ruhum ən əvəz­olunmaz məlhəmi bilsin onu. Evim olsun kitablar. Hətta məzarım belə, kitabların arasında qazılsın. Başdaşım Drayzerin “Dahi”si olsun, sinədaşım “Dədə Qorqud” dastanı. Bayramlarda gül əvəzinə kitab gətirsinlər məzarım üstə. Və dünyanın ən xoşbəxt ölüsünə çevrilim. Xəzinəm, sərvətim, malım-mülküm, hər şeyim – kitablarım, sizsiz dünyam olmasın, sizsiz dünya olmasın.
Müasir dövrdə hiss edirəm ki, kitab oxuyanların sayı bir qədər azalıb. Bu da məni bir xeyli düşünməyə vadar edir. Öz-özümə çox sual verirəm: niyə insanlar kitabdan, mütaliədən uzaq qaçır? Ya da niyə onlar özlərinə bu qədər yaxın olan sirdaşı, dostu görməyib başqa kimlərdənsə mədət umurlar? Axı insanın ən yaxın dostudur kitab. Ağlasan, boynuna sarılıb təskinlik verər cümlələri ilə, dərdini danışsan, ən gözəl məsləhəti görər hər hecası ilə. Mən elə özümdən deyim, kitablarımı qucaqlayıb ağladığım zaman da olub, kitablarımla əl-ələ verib ən böyük çətinliklərə güc gəldiyim zaman da. Bezmədiyim tək varlıqdır onlar. Bəs bu insanlar kitablara qarşı niyə laqeydlik edir, axı niyə? Hər şeyi bir yana qoyub bu “kitab uzaqlığını” necə aradan qaldırmaq lazımdır, bir az da onu düşünməliyik. Məncə, kitab oxumayanların gözü qarşısında kitab oxusaq, gərəksiz mövzulardan danışanları dinləməyib də kitab oxuyuram, – desək, az da olsa, onlarda kitaba meyilliliyi artıra bilərik. Və həmin vaxt onlar başa düşə bilərlər ki, həyatı müsbət mənada dəyişəcək yeganə vasitə kitabdır. Kitab bilik mənbəyi olmaqla yanaşı, həm də güc, xoşbəxtlik mənbəyidir. Buna mütaliə ilə çatmaq mümkündür. Elə gəncliyin gələcəyini düşünən muxtar respublika rəhbərinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamı da zamanın mütaliəyə qayıdış zərurətini gerçəkləşdirən ən zəruri çağırışıdır. Əl-ələ verib gəncliyimizi ifrat texnologiya alüdəçiliyindən kitablaşmaya doğru aparmalıyıq. Bunun da tək yolu elə kitablarla yaxınlaşmaqdan başlayır. Mütaliə hər yolun ən maraqlı əvvəli və ən gözəl sonudur.

Qızbəsti SULTAN
Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisasının
II kurs tələbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR