22 Dekabr 2024, Bazar

Düz 3 dəqiqə 50 saniyə… Baltik dənizi susdu. Riqadan Stokholma yolçu olan gəminin 7 min nəfərlik heyəti susdu. Gəminin konsert zalında 300-dən artıq iştirakçı, tamaşaçı susdu. Bu sükuta səbəb Nəcəf Hacılı idi. Naxçıvanımızın yetirməsi, ürəyi ilə həmahəng döyünən ritmlərlə bütün diqqətləri özünə yönəldən, təxəyyülündən süzülüb gələnləri də ona ayrılan vaxta sığdırmaqla ətrafa susub qulaq asmağı təlqin edən Nəcəf Hacılı. Burada – dənizin ortasındaca “Rapsodio Del Baltico” I Beynəlxalq incəsənət festival-­müsabiqənin Qala konsertində Azərbaycan, onun ardınca da “Nəqşicahan sədası” ritmlərinı bir əli ritmdə, bir əli nağaranın iplərini boşaldıb-bərkitməklə özünəməxsus şəkildə bəmdən zilə qaldırmaqla gözəl bir performans göstərdi Nəcəf. 19 yaşlı bu oğlanın ritmləri bir andaca susmuş dənizi də, onu dinləyənləri də lərzəyə gətirdi. 

Musiqinin dili, milliyyəti yoxdur, deyiblər. Dünyanın onlarla ölkəsindən festival-müsabiqəyə qatılan müxtəlif dillərdə danışan insanlar Nəcəfin ifasını eyni duyumla qarşılayıb, sürəklə alqışladılar. Və bu alqışlar bir qədər sonra – münsiflər heyətinin qərarı açıqlananda aparıcının böyük coşqulu çağırışından sonra Nəcəf Hacılı Azərbaycan bayrağı ilə səhnəyə gəlib birinci yerin diplom və kubokunu alarkən də eynilə təkrarlandı.

Nəcəfin festival-müsabiqədəki ifasını seyr edərkən bir naxçıvanlı kimi qürur duymaqla yanaşı, həm də bu gəncin müsabiqədə özünü çox sərbəst şəkildə aparması diqqətimdən yayınmadı. Elə görüşümüz zamanı ona ünvanladığım ilk sual da bununla bağlı oldu. Nəcəf: – Mən bu ilin mart ayının 19-da Bakı şəhərində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Testene Art Baku” III Beynəlxalq incəsənət festival-müsabiqədə 17-19 yaşlı gənclər arasında Qran-Pri mükafatına ən yüksək balla layiq görüldüm və Latviyanın paytaxtı Riqa şəhərində keçirilən beynəlxalq festival­-müsabiqədə iştirak etmək üçün vəsiqə qazandım. Bu müsabiqədə ifam zamanı çox həyəcan keçirmişdim. Mükafatlandırma zamanı isə daha da həyəcanlanmışdım. Çünki yerlər bir-bir sadalanır, iştirakçılar diplomlarını alır, mənim adımsa çıxmırdı. Öz-özümə düşünürdüm ki, mən yəni heç bir yer tutmadım? Tam ümidsiz şəkildə mərasimi seyr edərkən birdən birinci yerin qalibi olaraq adımı eşidəndə sevincim də bu həyəcana qarışdı. Həmin gün özümə söz verdim ki, bir də bu qədər həyəcan keçirməyəcəyəm, hisslərimə hakim olmağa çalışacağam. Riqadakı festival-müsabiqədə belə də etdim, ifamı çox sərbəst şəkildə başa çatdırdım. Çünki burada çaldığım ritmlərə yeniliklər də əlavə etmişdim. Sərbəstliyim, özümü itirməməyim mənə verilən vaxtda istedadımı tamamilə nümayiş etdirə bilməyimlə nəticələndi.
2019-cu il həyatına uğurlu, yaddan çıxmayan il kimi həkk olunan Nəcəf Bakıda və Riqada keçirilən müsabiqələrdə qazandığı birinciliklərə öz yaşı çərçivəsində uzun bir yol keçərək nail olub. 11 yaşından nağaraya olan marağını əvvəlcə qələmlərlə masa üzərində, sonra vedrələri evə düzüb onların arxasında özünəməxsus ritmləri səsləndirməklə büruzə verib. Naxçıvan tanınmış musiqiçilərin də yetişdiyi bir diyardır. Burada ta qədimdən məşhur yallılarımızı, bir də ki el şənliklərində dağlara-daşlara səs salan zurnanı davulun, nağaranın müşayiət etməsi bu yerin insanlarını ritm üzərində kökləyib. Ailəsinin musiqi duyumlu olması, onu dəstəkləməsi isə Nəcəfin bu istedadının üzə çıxmasına təkan olub. Naxçıvan Musiqi Kollecinin son sinfini bitirməkdə olan Nəcəf ilk musiqi təhsilini Ordubad Rayon Uşaq Musiqi Məktəbində alıb. Burada Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Mustafa Məmmədovdan, kollecdə isə müəllimi Mahir Rüstəmovdan ritmlərin incəliklərini öyrənməklə, müxtəlif ritm qruplarının, orkestrlərin tərkibində dövlət tədbirlərində, el şənliklərində iştirak etməklə bugünkü böyük uğurunun təməlini qoyub. 2017-ci ildə solo konserti təşkil olunan bu gənc bir neçə dəfə Bakı şəhərində konsert proqramları ilə çıxış edib, dəfələrlə Naxçıvan Dövlət Televiziyası tərəfindən verilişlərə dəvət alıb. Bir sözlə, Nəcəf də muxtar respublikamızda qayğı ilə əhatə olunan istedadlı gənclərimizdən biri kimi daim diqqətdə saxlanılıb.
Nağara xalqımızın qədim musiqi alətidir. Həm lirik, həm də ritmik musiqilərin özünə­məxsus ritmə malik olmasını nəzərə alsaq, nağara həm də digər musiqi alətlərini tamamlayan bir çalğı alətidir. Xalq çalğı alətlərindən ibarət ansamblın, orkestrin səsləndirdiyi musiqiləri, xanəndələrin, yallı­larımızın müşayiətini, eləcə də toy məclislərimizi nağarasız, ritmsiz təsəvvür etmək mümkün deyil. Nağaranın tək ifası isə ritmlərin harmoniyasıdır. Elə ritmləri həyatının bir parçasına çevirən Nəcəflə söhbətim zamanı onda bu sənətlə bağlı bir qeyri-adilik duydum. O, nağarada, sadəcə, hər kəsin bildiyi ritmləri ifa etməklə kifayətlənmək fikrində deyil. Bu gəncdə bir kreativlik – ritmlərdən yeni bir harmoniya yaratmaq əzmi var. Gənc ifaçı həmin harmoniyadan başlanğıc kimi beynəl­xalq festival-müsabiqədəki ifasına da qatıb və bu, ilk olaraq maraqla qarşılanıb, ona uğur gətirib.
Riqa-Stokholmdan xoş təəssüratlarla qayıdan Nəcəf günlərdir, birinci yerin qalibi olmasını digər bir sevinclə paralel yaşayır. O deyir: – Müsabiqədə nankor qonşumuzun da nümayəndəsi iştirak edirdi. Onun gözü qarşısında mənim qalib olmağım və Azərbaycan bayrağı ilə səhnəyə çıxmağım sevincimi birə-beş artırdı. Sanki ətrafımdakı dəniz bayrağımın üç rəngini əks etdirirdi həzin ləpələrində. Səhnədə mükafatlandırılarkən gözlərim önündə bu üç rəng – mavi, qırmızı, yaşıl sürətlə bir-birini əvəz edirdi…
Xoş, gözəl sözləri Nəcəfdən dinlədikcə bir ay sonra əsgəri xidmətə yollanacaq bu gəncin vətənpərvərlik hissi ilə çırpınan ürəyinin döyüntülərini də dinləyirdim sanki. Layiqli gənclik, istedad, vətənpərvərlik, həqiqətən də, gözəl gələcəyin müjdəçisidir. Söz yox ki əsgəri xidmətdən sonra bu sahədə təhsilini davam etdirmək arzularıyla yaşayan Nəcəf doğma Naxçıvanımızın sədalarını öz ritmləri ilə hələ neçə-neçə ­dənizlərdən-dənizlərə, ölkələrdən-ölkələrə yayacaqdır…

­ Mətanət MƏMMƏDOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR