22 Dekabr 2024, Bazar

Mayın 17-də Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Muzeylər Günü ilə bağlı tədbir keçirilib.
Tədbirdə giriş sözü ilə çıxış edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, muxtar respublikamızda muzey işinin özünəməxsus inkişaf tarixi vardır. XIX əsrin sonlarında böyük yazıçı və dramaturqumuz Cəlil Məmmədquluzadə Nehrəm kənd məktəbində muzey yaratmaq təşəbbüsü ilə Xalq Məktəbləri İdarəsinə yazılı müraciət edib və Azərbaycanda ilk dəfə olaraq bu kənd məktəbində Naxçıvanın tarixinə dair maddi mədəniyyət nümunələrinin toplandığı muzey yaradıb. Naxçıvanda ilk Tarix-Etnoqrafiya Muzeyi isə 1924-cü il 30 oktyabrda təşkil edilib.
Vurğulanıb ki, ölkəmizdə muzey işinin, muzeyşünaslığın inkişafı ümummilli ­liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ötən əsrin 70-80-ci illərində Azərbaycanda yeni muzeylərin yaradılması, fəaliyyəti üçün mühüm tədbirlər həyata keçirib. Həmin dövrdə Azərbaycanın 60-dək rayonunda tarix-diyarşünaslıq muzeyləri yaradılıb. Məhz bu dövrdə Şərur, Babək, Ordubad, Culfa və Şahbuz rayonlarında tarix-diyarşünaslıq muzeylərinin əsası qoyulub. 1969-cu ilədək Azərbaycanda cəmi 29 muzey fəaliyyət göstərib ki, bunlardan da yalnız biri xatirə muzeyi kimi nəzərdə tutulub. Ümummilli liderimizin hakimiyyəti illərində isə ölkəmizdə 111 müxtəlif profilli muzey yaradılıb.

Qeyd olunub ki, müstəqillik illərində də ulu öndərin rəhbərliyi ilə muzey işi öz inkişafının yeni mərhələsinə qədəm qoyub. 2000-ci ildə qəbul edilən “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə muzeylərin fəaliyyətinin təşkilati-hüquqi əsaslarını müəyyən edir və bunlarla bağlı münasibətləri tənzimləyir.
Çıxışda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də bu sahədə atılan uğurlu addımlardan, mühüm işlərdən bəhs olunub.
Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında da muzeylərin fəaliyyətinin canlandırılması, yeni muzeylərin yaradılması sahəsində qazanılan nailiyyətlərdən danışan nazir vurğulayıb ki, 1997-ci ilədək Naxçıvan Muxtar Respublikasında 13 muzey var idisə, hazırda muxtar respublikada 1 rəsm qalereyası və 29 müxtəlif profilli muzey fəaliyyət göstərir. Bu mədəniyyət ocaqlarında xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 140 mindən çox eksponat toplanıb. Muzey fondlarının zənginləşdirilməsi daim diqqət mərkəzində saxlanılır, ötən il ərzində muxtar respublikanın muzeylərinə 1564 yeni eksponat daxil olub. Bu ilin 4 ayında isə muzeylərimiz 571 yeni eksponatla zənginləşdirilib. Nazir belə mədəniyyət müəssisələrinin də inkişafına göstərilən diqqət və qayğıya görə muzey əməkdaşları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Sonra Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Rəhimovun “Tariximizin saxlanc yeri – muzeylər”, Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Vilayət Bağırovun “Muzeylərin gənc nəslin təlim-tərbiyəsində rolu”, M.T.Sidqinin ev-muzeyinin direktoru Şəbnəm Rüstəmlinin “Naxçıvan muzeylər diyarıdır” mövzularında çıxışları dinlənilib.
Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının qızlardan ibarət rəqs qrupu, Ordubad Rayon Mədəniyyət Sarayının “Dübəndi” instrumental ansamblının ifaçıları, yallı kollektivi maraqlı proqramla çıxış ediblər.
Sonda Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiyasına baxış olub.

Abbas SEYİD

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR